Axır çərşənbə

 

 

Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında Axır çərşənbə, Torpaq çərşənbəsi, Yel çərşənbəsi, Çərşənbə-suri adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır, deyən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi torpaq çərşənbəsini qəbul edib, onun özəllikləri haqqında yazır ki, Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılayıb. Xalq arasında belə bir inam olub ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, YelTorpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun Adamları fəlakətə salan özü fəlakətə düşər, deyə yerindən qalxır, Sel (Su), Atəş, YelTorpaq xatun əl-ələ verib:

 

 

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

 

Təzə ömür, təzə məhsul, il gəldi,

 

 

deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər həmin gün elin əziz günü olan Axır çərşənbə idi.

 

Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir.

 

Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. Yer üzünün başdan-ayağa su olması ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) ilkin başlanğıcın əsasında dayanan odtorpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi canlanması üçün isə son nəticədə onlara ruh verilməsi hava stixiyasını simvollaşdırır. Fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin də bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birlərinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Əgər belə düşünsək, onda dahi Füzulinin Meyvələrin söhbəti əsərindəki kimi yersiz öyünmələrdən uzağa gedə bilmərik.

 

Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınıb-adlanmalarına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (Su, Od, Yel, Torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara su aydınlıqdır deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə də bağlı digər inanclar, mərasimi aktlars. yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayin və rituallar həyata keçirir. Bu mənada prof. Azad Nəbiyevin qeyd etdiyi Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi cümləsində Axır çərşənbə ilə bağlı xüsusi vurğuladığı Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirmək xüsusiyyəti elə bilirəm ki, ümumi olaraq digər üç çərşənbənin mərasimi keyfiyyətlərinə də müncər (aid) edilə bilər.

 

Tədqiqatçı Xeybər Göyyallı Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri kitabında da Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir deməklə professor Azad Nəbiyevin yuxarıdakı fikrinə şərikli münasibət göstərib, bu yöndəki düşüncələrini aşağıdakı şəkildə davam etdirir: Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.

 

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-qadınlar ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

 

Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağat, həyət-bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib-hazırlanırdı.

 

Gördüyümüz kimi, Xeybər Göyyallı axır çərşənbə hesab etdiyi Torpaq çərşənbəsinə uyğun olaraq burada torpağa əlahiddə bir sevgi göstərilməsindən danışır, təsərrüfat həyatı ilə bağlı görülən işlərə diqqəti yönəldir, əkin-biçinə hazırlıq məqsədilə torpağa qulluq edilməsi məsələlərini xüsusi vurğulayır. Bu kimi xüsusiyyətlər torpaq çərşənbəsinin adına uyğun tərzdə məişət qayğılarını özündə ehtiva edir, eyni zamanda bu cəhət digər yaradıcı ünsürlərlə müqayisədə torpağın insanları real həyata daha yaxından bağlayan ünsür olduğundan irəli gəldiyini göstərir. Bəli, torpaq insanları yaşayış üçün zəruri olan qida-ərzaq bolluğu ilə təmin edən real-həyati varlıq stixiyasıdır. Torpaq deyir: öldür məni, dirildim səni və s. bu tipli saysız-hesabsız folklor örnəklərimizin də məğzində torpağın bir yaradıcı ünsür kimi insanın yaşayışı və fəaliyyəti üçün əsas stimulverici güc olduğunu təsdiqləyir. Hə, bütün bunlar öz yerində. Yəni bu kimi məsələlər torpağın real həyatla, gündəlik məişətimizlə bağlı olduğunu göstərən faktorlardır...

 

Bundan başqa, Torpaq çərşənbəsində də digər çərşənbələrdəki kimi simvolik məzmunlu rituallar, ayinlər keçirilir ki, bunlar da bayram ənənəsinin təbii tələbidir. Burada əsas məsələ professor A.Nəbiyevlə tədqiqatçı Xeybər Göyyallının üst-üstə düşən fikir eynilikləridir. Hər iki müəllif Torpaq çərşənbəsinin (mahiyyətcə ilaxır çərşənbələrdən sonuncusunun) digər çərşənbələrdən daha təntənəli keçirilməsini xüsusi diqqətə çatdırır. Hətta X.Göyyallı bu fikri bir az da qabardaraq öz ayin və mərasimlərinin zənginliyi etibarilə axırıncı çərşənbənin digər çərşənbələri geridə qoyduğunu, bir sıra bölgələrimizdə isə ilaxır çərşənbənin şənliyinin təmtərağının hələ Novruz bayramını da üstələdiyini göstərir. Bəs buna səbəb nədir? Bu sualı Xeybər müəllim qışın sazağını-şaxtasını, məşəqqətini görmüş xalqın bu ağır əziyyətlərdən qurtardığına sevinməsi kimi mənalandırır. Bu arqument öz yerində qüvvəsində qalır. Ancaq bu məsələyə bir az da aydınlıq gətirmək lazımdır. Əvvəla, bu amili sırf torpaq ünsürü ilə əlaqələndirilən Torpaq çərşənbəsi ilə bağlamaqla məhdudlaşdırmaq yox, məsələnin mahiyyətinin ilaxır çərşənbələrin sonuncusunda olması ilə tamamlanması səbəbində axtarmaq lazımdır. Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi. Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayinrituallarla müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni Axırıncı çərşənbə digər özündən əvvəldə gələn üç doğruçu çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan da, bu cür yüksək əhval-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digər çərşənbələrdən üstün keçirilməsi və həmin çərşənbələrin rituallarını da öz əhatə dairəsinə alması məhz bununla əlamətdardır. Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə.

 

Şakir Albalıyev

 

Xalq Cəbhəsi.- 2021.- 16 mart.- S.12.