“Ölkəmizin mövqeyi birmənalıdır”

 

Hikmət Babaoğlu: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

 

İşğalda olan Azərbaycan torpaqlarının azad edilməsi üçün ordumuz gərgin döyüşləri davam etdirir. Diplomatik, hərb və informasiya savaşında Azərbaycan tamamilə üstün mövqedədir. Hər gün qələbəyə daha da yaxınlaşırıq.

Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi birmənalıdır: münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan bu zamana qədər münaqişənin diplomatik vasitələrlə həllinin və sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə və təxribatlarla danışıqlar prosesini faktiki olaraq pozub: "Prezident İlham Əliyevin Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibəsində qeyd etdiyi kimi, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarında və BMT-nin nizamnaməsində əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı həyata keçirir, tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edir. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi lazımdır. Bəhs olunan qətnamələrdə konkret olaraq göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Ermənistan nəinki bu qətnamələri yerinə yetirmir, hətta müharibə cinayətlərini davam etdirir. Ermənistandan və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində 6 oktyabr 2020-ci il tarixinədək 27 dinc sakin həlak olub, 170-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb. Eyni zamanda, Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, "Toçka U" və "Elbrus" kimi ölümsaçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. İşğalçı ölkənin müharibə cinayətləri sırasında münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasında kənarda yerləşən Gəncənin əhalisinin atəşə tutulması, həmçinin Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşməsi, 10-dan çox şəhərimizin, yüzlərlə kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması xüsusi vurğulanmalıdır. Bu hallar həm də işğalçının açıq təxribatlarını əks etdirir. Ümumiyyətlə, işğalçı Ermənistan hər dəfə döyüş meydanında aciz vəziyyətə düşəndə dinc əhalini hədəfə alır. Ermənistan, eyni zamanda, feyk xəbərlər vasitəsilə informasiya müstəvisində təxribatlarını davam etdirir, yalan məlumatlarla beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Məsələn, Türkiyə Respublikasının guya bu münaqişəyə cəlb olunması iddiasını ortaya atmaqla Azərbaycan Ordusunun uğurlarının üzərinə kölgə salmağaöz məğlubuyyətini müxtəlif bəhanələrlə gizlətməyə çalışır. Yeri gəlmişkən, Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmayıb. Ona görə də bu kontekstdə rasionalpraqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir".

Deputat Elşad Mirbəşiroğlu deyib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Azərbaycan ərazilərinin işğalı faktı qeyd edilib: “Bu qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən heç bir şərt olmadan çıxarılması tələb olunur. Nikol Paşinyanın isə bu məsələyə yanaşması olduqca absurddur. İşğalçı dövlətin rəhbəri hər yerdən ümidini üzüb. Heç bir dəlilə, arqumentlərə söykənməyən bəyanatlarla sanki özünə təsəlli verir”. Onun sözlərinə görə, ilk növbədə burada mövcud şəraitə diqqət yetirmək vacibdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri nə səbəbdən, hansı şəraitdə qəbul olunub: "Bu qətnamələr ardıcıl olaraq 1993-cü ildə Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalı ilə bağlı qəbul edilib. Azərbaycana qarşı işğal siyasətini həyata keçirən yeganə dövlət Ermənistandır. Ölkəmizin ərazilərinə iddia edən dövlət də işğalçı Ermənistandır. Yəni burada ayrı bir dövlətin iddialarından söhbət getmir. Ölkəmiz BMT qətnamələrinin hansısa istiqamətdə yozula bilmə ehtiyatını nəzərdən keçirir. 1989-cu ildə Ermənistan parlamenti Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edib. Bu qərar bu gün də qüvvədədir. Yəni Ermənistan parlamentinin qəbul etdiyi qərarın hər hansı alternativi və əksi qəbul edilməyib. N.Paşinyana da xatırlatmaq yerinə düşər ki, Ermənistanın 1989-cu ildə qəbul etdiyi bu qərar onun işğalçı dövlət olduğunu sübüt edən ən tutarlı arqumentdir. Ortada bu qədər ciddi faktlar, arqumentlər, qətnamalər var. Bununla bağlı əlavə heç bir fakta ehtiyac yoxdur”.

Millət vəkili qeyd edib ki, SSR-nin süqutundan əvvəl Ermənistan qonşularına, ələlxüsus da Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib: “Azərbaycanın tarixi torpağı olan Qarabağın Ermənistana birləşdirilməsinə çalışıb. Sadəcə olaraq bunu hüquqi cəhətdən təmin edə bilməyən Ermənistan kənara çəkilməyə çalışdı. Göstərməyə çalışdı ki, guya Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni azlığı öz müqqədaratını təmin etməyə çalışır. Təbii ki, erməni uydurması özünə yer edə bilmədi. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qondarma rejimi ayrıca bir subyekt kimi nə Ermənistanın özü, nə də onun havadarları tanımadı. Nümayiş olundu ki, ərazilərin Azərbaycana məxsusluğu ilə bağlı heç kəsdə, heç vaxt şübhə olmayıb. Bu gün Azərbaycan tarixi ədaləti bərpa edərək öz ərazilərini işğaldan azad edir”.

Professor Əli Abbasov isə “hadisə və faktlar göstərir ki, Ermənistanın baş naziri Paşinyan özünə çox "başağrıları" gətirmiş uğursuz "Qarabağ Ermənistandır" ritorik tezisindən tədricən geri durmağa başlayır”,- deyə bildirib: “Təcavüzkar baş nazir daha əvvəllər olduğu kimi, tərs və inadkar davranmır. Bunu məşhur BBC-nin müxbirinin birbaşa aidiyyatı sualına cavabında da aydınca büruzə verdi. Paşinyan dedi ki, "Artsax Ermənistandir, ermənilərin ölkəsidir. Orada həmişə əhalinin 80 faizi ermənilər olub. Buradaproblem var ki?! Azərbaycan istəyir ki, orada ermənilər ümumən olmasın". Azərbaycanın Qarabağda ermənilərin olmasını guya istəmədiyi ilə bağlı ittihama yetərincə cavab verilib. Görünən odur ki, bütün dünya müharibənin dayandırılmasına dair çağırışlar edir. Onlar müharibəni dayandırmaq istəyir. Bu açıq-aydın görünür. Ancaq müharibənin necə və hansı formada dayandırılacağı hələlik bilinmir. Müharibənin dayanması üçün tərəflər arasında razılıq əldə edilməlidir. Yəni üstün tərəfin tələbləri hansısa formada nəzərə alınmalıdır”. O, əlavə edib ki, müharibənin dayandırılmaması imkanı da var. O, buna misal kimi elə Ermənistanın özünü çəkib: “Vaxtilə Ermənistana deyirdilər ki, müharibəni saxlayın. Mən 1992-1994-cü illəri nəzərdə tuturam. Ancaq onlar müharibəni dayandırmadılar. Nəhayətdə 1994-cü ilin mayın 12-də atəşkəsə razı oldular. İndi bu ssenari işləyə bilər. Burada vacibi odur ki, bizim resurslarımız müharibəni daha nə qədər aparmağa imkan verəcək. Azərbaycan hazırda mövqe müharibəsi aparmır, hücum müharibəsi aparır. Bunun üçün resurs daha çox olmalıdır. Söhbət Azərbaycanla Ermənistanın müqayisəsindən getmir. Bunu ümumiyyətlə müqayisə etməyə dəyməz. Çünki biz onlardan qat-qat güclüyük. Problem ondadır ki, onlar yüksəkliklərdə oturur. Biz oraları əldə etmək istəyirik. Vəziyyəti müharibənin özü ortaya çıxaracaq”. Əli Abbasov əlavə edib ki, Azərbaycan Cəbrayıl şəhərini işğaldan azad edib, hazırda şimal istiqamətində savaş gedir: “Artıq danışıqlar tam başqa formatda getməlidir. Ermənilər başa düşürlər ki, Azərbaycanın vəziyyəti dəyişib”.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2020.- 10 oktyabr.- S.9.