İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)

 

1-ci yazı

XX əsrdə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara, soyqırımlara, deportasiyalara, repressiyalara məruz qoyulub. Ermənilərin havadarlarının dəstəyi ilə həyata keçirdikləri soyqırımlarından başlıca məqsədləri müəyyən ərazidə digər bir xalqın varlığına son qoymaq hesabına özlərinə müstəqil dövlət yaratmaqdan ibarət olub. Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920)” adlı araşdırmasında bildirilir ki, 1918-ci ilin yayında Osmanlı hökumətinin təşəbbüsü ilə İstanbulda Cənubi Qafqaz Respublikaları arasında ərazi problemlərini həll etmək üçün konfrans keçirmək qərara alınmışdı. İyun ayında İstanbul konfransında iştirak etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə 7 nəfərlik nümayəndə heyəti İstanbula yola düşmüşdü.

Azərbaycan hökumətinin 15 iyul 1918-ci il tarixli qərarı ilə Xarici İşlər Nazirliyinə bütün Cənubi Qafqazda ermənilərin müsəlmanlara və onların əmlakına qarşı törətdikləri zorakılıqları təhqiq etmək üçün Fövqəladə İstintaq Komissiyası yaratmaq tapşırılmışdı. Milli Şuranın İrəvan şəhərinin Ermənistan (Ararat) Respublikasının paytaxtı olması üçün ermənilərə güzəşt edilməsi haqda qərarından şirniklənən erməni nümayəndə heyəti İstanbul konfransına təqdim etdikləri layihədə Sürməli, Naxçıvan, Axılkələk, Eçmiədzin, İrəvan, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl (Qaryagin) və Borçalı qəzalarına ərazi iddiası irəli sürmüşdü.

Azərbaycan hökumətinin başçısı F.Xoyski Gürcüstandakı daimi nümayəndəyə 1918-ci il iyulun 28-də göndərdiyi teleqramda Novo-Bəyazid qəzasının Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzə Qoşabulaq, Nokit, Yuxarı Alçalı və Kərkibaş kəndlərinin nümayəndələrinin onun yanına şikayətə gəldiklərini və ermənilərin həmin kəndlərə hücum etdiklərini, kəndləri yandırdıqlarını, əhalinin dağlara çəkildiyini, əkin sahələrinin məhsulunu ermənilərin yığdıqlarını bildirmiş, Azərbaycan hökumətindən yardım istədiklərini bildirmişlər. F.Xoyski daimi nümayəndəyə Ermənistan hökumətinə etiraz məktubu verilməsini tapşırır.

İyulun 30-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Azərbaycan hökumətinin başçısının Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı ermənilərin törətdikləri zorakılıqlara qarşı etiraz məktubunu Ermənistanın Gürcüstandakı nümayəndəsinə təqdim edir. 31 iyul 1918-ci ildə baş nazir F.Xoyski Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadəyə ünvanlandığı təcili diplomatik məlumatda bildirirdi ki, onun nümayəndə heyətinə göndərdiyi xəritədə Azərbaycanın sərhədləri cızılmışdı. Xoyski yazırdı ki, əgər ermənilər Qarabağa ərazi iddiası irəli sürsələr, onda siz də İrəvanın və Qazax qəzasının bir hissəsinin onlara güzəştə gedilməsindən imtina edin. Məlumatda həmçinin bildirilirdi ki, ermənilər heç cür sakitləşmir, gah orada, gah burada müsəlmanları qırır, kəndləri dağıdırlar. Bu günlərdə isə Novo-Bəyazid qəzasının bir neçə kəndini darmadağın etmişlər. Daha sonra bildirilirdi ki, general Andranik öz qoşununu Zəngəzur tərəfdən İrəvan və Yelizavetpol quberniyalarının sərhədinə çəkir, Gorusu ələ keçirmək üzrədir.

Azərbaycandan İstanbula göndərilən fövqəladə və səlahiyyətli nazir-nümayəndə və İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşovun sentyabrın axırında İstanbula gəlməsi ilə danışıqlar xeyli sürətlənmişdi. Ə.Topçubaşovun İstanbul konfransına təqdim etdiyi memorandumda Azərbaycanın mübahisəsiz ərazisi 96.502 kvadrat kilometr göstərilmişdi. Layihəyə görə, İrəvan quberniyasının Naxçıvan qəzasının beşdə dörd hissəsi, Novo-Bəyazid qəzasının beşdə bir hissəsi, Şərur-Dərələyəz qəzasının ikidə bir hissəsi Azərbaycanın mübahisəsiz ərazisi hesab edilirdi.

19 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Cənubi Qafqaz Rus Milli Şurasının avqustun 15-də təqdim etdiyi üç protokolun surətini Azərbaycan Xarici İşlər Nazirliyinə göndərmişdi. Həmin protokollarda İrəvan və Yelizavetpol quberniyalarının dağlıq zonasında yerləşən NikitinoMixaylovo kəndlərinin (hazırda Gədəbəy rayonunun ərazisindəkı molokan kəndləri – müəl.) sakinlərinin ermənilər tərəfindən yağmalanması faktları öz əksini tapmışdı.

Azərbaycan hökumətinin tapşırığı ilə Gürcüstandakı diplomatik nümayəndəsinin 15 avqust 1918-ci ildə Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bilirilirdi ki, general Andranikin dəstəsi Azərbaycanın sərhədlərinə daxil olmuş, Zəngəzur qəzasının bir hissəsini və Şuşa yolunu ələ keçirmişdi. Azərbaycan hökumətinin adından tələb edilirdi ki, xeyirxah qonşuluq münasibətlərini saxlamaq naminə Andranikin qoşunlarının Azərbaycan ərazisindən geri çağırılması üçün təcili tədbirlər görsün. Əks təqdirdə, bütün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyi bildirilmişdi.

Avqustun 17-də Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkili A.Camalyan Ermənistan hökumətinin cavabını Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə göndərir. Məktubda bilirilirdi ki, general Andranikonun bütün dəstəsi Ermənistan Xüsusi Korpusunun əmri ilə Ermənistan ordusunun tərkibindən və siyahısından silinib, onlar Ermənistan Respublikasının hakimiyyətini tanımırlar və onlara tabe olmurlar. Əlavə olaraq bildirilirdi ki, general Andranikinonun dəstəsinin Ermənistanın milli ordusuna heç bir aidiyyəti yoxdurbu səbəbdən də, Ermənistan hökuməti onların məsuliyyətsiz fəaliyyətlərinə görə, cavab verə bilməz.

Azərbaycan xarici işlər nazirinin tapşırığına əsasən, Azərbaycanın Gürcüstandakı diplomatik nümaynədəliyinin rəhbəri Andranikin qanlı əməlləri barədə Almaniyanın və Avstriya – Macarıstanın Qafqazdakı nümayəndəliyinə yazılı məlumat vermişdi. Ermənistan hökumətinin 17 avqust tarixli cavabı da həmin ölkələrin Qafqazdakı təmsilçiləri fon Kressə və baron Frankelşteynə, habelə Gürcüstanın Xarici İşlər Nazirliyinə göndərilmişdi.

Andranikin Rusiyaya meyl göstərməsi və Bakı Kommunasını müdafiə etməsi faktını A.Camalyan avqustun 16-da alman missiyasının başçısı, general fon Kressellə görüşündə təsdiqləmişdi. A.Camalyan həmin görüş zamanı etiraf etmişdi ki, Andranik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə endirmək (Birinci Dünya müharibəsində olduğu kimi - müəllif) və Bakıya yol açmaq istəyir.

Türkiyə silahlı qüvvələri Şərq cəbhəsinin IX ordu komandanı Yaqub Şevki paşanın Şərq cəbhəsi komandanlığına 29 avqust 1918-ci ildə göndərdiyi teleqramda Dərələyəz nahiyəsində ermənilərin törətdikləri qırğınlardan canını qurtararaq gəlib türk ordusuna sığınan iki nəfərin verdikləri məlumatlara əsasən Zəngəzur bölgəsində yerləşən Andranikin silahlı dəstəsinin bir qrupunun Şərur-Dərələyəz qəzasının Malişgə, Keşişkənd və Həsənkənd kəndlərini ələ keçirdiyini, bölgənin müsəlmanlarına hər cür zülm və işkəncə verdiklərini, onları evlərindən qovaraq aclığa məhkum ettdiklərini, kəndlərini tərk etməyən müsəlman əhaliyə qarşı top atəşlərindən istifadə edildiyini bildirirdi. Teleqramın sonunda qeyd edilirdi ki, ermənilər bu cür hərəkətlərlə bir aydan sonra Ermənistanda bir nəfər belə müsəlmanının qalmamasına nail olmaq istəyirlər.

Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinin 31 avqust tarixli məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında imzalanan Batum müqaviləsinə və Azərbaycanın rəhbərləri ilə sərhədlər barədə əldə edilmiş şifahi razılaşmaya zidd olduğu, Ermənistanın ərazi iddiasının əldə olunmuş razılığın pozulması demək olduğu, bu səbəbdən də Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi.

Ermənistan hökuməti 1918-ci ilin sentyabr-oktyabr aylarında silahlı müdaxilə yolu ilə Yelizavetpol (Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəsini ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bildirirdi ki, Gəncə qəzasının 9-cu sahəsinin pristavı Gəncə şəhərinə gələrək bildirmişdir ki, oktyabrın 12-də Novo-Bəyazid qəzasının komissarı Basarkeçər kəndinə gəlib, kənd starşinalarını və ruhaniləri toplayaraq bəyan edib ki, 9-cu sahə bundan sonra Ermənistana tabe olacaq. Özünü pristav elan edən Çayxorski tələb edib ki, bir həftə ərzində vergilər ödənilsin, silahlar təhvil verilsin, bu tələbləri yerinə yetirməyənlər ərazini tərk etsinlər.

1918-ci il oktyabrın əvvəllərində türk qoşunlarının Batum müqaviləsinin şərtlərinə əsasən təsbit edilmiş Ermənistanın sərhədlərindən geri çəkilməsindən və İttihad və Tərəqqi partiyası hökumətinin (Gənc türklər hökuməti) istefasından sonra Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. Oktyabrın 23-də Ermənistan hökumətində edilən kabinə dəyişikliyindən sonra daha 30 min erməninin orduya səfərbər ediləcəyi qərara alınmışdı. Əhməd İzzət paşanın sədrliyi ilə qurulan yeni hökumət türk qoşunlarının Qafqazdan geri çəkilməsi ilə razılaşmışdı.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Hərb naziri Ənvər paşanın göstərişi ilə IX ordunun komandanı Yaqub Şevki paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımı qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb, yerli əhalinin təlimləri ilə məşğul olsunlar. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iri çaplı rus tüfəngi Naxçıvan və İqdır əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 20 iyun.- S.13.