“Azərbaycan” qəzetinin səhifələrində - 16-cı yazı

Güney Azərbaycan

27 Yanvar 16:09

1 204

 

 

Cənab Pişəvərinin 10 fevral 1946-cı il tarixində Təbrizdə hərbi xidmətə çağırış idarəsində milli hərbi xidmət haqqında söylədiyi nitqindən: “... Biz öz milli azadlığımızı mühafizə etmək üçün böyük mütaliələr və mübahisələrdən sonra bu nəticəyə gəlib çıxmışıq ki, azadlığı xalq gərək öz qüvvəsi ilə saxlasın. Xalqın əgər öz qüvvəsi olmazsa, azadlıq müftə və zəhmətsiz də verilsə, onu saxlamaq olmaz.

... Xalqa bir böyük dayaq lazımdır. Bu da milli qoşundan ibarətdir. ... Qoy bütün dünya bilsin ki, Azərbaycan milləti yaşamaq üçün ölməyə hazırlanmışdır.

... Biz milli qoşunumuzu yaratmalıyıq. Bu qoşun ilə azadlığımızı və daxili təhlükəsizliyimizi qorumalıyıq. İndiyə qədər bu işi fədai qüvvələri görüblər və fədakarlıq ilə də görüblər. Amma əgər Tehran mürtəce hökuməti istəyə, Azərbaycan azadlığını boğa, onda Azərbaycan xalqı o hökuməti əzib və Tehranda Azərbaycanı tanımağa yarayan bir hökumət yaratmağa çalışacaqdır (şiddətli alqışlar).

Bizim qabağımızda iki yol durur. Ya gərək razılıq olunsun, biz azadlıqla iqtisadi, maarif və milli vəzifələrimizi icra edək. Əgər bu işi icra etməyə qoymazsalar, biz özümüz məcburuq, Tehrana gedək, oranı alaq və azad, demokrat bir hökumət quraq və öz xalqımızın milli azadlığını bu yol ilə təmin edək. Bu bizim böyük vəzifəmizdir (gurultulu alqışlar).

... həqiqətdə bizim xalqımız böyük və qəhrəman bir xalqıdır. Onun heç bir vəchlə Tehran, İsfahan və başqa yerlərin əhalisi ilə oxşarlığı yoxdur. O, ... öz azadlığı uğrunda mübarizəyə qalxmışdır, o fars deyil və farslardan fərqlidir. Dünənki çıxışlar göstərdi ki, xalqımız özünü tanıyıb və öz milliyətini təyin edibdir. Azadlığın mənasını düşünüb və onun qədir-qiymətini dərk etmişdir.

... Mən Tehrandan çoxlu sayda məktublar almışam. Bu məktublarda yazırlar ki, siz hərəkət edən kimi Tehranın daxilində böyük inqilab vücuda gələcəkdir. Mərkəzi hökumət bizi bu işə vadar edərsə, bütün İran xalqları əsarətdən xilas olacaqlar. Amma bilməlisiniz ki, böyük arzuları qeyri-müntəzəm qüvvə ilə yerinə yetirmək olmaz. Bizim gərək topumuz, təyyarəmiz və hər cür silahımız olsun. Biz evimizin palazını satıb tank, top, təyyarə almalıyıq. İranda azadlıq Azərbaycan azadlığından asılıdır...

Biz iki yol ayrıcındayıq. Ya gərək Tehran hökuməti azadlıq yolu ilə gedə və bizim azadlığımıza mane olmaya, əgər getməsə, biz onunla getməyəcəyik və əgər mümkün olsa, onu yıxıb yerində bir demokratik rejim yaradacağıq (alqışlar).

Azərbaycan xalqı həmişə öz azadlığına maraq göstərmişdir. Səfəviyyə hərəkatını iki, ya üç şeyx yaratdı. Onda hələ demokrat firqəsi də yox idi. Bizim isə müntəzəm, qüdrətli bir firqəmiz olduğu belə bir halda daha böyük ordu yaratmağa qadirik. Millətimizin böyük keçmişi vardır və bir daha dünyaya göstərəcəkdir ki, sadiq, səmimi, fədakar, qüdrətli və davamlı bir milllətdir. O qədirbilən və səmimidir. Ona yalnız bir başçı lazım idi və indi o başçı firqəmiz olmaq üzrə meydana gəlmişdir. Etiraf etmək lazımdır ki, firqə xalqımızı bu 5 ay müddətində çətinliklərdən və əyri-buruq yollardan keçirmişdir və gələcəkdə də keçirəcəkdir. Tehran hökuməti Azərbaycana bir gün Fərruxu böyük səlahiyyət və pul ilə göndərirdi, bir gün də Bəyatı. Bəyat cənab Siracmirin evində bizə deyirdi ki, “biz sizin muxtariyyətinizi təmin edərik”. Biz ona dedik ki, “siz bu gün deyirsiniz, amma sabah inkar edə bilərsiniz. Bizə isə həqiqi təzmin lazımdır. O isə milli xalq qoşunu ola bilər.

Həqiqət isə həmişə topun ağzından çıxar”.

Bir millət həqiqəti fəqət top və güllə vasitəsi ilə göstərə bilər. Ah və naləyə kimsə baxmaz. Bizim hökumətimiz demokratik hökumətdir. Bütün təbəqələrin hökumətidir. Qoy ruhanilər, tacirlər və bütün təbəqələr əl-ələ versinlər və muxtariyyətimizi qursunlar. Qoy cavanlar milli qoşunda iştirak eləsinlər və qocalar da onlara libas, paltar və corab göndərsinlər. Biz bu yoldan xeyir görə bilərik, Milli Hökumət qurulan gün vədə verdiyimiz kimi xalqımızın mal, can və namusunu hifz edəcəyik. Hətta dükanların qabağında yatacağımızı da vəd verdik. Hamı bilir ki, verdiyimiz vədəyə mərdliklə əməl etmişik.

İndi də xalqın malını və namusunu hifz eləməyə söz veririk və sözümüzün üstündə duracağıq. Biz iftixarla deyə bilərik ki, bütün xalq bizim arxamızdadır. Kəndlinin hamısı, fəhlələrin hamısı, şəhərin orta təbəqəsi, bəlkə də ali təbəqəsi ümumiyyətlə bizim dalımızdadır. Xalq birləşəcəkdir. Biz buna inanırıq. Burada gərək qanun hökm sürsün və qanunu qorumaq üçün də top, tüfəng və güllə lazımdır.

... Qoy hamı hərbi libas geyinsin. Mən özüm də geyinəcəyəm. Qoy hamı bilsin ki, dünyada bir millət var ki, onun bütün üzvləri, arvad və kişi öz azadlığını müdafiə etmək üçün silah götürmüşdür. Hökumət ilə xalq arasında ixtilaf olmamalıdır. Gərək xalq özü öz hökumətini qorusun...

İndiyədək biz baş ucalığı ilə dediklərimizi yerinə yetirmişik. İndi bizim düşmənlərimiz, bizi “neçə nəfər separatçı” adlandıranlar belə bizə bir irad tuta bilmirlər. Onlar yalnız kiçik bəhanələr tuturlar. Məsələn, dil məsələsini bizə bir günah bilirlər. O ağalar bunu bilməlidirlər ki, azərbaycanlı fars deyil və özünəməxsus dili var. Zor ilə də onu fars eləmək olmaz...

... Ölkədə (Azərbaycan nəzərdə tutulur – S.B.) ayrı-seçkilik aradan gedib. Vahid, birləşmiş bir xalq əmələ gəlmişdir. Bu birliyi qorumaq üçün, yenə də təkrar edirəm, qoşun lazımdır. Qoy biz evimizin xalçasını, mebelini satmalı olsaq da, silah alaq və milli qoşunumuzu yaradaq, azadlığımızı saxlayaq. Yeri gələrsə, Tehrana gedib azadlıq əleyhinə mübarizə edən irticaın ocağını dağıdaq. Tehranlılar üçün də demokratik hökumət quraq (sürəkli gurultulu alqışlar).

***

Firidun İbrahimi: “Mübarizələrimizə layiq mükafat Əsas Qanundur”

Mədəni həyata malik olan bütün ölkələrdə insanlar müəyyən bir şərait altında “rəşid” (“şücaətli”, “ cəsarətli”, “ igid” deməkdir – red.) ünvanına sahib olurlar. “Rəşid” o deməkdir ki, insan özünü hər cəhətdən idarə etmək qüdrətinə malik olsun. Bu qüdrət bir neçə imtiyaz (məziyyət, üstünlük – red.) əldə etməklə hasil olur. Məsələn, insan rəşid tanınmaqdan ötrü uşaqlıq dövrünü keçirməli və getdikcə yaşa dolmalıdır. Amma yaşa dolmuş insanın da rəşid ola bilməsi üçün o, gördüyü işlərdə ağlını və başqa şüurunun kamil və düzgün olduğunu göstərməlidir ki, toplum onu düzgün və sağlam bir üzv hesab etsin. Toplumların (cəmiyyətin – red.) iradəsini təmsil edən qanunlar da ona özünü idarə etmək səlahiyyəti verir. Nəticə olaraq deyilməlidir ki, insanlar fərdi və ictimai hüquqlarından o zaman istifadə edə bilərlər ki, özlərini toplumun təyin etdiyi şəraitdə “rəşid” tanıtdırmış olsunlar.

Rəşidlik sifətini doğrultmaq insanlar üçün fərdi həyatda lazım olduğu kimi cəmiyyətlər və millətlər üçün eyni dərəcədə lazımdır. Hər bir millət öz milli hüququndan istifadə edə bilmək üçün dünya ictimaiyyətini təşkil edən başqa millətlər qarşısında öz rəşidliyini isbat etməlidir. Yəni özünü hər cəhətdən “rəşid” millətlər kimi idarə etməyə qadir olduğunu tanıtsın və özünü idarə etmək imtiyazına malik olan millətlər arasında münasib bir mövqe əldə etsin.

Əlbəttə, bir millət bu şərəfli və təntənəli imtiyazı asanlıqla əldə edə bilməyəcəkdir. Bu yolda zəhmət çəkmək, mübarizə etmək, fədakarlıq göstərmək, mütəşəkkil olmaq lazımdır ki, fikir və ideal birliyi ələ gətirsin və lazım gələndə kütləvi bir hərəkatla öz milli varlığını müdafiə etsin. Belə bir millət tamamilə “milli inkişafa” layiq hesab edilməyə, dünya tərkibində azad və sərbəst yaşamağa, azad millətlərə məxsus olan imtiyazların hamısından istifadə etməyə haqlıdır. Milli rəşidliyi ələ gətirməkdən məqsəd milli azadlıq yaratmaqdır və bir millətin azadlıq yolunda atdığı addımları Əsas Qanun (Konstitusiya - red.) təyin edər.

Əsas Qanun hər millətin rəşidlik və azad yaşayışa layiq olmaq sənədi hesab edilir. Əsas Qanunu tərtib verən hər bir millət ictimai və mədəni tərəqqiyə yetişdiyini, azad və sərbəst yaşamağa qadir olduğunu göstərir. Bu inkişafın varlığını sübuta yetirən və onu xalqın yaşayışına bağlayan Əsas Qanundur. Əsas Qanun dünyanın mədəni həyata malik olan millətlərinin azadlıq və “milli inkişaf “ yolunda çəkdikləri zəhmətləri və apardıqları mübarizəni inikas edir. Əsas Qanun xalqın ümumi istəklərinin məzhəri kimi tanınmışdır və onun millətlər yanında “müqəddəs” sifət alması da bu cəhətdəndir.

Xalqın bir hərəkat və ya bir inqilab nəticəsində yaratdığı Əsas Qanun onun bütün arzularını ifa edəcək qədər kamil olmalıdır. Millətlərin yaratdıqları hərəkatlar mahiyyətcə hansı fikir və əqidələrə malik olursa, nəticədə yaradılan Əsas Qanun da o sifətə malik olacaqdır. Ümumiyyətlə, milli hərəkatdan məqsəd milli hökumət yaratmaq və demokratik üsulu tamamilə həyata tətbiq etməkdir. Xalqın demokratik fikirləri nə dərəcə kamil və mahiyyət etibarı ilə həqiqi demokratiyaya nə qədər yaxın olsa, bu fikirlərin yaratdığı Əsas Qanun da həmin keyfiyyətdə olacaqdır.

Azərbaycan xalqı tarix boyu özünü “rəşid” və sərbəst idarə etmək haqqına və imtiyazına qadir və malik bir millət kimi tanıtdırmışdır. Millətimiz 3 min il bundan əvvəl azad yaşamaq məqsədi ilə mübarizələr aparıb və azadlıq ələ gətirməkdən ötrü çox ağır və çətin bir şəraitdə qələbələr çalmışdır. Şanlı millətimiz öz milli varlığını və özünü idarə etmək imtiyazına malik olmaq haqqına yetişmək üçün dəfələrlə parlaq imtahanlar vermişdir.

Çox qədim zamanlardan bəri dünya millətlərinin azadlıq hərəkatları tarixində özünəməxsus bir məqam sahibi olan millətimiz bugünkü şəraitdə əsrimizin tələb etdiyi keyfiyyətlərə uyğun bir Əsas Qanuna (Konstitusiyaya - red.) malik olması olduqca vacibdir. Millətimizin siyasi və mədəni inkişafı ona tamamilə azad yaşamaq və müstəqil idarə olunmaq səlahiyyətini verir. İndi millətimiz bugünkü şəraitdə bir mütərəqqi və müasir Əsas Qanun yaratmaq istəyir. Bu Əsas Qanun nə kimi sifətləri malik olmalıdır? Bu suala izahat verməliyik.

Azadlıq hərəkatımıza Azərbaycan Demokrat Firqəsi rəhbərlik etmişdir ki, onun məramı millətin təmayülləri və onun mütərəqqi xoşbəxt bir həyat istəyi olmuşdur. Milli Hökumətimizin yaradıcısı olan Azərbaycan Demokrat Firqəsi öz hərəkət xəttini (platformasını - red.) bu əsas prinsip üzrə seçərək az bir müddətdə millətin böyük əksəriyyətini təşkilatlandırıb Milli Məclis və Milli Hökumət qurmağa müvəffəq olmuşdur.

Azərbaycan Xalq Konqresindən bəri demokratik və mütərəqqi üsul üzrə azadlığımızı və milli həyatımızı təmin edən bir Əsas Qanunun yaranması düzgün və aydın surətdə lazım görünməkdədir. Bu təmayüllərə əsaslanaraq Milli Məclisimizin 33 saylı qərarı üzrə müəyyən komissiya Əsas Qanunu tərtib etməkdədir ki, çox yaxın bir zamanda millət nümayəndələrinin təsdiqinə yetişəcəkdir. Bu Əsas Qanun dünyanın ən yeni Əsas Qanunlarından olduğu kimi həqiqi demokratik təcəssümü və aynası (güzgüsü - red.) olacaqdır. Bu qanun gərək xalqımızın siyasi və iqtisadi cəhətdən tamamilə azad və sərbəst yaşayışını təmin etsin. Bu qanun gərək millətimizin siyasi və iqtisadi fəaliyyətləri üçün böyük bir meydan yaratsın.

Əsas Qanunumuz gərək əsrlər boyu azadlıqdan xaincəsinə məhrum edilmiş millətimizin fərdi azadlığını tamamilə təmin etsin və buna kifayət etməyərək onu qorumaqdan ötrü təsirli, qəti və əməli bir “sanksiya” da yaratsın, xalımzın indiyədək həqiqi ədalətdən məhrum qaldığını nəzərdə tutub möhkəm, eyni halda xalqın ehtiyaclarına bələd olan, onu təmin etməyə hər cəhətdən qadir və layiq olan bir ədliyə aparatı qursun, xalqımızın fikrini həmişəlik olaraq rahat edib və onu maddi həyat sıxıntısından və qorxulu böhranlar kabusundan xilas etmək məqsədi ilə mühitimizin iqtisadi şəraitinə uyğun bir ictimai ədalət sistemi yaratsın. Əsas Qanun gərək həqiqi demokratiyanın əsasını əziz vətənimizdə möhkəmləndirib xalqımızın səadət və xoşbəxt həyatını təmin etsin. Belə bir qanunun tərtib edilməsi və tezliklə onun müqəddəs maddələrinin həyata tətbiq olunması Azərbaycan xalqının tarix boyu apardığı azadlıq yolunda mübarizələrinə layiq bir mükafat olacaqdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 122, 10.02.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.

 

Xalq Cəbhəsi.- 2020.- 28 yanvar.- S.14.