Su atdım yara dəydi,  sona bülbüllər…

 

Ağdamın azad olunduğu gün məşhur xanəndə Qədir Rüstəmovun 85 illiyi idi. O, 1935-ci il noyabrın 20-də Ağdamda anadan olub. Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biridir. Azərbaycan Dövlət Musiqi Məktəbində Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, bundan sonra Ağdamda təhsilini davam etdirib. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları — «Rast», «Çahargah» lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasındakı məşhur «Sona bülbüllər» mahnısı daha çox sevilir.

2011-ci il dekabrın 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib, Bakı şəhərində dəfn olunub. Qədir Rüstəmovun səsi — ruhun səsi idi. Onunku təkcə oxumaq deyildi, yandırıb-yaxmaq, insan dərdini, kədərini izhar eləmək idi. Oxumaq onun üçün bir vasitə idi. Onun başqa oxuyanlardan fərqi bundaydı. Qədir Rüstəmovun səsi gerçəkdən ilahiliyi təsdiq eləyirdi. Tək oxuyan idi ki, heç vaxt artistlik eləmədi, buna gərək duymadı. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Qədir Rüstəmovun xanəndə olaraq əvəzolunmazlığı bundadır. Belə yarandı muğamçılığın Qədir yolu, yöntəmi, örnəyi və zirvəsi. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yəqin ki, özü bütün bunları deyilən kimi bilmirdi, ancaq belə duyduğuna, yaşadığına əminəm. Çünki aşiq insan özünü aqibətdən qıraqda görə bilmir, ondan qırağa çıxmağı bacarmır. Qədir Rüstəmov da aqibətdən çıxa bilmədi yaşamı boyu. Ona görə də Qədir təbii qaldı, sənətində dəyişmədi.

Qədir Rüstəmov təkcə istedadlı deyildi. Bu, onun üçün çox az idi. O, istedadını başının üzərinə qaldırmadı, gözə soxmadı, əksinə, ona vasitə kimi baxdı. Belə adamlar həm də özlərinin faciəviliklərini gözəl anlayırlar. Bilirlər ki, onlar anlaşıldıqları dərəcədə həm də anlaşılmazdırlar. Qədirin başqalarına yovuşmazlığı, sərtliyi, güzəştsizliyi bundan idi. Yalnız oxuyanda özü olurdu. Oxumaq onun üçün var olmaq demək idi. Səsində türkün uca xarakteri vardı — haraylı, ehtizazlı, zərif, ötkəm. Sarsıldıqca sarsıdırdı. Sarsıtdığı dərəcədə sarsılırdı. Səsinin kədəri ürəkləri ovsunlayırdı. O, insanları gerçək aləmdən ayırıb tanımadıqları, bilmədikləri xəyali yerlərə, duyğulara aparırdı.

Qədirin xoşbəxtliyi ondaydı ki, qəribəliyini bildiyi dərəcədə aqibətinə bağlanırdı. Bu halının başqalarında hansı duyğular yaradacağı, necə qarşılanacağı onu düşündürmürdü. Onun xoşbəxtliyi fitrətinə sonacan yiyəlik eləməsində idi.

Qədirdə kədər o qədər təbiidir ki, insan onu sevməyə, qəbul etməyə bilmir. Axı mahiyyətcə ən qəmli musiqidir «Sona bülbüllər». Bəs biz onu Qədirin ifasında niyə bu qədər sevir, ondan güc alırıq? Əgər belə deyilsə, gərək onda «Sona bülbüllər»i dinləyəndə kədər bizi daha da sarsıtsın. Deməli, Qədir bu vaxtacan kədər haqqında deyilən bütün yarımçıq, yarıtmaz düşüncələri alt-üst etdi. Kədər əslində ən böyük güc, fərəh qaynağıdır. Muğam bunu deyir bizə. Bu baxımdan Qədiri «muğamın Füzulisi» adlandırmaq olar. Ona görə də Azərbaycan türkünün musiqidə «Sona bülbüllər» qədər nikbin özünüifadəsi yoxdur. Bu düşüncəni məndə Qədir Rüstəmovun ifası yaratdı:

 

Su atdım yara dəydi, sona bülbüllər

Әlim divara dəydi, saçı sünbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər

dedim yara dəydi, saçı sünbüllər.

***

Elə yar, yar deyirlər, heç məni demirlər

Ay sona bülbüllər!

Elə bil yar deyiləm, bir məni dindirməz,

Ay saçı sünbüllər!

***

Evləri köndələn yar, sona bülbüllər

Bizə gül göndərən yar, saçı sünbüllər

Gülü yarpıza dönsün, sona bülbüllər

Bizdən üz döndərən yar, saçı sünbüllər.

***

Dəryada gəmim qaldı, sona bülbüllər,

Biçmədim zəmim qaldı, saçı sünbüllər.

Çox çəkdim yar cəfasın, sona bülbüllər,

Mənə dərd-qəmim qaldı, saçı sünbüllər….

Asif Ata söhbətlərində deyirdi: “Qədir «Sona bülbüllər»i oxuyanda adama elə gəlir, nə kapitalizm var, nə də sosializm. Əslində Qədir sufidir, suficəsinə oxuyur, bunu bilsə də, bilməsə də. Pünhan oxuyur, pünhanı oxuyur”.

Ən qəmli musiqi — ən ruhlu, ümidli musiqidir. Musiqidəki kədər ruhun doğmalığını, ucalığını təsdiq edir. Qədir Rüstəmovdan sonra Azərbaycan muğam sənətində ciddi bir boşluq yaranıb: sufi tipli, xarakterli xanəndəmiz artıq yoxdur. Hansı ki, muğam başdan-başa sufi sənətidir, sufilik izharıdır. Qədir Rüstəmov gerçək, ənənəvi sufi həyatı yaşaya bilməsə də, oxuyanda sufiləşirdi.

Çətin günlərimin dostu olub Qədir Rüstəmovun «Sona bülbüllər»i, «Çahargah»ı, «Ay dili-dili»si, «Neyçün gəlməz»i, «Apardı sellər Sara»sı. Ağlım kəsəndən bu səsin sehrinə düşdüm. Təbiətlə birliyimi, doğmalığımı onun səsində tapdım.

Yaşamaq gözəldir! Dərddə, kədərdə yanasan, yandırasan, yandırdığın dərəcədə də qandırasan — bunu da Qədir Rüstəmovun səsindən duymuşam. Qədir Rüstəmovun səsi böyük türk ruhunun, mahiyyətinin təsdiqidir — səsin ölməz ilahiliyi kimi! Onun səsinin örnəyində yeni-yeni xanəndələrimiz yaranmalıdır. Ümumiyyətlə, inkişaf hər bir sahədə, eləcə də bu sahədə qaçılmazdır. Bu mənəvi tələbatı kimlər ödəyəcək? Yalnız özündən keçən fədakarlar, təmənnasızlar…

Bundan sonrakı dönəmdə isə Qarabağımızda yenidən muğamlarımız, xalq mahnılarımız böyük coşğuyla ifa olunacaq. Qədir Rüstəmovun səsinin izində…

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2020.- 24 noyabr.- S.15.