“Azərbaycan” qəzetinin səhifələrində
21-ci yazı
Mədinə Gülgün:
Qızılbaş ordusuna şairə qızın hədiyyəsi
Vətən laylay deyib böyütdü sizi
Siz vətən eşqilə çatdız boy-başa
Azad etdiz artıq zülmdən bizi
Xoş günlər yaratdız hər vətəndaşa.
Vermədiz zalimə bir daha aman
Döyüşdüz düşmənlə siz üzbəüzə
Sizin qəhrəmanlıq yaşar hər zaman
Çün zalım önündə çökmədiz dizə.
Göylərdə şahintək açdınız qanad
Döyüşdüz basılmaz bir aslan kimi
Zalımın yurdunu eylədiz bərbad
Səttarxanlar kimi, Bağırxan kimi.
Əsarət zəncirin qırdız, məhv etdiz,
Qalmadı zülmdən, zillətdən əsər.
Siz haqqa inanıb haqq ilə getdiz
Çəkdiyiz zəhmətlər olmadı hədər.
Əgər sual versəm gülə, bülbülə
Onlar da deyərlər, olduq bəxtiyar.
Könül
salam deyir qəhrəman elə
Sizinlə şad oldu bu doğma diyar.
Başımız
ucadır çəkilib göyə
Çünki
bir sözümüz olmadı iki
Mən bu
şeri yazdım qızılbaş deyə
Sizsiz vətənimlə eşqimin ilki.
Eşqim,
məhəbbətim vətəndir, vətən
Vətənim
böyüdüb əzəldən bizi
Onunla
bölmüşük dərdimizi tən
Gərəkdir qoruyaq biz ölkəmizi.
Gülgün
ürəyindən deyir bu sözün
Vətən
əmr edərsə, əgərçi bizə
O da borclu
sanır vətənə özün
Inadla vuruşub çökmərik dizə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126,
14.02.1946
***
H.S.
Milli hərəkat
müqəddəs bir şüardır!
Hər millətin öz azadlığını ələ
gətirməsi üçün milli hərəkata
ehtiyacı vardır. Bu kimi hərəkatlar tarixlərdə
müqəddəs hərəkat adı ilə
adlandırılar. Əgər bu hərəkatların
mənşəyinə baxmış olsaq, aşkar olar ki, bu hərəkatlar
hamısı zülmün və zorun
artıqlığından əmələ gəlmişdir.
Məsələn, “Böyük Fransa inqilabı” luilərin , zülmkar dukelərin və
quntların əməlləri nəticəsində meydana və
axırda onların məhv olması ilə nəticələnibdir.
Rusiyadakı “Oktyabr inqilabı” da Sibirdə zülm və
təzyiqin nəticəsində əmələ gəldi və
bu faciələrin odları birdəfələlik birləşib
Çar hökumətini öz əzəməti ilə məhv
və yox elədi. Tarix səhifələri bu cür hadisələr
ilə doludur. İnqilabi ruhu zəif olan
bir millət həmişə əsarət altında
yaşamağa və fənaya məhkumdur. Əksinə olaraq inqilabi ruha sahib olan bir millət
tarixin qızıl səhifələrində ən görkəmli
bir yer tutub və onun iftixarlı tarixi həmişə bir
parlaq ulduz kimi parlayacaqdır. Azərbaycan millətinin 21
Azər (12 dekabr 1946-cı il – red.) tarixli
müqəddəs hərəkatı da Azərbaycan tarixində
böyük bir yer tutacaqdır.
Azərbaycan xalqı bu hərəkatda 25 illik zülmkar
və cani bir hökuməti yıxıb onun yerində
demokratik bir hökumət yaratmaqla dünyaya sübut etdi ki, Azərbaycan
xalqı öz keçirdiyi iftixarlı tarixini yadından
çıxarmayıb və həmişə bu iftixarı hifz
edəcəkdir.
Azərbaycan xalqı bu hərəkatda yenidən
dünyaya sübut etdi ki, bir hökumətin istibdad və zor zəncirləri
nə qədər möhkəm olursa olsun, millətin qəzəbi
qarşısında tab gətirməyib aradan getməlidir. Azərbaycan xalqı bu
müqəddəs hərəkatın sayəsində öz
azadlığını əlinə alıb və daha bundan bu
yana öz evinin sahibi olmaqla bərabər
demokrat firqəsinin rəhbərliyi altında və onun
açıq və sadə tutduğu yol üzrə öz
azadlığını və gələcək nəslinin səadəti
uğrunda var qüvvəsi ilə yorulmadan
çalışacaqdır.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126,
14.02.1946
***
“Qızıl
səhifələr" kitabı
(Azərbaycan
dilinə hücumlar barədə)
Neçə müddətdən bəri intizarını
çəkdiyim “Qızıl səhifələr” kitabı nəfis
bir şəklində dostlarım tərəfindən mənə
göndərildi. Bu kitab 464 səhifədən ibarət
olaraq Azərbaycan xalqının milli-azadlıq yolunda
apardığı mübarizənin mükəmməl tarixi
sayıla bilər.
12 şəhrivərdən
(3 sentyabr 1945-ci il tarixi nəzərdə
tutulur – red.) bəri başlanan milli və kəskin mübarizəmizin
bütün cüziyyatı bu kitabda əks olunub. Gələn nəsillər üçün tarixi bir
sənəddir. “Qızıl səhifələr”
“Azərbaycan” qəzetinin ilk nömrəsindən başlayaraq
102-ci nömrəyə qədər sırf tarixi, siyasi və
ictimai məsələlərə aid olan məqalələrin
və sənəd sistemi olan dövlət və firqə qərarlarını
tərtib edərək öz səhifələrində
möhkəm bir sandıq kimi gələn nəsillərə
arxiv olaraq saxlayıbdır. “Azərbaycan”
qəzetinin xalqımızın azadlıq yolunda
apardığı həssas mübarizələrdə mən
də onun səhifələrində bir kiçik vəzifəni
ifa etməklə iftixar etdiyimdən, onun əsas məqalələrini
hər gün kamali-rəğbətlə oxuduğumdan
onların xalqımıza göstərdiyi dərin təsirlərindən
xəbərdar idim. Buna görə daha
çox qəzetimizin əsas məqalələrini
özündə birləşdirən “Qızıl səhifələr”
kitabı mənim üçün qiymətli bir cəvahir
kimi dəyərli bir əsərdir.
Bu hiss
hamiya aid olan bir hissdir. Xalqımızın bu
tarixi əsəri əbədi olaraq hörmətlə
qarşılanacaqdır. Çünki
“Qızıl səhifələr” azadlığımızı
təmin edən mübarizələrin cərəyanını
özündə qeyd edərək xalqımızın ölməz
əsəri kimi yaşayacaqdır. “Qızıl
səhifələr” kitabının müqəddiməsinin təsirini
şərh etməyə acizəm. Bu məqaləni
hələ görməmişdim. İlk dəfə
olaraq kitab əlimə çatdıqdan sonra onu oxumaq şərəfinə
nail oldum. Bu məqalədə Baş nazirimiz cənab
Pişəvəri Azərbaycan xalqının parlaq tarixindən
nümunələr verərək Azərbaycan dili barəsində
xalqımızın düşmənlərinə möhkəm
və mətin cavablar vermişdir.
Cənab Pişəvəri öz məqaləsində
qeyd etdiyi kimi dövlətin ağır-ağır vəzifələrini
icra etdiyindən bu barədə bəhs etməyə heç
vaxt imkanı olmamışdırr. Lakin həmin yığcam bəhsdə
hərtərəfli bir cavaba malik olan hər bir azərbaycanlı
yazıçı və şair onun verdiyi şərhlər əsasında
böyük kitab yazmağa müvəffəq ola
bilər.
Tarix sahəsində
bir az məlumatlı olduğum
üçün cənab Pişəvərinin dil və milliyət
barəsində söylədiklri fikirlərdən mən də
sonsuz dərəcədə faydalandığımdan qeyd etməliyəm
ki, bu məqalə düşmənlərimizin bədənlərində
sağalmaz yaralar əmələ gətirəcəkdir.
Dövlətin
ağır vəzifələrindən bəhs etdikdən sonra
cənab Pişəvəri məqalədə yazır ki,
birinci növbədə bir məsələni gərək
aşkar surətdə bəyan edək, o da Azərbaycanın fars dilinə olan münasibəti və əlaqəsidir.
Təəssübkeş fars
yazıçı və müvərrixlər azğızları
köpüklənmiş halda dad və fəryad edib bizim fars
olduğumuzu, indi danışdığımız dilin
monqollar vasitəsi ilə bizə zorla qəbul etdirildiyini
sübut etmək istəyirlər.
Burada
yalnız bu qədər demək lazımdır ki, Azərbaycan
monqol istilası zamanında mütərəqqi və mədəni
bir millət olduğu üçün asanlıqla vəhşi
qəbilələrdən ibarət olan o camaatın naqis dilini
qəbul etməzdi və az bir zamanda yabançı bir dil bir
millətin içərisində elə kök sala bilməzdi
ki, onun nümayəndələrindən bir nəfər də
olsa, qədim dilə bələd olmasın və ya o dildən
(yəni monqol dilindən – red.) təzə dildə (türk
dinində - red.) heç bir əsər və əlamət
görünməsin. Ya zəlzələdən,
ya vəlvələdən, xülasə, Azərbaycanımızda
öz milli dilimizdən başqa bir dil yoxdur.
Kəsrəvi
kimi boşboğazlar belə fasrçılıq təbliğatı
apardıqları halda, Azərbaycanın xüsusiyyətini
etiraf etmək məcburiyyətində qalıb Azərbaycanda fars dilinin bir qolu olan “azəri” dilinin
yayıldığını iddia etməkdədir.
… Kəsrəvi və sair
farsçılığı təbliğ edənlər tək
bir qaziyə getmiş (yalnız bir hökmü qəbul
etmiş – red.) və ona görə iddialarını həqiqət
saymağa adət etmişlər. Amma biz əsil
həqiqəti açıb xalqa göstərməliyik.
Əsil həqiqət isə budur ki, Azərbaycan heç vaxt fars dilini ana dili kimi qəbul etməmiş,
ondan ədəbiyyat və şeir sahəsində çox az istifadə
etmişdir.
Tarixin ən çətin məsələlərini bu sadəliklə həll etməyin hələ ki, misli görünməyibdir. Bu cümlələr çox sadə və aydınca sübut edir ki, monqollar Azərbaycana basqın etmədən əvvəl azərbaycanlı fars dilindən başqa bir dil ilə danışırdılar və kəsrəvilər onu “azəri” dili adlandırırlar. Azəri (Azərbaycan-Türk- red.) dili azəri (Azərbaycan-Türk- red.) millətinin varlığına möhkəm bir dəlil olmaqla bərabər sübut edir ki, xalqımız monqolların həmləsindən əvvəl dil və milliyət cəhətdən İranın sair millətlərindən fərqli olmuşdur.
Farsçılar öz yazdıqları tarixləri unudub daha monqol həmləsindən əvvəl və monqol əsrində yazılan tarixlərin məzmununa heç vaxt diqqət etmirlər. Monqol həmləsi barəsində Həmdulla Mustofi tərəfindən yazılan “Nehzət-ül-qolub” (Qəlblərin üsyanı – red.) kitabında aydıncasına monqollarla azərbaycanlıların dil və sima fərqlərini qeyd edib çox sadə bir üslubda Azərbaycan millətinin sağlam qalmasına işarə edir. Biz xalq bayatılarını, “Apardı tatar məni” mahnılarını kənara qoyub canlı və inkaredilməz sənədlərlə Azərbaycan dilinin monqollardan qabaq tarixinin olmasını sübut etməyə çoxdan aciz deyilik.
Ərəb həmləsindən sonra Azərbaycanda meydana gələn milli hərəkatlardan başlayaraq Şah İsmayıl Xətainin hökmdarlığına qədər baş verən inqilablar barəsində yazılan tarixlər Azərbaycan millətinin fars millətindən ayrı bir millət olması barəsində canlı sənədləri təşkil etməsi cənab Pişəvərinin müxtəsər müqəddiməsində çox geniş bir şəkildə izah və təsdiq edilir.
İbn Əsirin “Əl-kamil” kitabı, Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabı, “Tarixi-Təbəri” (“Təbəri tarixi” və ya tam adı ilə "Tarixul-uməmi ər-rusul, əl-xuləfa vəl-muluk" əsəri – red.), İbn Xəldun, İbn Bətutə və Klavionun səyahətnamələri ümumiyyətlə Azərbaycan millətinin milli xüsusiyyətinə və dilinə möhkəm sənəd olub xalqımızın şanlı tarixini tamamilə sübuta yetirirlər.
Cənab Pişəvərinin yazdığı kimi mədəni bir millətin dilini bir ovuc vəhşi qəbilə dəyişdirə bilməz. Əgər bu mümkün olmayan iş icra olunsaydı belə, yenə də əski dilin qaydaları zorla qəbul etdirilmiş dildən tamamilə təmizlənməzdi. Ərəblərin basqını 200 il İranda davam etdi. Ərəb sərkərdələrinin dəhşətli yasaqları nəticəsində bütün İran dövlətinin divan işləri və rəsmi məktubları ərəbcə yazılıb. Həqiqətdə ərəb dili rəsmi dil sayılırdı.
Rza xan dövründə dil barəsində icra olunan planlar o gündə icra olunub ki, nəticədə xalqa öz ana dilində danışması qadağan olunmuşdu. Bu dəhşətli cəzalar və yasaqlar yenə də Pəhləvi dilinin əsasını poza bilməyib elə bir dil yaratdı ki, həm Pəhləvi və həm Qərb dilindən qarışıq oldu.
(davamı var)
Möhsün
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 126, 14.02.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən:
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran tarixi və iqtisadiyyatı"
şöbəsinin elmi işçisi Saleh Dostəliyev,
yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı
institutun "Cənubi Azərbaycan" şöbəsinin
elmi əməkdaşı
Xalq Cəbhəsi.- 2020.- 18 fevral.-
S.14.