Azərbaycan Xalq Cümhuriyyəti
dövründə dövlət idarəçiliyi
Azərbaycan qədim və zəngin dövlətçilik tarixinə malikdir. Azərbaycan torpaqlarında Manna, İskit şahlığı, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Böyük Səlcuq imperatorluğu, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperatorluqları kimi qüdrətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində mühüm rol oynamışlar. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti də Azərbaycanın dövlətçilik tarixində dərin iz qoyub.
XX əsrin əvvəllərində Rusiya imperiyasında böhran vəziyyəti ilə əlaqədar islahatlar dövrü başladı. 1905-ci ildə H.Z.Tağıyev tərəfindən himayə olunan Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər Azərbaycan ziyalıları türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, ayrı-seçkilik hallarının aradan qaldırılmasını tələb edirdilər. Aparılan gərgin mübarizə nəticəsində Azərbaycanın tanınmış ziyalıları Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Tağı Əliyev, Əsədulla bəy Muradxanov 1906-cı ildə Rusiyanın ilk parlamentinə - I Dövlət Dumasına deputat seçilmişdilər.
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti
devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra
hakimiyyətə gələn Müvəqqəti hökumət
Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi
Komitə yaratdı. Ancaq Müvəqqəti
hökumət uzun müddət hakimiyyətdə qala bilmədi.
1917-ci ilin oktyabrındakı hakimiyyət
çevrilişi nəticəsində Cənubi Qafqazdan
Rusiyanın Müəssislər Məclisinə seçilən
deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər.
Onlar 1918-ci il fevralın 14-də Tiflisdə
Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini,
başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar. Lakin istər daxili, istərsə də xarici siyasət
sahəsində kəskin milli mənafe ziddiyyətlərinin
olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya
Cümhuriyyəti hökumətinin konkret addımlar
atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr
Seymdən çıxdılar və ertəsi gün -
mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də
fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin
çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın
idarə olunmasını öz öhdəsinə
götürməyi qərara aldı və özünü
müvəqqəti Milli Şura elan etdi. M.Ə.
Rəsulzadə Milli Şuranın sədri təyin olundu.
H.Ağayev, M.Seyidov onun müavinləri
seçildilər. Sonra Milli Şuranın
9 nəfərdən ibarət İcraiyyə orqanı
yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Mayın 28-də Milli Şuranın 26 nəfərin
iştirakı ilə keçirilən birinci iclasında Seymin
buraxılması və Gürcüstanın istiqlaliyyətinin
elan edilməsi ilə əlaqədar Azərbaycandakı vəziyyət
müzakirə edildi. Şuranın
üzvü X.Xasməmmədov məruzə edərək təxirə
salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin
zəruriliyini əsaslandırdı. Şuranın
üzvlərindən Yusifbəyli, Şeyxülislamov, Seyidov və
b. bu fıkrə tərəfdar çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın
istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul
edərək 6 bənddən ibarət İstiqlal Bəyannaməsini
bəyan etdi.
1918-ci
ilin 28 Mayında M.Ə.Rəsulzadənin sədr seçildiyi
Azərbaycan Milli Şurasının qəbul etdiyi 6 maddəlik
“İstiqlal bəyannaməsi”:
1. Bu
gündən etibarən Azərbaycan xalqları suveren
hüquqlara malikdirlər, Şərqi və Cənubi
Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil
dövlətdir.
2. Müstəqil Azərbaycanın siyasi quruluş
forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər,
xüsusilə qonşu xalqlar və dövlətlərlə
mehriban qonşuluq münasibətləri yaratmağa
çalışır.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri
daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti
və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara
vətəndaşlıq və siyasi hüquqlar təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi
daxilində yaşayan bütün millətlərə azad inkişafı
üçün geniş imkanlar verir.
6. Müəssislər Məclisi
çağırılana qədər bütün Azərbaycanın
idarəsi başında xalq seçkiləri ilə
seçilmiş Milli Şura və Milli Məclis
qarşısında məsuliyyət daşıyan Müvəqqəti
Hökumət durur.
İstiqlal bəyannaməsi elan edildikdən sonra Milli
Şura F.X.Xoyskiyə hökumətin yaradılmasını
tapşırdı. Azərbaycanın ilk müvəqqəti hökuməti
belə tərkibdə təqdim edildi:
F.X.Xoyski
- Nazirlər Şurasının sədri, Daxili işlər
naziri; Xosrovpaşa bəy Sultanov - Hərbi nazir; N.Yusifbəyli
- Xalq maarifı və Maliyyə naziri; M.H.Hacinski - Xarici işlər
naziri; X.B.Məlikaslanov - poçt, teleqraf və yollar naziri;
Ə.Şeyxülislamov - Əkinçilik və əmək
naziri; X.Xasməmmədov - Ədliyyə naziri; M.Y.Cəfərov
- Ticarət və sənaye naziri; Camo Hacinski - Dövlət nəzarəti
naziri.
Eyni
zamanda 1918-ci il iyunun 21-də dövlət
bayrağı qəbul edilib. İlk dövlət
bayrağında qırmızı materialdan üstündə ağ aypara və qırmızı fonda ağ
səkkiz guşəli ulduzun təsviri verilmişdi. Daha sonra
1918-ci il noyabrın 9-da Azərbaycanın
milli bayrağını mavi, qırmızı və
yaşıl rəngli ağ aypara və səkkiz guşəli
ulduzun təsviri olan bayraq kimi qəbul edilib. 1918-ci il iyunun 27-də Türk dili dövlət dili
kimi qəbul edilib. Dövlət gerbi haqqında
ilk dəfə 1919-cu ilin martın 23-də müsabiqə elan
edilmişdi. 1920-ci il yanvarın 30-da
dövlət bayrağı istisna olmaqla, digər rəmzlər
üzrə daha əhatəli müsabiqə keçirmək qərara
alındı. Dövlət gerbinin layihəsi də
sifariş verildi. Lakin 1920-ci ilin 27 aprelindən
– Azərbaycan bolşeviklər tərəfindən
işğal edildikdən sonra müsabiqənin keçirilməsi
mümkün olmadı və sovet Azərbaycanı öz
gerbini qəbul etdi. Müəllifləri Ü.Hacıbəyli
və Əhməd Cavad olan dövlət himnimiz Azərbaycan
Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı
ilə qəbul edilib.
Dövlət
hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan
parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar
əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan
ərazisində yaşayan bütün xalqlar, o cümlədən
sayları çox az olan xalqlar da öz
deputatları ilə təmsil olunmuşdular. İcra
hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi.
AXC Hökuməti 1918-ci il mayın 28-dən
iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə,
sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət
göstərmişdi.
Akademik Yaqub Mahmudov yazır ki, AXC mövcud olduğu
qısa tarixi dövr ərzində, son dərəcə
mürəkkəb və ziddiyyətli tarixi şəraitdə
olduqca fəal xarici siyasət yeritdi. Azərbaycan dövləti 1920 il yanvarın 11-də Paris sülh
konfransında Azərbaycan haqqında xüsusi qərar qəbul
edilməsinə nail oldu. Həmin qərara əsasən,
konfrans iştirakçısı olan ölkələr Azərbaycanı
müstəqil dövlət kimi de-fakto tanıdılar.
Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə, İran,
Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa, İtaliya,
Belçika, Hollandiya, Yunanıstan, Polşa, İsveçrə,
İsveç, Danimarka, Latviya, Litva, Estoniya, Finlandiya,
Rumıniya, Almaniya, Gürcüstan, Ermənistan,
Dağlılar Respublikası, Krım və başqa ölkələrlə
səfirlik və nümayəndəliklər səviyyəsində
diplomatik münasibətlər yaratdı, ikitərəfli və
çoxtərəfli müqavilələr, sazişlər
imzaladı.
Yeni
yaradılmış Azərbaycan dövlətinin ilk
addımlarından biri 1918-ci il iyunun 4-də
Batumda Osmanlı dövləti ilə sülh və dostluq
müqaviləsinin imzalanması oldu. İyun
ayının 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə
köçdü. O zaman Bakıda Moskvanın iradəsi
ilə yaradılmış Bakı Xalq Komissarları Soveti
(BXKS) - Bakı Kommunası hökmranlıq edirdi. Onun əsas özəyini daşnakpərəst
bolşeviklər təşkil edirdi. Bakı
Kommunasının süqutundan sonra Bakıda ağalıq
menşevik və eserlərin Mərkəzi Xəzər
diktaturasının əlinə keçmişdi.
1918-ci il sentyabrın 15-də Bakı Türkiyə və
Xalq Cümhuriyyəti qoşunları tərəfindən azad
edildi. Sentyabrın 17-də Azərbaycan Xalq
Cümhuriyyəti fəaliyyətinin Bakı dövrü
başladı. Xalq Cümhuriyyəti
bütün Azərbaycan ərazisində bərqərar oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin ali
orqanı Milli Şura idi. Milli Şura 1918-ci il
noyabrın 19-da “Azərbaycan Cümhuriyyətinin parlamentinin”
yaradılması haqqında qanun qəbul etdi.
1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin ilk
iclası keçirildi. Parlamentin sədrliyinə isə Əlimərdan
bəy Topçubaşov seçildi. Parlamentdə
qərarlar səsvermə yolu ilə qəbul olunurdu və
bütün sənədlər Azərbaycan dilində tərtib
edilirdi. Parlamentin səlahiyyətinə
qanunvericilik fəaliyyəti ilə yanaşı, Azərbaycanın
müstəqilliyini möhkəmləndirmək, Azərbaycanın
tanınmasına nail olmaq kimi məsələlər daxil idi.
Qanunverici orqan 1919-cu ilin iyulun 21-də “Azərbaycan
Respublikasının Müəssisələr Məclisinə
seçkilər haqqında Əsasnamə”ni
təsdiq etdi. Bərabərhüquqlu bu
seçkilərdə Şərqdə ilk dəfə
qadınlara kişilərlə bərabər seçki
hüququ verildi.
Parlamentdə
11 komissiya - Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri
komissiyası, Müəssisələr Məclisinə
seçkilər keçirmək üçün mərkəzi
komissiya, Mandat komissiyası, Hərbi komissiya, Aqrar məsələlər
komissiyası, Sorğular üzrə komissiya, Təsərrüfat-sərancamverici
məsələlər üzrə komissiya, Ölkənin
istehsal qüvvələrindən istifadə üzərində
nəzarət komissiyası, Nəşriyyat-redaksiya komissiyası
və Fəhlə məsələləri üzrə
komissiyalar fəaliyyət göstərirdi.
Azərbaycan Parlamentində Müsavat ən böyük
partiya kimi təmsil olunurdu. Parlamentdə təmsil
olunan siyasi partiyalar dövlətin möhkəmləndirilməsinə
yönəlmiş qanun layihələri və islahat
proqramları ilə qanunvericilik hakimiyyətinin fəaliyyətinə
istiqamətləndirilirdilər. Onlar qüvvətli ordu
yaradılması, torpaqların kəndlilər arasında
pulsuz bölüşdürülməsini, 8 satlıq iş
günü, söz, mətbuat, ittifaq və digər demokratik
azadlıqların bərqərar edilməsinə
çağırırdılar.
Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə beş hökumət
yaradılmışdır. İcraedici hakimiyyət
olan Nazirlər Şurası hökumətin fəaliyyətini
istiqamətləndirirdi. Nazirlər
Şurasının fəaliyyəti dövründə müxtəlif
məsələlər üzrə 636 qərar və sərəncam
vermişdi.
İlk müvəqqəti hökumətə başçılıq edən F.Xoyski ikinci və üçüncü hökuməti də təşkil etmişdi. 1919-cu ilin martında səhhətinə görə istefa verən F.Xoyskinin əvəzinə, aprelin 14-də Nəsib bəy Yusifbəyli dördüncü hökumət kabinetini yaratmışdı. 1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Təhsil sistemi milliləşdirildi. Dövlətin ərazi bütövlüyü təmin edildi.
Uğur
Xalq Cəbhəsi.- 2020.- 24 oktyabr.-
S.13.