“Azərbaycan”
qəzetinin səhifələrində
94-cü
yazı
Biz milli bir maarif yaratmalıyıq
Xalqımızın indiyə kimi ümumi və düzgün bir mədəniyyətdən məhrum olmaları bizi mütərəqqi və mədəni ölkələrdən geridə qoymuşdur. Keçmiş maarifin nəslimizin sağlam fikirlərini zəhərləməkdən başqa heç bir hədəfi yoxdur. Məktəblərdə tədris olunan kitablar tamamilə bir silsilə faydasız və indiki dünyada həyata uyğun olmayan mətləblərdən ibarət idi.
Bu mədəniyyətin məqsədi bu idi ki, İran millətini tamamilə mədəniyyətdən, düşüncədən geri qoyub və istismarçılar üçün əlverişli şərait yaratsın. Ondan əlavə bu naqis mədəniyyət yalnız mədud bir qrupun inhisarında olduğu üçün millətin əksəriyyəti savad və elmdən məhrum olmuşdurlar.
Maarifdə olan bu yanlış təlim üsulu nəticəsində idi ki, bir qrup xain öz hakimiyyətlərini zorla millətə qəbul elətdirib və xalqın milli hüquqlarını və ictimai vəzifələrinı əksinə olaraq onlara düşündürürdü. Bu maarif tamamilə istismarçı bir maarif olduğundan əlavə Azərbaycanın şəraiti ilə əslən uyğun ola bilməzdi.
Tehranın mürtəce hakim təbəqəsi Azərbaycanı öz milli xüsusiyyətlərindən, dilindən məhrum etməklə panfarsizm törədib öz hakimiyyətlərinin əsaslarını möhkəmləndirmək istəyirdilər. Azərbaycanın mədəniyyəti ilə o biri nöqtələrin mədəniyyətində heç bir fərq yox idi. Amma 5 milyon xalqın dilini qadağan edib onlara öz ana dilləri ilə danışmağa icazə vermirdilər.
Bu irticaçı zorakılıqlar xalqımızı öz milli istedad, zəka və təkamüllərindən geri qoydu. Azərbaycan xalqı dərin ədəbi yoxsulluq şəraitində qalıb öz milli istedadını uduzdu. Təəssüflər olsun ki, biz fars şovinistlərinin zəhərli təbliğatları nəticəsində Azərbaycan cavanlarının öz ana dillərini unudub özgə dillərdə danışıb-yazırdıqlarını görürdük. Bu vəziyyət genişlənməkdə idi. Beləliklə Azərbaycanın hüququnu tapdalayan ünsürlər böyük bir müvəffəqiyyət ələ gətirmişdilər.
Azərbaycan Demokrat Firqəsi yarandıqdan sonra Azərbaycan xalqının bu müqəddəs idealını həyata keçirib öz imkanı daxilində bu barədə böyük nailiyyətlər əldə etmişdir. Amma yenə də demək lazımdır ki, biz indi Azərbaycan ədəbiyyatı cəhətindən böyük bir yoxsulluqdayıq. Bu fərqi aradan qaldırmaq üçün bütün ziyalılarımızın fəaliyyətləri və köməkləri tələb olunur. Milli hökumətimiz tezliklə bu nöqsanları aradan qaldırıb və maarifi bütün xalqın ixtiyarında qoyacaqdır.
Maarifin millətimizin mədəni inkişafı uğrunda oynadığı böyük rolu Milli hökumətimiz nəzərə alaraq Maarif Nazirliyi üçün kifayət qədər büdcə təyin etmişdir. Bu o deməkdir ki, daha maarif bir qrup adamın inhisarında olmayacaq və xalqımıza maarifdən istifadə etmək üçün asan şərtlər yaranacaqdır.
Milli hökumət xalqın öz hökuməti və dövləti olduğu üçün maarifi demokratik üsullar ilə tətbiq edir və milli ideallarımız üzərində onu həyata keçirir. Şübhəsiz, yeni yaradılmış maarifimiz qabaqkı maarifdən tamamilə dəyişikdir. Bu maarifdə Azərbycan xalqının xüsusiyyətləri nəzərdə tutulmaqla bərabər indiki dünyaya, yəni maşinizm əsrinə uyğun olan şərtlər həyata keçəcəkdir. Biz Maarif Nazirliyinin Azərbaycan dilində hazırladığı dərs kitablarının tezliklə nəşr edilməyini gözləyirik.
Ondan əlavə bütün yazıçılarımız, şairlərimiz yorulmadan fəaliyyət etməli və Azərbaycan ədəbiyyatının genişlənməsi uğrunda sürətli qədəmlər götürməlidirlər. Beləliklə uzun illər boyu özgələrin aradan apardıqları şirin ana dilimiz tezliklə böyük bir inkişafa nail olacaq və xalqımız öz ədəbiyyatımızda olan təranələrin tərənnümü altında yaşayacaqdır...
***
Tehran
radiosu
“Mal
sahibinə çəkməzsə, haramdır”, - deyərlər.
Dehli radiosunın atdığı
addımların yerə gözünə döndüyüm
Tehran radiosu dərhal ayağını basır. Bəzən elə olur ki, daha özgələrə
macal verməyib, özü özünü təkzib edir.
İki gecə əvvəl jandarmaların qəflətən və
namərd bir şəkildə fədai postuna
tökülüb neçə nəfər günahsız fədailəri
şəhid etdiklərini Təbriz radiosu xəbər verdi. O günün sabahısı Tehran radiosu həyasızcasına
o xəbəri təkzib edirdi. Təbriz radiosunun
xəbərlərini istər Tehran radiosu təkzib etsin, istər
etməsin. Dünya bilir ki, Azərbaycan
Milli Hökuməti qurulandan həqiqət olmayan bir
sözü danışmayıb, dediyi hər bir sözə əməl
edibdir. Azərbaycan radiosuna gəlincə, onun verdiyi xəbərlər
və danışdığı sözlər yalan ola bilməz. O, yalan nə olduğunu belə
bilməz. Onu qurub başa çatdıranlar
yalançı olmayıblar ki, o da öz böyüyündən
onu öyrənsin.
Gəldik jandarmaların qəfildən fədailərə
həmlə etməsinə. Deyərlər,
“keçinin ağlı azanda çobanın dəyənəyinə
sürtünər”. Tehranın
bütün işləri belədir. Bu da
bir tarix. Səqqaxana (insanların
susuzluqlarını yatırması üçün su
ehtiyatı üçün tikilmiş bir yer – red.) məsələsi
də Amerika konsolunu öldürüb cərimə verməyin
bir cüridir. Tehran başı küllü
əgər əməlli-başlı bir Tehran olsaydı,
qırğı gəlib Şirvanı aşmazdı. Nə
vaxtdan ki, adam oxuyub anlamağa
başlayıb o dağılmışdan səhv və
nöqsandan başqa bir şey görməyib. Bütün
fikir-zikirləri budur ki, qarı nənə kimi toru qurub
başını kəssinlər.
Bunlar
geçəndən sonra Tehran radiosu bir qədər
xır-pırdan sonra Tehran hökumətinin
çıxardığı qərarı yayıb deyirdi:
“Tehran hökuməti qərara alıb ki, Azərbaycan millətinin
tələblərindən bəzisini təmin eləsin. Azərbaycan millətini və dilini təsdiq edib
onlara öz dillərində bir neçə sinif dərs
oxumağa imkan verməklə bərabər dövlət idarələrində
də özlərinin işləməsinə mane olmasın.
Maliyyə, qoşun, jandarma rəislərini
Tehran özü təyin etsin. Yəni zər
ilə zor özündə qalsın”.
Qazi rəhmətlik
deyərdi: “Hər kəs məni bir dəfə aldatsa, Allah
ona lənət eləsin ki, adam aldadan imiş. Hər
kəs məni ikinci dəfə aldatsa, Allah mənə lənət
eləsin ki, niyə bir də onun hiyləsinə və feilinə
uyub toruna düşdüm”. Azərbaycanlı
bir yeyib bir də dalına bağlayıb. Azərbaycan
milləti bir dəfə deyil, çox dəfələr
aldanıb. Amma aldanmaqlardan sonra bir daha
aldanmamaq üçün and içidir. O, daha hiyləgərlərin
hiyləsini anlayıb və daha tovlanmamaq üçün əhd
edibdir. Bu halda güman yoxdur ki, bir daha
Tehranın o şirin dilli radiosunun ona təsiri olmuş olsun.
Biz gördüyümüzü görmüşük. Göz nədən
qorxar? Gördüyündən. Biz
bir dəfə demişik:
“Öldü var, döndü yoxdur”. Tehran
doğrudan da sülh istəyirsə, kənara çəkilsin.
Onun bir yolu var: o da öz irtica aparatını əvəz etməklə
olar. Yoxsa, lastikli (yəni asanlıqla hər tərəfə
əyilən – red.) söz danışmağın vaxtı
çoxdan keçibdir. Çox çətin
bir məsələdir ki, azərbaycanlı bir də
ixtiyarını özgələrə versin, ombasının
tükü getmiş o “həzrət”lərə bir də boyun
əysin.
Tehran
radiosu nə deyir desin. Oranın naziri hər nə
qarara gəlir gəlsin. Bunların zərrəcə
Azərbaycan millətinə təsiri olmaycaqdır. Tehranın bizimlə saziş etmək qəsdi varsa,
yaxşısı budur ki, cənab nazirlər o tikanlı
sözlərindən əl çəkib açıq ürəklə
düz yola ayaq bassınlar. Tehranın
bizimlə düzəlişmək meyli varsa, yaxşısı
budur ki, mərd-mərdanə danışsın. Biz hiyləgər olmadığımız kimi hiyləgərliyi
sevməyib və hiyləgər adamlara da nifrət edirik.
Pənahi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181,
24.04.1946
***
19-20-ci əsrlərdə
Təbrizdə ədəbiyyat
Bu dövrdə nəsr əsərlərinin yaranması
da təzə bir hadisədir. 19-cu əsrin 2-ci yarısında Məşədi
Rza Hacı Əhməd oğlunun mətbəəsində “Dərbəndnamə”
və “Qarabağnamə” əsərlərinin çap edilməsi
Təbriz aləmində bir yenilik hesab olunur. Bu əsərlərdən
“Dərbəndnamə” Dərbənd şəhəri
haqqında maraqlı tarixi məlumat verməklə dil sahəsində
sadələşməyə doğru böyük bir addım
atmış olur. Əsərin dili ilə tanış
olmaq üçün gətirdiyimiz aşağıdakı
misal hökmümüzü təsdiq edir: “Tarix iki yüz
yetmiş ildə olanda xəlifeyi Bağdad fərman yazıb Dərbənd
əhlinə göndərmişdi ki, Badkubənin neft və nəmək
mədəninin mədaxilini Dərbənd əhlinə və
mübarizlərə mərhəmət elədim”.
Həmin kitabın 2-ci fəslində dərc olunmuş
hekayələr dil cəhətdən daha maraqlıdır. Bunlar eyni zamanda
bədii olmaqla tərbiyəvi səciyyə də
daşıyırlar. Hekayələrin dili ilə tanış olmaqdan ötrü
aşağıdakı misalı nəzərdən keçirək:
“ İki
sərçə bir damın guşəsində yuva
tutmuşdular və orada vaxtlarını keçirirdilər. Vaxt oldu ki, onların balaları oldu. Hər ikisi
balalarına pərvəriş verməkdən ötrü yem
tələbinə gedirdilər....”
Tərbiyəvi səciyyə daşımaq nöqteye-nəzərindən
19-cu əsr şairlərindən Xalxalinin də
yaradıcılığı çox maraqlıdır. Mirzə Məhəmməd
Bağır Xalxali Cənubi Azərbaycanın ən çox
tanınmış şairlərindən hesab olunur. Onun “Səlbiyyə” əsəri hamıya məlumdur.
Tülkünün mənfi sifətlərini təsfir
edən şair bu sifətləri həyatdakı mənfi
insanlara tətbiq etməklə ictimai-tərbiyəvi nəticələr
çıxarır. O, əsərində acgöz
adamları, tamahkar tacirləri, çox arvad alanları, əxlaq
və məişət pozğunlarını, tənbəlləri
və sairəni tənqid və satira atəşinə tutur. Yalnız bu tənqid sadəcə tənqid deyildir.
Şair sözlərini xalqa xitabən yazır və deyir:
Əvamün-nasə yazdım bu kitabı
Bu vəchi onlara qıldım xitabı
Deyib çox məzhəkə qıldım zərafət
Onun zimnində yazdım həm nəsihət.
Beləliklə 19-cu əsr ədəbiyyatında Şimali Azərbaycanla Cənubi Azərbaycan arasındakı siyasi-ictimai və coğrafi sərhədlərə baxmayaraq vahid Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələri yetişmişdir ki, bunlar ədəbiyyat tariximizin görkəmli nümayəndələri hesab olunurlar.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.1946
***
Danışır Təbriz
Açılıb yurdumun gülü, gülzarı
Olubdur şadman, danışır Təbriz.
Şən görür bülbül tək bu laləzarı
Oxuyur dastan, danışır Təbriz.
***
Xuraman-xuraman baxır hər yana
Şad görür nəslini mehriban ana
Görür, oğlanları dönmüş aslana
Ruhlanır o zaman, danışır Təbriz.
***
Var olsun
yurdumun qəhrəman elin
Yaxşı
sındırdılar düşmənin belin
Açdılar
anamın bu şirin dilin
Ah nə
xoş, mehriban danışır Təbriz.
***
Qurbandı
bu canım Azərbaycana
Döndərir
düşmənin bağrını qana
İndi
öz dilini bütün cahana
Eləyir nümayan, danışır Təbriz.
***
Paylanır aləmə azadlıq səsi
Dinlənir dünyada Azər nəğməsi
Xalqımın birə min artır həvəsi
Səslənir ucadan, danışır Təbriz.
***
Qoymarıq xar ola bir də bu vətən
Uğrunda geyiblər ellərim kəfən
Görsün bu şövkəti, bu şanı düşmən
Qoy olsun bağrı qan, danışır Təbriz.
***
Ey könül, qüssədən, qəmdən azad ol
Xainə
rəhm etmə, daş ol, polad ol
Vətənin
şad olub, Əmini, şad ol
Gülür
Azərbaycan, danışır Təbriz.
Sərab,
S.Əmini
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181,
24.04.1946
***
AMEA akad.
Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran tarixi və iqtisadiyyatı"
şöbəsinin elmi işçisi Saleh Dostəliyev,
yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı
institutun Cənubi Azərbaycan şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Səməd
Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 27 aprel.-
S.14.