“Azərbaycan” qəzetinin səhifələrində
20-ci yazı
Milli və
vicdani vəzifəmiz!
Doğma, cavan qardaşlarıma.
İllər boyu azrusunu çəkdiyimiz, tarixlər boyu
həsrətində qaldığımız Milli Hökuməti
nəhayət, öz qızıl qanımız ilə əldə
etmişik. İndi isə onu əldə saxlayıb və salamət
şəkildə gələcək nəslimizin əlinə
tapşırmaq xalqımızın, xüsusən biz
cavanların qarşısında duran ən əsas milli vəzifəmizdir.
Göz bəbəyi qədər istədiyimiz
milli dövlətimizi əldə etmək üçün nə
qədər fədakarlıq göstəririksə, onun
müdafiəsi yolunda daha da artıq candan keçmək
lazımdır.
Biz
cavanlar bir an bunu unutmamalıyıq ki,
öz doğma vətənimizin gələcək tarixi
qarşısında məsuliyyətli bir vəzifə
daşıyırıq, o da öz ana yurdumuzun müdafiəsidir.
Biz öz atalarımızı, analarımızı,
bacılarımızı, habelə gələcək nəslimizi
əbədi olaraq əsarətdən qurtarmaqla bərabər
onlar üçün səadətli, xoşbəxt bir həyat
qurmaq yolunda var qüvvəmiz ilə
çalışmalıyıq. Nəhayət,
doğma Azərbaycanımız bizdən ümid gözləyir.
Çünki xalqımızın namusunu hifz etmək
bizim əlimizə tapşırılıb.
İndi ki, milli dövlətimiz biz cavanları xidmətə
çağırır, ona görə hamımız ürəklə
öz milli vəzifəmizi düzgün yerinə yetirməliyik. Hər bir
vicdanlı və namuslu cavanın vəzifəsidir ki, öz
xalqının namusunu hifz etməklə bərabər ana
yurdunun müdafiəsi üçün silah ələ
almağa hazırlansın.
Yaşasın
ana vətənimiz Azərbaycan! Var olsun xalq qoşunları!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126,
14.02.1946
***
Azərbaycanımızın
dünyəyi əhəmiyyəti
İndiki müasir vəziyyətdə dünyanın
müxtəlif xalqları tərəfindən ucalmış
azadlıq nəğmələri arasında bizim odlar və
alovlar ölkəsi olan Azərbaycandan qalxan azadlıq nəğməsi
də çox maraqlı və diqqəti çəkən bir
yer tutur. Cürətlə demək olar ki, 21 Azərdən bu
tərəfə bu nəğmə bütün azadlıq səslərindən
daha aydın və daha maraqlı olmuşdur.
Bizim müqəddəs hərəkatımız azad və
azadlıqsevər xalqlar arasında böyük bir
şadlıq müjdəsi olaraq nəzərə
alındığı halda, dünyanın qara
irticaçı və iyrənc qüvvələrinin nəzərində
yeni bir ölüm marşı kimi inikas etmişdir.
Bizim yaratdığımız böyük inqilab
dünyanın müasir siyasi məsələlərinin lap
başında yer tutmaqdadır.
Əgər
keçən 25 il içərisində
bizimlə heç bir əməli və siyasi əlaqəsi
olmayan Yuqoslaviya xalqı ölkəmizdə cərəyan edən
tarixi hadisələri diqqələ izləyir və onun mətbuat
attaşesi hamıdan əvvəl bizim ölkəmizə gəlir.
Bu milli inqilabımızın dünyəvi
inikas nümunəsindən başqa bir şey deyildir.
Baş nazirimizin kollecdə söylədiyi nitqində
dediyi kimi “indi dünyada elə bir radio yoxdur ki, gündə
5-10 kəlmə də olsa, bizim barəmizdə
danışmasın”.
Biz bu dünyəvi inikası millətlər arasında
mövcud olan beynəlxalq ictimai əlaqələrdə
axtarmalıyıq.
Bizdə Yunanısatan demokratlarına, İndonüziya
mübarizlərinə olan səmimiyyət, rəğbət və
həmdərdlik hissi buradan qaynaqlanmaqdadır.
Ürəyi azadlıq və səadət uğrunda
çarpan heç bir millət dünyanın ən uzaq
guşəsindən qalxan azadlıq nəğməsi
qabağında heç bir vəchlə laqeyd qala bilməz. Eyni halda buna
qarşılıq olaraq indi yer üzündə bir-birinə
qarışmış olan müxtəlif xalqların müxtəlif
azadlıq istəkləri dünyanı əbədi əsarət
zəncirləri altında saxlamağa çalışan
qüvvələr və amillər üçün çox
qulaq ağrıdan səslər məcmuəsi təşkil
etməkdədir.
Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasında əks olunan bu kimi səslərin
nə kimi təsirlər oyandırdığı və nə
kimi məntiqlər meydana çıxardığı
hamıya aşkardır. Ona görə də bizim xalqımız
özü yaratdığı azadlıq möcüzəsinə
yalnız fərdi nəzərlə deyil, eyni zamanda dünyəvi
bir gözlə baxmalıdır.
Çünki
belə bir baxış bizim 5 milyonluq xalqımızın
dünyada hansı miqyasda əhəmiyyət
qazandığını, Milli Hökumət tərəfindən
atılan addımların nə kimi təsirlər
oyandırdığını bizə göstərməklə
millətimizin öz milli varlıq və şəxsiyyətinə
olan imanı bir daha möhkəmləndirir və onu azadlıq
uğrunda qədəm qoyduğu iftixarlı, eyni halda çətin
yolu təqib etməyə təşviq edir.
Xalqımız bu yolun dünyəvi əhəmiyyətini
dərk edirsə, bu əhəmiyyətli böyük tədbirləri
və islahatları artırmağa, dünyanın nəzərini
həmişə ölkəmiz üzərində saxlamağa
çalışır. Çünki xalqımz dünyəvi və
mühüm bir məqama malik olmağa layiq və yararlı
bir xalqdır. İndiyə qədər də
tarixə Şah İsmayıllar, Səttarxanlar,
Bağırxanlar və Şeyx Məhəmmədlər vermək
və möcüzələr yaratmaqla öz ləyaqətini dəfələrlə
sübut etmişdir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126,
14.02.1946
***
Azərbaycan
Milli Məclisinin sədri cənab Şəbüstəri
Yuqoslaviya mətbuat attaşesi Pavel Myoviç və Sovet
İttifaqı Teleqraf Agentliyi (TASS) müxbiri cənab Medvedyevə
verdiyi 9 fevral 1946-cı il tarixli müsahibəsindən:
"Azərbaycan
millətinin bu hərəkatdan məqsədi çox aydın
bir məsələdir
Xalqımızın həqiqi haqqı olan öz ana dilinə
və milli maarifinə malik olmaq, onların tərəqqisi
yolunda çalışmaq, özümüz ayrı və
müəyyən bir millət kimi öz müqəddəratımızı
ələ alıb bundan sonra onu demokratik üsulla idarə etməkdən
ibarətdir".
***
Suğra
Qadiri
"Adın
şərəflidir sənin, ey qadın
Dahilər anası çağrlır adın.
Əlinlə
qurduğun barlı-baxçalar
Tufanlar qopsa da saralıb solmaz.
Bizim bu
yerlərdə bir məsəl də var
Aslanın erkəyi, dişisi olmaz."
Sovet Azərbaycanının Stalin mükafatı
almış xalq şairi Səməd Vurğun parlaq bir həqiqət
söyləmişdir. Bu məsəl atadan, babadan qalma bir məsəldir
ki, deyirlər “Aslanın erkəyi, dişisi olmaz”. Eyni zamanda əgər bu kəlmənin məğzini
biz çıxarsaq, bu misalın eyni həqiqət olması
aşkar olar.
Tehran hökumətinin cinayətkar siyasətinin nəticəsində
indiyə kimi Azərbaycanda qadınlara heç əhəmiyyət
verilməyibdir. Bizim qadınları atalarımız qul
kimi pula satıb. On yaşında bir
qızı əlli yaşında cah-cəlallı bir kişiyə
verirdilər və qızın da haqqı yox idi ki, bir etiraz eləsin.
Etiraz edirdisə, onu basma-qarama zor ilə o
kişiyə verirdilər. Bu vəziyyətdə
qadınlar öz ictimai hüquqlarından tamamilə məhrum
olmuşdular və son dərəcədə bədbəxtlik
ilə yaşayırdılar.
İndi biz Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi
sayəsində öz ictimai hüquqlarımıza malik olaraq
Azərbaycan tarixində şərəfli bir səhifə
açmışıq. Azərbaycanın qəhrəman və cəsarətli
oğullarını biz öz qucaqlarımızda tərbiyə
etməliyik. Azərbaycanı quldurların
əllərindən qurtarmaq üçün biz öz qəhrəman
qardaşlarımızı təşviq etməklə
özümüz də onlar ilə bərabər vətənimizin
və xalqımızın azadlığı uğrunda
çalışmalıyıq. Azərbaycanın
tarixində qadınlar da böyük qəhrəmanlıqlar
göstərib və tariximizi zinətləndirmişlər.
O cümlədən Qaçaq Nəbinin arvadı Həcər
xanım, yazıçı Xurşid Banu Natəvan, Zeynəb
Paşa, daima at belində olan şahsevən və kürd
qadınları, indi isə əmələ gələn cavan
qızlar və gəlinlərdən cavan şairəmiz Mədinə
Ələkbərzadə və Azərbaycan qəzetində məqalələri
dərc olunan qadınlar bu qəbildən olan
qadınlarımızdan sayılırlar.
Milli dövlətimiz müsaid mühit və şərait
yaratmaqla qadınlar da öz təbii istedadlarından istifadə
etməyə imkan tapa biləcəklər. Biz
hamımız milli dövlətimizin arxası və
dayağı olaraq gələcəkdə öz milli vəzifələrimizi
fəxrlə yerinə yetirəcəyik.
Yaşasın bütün xalqımız, xoşbəxtlik
və hüquq verən Milli Hökumətimiz.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 125, 13.02.1946
***
Q. R.
Cavidan: "Rəhbərin
çağırışı"
Firqəmiz və milli dövlətimiz qəzetimizin
keçmiş nömrəsində bütün Azərbaycan
xalqına bir nəfər kimi milli qoşun sıralarına
daxil olub öz ana yurdumuz olan Azərbaycanı daxili və
xarici irtica qüvvələrinin qara pəncəsindən əbədi
olaraq qurtarmaq və hifz etmək üçün
çağırmışdır.
Həmin çağırış Azərbaycanın
bütün nöqtələrində ildırım kimi səsləndiyi
halda Tehran hökumətinin qulaqlarında gurultulu səs verib o
fasid (satqın- red.) aparatın əsasını
sarsıtmışdır. Bu çağırış
Azərbaycan millətinin illərdən bəri həsrətini
çəkdiyi arzularından olduğu üçün Azərbaycan
milləti öz dahi rəhbərinin
çağırışını sədaqət və fədakarlıqla
qarşılayıb yüzdə yüz ona əməl etməyi
özlərinə söz verirlər.
Bu
çağırış Azərbaycanın milli azadlıq və
istiqlaliyyəti yolunda canından keçən səcur və
fədakar fədailərə can və qan verir. Onları
öz babaları kimi düşmənə qarşı
amansız olmalarını və düşmənlə
ölüm-dirim müharibəsinə hazır olmağı
xatırladır. Azərbaycan
xalqının və onun sərkərdələrinin
başı həmişə uca olmuş və yenə də
uca olacaqdır. Azərbaycan xalqı rəhbərin
çağırışını əməldə göstərəcəyinə
and içir.
Bu
çağırış Azərbaycanın igid və
dönməz oğulları olan Babəki, Cavanşiri, Səttarxanı,
Şeyx Məhəmməd Xiyabanini xatırladaraq
yaratmış olduğumuz firqə və milli dövlətimizin
Azərbaycan millətinin tərəqqi və mədəniyyət
yolunda qoyduğu əsasları möhkəmləndirir.
Rəhbərin qeyd etdiyi “yaşamaq istəyən ölməyə
hazır olmalıdır” şüarı altında biz hər
bir əsasımızı qura bilirik. Ona görə
uşaqlarımız, qocalarımız, qız və
qadınlarımız bir nəfər kimi silaha sarılıb,
bizə ruh verən ana yurdumuz olan əziz Azərbaycanımızı
və milli istiqlaliyyətimizi göz bəbəyi kimi hifz edib,
öhdəmizə düşən vəzifəni qəhrəman
kimi qəhrəmancasına yerinə yetirməyə
hazırıq.
Bu çağırış bizi ayağa qaldırdığı
kimi düşməni dizə çökdürür. Amma, biz
düşmənin dizə çökməsilə kifayətlənməməliyik.
Onun axırıncı kökünü belə
qazıb yerdən çıxarmalıyıq. Bir sözlə, bu çağırış azərbaycanlıları
yaşamaq istəyən millətlər kimi mübarizə etməyə
yol göstərir. Azərbaycan milləti
azad bir millət olub yaşamaq istədiyi üçün
özünə verdiyi sözdən dönməyərək
mübarizə meydanından bir addım belə geri qoymayacaq və
hər nə qiymətə olursa-olsun, aldığı milli
azadlığını və yaratmış olduğu milli
dövlətini qətrə qanı qalana qədər hifz edib
və onu yaşadacaq.
Bu çağırış Azərbaycan millətinin
ruhudur.
Bu çağırış Azərbaycan millətinin xoşbəxtliyinin əsasıdır.
Bu çağırış Azərbaycan millətinə yenilməz bir qüdrətdir.
Bu çağırış düşmənin qulaqlarında guruldayan Azərbaycan millətinin istiqlaliyyəti yolunda dediyi “ölmək var, dönmək yoxdur” şüarıdır.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 125, 13.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri
tərcümə edən: AMEA akad. Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin
elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə.
Xalq Cəbhəsi.-
2020.- 6 fevral.- S.14.