“Azərbaycanda vətəndaş cəmiyyətinin
inkişafına olduqca münbit
şərait yaradılıb”
Nurlan Qələndərli: “Vətəndaş
cəmiyyəti institutları dövlətin həyata keçirdiyi siyasətə dəstək vermək
potensialına malikdir”
“Vətəndaş cəmiyyəti anlayışının politologiya və sosiologiyada dəqiq təsvirinə, tərifinə nəzər yetirmək lazımdır ki, sonrakı məsələlər barədə analitik yanaşmalar aydın olsun. Vətəndaş cəmiyyəti mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə fərqlənən ictimai birləşmə mexanizmdir. Vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən faktor kimi çıxış edir. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birilərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını da şərtləndirirlər”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Nurlan Qələndərli səsləndirib. O, həmçinin digər suallarımıza da aydınlıq gətirməyə çalışıb.
-Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına olduqca münbit şərait yaradılıb, eyni zamanda, vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdir. Ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılan addımlar ardıcıl və məqsədyönlü olması ilə xarakterizə olunur. Yəni ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının, medianın fəaliyyəti üçün hüquqi zəmin, qanunvericilik bazası və praktik müstəvi yaradılıb. Bu institutlar fəaliyyətlərini qanunlar əsasında sərbəst şəkildə davam etdirə, ictimai rol və funksiyalarını yerinə yetirə bilirlər. Bu istiqamətdə davamlı surətdə qanun və qərarlar qəbul olunur, dövlət tərəfindən vətəndaş cəmiyyəti strukturlarının (QHT-lər, media və digər ictimai təsisatlar) inkişafına dəstək verilir və şəffaf idarəetmə mexanizmi formalaşdırılıb. Hesab edirəm ki, həm ictimai münasibətlərin səmərəliliyi, həm də dövlətin dəstəyi sayəsində vətəndaş cəmiyyəti institutların perspektivi ilə bağlı müsbət fikirlər və proqnozlar ifadə etmək olar. Çünki ölkəmizin gələcək inkişafına yönəlik kompleks islahatların çox mühüm istiqamətləri sırasında vətəndaş cəmiyyətinin inkişafı xüsusi yer tutur. Başqa sözlə, vətəndaş cəmiyyətinin inkişafı milli tərəqqi strategiyasının mühüm istiqamətlərindəndir. Düşünürəm ki, bu, ictimai və dövlət maraqlarının qorunması baxımından da strateji əhəmiyyətə malikdir.
- Bəli, heç şübhəsiz, vətəndaş cəmiyyətinin mühüm funksiyalarından biri ictimai və dövlət maraqlarının qorunmasıdır. Bəs bu maraqların səmərəli müdafiəsini təmin edən əsas amillər hansılardır?
- Çox doğru təsbitdir, ictimai və dövlət maraqlarının qorunması vətəndaş cəmiyyətinin mühüm funksiyalarındandır. Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən strateji amillərdən biri demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi, o cümlədən bütün azadlıqların təmin olunmasıdır. Bəllidir ki, ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar isə onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir.
Digər tərəfdən, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Xüsusilə də, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin təməllərini də möhkəmləndirib. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu kontekstində şəffaflıq və bərabərlik həm də söz, fikir, vicdan azadlığı məsələlərində də təmin olunub.
- Yeri gəlmişkən, hər bir ölkədə vətəndaş cəmiyyətinin inkişafına ciddi təsir göstərən mühüm amillərdən biri medianın fəaliyyətidir. Ölkəmizdə mətbuatın vəziyyəti və dördüncü hakimiyyət kimi ictimai rolu necədir?
- Tamamilə doğru vurğuladınız, müasir demokratik ölkələrin mütərəqqi təcrübəsinə nəzər saldıqda görürük ki, media ictimai institut kimi vətəndaş cəmiyyətinin inkişafında, siyasi sosiallaşma prosesində mühüm rola malikdir. Həm hakimiyyətlə cəmiyyət arasında mənəvi-ideoloji körpü yaradan, həm ictimai institutların funksionallığına, həm də ictimai rəyə təsir edən vasitə kimi medianın fəaliyyəti ölkədaxili münasibətlərin dinamikası və tənzimlənməsində kifayət qədər əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycan təcrübəsi də spesifik nümunə kimi diqqəti cəlb edir.
Bilirsiniz ki, Azərbaycanda demokratik inkişafın mühüm istiqamətlərindən birini sosial-ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə xüsusi önəm verilir. Bu kontekstdə qeyd edə bilərik ki, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqəti və mətbuat nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda tətbiq edilib və hər bir media təsisatı özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Məhz bu amil Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verməklə yanaşı, medianın fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin meydana gəlməsini şərtləndirir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strateji xarakterli addımların atılması mövcud hüquqi əsasları gücləndirir, media təsisatının funksionallığının artmasına səbəb olur. Ona görə də Azərbaycan mətbuatı hakimiyyətin dördüncü qolu, yaxud dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirir.
- Bəs ölkə mətbuatı milli maraqların qorunmasında nə dərəcədə rola malikdir?
- Ümumiyyətlə, ölkə mətbuatı sağlam jurnalistika kimi xarakterizə olunur, media nümayəndələrinin məsuliyyətli yanaşma və fəaliyyəti milli maraqların qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə peşə məsuliyyətinin artması isə obyektivliyin təmin olunmasını şərtləndirib. Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək milli maraqların keşiyində dayanıb.
O ki qaldı Azərbaycanın milli-strateji maraqlarının qorunmasında ölkə mediasının rolu və fəaliyyətiə, şübhəsiz ki, ictimai institut kimi milli maraqların qorunmasının keşiyində duran milli medianın fəaliyyətində vətənpərvərlik hissi, yaxud amili xüsusi yer tutmalıdır. Xarici təsirlərin altına düşməmək, qeyri-obyektiv və qərəzli məlumatların yayılmasına imkan verməmək kimi hallar bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Bütövlükdə, milli informasiya məkanının qorunmasında, xarici təsirlərin qarşısının alınmasında, eləcə də informasiya təhlükəsizliyinin təmin olunmasında hər bir jurnalist və media qurumu xüsusi məsuliyyət daşıyır və öz imkanlarını milli maraqların qorunması naminə səfərbər etməlidirlər.
Ən əsası, Azərbaycan
reallıqları və Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə uğurla
çatdırılması həm dövlətimiz, həm də
ölkə mediası üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan mediası
ölkə reallıqlarının, eləcə də
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində həm yüksək
fəallıq, həm də peşəkarlıq nümayiş etdirir.
Milli mətbuatımız bu
məsələyə olduqca həssaslıqla
və məsuliyyətlə yanaşaraq öz üzərinə düşən vəzifələri
yerinə yetirir, bu
istiqamətdə dövlət siyasətinə maksimum
dəstək verir. Amma bu proses davamlı olmalıdır, çünki
informasiya müharibəsi
davam edir.
- Yuxarıda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin vətəndaş cəmiyyətinin inkişafında əhəmiyyətinə toxundunuz. Bu kontekstdə Azərbaycan təcrübəsi nəyi ifadə edir?
- Bəli, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin çox mühüm struktur elementlərindən biridir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, ölkəmizdə QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Bundan başqa, müxtəlif vaxtlarda qəbul edilmiş ayrı-ayrı qanunlar isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının yaradılması, o cümlədən, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının formalaşdırılması da bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Fondun yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verib. Bu qurum vasitəsilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına hər il maliyyə vəsaitləri ayrılır. Beləliklə, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb. İndi əsas məsələ müxtəlif profilli – ayrı-ayrı istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərin öz işlərini həm milli maraqlara, həm də müasir qlobal çağırışlara uyğun qurmalarıdır. Bu, ictimai münasibətlərin və ictimai şüurun inkişafı kontekstində də xüsusi əhəmiyyətə malikdir.
Əli Zülfüqaroğlu
Xalq Cəbhəsi.- 2020.- 17 oktyabr.-
S.9.