Xocalı həqiqətləri xarici ölkələrin mediasında
ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən tanınmış "Environmental Directions" radio proqramının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Xocalı soyqırımına dair sözügedən proqrama müsahibə verib.
Müsahibədə N.Ağayev ilk öncə Qarabağın əzəli Azərbaycan torpağı olması, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı danışaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən bu işğalı pisləyən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistanın hələ də bu qətnamələrə və dünya birliyinin iradəsinə məhəl qoymadığını qeyd edib.
Daha sonra Xocalı soyqırımı barədə geniş məlumat verən diplomat, bu cinayəti törədənlərin hələ də cəzasız qaldıqlarını diqqətə çatdırıb. Baş konsul bildirib ki, ermənilər nə qədər Xocalı soyqırımını inkar etsə də, faktları dəyişdirmək mümkün deyil. N.Ağayev bu səpkidə Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamına dair etdiyi etirafı diqqətə çatdırıb.
N.Ağayev 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" beynəlxalq kompaniyası çərçivəsində görülmüş işlər sayəsində Xocalı soyqırmının beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Sonda baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bu gün çətin bir bölgədə sabitlik və rifah adasına çevrildiyini və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində səylərin əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb. Canlı yayımlanan “Veçerniy Çerniqov” verilişində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə geniş məlumat verib.
Səfir SSRİ-nin süqutundan sonra Azərbaycanın ermənilər tərəfindən separatizmlə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanın torpaqları işğal olunub. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirilib, nəticədə 613 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar amansızcasına qətlə yetirilib.
Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Diplomat bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir.
Diqqətə çatdırılıb ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımını törədənlərin layiqli cəzalarını alması tələb edilir.
ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib.
Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.
Tədbir çərçivəsində “Xocalı faciəsi - qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.
Tədbirdə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, amerikalı konqresmen Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə tədqiqatçı professoru Jenin Ntihirageza, İlinoys ştatnın Holokost və Soyqırım Komissiyasının İdarə Heyətinin üzvü professor Maria Korkatsch-Groszko və Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri – Roman Yatskovskiy və Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fenni Sempson-Kohen, həmçinin xüsusi qonaq qismində Holokost şahidi Canin Oberrotman iştirak edib.
Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov çıxış edərək tədbirin proqramı haqqında danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib.
Çikaqo şəhərində yaşayan azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski də Xocalı faciəsi barədə geniş təqdimatla çıxış edib. Daha sonra tədbir iştirakçıları Xocalı qətliamına həsr edilmiş qısa videoçarxa baxıblar.
Ölkəmizin ABŞ-dakı səfirliyinin
əməkdaşı Şəlalə Vəliyeva
çıxış edərək görüş
iştirakçılarına Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
tarixi, Ermənistanın ölkəmizə
qarşı apardığı işğalçı siyasət,
xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və
soyqırım cinayətləri barədə ətraflı
məlumat verib. Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başlayan
“Xocalıya Ədalət” beynəlxalq kompaniyası barədə
söz açaraq,
kompaniyanın fəaliyyət istiqamətləri və məqsədi
barədə məlumatı tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Xalq Cəbhəsi.- 2020.- 25 fevral.-
S.8.