Sənsiz keçən ömrümü mən ömürmü sayayım?

 

Əmin Abid yaradıcılığında bayatı janrı

 

2-ci yazı

 

Xoca Əhməd Yəsəvinin "Divani hikmət"i ilə "Divan-i lüğət ül-türk"ün örnəkləri arasında heca sarıdan yeddiliyə uyğunluq Ə.Abidin diqqətindən yayınmır, bu məqamı ayrıca qeyd edir. Heca vəznində divan yaradan Ə.Yəsəvinin məqsədi islamı asan şəkildə verə bilmək istəyindən irəli gəlirdi.

Ə.Abid Köprülüzadənin tuyuq janrına münasibətini də şərh edir. Köprülüzadəyə görə, mani özünü tuyuğun təcnis qismində göstərib.

Türk xalqlarının poeziyasında özünü göstərən dördlüklər Ə.Abidin tədqiqat obyektinə çevrilir. O, problem-mövzuya hərtərəfli yanaşır. O, Türk xalqları mənzum ədəbiyyatındakı dördləmələrin yeganə nəzm şəkli olduğunu, “bu tipdə mənzumələrin zaman-zaman Qərbə axıb gedən türk qəbilələri tərəfindən Şərqi Asyadan Mavərayi Xəzər sahələrinə və şimal məmləkətlərinə nəql edildigi kimi Şərqi Asyayı əski Bizans hökumətinə bağlayan ticarət yolunu təkib ilə Şimali İran, Azərbaycan topraklarına axan Oğuz boyları vasitəsilə də bizim ölkələrə gətirildiyini” vurğulayır. Əlbəttə, buradakı “axan Oğuz boyları” ifadəsi adı altında elmi dəqiqlik ifadə olunmadığı, sovet ideologiyasının təsirinin duyulduğu aydın olur.

Əsərin 3-cü fəsli “Başka türktatar xalqlarının "mani"ları içində bayatının xüsusiyyəti” adlanır. Burada müqayisələr aparan Ə.Abid oxşarlıqlara diqqət çəkir. “TürkistanAnadoluda olan dörtləmələr, Azərbaycan bayatılarına daha yaxın bir quruluş göstərməkdədir. Özbək xalq ədəbiyyatında əşulə, yaxud aşulə adını taşıyan və yeddi hicalı vəznində olan dörtləmələr bizim bayatıların haman eynidir”.

 

Arıq tola su akar

Su tekidə qum axar.

Sevgənin taşlab getsə

Mənğə ğülüb kim baxar.

 

At minsən həm oynaymən

Minməsəm həm oynayməm

Sevüb alğan yarımğa

Min baxsam həm toymaymən.

 

Bağın bolsa kura kıl

Oğlun bolsa molla kıl

Mollaliğə gönməsə

Sətənlərğə cörə kıl.

 

Bu oxşarlığı tatar, Krım xalq ədəbiyyatı örnəklərində görürük. Qaqauz maniləri isə demək olar, Azərbaycan bayatılarının eynidir.

 

Tüfəngim atılmayır

Bahalı satılmayır.

Bu uzun gecələrdə

Yalnız yatılmayır.

 

Ə.Abid mani adı altında təqdim edilən Anadolu xalq ədəbiyyatının örnəklərinin daha çox Qaqauz manilərinə yaxınlığından söhbət açır.

 

Bu gün pazar ertəsi

Yandı yürək ortası

Əyil bir kez öpəyim

Ayrılıqdır ötəsi.

 

Qarşıda tikili daş

Cift gəzər iki qardaş

Böyüyü almaz tiraş

Kiçigi pırlanta taş.

Dəniz içində sarayım

Səni kimə sorayım

Sənsiz keçən ömrümü

Bən ömürmü sayayım?

 

Əlin əlimdə dəgil

Kılınc belimdə dəgil

Yara getmək istərəm

Höküm əlimdə dəgil.

 

İraq türklərinin xalq yaradıcılığında bayatı-maninin əsas yer tutduğunu yazan Ə.Abid Azərbaycan bayatılarının bütün xarakterilə orada yaşadığını göstərir. “Gərək qafiyələrdə təcnis sənətinin bulunması, gərəksə bayatının başlanması şəkli tamamilə bizim bayatıların eynidir”.

Ə.Abidin Azərbaycan bayatılarını təhlil edərkən qafiyələrin səs sarıdan bir-birinə bənzərliyinə diqqət çəkir. Aşağıdakı fikirlər sözügedən əsərdəndir, dili tamamilə aydındır:

 

“Ocağa qazan asdım,

Ay mənim əziz dostum,

Hər dedin sən dedin,

Mən dedim, sən küsdün?

 

Yaxud:

 

Yaylığının ucu yaşıl,

Dindirmə dilim çaşır.

Sabah bayram günüdür,

Qolun boynumdan aşır.

 

yaxud:

 

Gedən qara çuxalı,

Getmə qara çuxalı.

Əylən qonağım ol,

Sabah belə çıxarıx.

 

Bu şəkillər türk nəzmində qafiyənin ən əski tipidir. Halbuki bayatıların bir qafiyəcə təcnis-omonim sənətinin havi olan nevi vardır ki, bu şəkil başka türk manilərində yoxdur”.

Azərbaycan bayatılarının təhlilində gördüyü özünəməxsusluqlar bu gün üçün elmi gərəkliyini qoruyub saxlayır: qafiyə olarak alınan kəlmə, müəyyən məful halında ikiyə ayrılmaqla yapılan cinas şəkilli; İki kəlmənin yan-yana gəlməsi ilə hasil olan tələffüz şəklinə, bir kəlməyi sərfin bir halına salmaqla uyğunlaşdırarak meydana çıxan cinas şəkli: Başlı-başına ayrı tələffüz qiymətlərində olan dört kəlmənin ikişər-ikişər birləşməsindən hasil olan bir tələffüzlü cinas şəkli: Rədifli cinas şəkli: Tələffüzcə bir-birinin eyni olan kəlmələrdən yapılma cinas şəkli: Müəyyən bir məfhul halında olan isimlə, bir feildən yapılma cinas şəkli: İki kəlmə ilə üç kəlmənin karşı karşıya gəlməsilə hasil olan cinas şəkli: Bayatı qafiyəli olduğu rədifli cinas şəkli: Həm qafiyə həm rədifdə cinas şəkli”.

Ə.Abid sözügedən əsərində Azərbaycan bayatılarında gördüyü vəzn xüsusiyyətlərini (misraları 3 + 2 + 2, 3 + 4; 4 + 3; 3 + 1 + 2 + 1; 3 + 1 + 2 + 1; 3 + 3 + 1; 3 + 2 + 2; 2 + 2 + 2 + 1; 3 + 1 + 3; 2 + 2 + 1 + 2; 1 + 2 + 2 + 2; 2 + 3 + 2; 1 + 3 + 3; 4 + 2 + 1; 2 + 2 + 3 şəklində olan bayatılar) təqdim edir.

Bayatıların daşıdığı ideya-məzmun xüsusiyyətinə gəlincə, Ə.Abidin “Əşirət cəmiyyət quruluşu” haqqında danışır, habelə sinifli cəmiyyətin mübarizə prinsiplərini bayatıda axtarılır. İstər-istəməz dövrün ideologiyasının Ə.Abidi çulğadığı ortadadır. Əslində marksizm-leninizm ideologiyasının hər şeydə sinfilik görməsi ictimai bəlaların səbəbini sinfilikdə görməsi ilə bağlı idi. Ona görə 100 il öncə pərvəriş tapmağa başlayan sovet ideologiyası cəmi üç sinif (fəhlə, kəndli, ziyalı) tanıyırdı.

***

Onun 1918-ci il qanlı mart olaylarına baxışı bu baxımdan çağdaş Azərbaycan oxucusunda, araşdırıcısında təəccüb doğurmamalıdır. Ona görə ki, dövrün ideologiyası onun da yaradıcılıq prinsiplərini biryolluq müəyyənləşdirmişdi.

“Burjuaziyanın hakimiyyəti ilə milliyyətçilik hissləri artır, Azərbaycan əhalisi içində böyük fəlakətlərə səbəb olur. Türk-ərməni burjuaziyası bir-birini boğmağa başlayır. Meydana 18 mart 1918-ci il hadisələri çıxır. Ortada məhv olan yenə yoxsul təbəqə olur. Xalq bayatısı dərhal bu cihətlə əlakədar olur:

 

Əzizim, Həsən dayı,

Göndərsin bizim payı.

Arzum mənim budur,

Gəlməsin o "Mart ayı"...

Yaxud:

Dar ağacı quruldu,

Dibində qan duruldu.

Gedin deyin keşişə,

Ermənilər qırıldı”.

 

Əlbəttə, Ə.Abid dövrün canlı yaşantılarını, ağrılarını gözəl bilirdi. O, şüuraltı olaraq içində olduğu, gündən-günə alışan sovet repressiya maşınından yan ötmək haqqında düşünürdü. Ancaq gedişat göstərdi ki, bütün hallarda sovetizmin amansız dalğasından qurtulmaq mümkün deyil.

Həm bu gedişlər Əmin Abidlərin şəxsində xalq adına növbəti fəlakətli aldanış idi:

“Sora bayatı inqilab dövrinə girir. Xalq əsarət istismardan qurtulur. Təbii haqqına, torpağına nail olur, geniş sərbəst nəfəs almağa başlayır hüriyyətdən hasil olan bir şadlıqla bayatılar bağırır.

 

Əlimdən qaşıq düşdü,

Yenə qarışıq düşdü.

Gəldi Şura hökuməti,

Aləmə işıq düşdü”.

 

Ə.Abid bayatıları yaşadığı çağın “inqilabi cəmiyyətə məxsus nəslin yaranması üçün təşviqedici bir şəkil aldığından” da şövqlə danışır. Ancaq gözəl bilir ki, sovet ruhunda, sovet ideologiyasına uyğun yaranan qondarma bayatılar ənənəvi, klassik, dərdli bayatılar ola bilməzdi, olmadı da. Ona görə ki, bu “bayatılar” ardıcıl olaraq işıq yox, qaranlıq saçırdı.

 

“Fəhlə, kəndçi balası,

Quraq Şura binası.

Gəlin komsomol olaq,

Ataq köhnə libası”.

 

Əsərin sonunda Ə.Abidin bayatılarda bəhs edilən yer adları, çay, nehr heyvanlar, quşlar, çiçəklər haqda siyahı verir.

4-cü fəsildə Bayatıların başqa nəzm şəkillərilə münasibətinə gəlincə, Ə.Abid Azərbaycan bayatıları ilə Azərbaycan tuyuqları arasında oxşarlığa diqqət çəkir. 5-ci fəsil “Bayatılarla bağlı xalq ənənələri” adlanır. Ə.Abid qadınların fala baxmasını “Bayatı çəkmək” mərasimi kimi təqdim edir. Burada təqdim olunanlar bütünlüklə folklor örnəklərindən olan Novruzdakı “Üzüklə fala baxma”nın eynidir. Əsərdə bayatılı məqamlara Azərbaycanın yas mərasimlərində rast gəlindiyini bildirir, əzizi ölənin bayatılı ağılar söylədiyinə diqqət çəkir. Eləcə öləni yaxşı oxşamaq, məclisin yaxşı keçməsi üçün xüsusi ağı deyən qadınların çağırıldığı haqqında da danışır. “Bakıda yedəkçi, bəzi qəzalarda ağıçı deyirlər. Matəm məclisində söylənilən bayatıya bəzi yerlərdə ağı da deyilir”.

Əsərdə Azərbaycan toylarında bayatı demək ənənəsi haqqında da danışılır. Yüzil öncə toylarda bu işi qadınlar görəmiş. Təəssüf ki, indi bu ənənə toylarımızda yoxa çıxmaqdadır. VI fəsil “Bayatılarda qadın yarıdıcılığı” adlanır. Burada Ə.Abid bayatıların yaranması ifasında qadınların ayrıca rolunun olduğuna diqqət çəkir, uyğun örnəklər gətirir. Şübhəsiz, bayatı janrının mahiyyətindəki zəriflik, incə duyumun qadın xarakteri ilə müqayisə olunması uyğunluq sayıla bilər. Eyni zamanda bayatının xarakterindəki az sözlə möhtəşəm məna ifadə etmək xüsusiyyəti ayrıca diqqət çəkir.

***

Əsər mövzuya yanaşma orijinallığı, özünəməxsusluğu ilə diqqət çəkir. 92 il öncə yazılmış əsər müəyyən mənada indi aktuallığını saxlayır. Sovet ideologiyasının ədəbiyyata, bu yönlü araşdırmalara tətbiqinin ilk nümunələrindən, eləcə Azərbaycanda folklorşünaslıq mövzusundakı əsərlərin yazılması prosesində elmi təcrübənin azlığını nəzərə alsaq, indki yaradıcılıq ölçüsüylə əsər qənaətbəxş təsir bağışlayır. Bütün hallarda Əmin Abidin Azərbaycan ədəbiyyatını, folklorşünaslığını araşdırmaq yönündə fədakar çalışmaları yüksək dəyərləndirməyə layiqdir.

 

Elçin Qaliboğlu

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2020.- 21 may.- S.14.