“Əzizə Cəfərzadənin kəndi”,   yaxud bənzəri olmayan nar bağlarının məskəni

 

 1-ci yazı 

 

Görmədiyimiz, amma görmək arzusunda olduğumuz yerlər vaxtaşırı, zaman-zaman nəzərlərimizdə canlanır, haçansa bizi özünə doğru çəkəcəyini inamla, ümidlə yaşayırıq. Əlbəttə, belə xoş istəklər mənim də ömrümdə az yaşanmayıb. Nail olduqlarım da var, olmadıqlarım da. Ola bilmədiklərimə çox da təəssüflənmirən, necə deyərlər, nə qismətdirsə, o da olacaq. O şey ki, səndən asılı deyil, taleyinlə barışıb, yerində oturmaqdan özgə çarə görmürsən. Hələlik, itirdiyimiz yurd yerlərimiz təki. “Hələlik” ona görə yazıram ki, nəsil-nəsil tökülüb gedən payız yarpaqları kimi çevrəmizdəki el-oba adamlarının çoxusu Vətən deyə-deyə boş dediyimiz dünyanı tərk edib getsələr də, indiyədək yağmalanmış torpaqlarımızdan hələ də fərli xəbər yoxdur. Yaxşı ki, doğma Azərbaycanımızın qövr edən yaralarına məlhəm ola biləcək digər yurd yerlərimiz varoralara getməyi, gəzib görməyi heç kim bizə qadağan etmir. Vətənin o başı bu başı olmaz, deyiblər. Növbəti səfərdən qayıtdıqdan sonra bu qərara gəldim ki, yol qeydlərimi ömrümdən bir iz kimi yazım...

Bu dəfə yolum Uduluya düşdüUdulu kəndinə. Zənnimcə, kifayət qədər məhşur kənddir. Hazırda özünün nar bağları ilə tanınan Udulu, həm də görkəmli yazıçı-alimimiz, professor Əzizə Cəfərzadənin kəndi kimi də tanınır.

* * *

Udulu kəndinə getməyimin maraqlı tarixçəsi var. İllərdir çalışdığım Qobustan rayonun Dərəkənd kənd məktəbinin müəllimlərindən də, habelə digər sakinlərindən bu kəndin özəllikləri barədə dəfələrlə eşitmişdimdoğrusu, içimdə bir heyranlıq yaranmışdı. Çoxundan eşitmişdim “müəllim, bir gün sizi aparıb gəzdirəcəyəm oraları, gələndə də bir az nar gətirərik, apararsan şəhərə, uşaqlar ağızlarının dadını dəyişərlər. Nar deyirəm e sənə, Udulu narı...” Mən nə deməliydim ki. Kim bu cür təklifdən qaçar?- “Nə deyirəm, nə vaxt desəniz mən hazır...” Nar yox, sadəcə, gedib məmləkətimizin bu tərəflərdə məhşuri-cahan yerlərindən birini görmək yaxşı olmazdımı?

Nar demiş, Qobustanın Poladlı, Yekəxana, Təsi kimi kəndlərində də adınan deyilən nar bağlarının olduğunu eşitmişdim. Bilirdim ki, buralar Pirsaat çayının sahilboyu ərazilərində yerləşdikləri üçün bağlı-bağatlıdır. O da ola nar bağları. Az sonra nəql edəcəyim yol əhvalatı təfərrüatı ilə yaddaşıma hopdu. Məni bu YOLa çıxaran Dərəkəndli Yaşar Şahnəsiboğluna bəri başdan minnətdarlığımı bildirirəm. Yeri gəlmiş, Yaşar kişi qəribə adamdır. Mən biləni sözünə-vədinə möhkəm adamdır, etibarlıdır. Deməsin, dedisə, eləyəndir. Haqqında danışırlar ki, arası-münasibəti olmayan adam da gecənin şirin yerində köməyə çağırsa dərhal durub gedər, umu-küsüyə baxmaz. Təəssüf ki, belə adamlar barmaqsanı qalıb. Onunla yol yoldaşlığımızdan xeyli şey öyrəndim. Yol uzunu adını eşidib-üzünü görmədiyim yurd yerlərimzin bir parasını onun sayəsində tanıdım.

* * *

Yoldaşlı yol getmək nə gözəlmiş. Bir il sərasər əvəzedici müəllim kimi Ərəbqədim kəndinə “qarakişmişi atı” (“Niva” maşını) ilə gedib-gəldiyimiz, sevimli şagirdim, gənc müəllim Cavid İsrafiloğlunu sevgilərimlə xatırlamaya bilmirəm. O yolda da, elə Ərəbqədim kənd məktəbində də az şey öyrənmədim və onların hər birini şirin xatirə təki yaddaşıma həkk elədim. Poladlı-Udulu səfərimizdən yazarkən qeyd etdiyim nüanslar da göz önünə gəlir. Nə yaxşı ki, mehriban insanlarımız, gözəl ellərimiz, ruh dincəldən təbiətimiz varmış...

Yaşar bəylə Uduluya həftəsonu işdən çıxıb getdik. Danışmışdıq ki, bir gün öncədən yola düşək. Ertəsi gün yağış yağacağından ehtiyatlanan səfər yoldaşım daha vacibi şumçıxartmaq qərarını verdi və növbəti gün getməli olduq. Əvvəlcədən demişdi ki, “Arabyolu” kəsə olduğundan yolumuzu ordan salaq. Havanın dolması, xırda yağışın başlaması bizi asfalt yolla getməyə vadar elədi və yaxşı ki, bu yolu seçdik. Necə deyərlər, gözlənilməz hava şəraiti maşna da problem yarada bilərdi. Poladlı kəndinəcən asfalt döşənib və bu, işimizi xeyli asanlaşdırdı. Mənim Bədəlli kimi tanıdığım Dağ Yekəxanadan keçib gedirik. Az sonra Çay Yekəxananı ötüb üzü Poladlıya yol alırıq. Öndə zəngin nar bağlarının olacağı irəlicədən hiss olunur. Bu arada eynimə erməni əsirliyində qalan rayonumuzdakı Diridağ silsiləsinin döşündəki başabaş təbii nar bağları gəlir. Adı və dağları təki hazırda işğal altında inləyən əzəmətli yurd yerlərimizin hər şeyi gözəl idi. Nar, əncir, üzüm, əzgil, yemişan, armud bağları, çinarlıqlar, dağdağanlıq, qarğılıq, saqqızlıq, qaratikanlıq, palıdlıq, bir biçimdə daş yığnağı olan çınqıllıqlar... elə bil Allahın qüdrətilə təkcə düzənlərə deyil, təpəlik və dağlıq ərazilərinə, qayalıqlarına da səpələnmişdi. Hər birininöz adı, öz dadı. Təbiətin bəxş etdiyi müxtəlif keyfiyyətdə təbii nar bağları zəngin çeşidləri ilə bu yerlərin təbiətini bir az da zənginləşdirirdi. İndi onlar əl çatmayan bir uzaqlıqdan yuxu təki huşumuza gəlir. Bəs, görəsən haçanacan?...

* * *

Poladlı istiqamətinə şütüyən QAZ-53 markalı özüboşaldan maşının kabinəsində ikimizik. Yaşar bəy, qarşı gələn hər iki tərəfdə mənim maraqlandığım və tanımadığım yerləri, artıq kimsənin yaşamadığı, zaman-zaman dolanışıq çətinliyindən tərk edib getdikləri qədim türk köyləri haqqında danışır. Gözlərim önünə eyni səbəbdən Qubanın yaşayışı namümkün olan dağ kəndlərindən Xaçmazın, Şabranın əlverişli dağətəyi zonalarına köçən ellərimiz gəlir. Bu siyahını digər bölgələrimizə də aid etmək olar. Bunu bərabər yaşayışın, ədalətin timsalı kimi təbliğ olunan 70 illik sovet rejiminin miraslarından saymaq olar. Nə isə... Şirin söhbət bizi Uduluya qədər müşayiət edir. Poladlını keşib əvvəlcə sağa, sonra üzü yuxarı qalxırıq. Artıq asfalt örtüklü yol geridə qalıb. Yolun sağında göstərici dirəklərdə UduluQuşçu istiqamətlərini bildirən nişanlar aydın görünür. Daha irəlidə Neft kəşfiyyat məntəqəsinin həyəti diqqəti cəlb edir... Dolanbac palçıqlı yollarla Udulu istiqamətində irəliləyən Qaz-53 bir anlığa mənə Cavid bəyin “Niva”sını andırdı. Qarlı qış gününün səhəri 2-3 dəfə donuşluqda təhlükəli sürüşkənliklər və indi yağmurlu havada palçıqlıqdan sürüşmə ehtimalları içimi xoflandırdı. Bəlkə də bu sürücülər üçün adi bir şeydir, fəqət mənə bir az qorxulu və çətin gəldi. Bütün bunlara baxmayaraq, üzüaşağı Udulunun içərisi ilə gərəkli ünvana gedib, Yaşar bəyin köhnə dostu Mirzəxan müəllimigilin həyətinə daxil oluruq. Mehriban və səmimi qarşılanma Azərbaycanımızın hər bölgəsi üçün səciyyəvidir.

* * *

Udulu haqqında çox eşitmək hara, görmək hara. Əvvəlcə bu ulusal kənd barəsində qısa məlumatla tanış olaq. Vikipediyada oxuyuruq: İkinci Udullu Hacıqabul rayonunun inzibati ərazi vahidində, Pirsaat çayının sahilində Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi kimi XIX əsrdə Udullu (indiki Birinci Udullu) kəndindən köçmüş bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranıb. Kəndin Şahsevənlərin udullu tayfasının adı ilə bağlı olduğu söylənilir. Bir başqa versiyaya görə, qədim türk tayfalarından olduğu söylənilən Udulu kəndinin adı Altaydakı mövcud Çudulu çayı ilə səsləşir. Qeyd olunur ki, udulular adı bir qol kimi buradan qaynaqlanır. Mənbədə səhv olaraq kəndin 1993-cü ildə yaradıldığı göstərilir. Halbuki Udulu Azərbaycanda əski tarixi olan yaşayış məskənlərindən biri olub, gah Hacıqabul, gah da Şamaxı rayonlarının inzibati ərazisinə daxil edilib. Dövlət müstəqilliyinin bərapasından sonra yenidən Hacıqabul rayonunun tabeçiliyinə verilib. (Quba rayonunun tərkibindəki Qonaqkənd qəsəbəsinə də, elə Mərəzə qəsəbəsinə də münasibət bu sayaq olub. Nə yaxşı ki, ədalət öz yerini tapıb və hazırda Mərəzə Qobustan rayonu kimi Şamaxı rayonundan ayrılaraq müstəqil bir rayona çevrilib. Bu cür misalların sayını artırmaq da olartarixin dolaylarında belə nüanslar dönə-dönə təkrar olunub.) Yeri gəlmişkən, burada II Udullu Qubalı kənd məscidi dini icması fəaliyyət göstərir. Baxdığımız mənbədə özgə bir məlumata rast gəlməsək də, səciyyəvi təbiəti olduğu duyulur. Burada əsasən boz-qonur, boz-çəmən, şoran torpaqlar yayılıb. Yarımsəhra tipli bitki örtüyüheyvanat aləmi nisbətən kasıbdır. İqlimi isə yarımsəhra əraziləri üçün səciyyəvi olan quruistidir.

 

Yusif DİRİLİ

 

Xalq Cəbhəsi.- 2020.- 13 fevral.- S.14.