Qarabağdakı Qafqaz Albaniyası məbədləri

 

Vaqif Əsədov: Azərbaycandakı bütün alban xristian abidələri xalqımızın mədəni irsinə aiddir

 

Ermənilər yenə mənasız iddialarından əl çəkmir, Qarabağda mövcud olan Qafqaz Albaniyası məbədlərini özlərininki sayır, əsaslar tapırlar. Ancaq faktlar göstərir ki, bu gedişlərin heç bir əsası yoxdur. Araşdırmaçı Vaqif Əsədov bildirir ki, ermənilər Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Azərbaycandakı bütün alban xristian abidələri xalqımızın mədəni irsinə aiddir. Qafqaz Albaniyası dövlətinin ərazisi eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edib: Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil ediblər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Heredot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir. Eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər - türkdilli tayfalar yaşamışlar. Bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər. Tarixin atası Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir. Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olub: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asays.

Cənubi Qafqazın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılıb. Hal-hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastrlar var. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülüb.

Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və bütpərəstlik məbədləri ilə yanaşı çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olub: Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilib, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılıb. Qafqaz Albaniyasında atəşpərəstlik məbədlərinin tikilməsi eramızdan əvvəl VIII əsrdən Zərdüştlük dininin yayılması ilə əlaqədar idi. Atropatenada Sasanilərin hakimiyyəti illərində baş atəşgah Qazakada Təxte-Süleymanda, Qafqaz Albaniyasında isə Bakı ərazisinin daxil olduğu Paytakaran vilayətində yerləşirdi. Tədqiqatçı alim D.Axundovun fikrincə, indi Qız qalası adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə adı çəkilən Paytakarandakı yeddi məşəlli Baqink baş məbədidir. O, bu məbədin əsasının eramızdan əvvəl qoyulduğunu ehtimal edir. Arxeoloji tədqiqatların nəticələrindən aydın olur ki, bu məbəd vaxtilə yerdən çıxan güclü təbii qaz məşəllərinin alovlanıb yandığı iri qaya üzərində tikilib. Məbədin plan quruluşu hələ qədim zamanlardan alovun simvolik işarəsi olan buta şəklindədir. Məbədin yerləşdiyi qayada arxeoloqlar diametrləri 70-80 sm olan ona qədər dərin qaz məşəllərinin quyularını aşkar etmişlər. Quyuların divarlarında uzaq keçmişdə yanmış məşəl alovlarının izləri bu gün də aydın görünür.

Dəniz sahilində yerləşən bu abidə uzun müddət mayak kimi də istifadə olunub. Qafqaz Albaniyasında eramızın əvvəllərində xristianlığın, sonralar isə islam dininin yayıldığı dövrdə atəşgahların hamısı dağıdılıb. Suraxanı atəşgahının dağıdılmış məbəd kompleksi tarixi İpək yolu ilə ticarət səfərlərinə çıxan hindistanlı atəşpərəst tacirlərin sifarişi ilə 1713-1720-ci illərdə bərpa edilib. Bu atəşgahda uzaq Hindistandan gələn atəşpərəst zəvvarların və kahinlərin iştirakı ilə təntənəli dini mərasimlər keçirilib. Sonuncu mərasim 1883-cü ildə olub. Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlayıb.

Alban tarixçisi Moisey Kalankatuylunun Aqvan tarixi əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar var. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər bütpərəstlikdən əl çəkib 327-ci ildə xristianlığı qəbul ediblər: Bu barədə Alban salnaməçisi Moisey Kalankatuklunun əsərində kifayət qədər məlumat var. 1130-cu ildə Gəncə şəhərində anadan olub, 1184-cü ildən ömrünün sonunadək Xaçın knyazlarının yanında xidmət etmiş alban salnaməçisi Mxitar Qoş özünün məşhur Alban salnaməsi əsərində bu tarixi faktı bir daha təsdiq edərək yazır: ...Müqəddəs Yeliseydən müqəddəs Qriqorisə qədər 300 il keçib.

Aqvan tarixi salnaməsindən məlum olur, İsa peyğəmbərin şagirdi müqəddəs Faddeyin xristian dinini yaymaq məqsədilə başlamaq istədiyi missionerlik fəaliyyəti faciə ilə nəticələnib, bütpərəst erməni çarı Sanatruk müqəddəs apostolu tutdurub qətlə yetirib. Apostol Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb apostolun şəhid olduğunu bildirir. İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə, Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub.

Araşdırmaçı Vaqif Əsədov qeys edir ki, XIX əsrin 30-cu illərində Zaqafqaziya Rusiyaya birləşdirildikdən sonra Sinodun qərarı ilə Alban kilsəsi rəsmən ləğv edildikdən və məbədləri erməni kilsəsinə tabe edilib, bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulub. Qax rayonunun Qum kəndindəki xristian məbədi memarlıq-konstruktiv həllinə görə mütəxəssislərin diqqətini cəlb edən sənət əsəridir. Ləkit kəndində yerləşən məbəddə arxaik inşaat üslubu ilə tikilmişdir. Bu məbədlərin hər ikisinin V-VI əsrlərə aid olması ehtimal edilir: Təqribən 325-ci ildə Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı. Məşhur Avey məbədi Qazax rayonunun ərazisində yüksək Avey dağının zirvəsində yerləşir. Ondan bir qədər aşağıda yerləşən Şişqaya məbədi və digər süni mağara məbədlər kompleksi tədqiqatçı alimlər C.Rüstəmov və F.Muradovanın fikrincə, antik dövrə və xristianlığın yayılmağa başladığı ilk əsrlərə aid alban məbədləridir.

Qafqaz Albaniyasında xristianlığın ilk dövrləri üçün xarakterik olan məbəd kompleksinin qalıqları 1948-ci ildə Mingəçevirdə arxeoloqlar tərəfindən öyrənilərkən üzərində alban əlifbası ilə naməlum yazılar həkk olunub, daşdan hazırlanmış xaç altlığı aşkar edilib. Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aluen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdı. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilmişdir. VII əsrin ortalarına yaxın ölkədə 30-dan artıq monastr olub: Alban katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastrında, VI-VII əsrlərdə Bərdə monastrında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə Gəncesər monastrında yerləşib. 552-ci ildə alban kilsəsinin başçısı katalikos müqəddəs ata Abbas iqamətgahı Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi iri monastra çevrilib. Məşhur şərqşünas alim, akademik Ziya Bünyadov VII əsr ərəb müəllifi Əl-Vakinin əsərini tədqiq edərkən maraqlı tarixi bir fakt aşkar edib. Ərəb xilafətinin başçısı xəlifə Müaviya (661-680-ci illər) Qafqaz Albaniyasına qarşı işğalçılıq hücumuna başlamaq istəyərkən Abid İbn Şəriyyə Əl-Curhumi adlı şəxsdən Qafqaz Albaniyasında hansı tayfaların yaşadıqlarını soruşur. Hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə Qafqaz Albaniyasında olmuş Abid Əl-Curhumi xəlifənin sualına cavab olaraq deyir ki, bu ölkədə türklər üstünlük təşkil edir, tayfalararası ümumi ünsiyyət dili türk dilidir.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 22 iyun.- S.13.