Vətəndaş cəmiyyətində
insan, fərd, fərdiyyət və
şəxsiyyət
5-ci yazı
Cəmiyyət və insan problemi ilə əlaqədar olaraq “insan”, “fərd”, “fərdiyyət” və “şəxsiyyət” anlayışların ınümumi cəhətlərinin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Professor Mübariz Əmirovun bununla bağlı araşdırmasında bildirilir ki, insan təbiəti etibarilə bioloji olduğu halda, mahiyyəti etibarilə sosialdır. O, ictimai-tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövcud ictimai münasibətlərin, ümumdünya tarixi-mədəni prosesin məhsuludur. Fərd - insan nəslinin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və ya sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə culğalaşmış şəkildə mövcud olur. Beləliklə, fərd özünün antropoloji (bioloji) və ictimai (sosial) tərəflərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza canlı orqanizmin malik olduğu fiziki və ruhi qabiliyyətlərin məcmusu kimi çıxır. Fərd dedikdə ayrıca bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də var.
“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir və ondakı bu sosial tərəfin inkişaf dərəcəsini göstərir. Şəxsiyyət - yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan adamdır. Şəxsiyyətin başlıca cəhəti onun ictimai fəaliyyətidir.
İnsan anadan fərd kimi doğulur, şəxsiyyət
kimi isə sonralar formalaşır. Əgər fərd
anlayışı insanın ictimai münasibətlərin məhsulu
olduğunu göstərirsə, şəxsiyyət
alayışı onu daha çox bu münasibətlərin
subyekti kimi səciyyələndirir. Professor
Mübariz Əmirov qeyd edir ki, şəxsiyyət öz mahiyyətinə
görə sosialdır, mövcudluq üsuluna görə fərddir.
Fərd şəxsiyyətə çevrildikdə,
həm də fərdiyyət xüsusiyyətini kəsb edir.
Fərdiyyət hər bir fərdi
başqalarından fərqləndirən spesefik, özünəməxsus
konkret bioloji və sosial cəhətlərin məcmusudur.
Hər bir adamın fərdiliyi bir tərəfdən
bioloji amillərlə, digər tərəfdən isə sosial
mühitlə, ictimai münasibətlər sistemi ilə şərtlənir.
Beləliklə, “fərdiyyət” və “şəxsiyyət”
anlayışları məzmunca qismən yaxındır.
Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən
bütün şəxsiyyətlər özünəməxsus
keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmazdır,
digər tərəfdən, məhz fərdilik şəxsiyyətin
spesefikliyini ifadə edir. Lakin həmin
anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət
anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini,
orijinallığını ifadə edirsə, şəxsiyyət
anlayışı dah çox insanın müstəqilliyini, əqidə
möhkəmliyini, şəxsi simasını,
prinsipiallığını, çətin vəziyyətlərdə
müstəqil qərar qəbul etmək qabiliyyətini
göstərir.
Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində,
psixi xassələrində - hafizə, təxəyyül,
temperament və xarakterində, onun simasının həyat fəaliyyətinin
xüsusiyyətlərində tapır. İnsanın
şüurunun bütün məzmunu: fikirləri də,
mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi
olduqda belə, haradasa müəyyən “özünəməxsusluqla”
fərqlənir. Hər bir adam
gördüyü işlərdə, irəli
sürdüyü mühakimələrdə, insanlara
münasibətdə öz xüsusiyyətlərini həkk
etdirir. Şəxsiyyət isə yalnız
öz xüsusiyyətləri cəhətindən deyil, həmçinin
öz sosial – mənəvi keyfiyyətləri cəhətindən
nəzərdən keçirilən bir insandır. Bu
keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman
onlar müxtəlif nisbətlərdə insanın həm ləyaqətini,
həm də çatışmazlıqlarını
özündə birləşdirmiş olur.
Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi
şərh etmək və şəxsiyyətdə fəal
ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin
sosial təcrübəni mənimsəməsi prosesi onun daxili
aləmi, istedadı vasitəsilə həyata keçirilir.
Şəxsiyyət fərdin sosial keyfiyyətlərinin
ifadəsi, onların obyektiv və subyektiv
xarakteristikalarının vəhdətidir. Lakin bu
heç də bioloji və psixoloji amillərə laqeydlik
göstərmək üçün əsas vermir. Professor Mübariz Əmirovun fikrincə, müasir fəlsəfi
ədəbiyyatda şəxsiyyətin sosial strukturu haqqında
qızğın mübahisələr gedir. Bu struktur insanın davranışının
başlıca istiqamətini müəyyən edən obyektiv və
subyektiv amillərin, habelə onların tərkib ünsürlərinin
məcmusu olub, təkcə şəxsiyyət problemini öyrənmək
üçün yox, həm də ona təsir göstərmək
baxımından əhəmiyyətlidir. Fərdin
sosial keyfiyyətləri onun obyektiv surətdə daxil
olduğu birliyin təsiri altında onun fəaliyyəti
prosesində təşəkkül tapıb inkişaf edir.
Şəxsiyyətin sosial strukturunda aşağıdakı
ünsürləri qeyd etmək olar:
a) fəaliyyətin müxtəlif növlətində
sosial keyfiyyətlərin reallaşması üsulu;
b) şəxsiyyətin obyektiv tələbatı
və mənafeyi;
v) cəmiyyətin mənəvi sərvətlərə
yiyələnmə dərəcəsi, yəni şəxsiyyətin
mənəvi aləmi;
q) şəxsiyyətin rəhbər tutduğu əxlaqi
normalar və prinsiplər;
d) əqidə və əqidəyə sədaqət.
Hər bir şəxsiyyətdə bu struktur
ünsürlərini müşahidə etmək olar. İnkişaf
prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir,
təkmilləşir. Şəxsiyyət
sosial mühitlə qarşılıqlı təsir prosesində
formalaşır.
Şəxsiyyətin fəallığının mənbəyini
onun tələbatı təşkil edir. Məhz tələbat
insanı müəyyən surətdə və müəyyən
istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının
mənbəyi kimi meydana çıxır. Hər bir şəxsiyyət təkrarolunmaz
ünsiyyətə malikdir. Çünki
o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamların fəaliyyətində,
davranışında uyğun cəhətlər də
vardır. Ona görə də insanları
uyğun, oxşar sosial əlamətlərinə görə
müxtəlif qruplara ayırmaq olar ki, bunları da adətən,
şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət
növlərini həyata keçirmək üsulları ilə
bağlıdır.
XXI əsrin qlobal problemləri içərisində insan
münasibətləri xüsusi yer tutur. Bu münasibətlər
isə doğrudan da kövrəkdir, zərifdir və bəzən
adi bir yersiz baxış, təsadüfi
sayğısızlıq onlarda dərhal əks olunur,
adamların bir-birinə hörmət-izzətini azaldır,
qarşılıqlı münasibətlərinə soyuqluq gətirir.
Cəmiyyətdə hər bir insan başqaları ilə
qarşılıqlı fəaliyyətdə olmalı və
kollektivdə yaşamalıdır. Kollektiv daimi birgə
işlə məşğul olan, ümumi məqsədə
malik, təhsil və yaxud yaradıcı fəaliyyətlə
bağlı olan insanlar birliyidir. Bununla belə,
hər bir insanda fərdilik, şəxsilik olduğu kimi,
ümumilik və kollektivçilik də var. Təəssüf
ki, fərdilik və ümumilik həmişə üst-üstə
düşmür. Belə olduqda insan
seçim qarşısında qalır – güzəştə
getsin, yoxsa iddia irəli sürsün? Bəziləri
münaqişə yolunu ətrafdakılarla mübarizə,
öz maraqları üçün müharibə yolunu
seçirlər. Belələrini çox
vaxt münaqişəli insanlar da adlandırırlar. Münaqişə (konflikt) – əks maraqların,
baxışların və ya fikirlərin
toqquşmasıdır. Sosial münaqişələrin
bir çox növləri vardır: ailə, peşə istiqamətli,
şəxslərarası, millətlərarası, dövlətlərarası
və siyasi münaqişələr.
Rəqabət münaqişəyə yaxındır. İnsan öz rəqibini hər
şeydə – məvacibdə, cəmiyyətdəki vəziyyətində,
şöhrətdə, təriflənmədə və s.
hallarda üstələməyə çalışır. Rəqabət özünü başqasına
qarşı qoymağı, fərdiliyin son həddini, insanlara
münasibətdə təkəbbürlülüyü,
yaxınlara kömək arzusunun olmamasını nəzərdə
tutur. Əgər cəmiyyət rəqabət
üzərində qurulubsa, onda hər kəs ilk növbədə
rəqiblərini məhv etməyə və hər şeyə
yalnız özü nail olmağa çalışır.
İnsanların qarşılıqlı fəaliyyət
formalarından biri əl-ələ verib
çalışmasıdır, yəni həmrəylikdir. Həmrəylik
dedikdə könüllülük əsasında hər kəsin
ətrafdakı insanların nailiyyətləri ilə maraqlanması,
bir-birinə qarşılıqlı kömək və
yardım göstərməsi, bir güc, etimad, bərabərhüquqlu
tərəfdaşlıq nəzərdə tutulur. Bu halda ümumi və fərdi maraqlar vəhdət təşkil
edir. Təbii ki, belə olduqda
kollektivçilik ayrıca insanın şəxsiyyətini
kölgədə qoymamalı, hamının rifahı, meyil və
maraqları nəzərə alınmalıdır.
Xeyirxahlıq bizə ulu babalarımızdan əmanət
qalmış çox böyük sərvətdir. Məsələn,
keçmiş dövrlərdə hər bir adam
evinin qapısı önündə tut ağacı əkərmiş.
Yol kənarlarında meyvə bağları
salarmış. Bulaq çəkmək, körpü
salmaq, mədrəsə tikməyi və s. imkanlı adamlar
özlərinə borc bilərlərmiş. İndiki
kimi nəqliyyat vasitələrinin olmadığı o
zamanlarda uzaq səfərə çıxan adamlar sərin
bulaq suyundan içər, ağacların meyvələrindən
yeyər, kölgəsində dincələr, bu bulağı
çəkən, bu ağacları əkən xeyirxah insanlar
haqqında xoş sözlər deyərdilər.
İnsanlar müxtəlif sosial-mədəni köklərə,
dini əqidələrə malikdirlər. Həyatın
istənilən problemi və ya hadisəsi haqqında,
sözsüz ki, onların həmişə müxtəlif
fikir və ideyaları olacaqdır. İnsanın
baxış müxtəlifliyinə dözümlü
münasibəti və öz mövqeyini ətrafdakılara
hörmətlə ifadə etməsi mühüm əhəmiyyət
kəsb edir. Bu cür
dünyagörüşə malik şəxsi
dözümlü (tolerant) insan adlandırırlar.
Professor Mübariz Əmirovun araşdırmasında
vurğulanır ki, tolerant olmaq – digər insanların
ideyalarını, fəaliyyətini və həyat tərzini həyatın
rəngarəngliyi kimi qəbul etmək, əks
baxışlara səbirlə yanaşmaq deməkdir. Tolerant insan
fikir ayrılıqlarını diolaq prosesində
aydınlaşdırır və istənilən mübahisəni
müzakirə və inandırma yolu ilə həll edir. Tolerantlıq, insan hüquqlarının həyata
keçirilməsinin, sülhə nail olmağın
ayrılmaz və mühüm ünsürüdür. Tolerantlıq güclü əlaqələr
yaradır, daha sıx əməkdaşlığa yol
açır, insanların həmrəyliyini möhkəmləndirir.
Totlerantlıq ədavəti və fikir
ayrılığını aradan qaldırmağa kömək
edir, zorakılığa və hədə-qorxuya qalib gəlir,
cəmiyyətdə təhlükəsizlik hissini təmin edir.
Tolerant insan öz rəqiblərinə hörmətlə
yanaşır. Sizin başqalarını
bağışlamağa gücünüz çatırsa, deməli,
lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər.
Uğur
Xalq Cəbhəsi.- 2020.- 15 oktyabr.-
S.13.