“Azərbaycan” qəzetinin səhifələrində
46-cı
yazı
***
Ə. Məhəmmədkari: "Bu gün Vətən bizdən nə istəyir?"
Sevimli anamız Azərbaycanın bizdən nə intizarı var? O, boynunda olan ağır istismar və istibdad zəncirinin götürülməsini və xoşbəxt əsrimizə uyğun həyata çıxarılmağını bizdən tələb edirdi. Qəhrəman xalqımız, Azəristanın mərd və igid oğulları ana yurdlarının çağırışına səs verərək vətən uğrunda qiyam edib, istismar zəncirini qırıb və Azəri toprağını (Azərbaycan nəzərdə tutulur – red.) quldurlardan təmizləyib və onun varlığını bütün dünyaya isbat etdi.
Beləliklə, xalqımız ana yurdumuzun istəklərinin mühüm bir hissəsini yerinə yetirmişlər. Amma anamız bizim qabağımızda yeni vəzifələr qoyur: onu əsarətdən qurtardığımız kimi azadlığını qorumağı da bizdən tələb edir. Xalqımızın milli hərəkatı bütün mürtəce imperialist və istismarçıları lərzəyə salmışdır. Onlar görürlər ki, bizim bu demokratik hökumətimiz Şərq ölkələri azadlığının məşəli olacaq və beləliklə, imperializmin Şərqdə mənafeyi böyük təhlükələrə məruz qalacaq. Artıq imperialistlər Şərqin məzlum kütlələrinin əmək nəticələrini və qanını qızıl şəklində istismar mərkəzlərinə axıtmağa imkan tapmayacaqlar.
Odur ki, həyəcana və böyük bir təşvişə mübtəla olublar. Bu məsələni nəzərdə tutmaqla bərabər qabağımızda yeni bir vəzifə durur. Biz ana yurdumuzu xilas etdiyimiz kimi bu gün onun azadlığını qorumalı, düşmənlərlə amansız mübarizə aparmalı və bu şüarı həmişə nəzərdə tutmalıyıq: ana yurdumuza xain baxan gözlər yerindən qazılmalı, Vətənimizə tərəf uzanan xain əllər dibdən kəsilməlidir!
Xalqımız bu gün azad bir həyat qurmağa imkan tapdığı halda bir də irticaya imkan verə bilməz ki, təzədən can alsın. Bu gün artıq beş ağız qədər həcmi olan yabançı bir dili zorla bizim balalarımızın ağzında yerləşdirməyə imkan verilmir. Əziz fəhlələrimiz azad bir surətdə ölkəmizin sənaye və istehsalını yüksək bir dərəcəyə qaldırmağa çalışırlar. Artıq quldur jandarmaların qamçıları kəndlilərimizin başı üstə fırlanmayır. İllər boyu qara rəiyyət olmuş və yeddi göydə bir ulduzu olmayan çarəsiz və bədbəxt kəndlilərimiz bu gün azadlıq sayəsində fəlakətdən qurtulmuş, yer sahibi olmuş və xoşbəxt bir həyata doğru getməkdədirlər.
Odur ki, bu gün azadlığımızın zamini olan xalqımız ana yurdumuzun azadlığını qorumağa çalışmalıdır. Çox xoşbəxtlikdir ki, bu gün xalq qoşunları kimi qüdrətli və milli bir qoşun bizim Vətənimizin dayağıdır və biz də imkan tapırıq ki, könüllü şəkildə qoşuna daxil olmaqla öz vicdani vəzifəmizi vətən uğrunda ifa edək.
Bu gün azərbaycanlı olan bir kəs harada olursa-olsun, səngərdə yatmış əsgər kimi ayıq-sayıq vətənimizin keşiyində durmalıdır və bütün cavanlarımız könüllü olaraq xalqımızın parlaq tarixi və onun tarix boyu göstərdiyi qəhrəmanlıq və fədakarlıqları təsdiq etməlidir. Burada bunu da qeyd etmək lazımdır ki, millətimiz Milli Hökumət yaratmağa qadir olduğu kimi onu qorumağa qadirdir və heç vaxt quldurlara yenidən quldurluq büsatı qurmağa imkan verməyəcəkdir.
Bu məlum bir qaydadır: Yalnız mübariz bir millət azad yaşaya bilər. Xalımız tarixin şahidliyi ilə mübariz bir millət olduğuna görə azad yaşayır və əbədi olaraq yaşayacaqdır.
Həmişəlik yaşa Azərbaycan!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 169, 10.04.1946
***
Sovet-İran neft şirkəti haqqında
İranın Baş naziri cənab Qəvvamüssəltənə Sovet İttifaqının səfiri Sadçikova aşağıdakı məktubu göndərmişdir: “Cənab səfir! Aramızda olmuş şifahi danışıqlara əlavə olaraq sizə xəbər verməklə şərəf duyuram ki, İranın əlahəzrət Şahənşah hökuməti İran və Sovet İttifaqı hökumətlərinin şimali İranda neft yataqlarını kəşfiyyat və istismar etmək üçün müştərək Sovet -İran şirkətini aşağıdakı əsas şərtlər ilə yaratmağa razıdır:
1. Şirkətin birinci 25 il ərzindəki fəaliyyətində səhmlərin 49 faizi İran tərəfinin, 51 faizi isə Sovet tərəfinin olacaqdır: ikinci 25 il ərzində səhmlərin 50 faizi İran tərəfinin və 50 faizi Sovet tərəfinin olacaqdır.
2. Şirkətin aldığı mədaxil hər tərəfdən səhmlərin miqdarına müvafiq olaraq bölünəcəkdir.
3. Şirkətin kəşfiyyat işləri aparılmaq üçün ayrılan ilk ərazinin sərhədləri bu il 24 martda edilən söhbət zamanı sizin tərəfinizdən mənə verilmiş xəritədə göstərilən kimi olacaqdır. Sovet Sosialist Respublikaları İttifaqı üçün Türkiyə və İran sərhədlərinin kəsişdiyi nöqtələrdən keçən və Rzaiyə (Urmiya – red.) gölünün şərq sahili ilə cənuba doğru Miyandoab şəhərinə qədər uzanan xəttdən qərbdə yerləşmiş Qərbi Azərbaycan ərazisi hissəsi müstəsnadır ki, bu da əlavə olaraq yuxarıda göstərilən 1946-cı il 4 aprel xəritəsində qeyd edilmişdir. İran hökuməti yuxarıda göstərilən xətdən qərbdə yerləşmiş ərazini xarici şirkətlərə və yaxud xaricilərin iştirak etdiyi və xarici sərmayənin istifadə edildiyi İran şirkətlərinə imtiyaza verməməyi öhdəsinə götürüb.
4. İran tərəfinin sərmayəsi 3-cü maddədə göstərilən neftli torpaqlardan ibarət olacaqdır ki, bu yerlərdə texniki işlər görüldükdən sonra neft quyuları olacaqdır. Onların məhsulu isə şirkət tərəfindən istifadə ediləcəkdir.
Sovet tərəfinin sərmayəsi isə nefti istehsal və emal etmək üçün lazım gələcək hər cür xərclərdən, avadanlıqdan, mütəxəssis və fəhlələrə veriləcək maaşdan ibarət olacaqdır.
5. Şirkətin fəaliyyətinin müddəti 5 ildir.
6. Şirkətin fəaliyyət müddəti qurtardıqdan sonra İran hökuməti Sovet tərəfinin səhmlərini satın almaq və yaxud şirkətin fəaliyyət müddətini uzatmaq hüququna malik olacaqdır.
Kəşfiyyat işləri aparılacaq yerlərin neft quyularının və şirkətin bütün müəssisələrinə aid dairələrin mühafizəsi yalnız İran təhlükəsizlik orqanları tərəfindən yerinə yetiriləcəkdir.
Göstərilən Sovet-İran neft şirkətinin təşkili haqqında bu məktubun məzmununa müvafiq olaraq gələcəkdə bağlanacaq müqavilə İranın yenidən seçilən Məclisi öz qanunvericilik fəaliyyətinə başlayan kimi hər halda bu ilin martın 24-dən hesab olunaraq 7 aydan gec olmayaraq təsdiqə veriləcəkdir.
Cənab səfir, sizə bəslədiyim yüksək ehtiram əminliyini qəbul ediniz.
İranın Baş naziri Qəvvamüssəltənə”.
Həmin gün cənab A.V. Sadçikov cənab Qəvvamüssəltənəyə cavab verərək onun 1946-ci il 4 aprel tarixli məktubunu aldığını təsdiq etmiş və bildirmişdir ki, cənab Baş nazirin İranın şahənşah hökuməti adından verdiyi əminliyə görə Sovet hökuməti cənab Baş nazirin 4 aprel tarixli məktubunda sayılan əsas şərtlərlə şimali İranda neft yataqlarının kəşfiyyatı və istismarı haqqında müştərək Sovet-İran şirkətinin yaradılması üçün öz razılığını bildirir.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 169, 10.04.1946
***
Aşıq Hüseyn Cavan: "Yanır çırağı Təbrizin"
Ay ariflər, nə gözəldir görün bu çağı Təbrizin
Söylənir ölkələrdə şən sorağı Təbrizin
Mahallarda hörməti var, gəlir qonağı Təbrizin
Qonaq üçün bəzənibdir əlvan otağı Təbrizin
Ətirli güllər yetirir hər yer bu çağı Təbrizin.
Şəfəq salır Şərq elinə qüdrətli Təbriz şəhəri
Qaranlıq, zulmat çəkilib, açılıb səhəri Təbrizin
Qarlı qışı əvəz edib günəşli gözəl baharı
Çiçək açır bağçabağı, budaqlar gətirir barı
Gəzib səfa sürməlidir Gülüstan bağı Təbrizin
Baxıram ana yurduma, cansızlara can gəlibdir.
Zülmdən solan üzlərin yanağına qan gəlibdir.
El gülür, vətən gülür, nə gözəl zaman gəlibdir
Xəstələrə şəfa verən böyük bir loğman gəlibdir
Yetirdiyi qəhrəmanlar olub dayağı Təbrizin.
Fəhlə, kəndli qardaş
olub, yoxdu ürəkdə həsrəti
Verib əl-ələ çalışır,
möhkəmlədir hürriyyəti
Yayılsın hər bir ölkəyə bu məramın pak niyyəti
Gün kimi tutsun dünyanı
həqiqəti, səadəti
Adı düşsün
dildən-dilə, artsın
növrağı Təbrizin.
Abad olsun belə şəhər, çünki
şövkət-şan burdadır
Azadlığa qurban olan neçə yüz min can burdadır.
Cavan Hüseyn, yaz sözlərin, ədalət
dövran burdadır
Azadlığın poştibanı böyük
Səttarxan burdadır.
Odur sönmür,
şölələnir, yanır
çırağı Təbrizin.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946
***
Azərbaycan Demokrat Firqəsinin
Təbriz şəhər
5-ci rayon komitəsindəki 5 aprel 1946-cı il
tarixli toplantısından
Cümə günü, aprel ayının 5-də (1946) 5-ci homənin
(rayon komitəsinin – red.) firqə
üzvləri dəstə-dəstə
homə komitəsinə
tərəf gəlməkdə
idilər. Hələ saat 5 olmamış
homənin otaqları,
həyət və bağçası camaatla
dolmuşdu. Hamı ümumi
iclasın açılmasını
səbirsizliklə gözləyirdi.
Qadın, kişi
– hamının üzündə
bir sevinc görünürdü. Homə komitəsinin
ümumi iclasını
cənab Rastkar açıq elan edəndən sonra hamı ayağa qalxıb birlikdə milli himni oxumağa
başladılar. Himn qurtardıqdan
sonra cənablardan Axundzadə, Fərhud mərkəzi firqə komitəsi tərəfindən
cənab Nunəkərani
və homənin təbliğat şöbəsi
tərəfindən cənab
Məhəmmədəli Diba
çıxış etdilər.
Natiqlər Azərbaycanın azadlıq tarixindən, azadlıq yolunda aparılan mübarizələr
və Milli Hökumətin qurulması
və müdafiəsi
haqqında ətraflı
söhbət etdilər.
Şairlərdən cənab Kaşif
və cənab Səməd Afiyət vətən və azadlıq haqqında yazdıqları şeirlərini
oxudular. Natiqlərin danışıqları
dəfələrlə gurultulu
alqışlarla qarşılandı.
Bu halda həyət
qapısından Azərbaycanın
qocaman və mübariz azadlıqsevəri,
Milli Məclisimizin sevimli rəisi cənab Şəbüstərinin
görünməsi hamını
özünə cəlb
etdi. Sonra Şəbüstəri xitabət kürsüsünə
çıxıb Azərbaycanın
məşrutə tarixindən,
azadlıq tarixindən,
Tehran irticasının xəyanətləri
və Milli Hökumətimizin vəzifələri
haqqında ətraflı
söhbət etdi.
Sonra cənab Rastkar aşağıdakı qərarı
oxudu: “Biz, beşinci homənin 800 nəfərə
qədər üzvləri
qərara alırıq
ki, milli azadlığımızı və
milli dövlətimizi
müdafiə etmək
üçün hamımız
bir nəfər kimi canımızı qurban verməyə hazırıq. Biz 5-ci homə üzvləri bütün Azərbaycan xalqı ilə hər zaman ana yurdumuz Azərbaycanı
müdafiə etməyə
hazırıq. Firqə və
hökumətimiz nə
əmr versə, bir əsgər kimi yerinə yetirəcəyik. Onun üçün
biz firqəçilər hərbi
biliyə sahib olmalıyıq.
Odur ki, biz hamımız tez bir zamanda
hərbi dərnəklərdə
iştirak edib silahı işlətməyi
tamamilə öyrənməli
və hərbi qayda-qanuna sahib olmalıyıq.
Yaşasın azərbaycanlıların poladdan möhkəm birliyi!
Yaşasın azadlığımızın zamini olan firqə
və Milli Hökumətimiz!
Yaşasın Azərbaycan və onun qeyrətli xalqı!"
Qərar bir səslə qəbul olundu.
Həsən Nəsirzadə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946
***
Əski
əlifbadan transliterasiya
və farsca məqalələri tərcümə
edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
"İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları
elmi redaktə edən, şərhlər
verən, anlaşıqlı
dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin
elmi əməkdaşı
Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 1 oktyabr.-
S.14.