“Azərbaycan” qəzetinin səhifələrində - 47-ci yazı
Həmişə irəli!
Çərşənbə günü, aprel 3-də (1946) günortadan sonra saat 5-də bütün firqə üzvləri firqənin əmrinə görə kişi, qadın, cavan və qocalar, hamısı birlikdə homələrə (rayon komitələrinə - red.) cəm oldular və hamı səbirsizliklə firqəmizin qərarını gözləyirdi. Firqə tərəfindən saat 5.20 dəqiqədə bütün homələrdə çıxışlar başlandı. Natiqlər firqənin əmrlərini firqə üzvlərinə yetirdilər.
Firqəmizin qərarı bu idi ki, bütün firqə üzvləri hərbi təlimatı öyrənməkdən ötrü hazır olsunlar. Hələ natiqlərin ağızlarından sözü qurtarmamış bütün firqə üzvləri dəstə-dəstə irəli gəlib hamısı cavan, qoca, qadın, kişi adlarını yazdırmağa hazır oldular. “Bizim muxtariyyətimizə, azadlığımıza düşmən olanlar ilə döyüşub vuruşmaqdan qorxmarıq. Hüququmuzı müdafiə etmək ata-babalarımızdan bizə miras qalıbdır”, - deyirdilər. Onlar şücaət və cəsarətlə öz qanlarının bahasına olaraq bu ölkəni, bu azad vətəni bizə yadigar qoyub gediblər.
Tehran irticaçıları bu dəfə də Azərbaycanda aparılan azadlıq şöləsini öz hiylə və ikiüzlülükləri ilə yenə də söndürmək arzusundadırlar. Amma o keçirdiyimiz əsarət günləri bizlər üçün bir ibrət aynası olub və gözümüzün qabağındadır. Bir daha Tehran mürtəceləri bizi aldadıb yenidən azadlığımızı əlimizdən ala bilməzlər. Başımızdan, canımızdan əl çəkərik, bütün var yoxumuzdan keçərik, amma azadlığımızı dünyada heç qiymətə əldən verən deyilik! Qoy Tehran və bütün dünya bu səsimizi eşitsin və bilsin.
“Ölmək var, dönmək yoxdur!” şüarımızı uca səslə təkrar edirdilər. Firqə üzvlərinin gurultulu səsləri şəhəri lərzəyə salmışdı.
“Yaşasın cavan Milli Hökumətimiz və onun dayağı olan qəhrəman xalqımız!”
Mirfazil
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946
***
17-18-ci əsrlərdə Təbrizdə ədəbiyyat
Beləliklə, 18-ci əsrdə Vaqif məktəbi daha nüfuzlu, daha təsirli idi. Hətta, vaxtilə İsfahanda yaşamış və qəliz şerlər yazmış şair Mehdi bəy İsfahandan Kürdüstana gəldikdən sonra bu ədəbiyyatın təsiri altında sadə şerlər də yazmışdır. Məsələn:
“Ey ağalar, rəvamıdır bu gündə
Yar üzünə həsrət qalan mən oldum.
Təbridə bu kimi şairlərin sayı gündən-günə artırdı. XVII əsrdə yaşayan Təbriz şairləri içərisində Mirzə Əbdürrəzaq Nəşəni də xüsusilə qeyd etməliyik. Məlumdur ki, 18-ci əsr ədəbiyyatımız “Xanlıqlar dövrü Azərbaycan ədəbiyyatı” altında bəzi şəhərlərdəki xanların sarayında əmələ gələn yerli ədəbiyyatı əhatə edir. Yerli xanlardan bəziləri öz ünvanlarına “şahnamə”lər yazdırmaq təşəbbüsü kimi gülünc tədbirlərə əl atırdılarsa da, bəziləri cəmiyyətin arzu və istəklərinə uyğun əsərlərin yaranmasına imkan yaradırdılar.
Bu dövrdə saray ətrafında yaranan şairlərdən Mirzə Əbdürrəzaq Nəşə öz dilini və xalqını sevən şairlərdən idi. O, Nadir şah Əfşarın sarayında yaşamış, Azərbaycan və fars dillərində divan bağlamış bir şairdir. Dil və üslubca Nəşə öz müasirləri olan Vaqif, Qövsi, Vidadi kimi şairlərə nisbətən olduqca qəliz yazmışdır. Yalnız Nadir şahın sarayında onun Azərbaycan dilində qəsidələr yazması tarixi əhəmiyyətə malikdir. Bu hadisə bir tərəfdən şairin öz ana dilinə olan hörmətini göstəirisə, digər tərəfdən də Nadir şahın Azərbaycan dilinin inkişafına çalışması və yol verməsini isbat edir. Nadir şahın əmrilə Təbrizli şair Nəşə Həzrət Əlinin qəbri üzərindəki binaya və şahın özünə aid Azərbaycan dilində qəsidələr yazmışdır. Birinci qəsidə bu beytlərlə başlanır:
Şəhcəm həşmət, dara, dərayət Naderi-dövran
Ki, təxti-dövləti-Cəmşidə varisdir cahan üzrə...
Əyari-xalis ixlasın etdi gün kimi rövşən
Qəza cəryan edib fərman kamalü izzü şan ilə
Ki, lazımdır Əlinin rövzeyi-pakın təla etmək
Münəvvərdir məqami-mehr daim asiman üzrə.
Şair Nəşə Nadirin ölümü haqqında yazdığı qəsidəsində də Azərbaycan dilində belə demişdir:
Şəhi-şəhan, fələk rütbə Nadiri-dövran
Kim oldu əmrinə
tabe cahanda, hər kim var
Vücudu
qütbi-cahan, zatı asimani-şükuh
Binayi-dövləti sabit, ədaləti səyyar.
Rəvayətə görə, Nadir şah öz saray
şairi Nəşəyə Azərbaycan dilində belə
bir şeir deməyi vəsiyyət etmişdi.
18-ci əsr Azərbaycan ədəbiyyatının
inkişafı ilə əlaqədar olaraq Təbrizdə də
təzə realist şeir yaranır ki, bunun görkəmli
nümayəndələri 19-cu əsrdə nəzərə
çarpır. Bu dövrdə Azərbaycan ədəbiyyatı
tarixini zənginləşdirən Dilsuz, Nəbati, Heyran
xanım, Şükuhi və başqa bir sıra qüdrətli
şairlər yaranırlar.
Cəfər Xəndan.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168,
09.04.1946
***
Fəthi
Xoşginabi: "Anamın dedikləri"
Anam bu günlər fikirləşir və görür
ki, işlər tamamilə dəyişilməkdədir. Dünyadakı
cərəyanları gördükdə hesabı içəri
verir. Onun danışıqları fikilərindən
böyük nümunə ola bilər:
- Bala, gəl
indi nənə-bala bir az dərdləşək.
Axı sən mənim oğlumsan. Özün bilirsən ki, elə mən də
azadlıqsevər də olmasam, azadlıqsevərlərin lap o,
sən deyəsən, havadarlarındanam. Hələ
de görək, qəzetlərdə ağa Cırcır barədə
nə yazıblar? Ağa Cırcır
yaxşı hay-küy salırdı. Amma, nənəsi
ölmüşün sözünə day heç kəs
inanmır ki! Xalxın ədiqəsi lap
sustalıbdı.
Götür
hələ gizlincə mənim dilimdən ona bir kağız
yaz: “Ağa Cırcıra, beləcə başuva dönüm,
qurbanın olum, mənim elə neçə vaxtdır
gözüm səndə idi. Dedilər ki,
ağa Cırcıra Amerikada nitq eləyəcəkdir. Mən
də qulaqlarımı bəlləmişəm, sən də
elə yaxşı danışdın, inan ki, günah olmasa
idi, lap bax istəyirdim ki, üzümdən keçib radioda
qulaq asam ki, sənin səsüvi eşidəm. Yenə dedim, şeytana lənət! Amma niyə! Yenə ondan-bundan eşitdim. Ağa
Cırcır, beləcə Allah bu zəmanəni aparsın,
bir də gətirməsin. Sən Amerikadasan. Yaxan qurtarıb. Mən Azərbaycanda lap belə
oyuna-oda qalmışam. Ağa Cırcır, bax,
vəzrü-vəbalun (günahların – red.) boynuma olsun.
Nəyəm, yalan desəm, haa. Azərbaycanda
bu yerə dəymişləri görəndə elə bil ki,
mənə beş min yaman deyirlər, lap dədəmi
oda çəkirlər. Bircə biləsən,
bayram günləri burada nə hay-küy qopdu. Dallarının arası yanmışlar əcinnə
kimi töküldülər xiyabanlara. Öz-özümə
deyirdim ki, necə arı-quru yadımdan çıxdı! Kaş, ağa Cırcıra yazaydım, bir 20-30
arşın mənə atom bombası göndərəydi, elə
bunlar eşiyə çıxcağın, yavaşcasına
cibimdən çıxarıb ataydım. Amma
neyləyim, qadam mənim o yox huşuma.
Ağa
Cırcır! Beləcə hər il
çərşənbələrdə özüm
çıxıb damların dövrəsini
cızıxlardım. Gecə yarısı gedib
bulaqdan kəndin ağbircəkləri ilə qada-bəlamı
suya tökərdim, qapılara qulaq asmağa gedərdim.
Bu illəri başım elə qatışdı ki, heç
bir iş görə bilmədim. Bu
demokratların qüssəsi məni lap həvuşənbiyə
(iki arvadın bir kişiyə nikahda olmasına deyərlər
– red.) salıbdır.
İndi bunlar daha heç kəsi saymırlar. Qoşun
düzəldiblər. Belə ki, baxıram
daha bizlərin işi sovuşubdur. O ki, deyərlər
Ağa Cırcır! Sən saydığın qoy dursun,
gör fələk nələr sayar.! Beləcə mən də arzu eləyirdim, bir gün
hamılıqla yığışaq bir-birimizin dövrəmizə,
qəşəngcəsinə dərdləşək. Amma indi hələ burası qara yola, Hindustanda da,
sonra Misirdə də xalq ayılıb. Ağa
Cırcır, haçan ki, biz danışanda
ağzımıza çullu dovşan yerləşmir, amma belə
ki, baxıram məscid eşşək bağlamalı yer
deyil. Daha bu xına o xınalara bənzəməz.
Odur ki, mən də elə danışanda elə
yalandan deyirəm ki, mən də azadlıqsevərəm.
Elə doğrudan da necə ki, bilirsən, rəhmətlik
atam Səttar xanın qəlyanını doldurardı. Kəblə
Qulu əmim də ki, Şeyx Məhəmməd Xiyabani ilə
lap can bir qəlb yoldaş idilər.
Qoy hələ, ağa Cırcır, başımızı
dolandıraq, görək nə var? Seyid Ziya ağanı
da tutublar. Qorxuram, elə həbsdə
başına sirkə düşə. Necə
də bu keyf tutmuşlar ayılıblar. Bu
da bir tərəfdən düşübdü ürəyimə.
O biri tərəfdən xiyabanları qır-qum eləmək
istəyirlər. Bilmirəm, gün
düşüb bu qırlar ərisə, cümə
axşamıları şəhərdəki adamlar qır
üstə ağlamağa gedə biləcklər, ya yox?
Ondan pisi, hələ şəhərdə su xətti
də çəkmək istəyirlər. Vah, vah! Ağa Cırcır, lap oda,
lova qalmışıq. Bilmirəm, axı
necə olacaqdı. Anbarların suyu korr
(eni, uzunu və dərinliyi üç qulac yarım olan və
350 litr həcmində su tutan qaba deyilir – red.) idi. Boru ilə gələn murdar suları hansı
yanı yumrulmuş içəcəkdir? Ağa
Cırcır, hələ sənin də bu tərəfə gəlməyini
məsləhət görmürəm. Amerikada bir az o yan-bu yana var-gəl elə, görək
başımıza nə gələr? Ancaq zəhmət
olmasa 40-50 arşın mənə atom bombası göndər,
cibimdə hazırda saxlayım. Yeri gəlsə, bu
demokratları girəvələyim, bir iş görüm.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168,
09.04.1946
***
Sovet
nümayəndəsinin Təhlükəsizlik Şurasına məktubu
Nyu-York –
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasındakı Sovet İttifaqı nümayəndəsi
Qromıko yoldaş Təhlükəsizlik Şurasına
aşağıdakı məktubu göndərmişdir:
“Martın 26-da Təhlükəsizlik Şurası sovet
qoşunlarının İrandan çıxarılmasının
gecikməsi haqqında İran hökumətinin 18 mart tarixli bəyanatını
nəzərdən keçirməyə
başladığı zaman mən sovet hökumətinin
tapşırığı ilə bu məsələnin Təhlükəsizlik
Şurasının müzakirəsindən
çıxarılmasını təklif etmişdim. Bu zaman göstərmişdim ki, İran hökuməti
ilə olan danışıqlara görə martın 24-dən
sovet qoşunlarının İrandan tamamilə
çıxarılması başlanılmışdır ki,
bu da 5-6 həftə ərzində qurtaracaqdır və buna
görə İran məsələsinə baxılması
üçün Təhlükəsizlik Şurasının əsası
yoxdur.
Lakin Təhlükəsizlik Şurası sovet hökuməti
ilə razılaşmadı və İran məsələsini
gündəlik məsələlər sırasında
saxladı. Halbuki, aprelin 4-də dərc edilmiş birgə
Sovet-İran rəsmi məlumatından məlum olduğu kimi,
Sovet-İran danışıqları davam etmiş və
razılıq əldə edilmişdir. Beləliklə,
sovet hökumətinin martın 26-da verdiyi bəyanatının
düzgünlüyü və İran məsələsini Təhlükəsizlik
Şurasına keçirməyin əsassızlığı
tamamilə təsdiq olundu. Sovet hökuməti
habelə aprelin 4-də Təhlükəsizlik
Şurasının qəbul etdiyi qərarın üstündən
ötüb keçə bilməz.
Sovet və İran hökumətləri arasında əldə
edilmiş razılıq ilə sovet qoşunlarının
çıxarılmasının həll edildiyini sovet hökumətinin
aprelin 3-də xəbər verməsinə baxmayaraq, Təhlükəsizlik
Şurası İran məsələsi ətrafında
müzakirənin mayın 6-da davam etdirilməsini qərara
almışdır. Təhlükəsizlik Şurasının bu cür qərarı
o zaman əsaslı ola bilərdi ki, Birləşmiş
Millətlər Təşkilatı Nizamnaməsinin 34-cü
maddəsində nəzərdə tutulduğu kimi,
İrandakı vəziyyət beynəlxalq sülhü və əmniyyəti
təhdid edə biləydi.
Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin varlığını təhdid edə biləcək hər hansı bir mübahisə, yaxud hər hansı bir vəziyyəti tədqiq etməyə vəkil edilmişdir. Halbuki, olduqca aydındır ki, İranda həqiqətdə belə bir vəziyyət olmamış və yoxdur. Buna görə mayın 6-da İran məsələsini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının əsası yox idi. Beləliklə, Təhlükəsizlik Şurasının yuxarıda göstərilmiş 4 aprel tarixli qərarı Birləşmiş Millətlər Təşkilat Nizamnaməsinə zidd olub, düzgün və qanuni deyildir.
Bütün bu göstərilənlərin əsasında sovet hökuməti İran məsələsinin Təhlükəsizlik Şurasının gündəlik məsələləri sırasından çıxarılmasını təkid edir”.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 168, 09.04.1946
***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.
Xalq Cəbhəsi.- 2020.- 3 oktyabr.-
S.14.