“Azərbaycan”  qəzetinin səhifələrində 

 

74-cü yazı

 

İran-e Ma” qəzetindən tərcümə: Təəssüf gətirən bir hadisə.

Fəhlələrin üstünə jandarmaların atəş açması.

 

Dünən sübh, tehranlıların tam sevinc və həyəcan içərisində azərbaycanlı qardaşlarının nümayəndələrinin gəlişini gözlədikləri bir zamanda hamı ümidvar idi ki, Qəvvamüssəltənə dövlətinin xoşniyyətili bu tədbiri, azərbaycanlı qardaşlarımızın cəsarət və ləyaqəti bu günkü İran tarixində yeni bir yol açacaqdır. Bu zaman təəssüfedici bir hadisə üz verdi. Bizim nəzərimizə görə dövlət məqamları tərəfindən bu hadisə mütləq şəkildə araşdırılmalıdır. Belə ki, bunun çox əhəmiyyəti vardır.

Dünən sübhdən müxtəlif dəstələr, xarici qəzetçiləri, daxili azad xəbər agentlikləri və sairə maraqlananlar müxtəlif vasitələrlə “Mehrabad” təyyarə meydanına tərəf gedirdilər. Bir qrup qəzet satanlar öz velosipedləri ilə, bir çox fəhlələr də piyada şəkildə hərəkət edirdilər. Bu hərəkət özü İran millətində olan duyğulardan bir nümunə olaraq bunların bir-birinə bağlılıqlarını göstərirdi.

Həmin duyğular göstərirdi ki, Azərbaycan əhalisi möhkəm köklərlə İranın sair camaatı ilə bağlıdır.

Beləliklə, bu da ayrılmaq və təcrid olmaq barədə söz-söhbətlərə aid bir çox zəhərli və qərəzli şayiələrə yer qoymurdu. Bu duyğuların bir nümunəsi də təyyarə meydanına getmək istəyən tütün fabrik fəhlələrinin hərəkəti idi. Tütünçülük idarəsindən bir az bu yana bir nəfər beyni boş jandarma zabiti neçə nəfər jandarma ilə onların yollarını kəsib getmələrinə mane olur. Nəticədə jandarmaların atəşi nəticəsində fəhlələrdən bir nəfər ölüb, 6 nəfər də yaralanıb.

Bu xəbərin yayılması şəhərdə gözlənilməyən çıxış və həyəcana səbəb olub. Az qalır ki, güclü bir qarşıdurma ilə nəticələnsin. Hətta tütün fabriki fəhlələri istəyirlər ki, bir neçə dəqiqəlik işdən əl çəkib böyük bir nümayiş etsinlər. Birləşmiş işçi şurasının rəhbərliyi və göstərişi ilə bu tədbirin qarşısı alınmışdır ki, bundan daha artıq təəssüf olunacaq hadisə ilə nəticələnməsin.

Jandarma zabiti polis rəisini təhqir edərək onun göstərişinə əməl etmədiyindən adamlar elə düşünmüşlər ki, jandarma kapitanın gizli bir tapşırığı icra edir. Polkovnik Səffari gedəndən sonra fəhlələrlər zahirən 40 ya 50 nəfərdən artıq deyilmişlər. Onlar cənab Səffarinin göstərişinə uyğun hərəkət etsələr də amma jandarma zabiti yenə də oların qabağını kəsib getmələrinə mane olur. Nəticədə danışıqdan jandarma zabitinin atəş əmri verməsinə çəkir. Jandarmaların tüfəngləri öncədən dolu və hazır imiş. Onlar atəşə başlayırlar. Atəş nəticəsində güllə İsmayıl adında bir nəfər fəhlənin ağzından dəyib beynini göyə sovrulur və 6 nəfər də yaralanır. Onlardan bir nəfəri “Razi” xəstəxanasında ölüb, qalan beş nəfəri isə “Səba” xəstəxanasında müalicə alırlar. Bu xəbər yayılandan sonra təyyarə meydanında olan daxilixarici qəzetçilərin bir çoxu saat 10.30-da hadisə yerinə yetişirlər. Yol uzunu təyyarə düşən yerdən ta şəhərə kimi çox yerlərdə silahlı jandarmalar çiyin-çiyinə durmuşdular və camaatın böyük bir hissəsi piyada olduqları halda meydana tərəf hərəkətdə idilər. Hadisə yerində böyük bir izdiham var idi. Qan tökülən yerlərdə daş koması qurmuşdular ki, cinayətin izi itməsin. Neçə nəfər fəhlə izlərin itməməsi üçün bir neçə nəfər polis zabiti ilə birlikdə qaravul çəkirdilər.

Ölünün cənazəsi Əkbərabadda İran Xalq Partiyasının (Hizbi Tudənin) klubuna aparıldığından qəzet müxbirləri ora gedib cənazəni yaxından gördülər. Ölü fəhlənin arvadı və iki balaca uşaqları və bir çox fəhlələrlər əsəbi bir halda bir tərəfdə durmaqda idilər. Üzəri güllərlə örtülmüş cənazə başqa bir otaqda saxlanırdı. Əsl məsələ burada idi ki, öldürülən başından vurulmuşdu. Bu da onu göstərir ki, bu qətl hadisəsi təsadüfi deyil, bilərəkdən törədilmişdir.

Qəzet müxbirləri saat 11 dövrələrində təyyarə meydanına qayıtdıqları vaxt jandarma dəstələrini kamyunlara yığmışdılar. Çünki yol uzunu artıq jandarma görünmürdü. Bu vaxt qəzetçilərdən birisi zarafatyana dedi: “Bunların daha burada işləri yoxdur? Vəzifələri neçə nəfər fəhləni öldürmək idi, o da yerinə yetirildi”.

Alınan xəbərlərə görə jandarma zabitibir neçə nəfər jandarma nəfəri həbsə alınmışlar. Ehtimal ki, danışdırılsınlar. Bizim nəzərimidə bu adi bir mövzu deyil. Gərək ciddi sayılsın. Ondan ötrü ki, bu bizim nəzərimidə qəsdən törədilmiş bir sui-qəsd əməlidir və Qəvvasüssəltənə dövlətinin əleyhinə qurulmuş bir plandır: Bu, bütün əhalinin tam bir ümidvarlıqla cənab Qəvvamüssəltənənin tədbirlərinin nəticəsini gözlədiyi və ictimai fikrin onun siyasətindən tərəfdar olduğu belə bir vaxtda bir qrup adam tərəfindən fəhlələri onun ziddinə təhrik etmək, tərəfdarlarını onun başından dağıtmaq üçün qurulan bir plandır. Onun icrasını da gizli şəkildə jandarmanın öhdəsinə qoymuşlar. Belə ki, bu günə kimi müxalifət qəzetlərində çox dəfələrlə jandarmaonun məxfi amerikalı müşaviri haqqında məqalələr yazılıb. Yəqindir ki, bu təsadüfi bir hadisə deyil, əksinə, cənab Qəvamın müxalifləri hələ də öz uşaq hərəkətlərindən əl götürməyib və öz fikiləri ilə istəyiblər ki, onun əleyhinə böyük bir manevr icra eləsinlər. Bu səbəbə görə də cənab Qəvvamüssəltənə gərək səlahiyyətli adamlara bu mövzunu ciddi şəkildə araşdırmaları barədə göstəriş versin, düşmənlərini xalqa göstərsin və cəzalandırsın. Nə vaxta kimi gərək fəhlələrin qanı murdar plan və həvəslərdən yana nahaq yerə tökülsün.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946

 

***

Demokrat firqəsinin Təbriz şəhərinin 8-ci homə üzvləri tərəfindən.

Tehran. Azərbaycan Milli Hökumətinin və Azərbaycan xalqının nümayəndələri və onun rəisi Baş nazirimiz cənab Pişəvəriyə.

 

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, Tehranda nəşr olunanNecat-e İran”, “İran-e ma”, “Mərdom”, “Rəhbər”, “Zəfər”, “Dad” və “Rəstaxiz-e İran” qəzetlərinə.

 

Biz, 8-ci hövmə komitəsinin 470 nəfər üzvü: xanımlar, kişilər sizdən öz görüş və müzakirələrinizdə Azərbaycan oğullarının qanı bahasına aldığımız milli hökumətin və əldə etdiyimiz azadlığın qorunmasını tələb edirik. Bununla bərabər İranda demkratiya və azadlığı müdafiə edib demokratik hökumətin yaradılmasını istəyirik. Bu yolda tarixlər boyu İran xalqının azadlıqsevərləri fədakarlıq etmiş və yenə də edəcəklər. Daha doğrusu, yeni həyata doğru gedən Azərbaycan xalqı illər boyu arzu etdiyi azadlığı əldə etmişdirbu azadlığı dünya durduqca saxlaması üçün bütün varlıqları ilə hazırdırlar.

Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhərinin 8-ci homə üzvləri tərəfindən: Hüseyn Davərxah, Əhməd Qəvidel, Tağı Şərqi, Cəlil Həddad, Mirhaşım Arin, Ciddi, Mahmud Xosrovşahi, Xaməni, Müvəhhidi, Mirzə Mirsəttari, İsmayıl Əlizadə, Seyid Haşım Təbatəbai, 8-ci hövmənin sədri Mirmehidi Tağızadə

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946

 

***

Hərbi zabitlik məktəbinin tələbləri tərəfindən:

Tehran. Azərbaycan xalqının göndərdiyi hörmətli heyət və onun rəisi Baş nazir Pişəvərinin hüzuruna.

 

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Necat-e İran” və “İran-e Ma” qəzetlərinə.

Biz Azərbaycan xalq qoşunlarının hərbi zabitlik məktəbinin tələbələri Tehrana ezam olunmuş möhtərəm heyətimizdən İran hökuməti ilə Azərbaycanın azadlığının və milli dövlətinin hifz olunmasını, xülasə, xalqımızın səadəti və arzularını müzakirə etməyi ikinci dəfə olaraq nümayəndlərimizdən xahiş edirik. Azərbaycan xalqının indiyə kimi etdiyi tələblərə zərrə qədər də olsun, mərkəzi hökumətlər baxmaq istəməyib. Bu sözlərlə bərabər öz möhtərəm nümayəndələrimizi əmin edirik ki, Azərbaycanın Milli Hökumətinin zamanında tərbiyə almış biz yeni zabitlər bir qətrə qanımız qalana qədər yurdumuzumilli mənafeyimizi qorumağa hazırıq.

Hərbi zabitlik məktəbinin tələbələri tərəfindən: Tufan Ruindej, Əli Əblüc, İsmayıl Bəradəri, Yədulla Şərifi, Rəhim İmrani, Mir Əhmədi, Mir Əhməd Həsənli, Tağı Saqqızçı, Məlik Məlikvam, Həmid Həmida, Çahar Davəri Nobəri, Şiruyyə İbadullahi, Hüseyn Qarağaci, Səttar Ciddi.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946

 

***

Azərbaycan xalq qoşunlarının zabitləri tərəfindən.

Tehran. Azərbaycan Milli Hökumətinin və Azərbaycan xalqının hörmətli nümayənd heyətinə.

 

Azərbaycan xalqı illərdən bəri arzu etdiyi Milli hökumətini və milli qoşunu təşkil etməklə Azərbaycan xalqının azadlığını təmin etdi. Bu möhtərəm heyətdən tələb edirik ki, Azərbaycan milli dövlətinin tanınmasını və Azərbaycan xalqının azadlığının dayağı və zamini olan milli qoşunun tanınmasını, Azərbaycan xalqının tapşırıqlarını yüzdə yüz həyata keçirməklə bərabər Azərbaycan xalqının azadlığının və səadətinin ziddinə və ya Azərbaycan xalqının hal-hazırda başladığı ciddi islahatlara mane ola biləcək hər hansı bir müqaviləni imzalamaqdan ciddi şəkildə imtina etsinlər.

Biz zabitlər o heyəti əmin edirik ki, Azərbaycan xalq qoşunları cavan olmasına baxmayaraq Azərbaycan Milli Hökumətini qorumağa və Azərbaycan xalqının azadlığını təmin etməyə hazırdır.

Azərbaycan zabitləri tərəfindən: General Pənahiyan, general İbrahimzadə, polkovnik Səfəri, polkovnik Axundzadə, polkovnik Lətifzadə, polkovnik Şərifi, polkovnik Əsədi, polkovnik Gəncəvi, mayor Agəhi, mayor Daniş, mayor Zəfərai, baş leytenant Qadir, baş leytenant Məhəmmədi, leytenat Təbəri, leytenant Abbasquluzadə, leytenant Teymurzadə, kapitan Təbatəbai, kapitan Qazi, kapitan Ciddi, kapitan Qənbəri, kapitan Fərşiyan, kapitan Cudi, kapitan Zərbəxt, baş leytenant İbrahimzadə, kapitan Səlimi, kapitan Vəfa, kapitan Məşhur, leytenant Müstəcabüt Dəva, leytenant Eşkül, baş leytenant Fəhmi, polkovnik Mürşidi, mayor Xilmət, baş leytenant Mərzban, baş leytenant Şərəfi, baş leytenant Asudə, leytenant Firuzi, kapitan Fərşiyan.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 189, 03.05.1946

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 4 fevral.- S.14