“Ərk qalası əfsanəsi” poemasında bəşəri motivlər: məhəbbət və  sədaqət

 

 

Əsrlərdən bəri xalqın yaddaşından, Azərbaycan folklorundan süzülüb gələn ibrətamiz bir eşq əfsanəsinin motivləri üzərində qurulmuş “Ərk qalası əfsanəsi” poemasında Məhəmməd Biriya məhəbbət və inam, sevgietibar, sədaqət və dözüm kimi bəşəri duyğuları tərənnüm edir. Azərbaycan xalqının böyük tarixinin günümüzədək gəlib çatmış nişanəsi, möhtəşəm bir tarixi abidə olan Ərk qalası Təbrizdə ucaldılıb. Mənbələrə görə, “İranda Mədain sarayına bərabər tutulan Təbriz Ərk qalası (Əlişah qəsri) öz dövründə dünyanın ən böyük müsəlman memarlıq nümunəsi olub. Bu əzəmətli bina Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə 1338-1345-ci illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb”.

Güneyin görkəmli şairi Yadulla Məftun Əmini “Ərk qalası” şerində də aydın surətdə göstərir ki, “Bizim əsrdə İranda baş vermiş bütün mütərəqqi hərəkatlar (inqilablar-E.F.) öz başlanğıcını bu qaladan alıb.” Şair lirik qəhrəmanın dililə əsrlərin sınaqlarına, sərt rüzgarlarına, daxilixarici düşmənlərin, mürtəce qüvvələrin amansız hücumlarına məruz qalan, ancaq bütün hücumlara sinə gərərək məğrur dayanan, elin sipərinə çevrilən bu yenilməz qalanı vəsf edir:

Ey Ərk, ey bir sinəsini min bəlayə sipər edən alınmaz qala!..

Ey Ərk, ey istiqlalımızın ölməz nişanəsi, sənə əbədi eşq olsun!..

Tarix boyu bir çox zalımların qılıncı sənin ayağının altında sınıbdır.

“Ərk qalası” əfsanəsinin yarandığı vaxtdan uzun illər, əsrlər, qərinələr ötüb. Ancaq bu qalanın tikintisi ilə bağlı yaranmış ibrətamiz əfsanə xalqın, mütəfəkkir ədiblərimizin ruhunda, təfəkküründə bütün dövrlərdə öz yerini qoruyub saxlayıb və qəhrəmanlıq, sevgi, vəfa, etibar, sədaqət rəmzi kimi nəsillərdən-nəsillərə ötürülərək tarixin yaddaşında daşlaşıb. “Zavallı xəlqinin dərdin gərəkdir Biriya çəksin, Bu yolda qanıma batsam, böyük bir iftixarım var”, - missiyası ilə yaşayan və yazıb-yaradan Məhəmməd Biriyanın da məramı o dövrün milli ruhunu, yaşam tərzini, ideyalarını yenidən qələmə almaqla heç zaman tükənməyən böyük eşq, məhəbbət duyğularının əbədiyaşarlığına diqqəti çəkmək, insanın, bəşər övladının kamilləşməsində, özünə qayıdışında böyük rol oynadığını sübuta yetirməkdir. Biriya yaratdığı obrazların dili ilə bütün sirli məqamlara, onu düşündürən suallara cavab tapır və baş verən qarşısıalınmaz mürəkkəb situasiyaları necə aşdığını göstərir. Yalnınz eşqin, məhəbbətin xəyanət və rəzalətə qalib gələcəyini vurğulayır. Eşqsiz, məhəbbət-siz bir ürəyin tar-mar olduğunu əsər boyu oxucunun diqqətinə çatdırır. Ürəyi məhəbbətlə, pak sevgi ilə çırpınan şair haqqa, həqiqətə çatmanın yolunu da elə bunda görür. Biriya ixtiyar bir qocanın oğlunu, ömür-gün yoldaşını itirdikdən sonra dünyanı dərk etdiyini kədərli ovqatla anlatdıqdan sonra elə yaratdığı obrazın dili ilə bir çox sirli məqamların, əsl həqiqətin üzərindən pərdəni götürür:

Qoca sonra dedi: - Ay oğul, inan,

İnsan bir gəmidir, dənizdir cahan.

Unutma acıqlı dalğadır həyat,

Dalğasız bir dəniz olurmu, heyhat,

Çox zaman açmamış qönçə solubdur,

Kim bilir, həyatda nələr olubdur.

Möhtəşəm saraylar edilmiş xərab,

Zülmdən olunmuş ürəklər kəbab.

Ölkələr dağılıb, doğranıb şahlar

Yaranmışlar edib saysız günahlar.

Qeyd etdiyimiz kimi, poemada təsvir edilən bu məqamlar bir üzü həqiqət, digər üzü yalan olan dünyanın mənasını, insana ömrünün bu ömrü yaşadığı sürədə törətdiyi əməllərin qayda-qanunlara zidd olan, haqlı haqsız tərəflərini önə çəkir. İnsanın varlığı, yaxud yoxluğu qədər dəyəri olmayan maddi dünyaya aldanmanın, onun zahiri görüntüsünə, cah-cəlalına uyub özünü itirməyin əleyhinə olan şairin məqsədi, əslində insanın hər şeydən öncə özünə dünyanı dəyərli edən ideyalarına, məhəbbətinə önəm verməkdir. O, “Ərk qalası əfsanəsi” poemasında dünyalarca malı-mülkü olan zəngin bəylərin, xanların adi, sadə bir qul qədər dəyərə malik olmadığını vurğulayır. Qara qulun qəlbindəki böyük sevgi onun mənən böyüklüyünü, müqəddəsliyə, ilahi duyğulara inamını açıqlayan yeganə əsas cəhətlərdəndir. Zamanı ötən bir əfsanədən bəhs olunan bu poemada əsas qəhrəman-Qara qul məhəbbətin gücü ilə həqiqətə varır. Qocanın nəql etdiyi rəvayəti şair özünəxas təhkiyə ilə oxucuya çatdırır:

Babam eşitmişdi şeyx babasından,

Ərkin qalasını tikdirən zaman,

Qara Qul adında cavan var imiş.

Həmişə gülərək şad yaşayarmış.

çox xörək yeyib, çox yatarmış,

Ərkin lap başına kərpic atarmış.

Keçəndə oradan qədim hökmüran,

Qulun qüdrətinə oluban heyran,

Dönüb xadimindən eylədi sual-

Ora kərpic atmaq deyilmi məhal?

Xadim ərz eyləyir: - Əziz hökmüran

Zövqilə hər işi görərsə insan,

Təbiidir ki, çatar bütün murada.

Lakin bəzən xəyanət yuvasına çevrilən insan qəlbinin nələrə qadir olduğunu bilən şair hökmranın diqqətini cəlb edən, zəhməti, əziyyəti, sevgisi, ləyaqəti ilə insanların gözündə ucalan Qara Qulun xoşbəxtliyinə xələl gətirmək istəyən qara qüvvələri nəzərdən qaçırmır, onların məkrli niyyətlərini, mənasız istəklərini ifşa edir. Belə ki, Xadimin hökmdar qarşısında itaətkarlığı Qara qulu tərif etdiyi səhnə onun hakiminin üzünü açır, çirkin niyyətlərini aşkara çıxarır. Qara Qul qədər saf ləyaqətli olmayan, məhəbbətin fəzilətini anlamayan Xadim onun qalanın tikintisində göstərdiyi qeyri-adi cəldliyin, əmək rəşadətinin sevdiyi qadına olan sevgisindən, böyük eşq həvəsindən qaynaqlandığını bəyan edir:

- Zövqsüz bəşərə olmaz iradə

Zövqsüzlər qalar daim cəfadə.

Yaşadır bu qulu bir zövq, o həsrət

Söylədi hökmüran: - Dur səsini kəs!

Məgər bizdə yoxdur o zövq, o həvəs?

Sənin bu sözlərin yalandır yalan!

Xadim dedi: - Əfv et, böyük hökmüran

Həqiqi zövq ilə eşqin qüdrəti

Payidar eyləmiş bütün xilqəti.

Ağasına doğrunu, həqiqəti söylədiyini isbat etmək üçün Xadim hiyləgər, imansız anasından kömək istəyir bu addımla da özünü çətinliyə salır. Müdrik şair xadimin xislətində çatışmazlıqların olduğunu vurğulayır. Oğluna kömək etdiyini düşünən, onun yüksək vəzifədə qalması üçün hər cür alçaqlığa, ev yıxıb pislik etməyə hazır olan, din pərdəsi altında iblis üzünü məharətlə gizləyən qarı özünü tez-tələsik Qara qulun arvadına yetirir. Şirin dilini işə salaraq sadəlövh gəlinin qəlbinə yol tapır, ərinin adi, yoxsul bir fəhlə olduğunu, meymuna bənzər Qara qulun ona yaraşmadığını, bu gözəlliklə zəngin bir adamın-çoxdan bəri onu sevən oğlunun yarı ola biləcəyini, saraylarda komfortlu həyat yaşamağa layiq olduğunu söyləyir. Sevgisi ərinin ona olan eşqilə müqayisədə çox zəif olan səbatsız gəlin yüngül, rahat həyatın zahiri parıltısına aldanır. Qara Qulun sevgisi ilə sadə xoşbəxt həyat yaşamasına rəğmən, çox asanlıqla Yasəmən qarının qurduğu hiylə toruna düşür. Bu ibrətamiz hekayət, poemada hər bir obrazın, xüsusilə Yasəmən qarı kimi napak, sözü ilə əməli üst-üstə düşməyən xəbis, iblis xislətli qadınların, bədniyyət insanların, günahsızları günühkar duruma düşürən, evlər yıxan varlıqların mənhus düşüncə əməllərini aydın şəkildə açıqlayır:

Bir para qarılar iblisə bənzər,

Qoca tülkü kimi olur hiyləgər.

Damarlarda axar qızıl qan kimi,

Aldadar adamı bir şeytan kimi

Sehirlər düzəldər cadular qurar

Qəmli ürəklərə gizlin od vurar.

Edər bülbülləri gülündən cüda

Onun işlərinə heyrandır qəza

Qarı rol oynayıb əfsanələrdə

Abad qəsrlərdə, viranələrdə

Qurub dəsisələr, böyük fitnələr

İgidlər qanını edibdir hədər?

Gərəkdir onlara uymasın bəşər.

İmansız qarıdan etməsən həzər -

Mənim tək dünyada sərgərdan gəzər.

Məhəmməd Biriya əsərdə Yer üzünün əşrəfi olan insanın bu kimi hallarda fikrindən dönə biləcəyinin istisna olmadığını da nəzərdən qaçırmır. Bu nüansı unutmayan şair hadisələrin sonunda qarşılıqlı təzadlardan yaranan əsl həqiqəti üzə çıxarır, Ərk qalasının yalnız sevgi, eşqə sədaqət üzərində qurulduğunu bəyan edir.

Məhəbbətinə sadiq olan Qara qulun həyatını Ərk qalasının taleyilə bağlayan şair bununla hər bir insanın, bəşər övladının içində ucalan məhəbbət qalasını da əks etdirməkdədir. Biriya “Ərk qalası əfsanəsi” poemasında sevginin xəyanət üzərində qələbəsini xeyirin şərə qalib gəlməsi kimi səciyyələndirir.

Məhəmməd Biriya əsl sənətkar məharəti ilə tarixən “bütün şairlərin müraciət etdikləri məhəbbət mövzusunu da yeni biçimdə şeirə (poemalarına da-E.F.) gətirə bildi. Əsas məsələ məhəbbətdə duyğu ilə kamalın üz-üzə qoyulmasıdır O, həm sırf lirik-romantik, həm tənqidi realism, satirik ruhlu əsərlərinə ictimai-siyasi rəng qatdı yeni məzmun çalarları ilə bəzədi. Lakin şair “Ərk qalası əfsanəsi” poemasında bir daha göstərdi ki, ölkələri fəth etmiş hökmdarlar, fironlar belə, bir gün fani dünyadan köçünü çəkəcək, yer üzündən silinib gedəcəklər, lakin qəlblərdə, ürəklərdə heykəlləşən müqəddəs sevgi, paklğını qoruyub saxlayan ürəklərdə heykəlləşən ülvi məhəbbət bütün pisliklərə qalib gələcək, əbədiyyətədək yaşayacaq. Əsərlərinin “özünəməxsusluğu, orijinal ədəbi-bədii tapıntıları, heç kiminkinə bənzəməyən dəst-xətti Məhəmməd Biriyanın ümumazər-baycan ədəbiyyatı tarixində yaşamasının, əbədi qalmasının” təminatçısı oldu, adını mədəniyyət tariximizin səhifələrinə yazdı…

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 9 may.- S.14.