Sivil cəmiyyətlərdə hüquq mədəniyyəti problemi

 

Professor Fuad Məmmədov: Mədəniyyət xaos və cahillikdən biliyə, nizama, inkişafarifaha doğru yoldur

 

Hüquqşünas Səməd Vəkilov: Hər kəsin hüququ digər vətəndaşın hüquqlarının sərhədinə kimidir

 

Bəşərin indiki çağında mədəniyyət anlayışı daha geniş məna kəsb etməkdədir. İnsan özünü dərk etdikcə dərketmə ölçüsü, başqasına münasibəti daha da təkmilləşir, yetkinləşir. Gedişat göstərir ki, bəşərin inkişafında elmi-texniki səviyyənin göstəriciləri, tələbləri öncəkindən müqayisəedilməz dərəcədə artsa da, insan münasibətlərində mənəvi ölçü həmişə əsas sayılacaq. Xalq, dövlət olaraq çağdaş elmi texnologiyalardan ardıcıl, yaradıcı bəhrələnməklə yanaşı həm də dəyərlərimizi qorumalıyıq. Bu isə bizi gələcəkdə gözlənilən daha böyük qlobal təhlükələrdən qoruya bilər.

Professor Fuad Məmmədovun fikrincə, mədəniyyət insanın ağlı, hissləri və fiziki əməyi ilə yaradılan müsbət əməllərdir. Bununla yanaşı o, tarixi yaradıcı prosesdir, xaos və cahillikdən biliyə, nizama, inkişafarifaha doğru yoldur. Mədəniyyətin inkişafının əsasını təşkil edən başlıca motiv - insan həyatının qorunub saxlanması və yaxşılaşdırılması qayğısıdır: Elmi anlamda mədəniyyət təbiətin, insanın özünün və cəmiyyətin dərk edilməsi, dəyişdirilməsi prosesidir, nəticədə yaradılan əqli-mənəvi, maddi dəyərlər və normalar, habelə onların istehsal, qorunma, istifadə, translyasiya (ötürülmə) texnologiyalarıdır.

Kontekstual anlamda mədəniyyət hər hansı bir hadisənin, fəaliyyət sahəsinin, fərdi və sosial münasibətlərin və ya insanın özünün inkişaf səviyyəsinin keyfiyyət xarakteristikasıdır. Bu anlayış insanın, millətin, cəmiyyətin və bütövlükdə bəşəriyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinə münasibətdə tətbiq edilə bilər.

Habelə konkret olaraq hər bir xalqın dili, ədəbiyyatı, incəsənəti, folkloru, ənənələri, mədəni irsi, etik normaları onun mədəniyyəti sayılır. Mədəniyyətə bütöv sosial sistem kimi baxsaq, hansı qənaətə gəlmiş olarıq? Tədqiqatçının fikrincə, mədəniyyəti cəm halında müasir cəmiyyətin sosial strukturunu təşkil edən, sosial institut və mədəniyyət hadisələrinin qarşılıqlı inkişafı kimi təsəvvür etmək olar. Bura təhsil, maarif və tərbiyə; elmtexnologiyalar; iqtisadiyyat və maliyyə vəsaitləri; təşkiletmə və idarəetmə; hüquqqanunvericilik; mentalitetideologiya; ədəbiyyat və incəsənət; etika; bədii mədəniyyət (incəsənət) və mədəni irs: həyat tərzi; əmək, məişət, istirahət, turizm; fiziki mədəniyyət və idman; tibbekologiya; həyat təminatı sistemləri; informasiya və mətbuat; daxilixarici siyasət; beynəlxalq münasibətlər, dins. aiddir. Mədəniyyətin bütöv sisteminin hər bir altsistemi özünün mahiyyəti, strukturu, funksiyaları, xüsusiyyətləri, enerjisi, hərəkət vektoru, tendensiyaları, inkişaf qanunları, əlaqələrinə malikdir.

Kulturologiyanın vəzifəsi mədəniyyətin inkişaf panoraması və dinamikasını görmək bacarığından, onun sosial institutları və sahələrinin hər birinin faydalı əmsalını və bütövlükdə mədəniyyət sistemini inkişaf etdirmək üçün istiqamətləndirmək, korrektə və koordinasiya etməkdən ibarətdir. Bu zaman idarəetmə mədəniyyətinə, düzgün seçilmiş prioritetlərə və əmək mədəniyyətinə əsaslanaraq, mədəniyyətin bütöv sosial enerjisini dəyişən milli tələbatlara, məqsədlərə, maraqlara, cəmiyyətin, dövlətin təhlükəsiz inkişafına cavab verən nailiyyətlərin əldə edilməsinə texnoloji cəhətdən yönəltmək vacibdir.

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununda vurğulanır: Mədəniyyət - ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektualemosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusudur.

Bu yerdə hüquq mədəniyyəti anlayışına hərtərəfli baxış gərəklidir. Ümumiyyətlə, hüquq mədəniyyəti dedikdə nə başa düşülür? Azərbaycan cəmiyyətində bu anlayış sözün gerçək mənasında tam anlaşılırmı? Hüquqşünas Səməd Vəkilovun fikrincə, hər bir xalqın hüquq mədəniyyəti onun hüquq düşüncəsinin tarixi təkamülündən və davranış modelindən qaynaqlanır. Hüquq mədəniyyəti ilkin yanaşmada bəzən konkret hüquq münasibətlərinə şamil edilən anlayış kimi başa düşülür. Lakin klassik fəlsəfi hüquq təlimlərinə nəzər salsaq görərik ki, hüquq-əxlaq və mənəviyyat məsələlərini özündə ehtiva edən daha zəngin sosial-mədəni münasibətlər sistemidir. Dünya fəlsəfi fikrinin parlaq simalarından olan alman filosofu Hegel hüququ ruhidrak hadisəsi hesab edir: Fransız fikir adamı Frederik Bastiata görə, biz özümüzü, azadlığımızı və əmlakımızı qorumaq kimi təbii hüquqa sahibik. Beləliklə, hər bir şəxsin davranışı, düşüncəsi onun bir hüquq subyekti kimi hüquqi mədəniyyətinin göstəricisidir. Hüquq mədəniyyətinin ən vacib komponenti hüquq düşüncəsidir. Hər bir şəxsin hüquq konteksində davranışı onun həm də hüquq düşüncəsinin ifadəsidir. XXI əsr arxada qoyduğu zamana münasibətdə daha çox insan fenomeninin önə keçməsi ilə fərqlənir. Bəşəriyyət son nəticədə o qənaətə gəldi ki, bütün ictimai formasiyalar, bütün dövlətlər fərdin hüquqlarının reallaşması və təmini fonunda əhəmiyyətli olur.

Təsadüfi deyil ki, XX əsrin ortalarında dünyanın ən nəhəng siyasi təşkilatı olan BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi XX əsrin sonunda dünyanın böyük bir hissəsini əhatə edən, onu öz yuridiksiyasi altında birləşdirən Strasburq Avropa İnsan Hüquqları Məhkəməsinin yaradılması ilə nəticələndi. XXI əsr dünyada mədəniyyətlərin savaşı və dialoqu əsridir. Dünya qloballaşır, bu, günümüzün gerçəkliyi, özü-özlüyündə qarşısıalınmaz bir prosesdir. Qloballaşma fonunda fərqli mədəniyyətlərin və sivilizasiyaların toqquşması isə məhz dialoq fəlsəfəsini aktuallaşdırır.

S.Vəkilov düşünür ki, hüquq mədəniyyətinin vacib komponentlərindən biri də məhz hüquqların hüdudunu düzgün müəyyənləşdirməkdir. Hər bir şəxs başa düşməlidir ki, onun hüququ digər vətəndaşın hüquqlarının sərhədinə kimidir: Dünyanın qlobal hüquq problemləri ilə bərabər fərdi hüquqlar və onların reallaşdırılması məsələsi də bugünkü hüquq mədəniyyətinin əsas istiqamətlərindəndir. Fərdi hüquqlara münasibətdə nümayiş etdirdiyimiz ayrı-ayrı stereotiplər və onun müxtəlif çalarları hüquq mədəniyyətimizin göstəricisidir.

Bu gün Azərbaycan vətəndaşlarının rastlaşdıqları ciddi problemlərdən biri məhkəmə-hüquq sistemilə bağlıdır. Mütəxəssislərin fikrincə, problemin səbəbləri müxtəlifdir: bir tərəfdən bu, vətəndaşların öz hüquqlarını kifayət qədər bilməməsi, digər tərəfdən də hüquq maarifçiliyinin istənilən səviyyədə olmaması ilə əlaqədardır. Bəs sözügedən sahədə maarifçiliyin çatışmazlığı ilə bağlı daha hansı məqamlar var? S.Vəkilov: Hüquq mədəniyyəti bir davranış modelidir. Hər bir xalqın hüquqa münasibətindən irəli gələn bir davranış sistemi var. Buna hüquq elmində hüquq düşüncəsi deyilir. Bu hüquq düşüncəsi illərlə formalaşan bir modeldir. İnsanlarımızın hüquq mədəniyyəti sarıdan illərlə formalaşmış, sovet vaxtından qalmış stereotipləri yaranıb. Çox maraqlıdır ki, bu kimi hallar cəmiyyətdə artıq sindrom səviyyəsindədir. Azərbaycan insanı əsasən məhkəmə adı gələndə çox təşviş keçirir, konkret olaraq məhkəmədən çəkinir. İnsanlar demək olar, bir-birlərini məhkəməyə verməklə, ziyana salmaqla, mənəvi acılar yaşatmaqla hədələyirlər: İnsanların hüquq-mühafizə orqanlarından, məhkəmələrdən qaçması kənar gəzməsi amili demək olar, qalır. Deməli, bu sahədə ardıcıl maarifləndirmə işləri aparılmalıdır.

Son illərdə telekanalların hamısında olmasa da, bir neçə kanalda hüquqi yöndə maarifləndirmə verilişlərinin davamlı təşkili diqqəti çəkir. Eləcə də müəyyən verilişlərdə vaxtaşırı bu və digər səviyyədə hüquq mədəniyyəti kontekstində mövzular müzakirə olunur. Müşahidələr göstərir ki, çağdaş tamaşaçı bu cür ardıcıl, hüquqi maarifləndirmə işi aparan verilişlərdən çox bəhrələnir. Əsasən məhkəmə proseslərində daha çox rast gəlinən mövzularda müzakirələrin açılması diqqətçəkəndir. O deməkdir ki, tamaşaçı vətəndaş məhkəmə prosesinin mahiyyətini daha aydın şəkildə dərk etməyə, məhkəmə xofu sindromundan çıxmağa çalışır. Psixoloji məqama varsaq, anlamadığı, bilmədiyi, mahiyyətinə varmadığı nəsnələr insanı həmişə xoflandırır. Məhz həyati proseslərdə - insan münasibətləri zamanı meydana çıxan ciddi anlaşılmazlıqların hüquqi məhkəmə müstəvisində çözüldüyü bir şəraitdə vətəndaşlarımızın bu yöndə maariflənmək istəyi aydın başadüşüləndir.

Müşahidələr onu da göstərir ki, hazırda məhkəmələrdə vətəndaşlar hüquqi prosesləri öncəki onillərdən fərqli olaraq daha yaxşı öyrənməyə, özünümüdafiə prosesində tətbiq etməyə çalışırlar. Bu, onu göstərir ki, vətəndaş özünün hüquqlarını daha dərindən anlamaqla qanunun ona verdiyi imkanlardan daha çox yararlanacağına əmindir. Habelə vətəndaş şübhəsiz, qanunları dərindən öyrənməyə çalışmaqla başqalarına örnək olur. Onun məhkəmə tərəfindən hüquqi aspektdə günahkar sayılıb-sayılmaması başqa söhbətin mövzusudur.

Burdaca onu da qeyd etmək yerinə düşər ki, ölkə ərazisində internetin əlçatanlığı da Azərbaycan insanının hüquqi billiyinin inkişafında mühüm və əvəzsiz rol oynayır. Qanunları bilən, əməl edən, insan olaraq haqqını tələb edən vətəndaş əlbəttə, mümkün qədər səhv etməməyə çalışacaq. Deməli, hüquqi maarifləndirmə prosesi qətiyyən birtərəfli deyil, çoxtərəfli prosesdir. Bu gərəkli prosesin təməli əslində ailədə qoyulmalıdır. İnsanın ilk məktəbi onun ailəsi sayılır. Təbiidir ki, ailədə verilən biliklər məktəbi əvəz etmir. Söhbət insanın məktəbəqədər dövründə valideynlərinin, yaxınlarının ona müsbət təsirindən gedir.

Hüquqşünas bu fikirdədir ki, Azərbaycanda məhkəməyə münasibətdə, məhkəmə-hüquq sistemi sahəsində problemlərin öyrənilməsi, əhalinin maarifləndirilməsi yönündə daha geniş səviyyədə işlər görülməlidir. Qeyri-hökumət təşkilatları ilə məhkəmələr arasında bu sahədə ardıcıl birgə aparılmalıdır, təsir mexanizmləri müəyyənləşdirilməlidir. Ölkədə hüquq mədəniyyəti istiqamətində işlərin effektli olması üçün hər bir vətəndaşımız, başlıcası, ziyalılarımız da çalışmalıdırlar. Deməli, davamlı maarifçilik hərəkatı olmalıdır. Ancaq daha çox bu sahədə hüquqşünaslarımız çalışmalı, örnək olmalıdırlar.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 27 fevral.- S.13.