Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş  konfrans  

 

 

Milli Musiqi Günü münasibətilə Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyası tərəfindən dahi bəstəkarlar Ü.Hacıbəylinin və M.Maqomayevin anadan olmasının 135 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.

 

BMA-dan AZƏRTAC-a bildirilib ki, “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” adlı onlayn konfransa laboratoriyanın əməkdaşları, BMA-nın mütəxəssisləri və doktorantları ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, ADPU Şamaxı filialının elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şasəddin Mikayılov, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin kafedra müdiri, Əməkdar müəllim, dosent İnarə Məhərrəmova və digər tədqiqatçılar qatılıb.

 

BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransı giriş sözü ilə açaraq, iştirakçıları Milli Musiqi Günü münasibətilə təbrik edib, tədbirin mövzusu və məqsədi haqqında məlumat verib.

 

Xalq artisti, professor Ramiz Quliyev konfransın əhəmiyyətindən danışıb. Sonra dahi bəstəkarın həyat-yaradıcılığına həsr olunmuş videoçarx təqdim olunub.

 

BMA-nın elmi-yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə digər tədqiqatçı alimlərin dahi bəstəkarın həyat yaradıcılığı haqqında məruzələri dinlənilib.

 

Məruzələr audio-video materiallarla müşayiət olunub.

 

Xalq Cəbhəsi.- 2020.- 22 sentyabr.- S.16.