Ermənilərin Laçın rayonunda tarix və mədəniyyət abidələrinə vurduğu zərər

 

Ermənilərin işğal zamanı tarix və mədəniyyət abidələrimizə vurduğu zərərlərin, törətdiyi saysız-hesabsız dağıntıların maddi cəhətdən dəyərləndirilməsi günümüzdə olduqca aktualdır. Bu yazıda Laçın rayonu ərazisində dünya memarlığının nadir inciləri olan tarixi abidələr haqqında danışacağıq. Əlbəttə, az vaxtda böyük bir bölgədə hansı tarixi abidənin salamat qalıb-qalmadığını tam müəyyənləşdirmək çətindir. Ancaq fakt budur ki, ermənilər demək olar, gözlərinə dəyən hər şeyi, xüsusən də tarixi abidələri dağıdıb, talayıb, oğurlayıblar.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun tədqiqatında bu vacib məsələyə aydınlıq gətirilir. Laçının memarlıq abidələrindən Hoçaz kəndində mağara-məbəd (V əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsrlər), Zeyvə kəndində Kafir qalası (XVII əsr), Sultanbaba türbəsi, Şeyx Əhməd türbəsi, adsız türbə (XIX əsr), Qanqışlaq kəndində məscid (1718-ci il), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761-ci il), Həkəri çayı üzərində körpü (XVIII əsr), Kosalar kəndindəki Ağoğlan məbədi (XIX əsr), Güləbird kəndində türbə və b. xüsusilə qeyd olunur.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirir ki, Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta "tarixi" lövhə yerləşdirilib. Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaçdaşları basdırılıb. Əlbəttə, bu, növbəti erməni bicliyidir: sabah sübut etsin ki, bu ərazilər ermənilərin dədə-baba torpaqlarıdır.

Alim vurğulayır ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb. Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb. İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoçat fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib, aparılması mümkün olanlar isə daşınıb.

İşğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi. Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir: Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılıb. Bütün bunlar protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir.

1920-ci il noyabrında keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Azərbaycan torpağı olan Zəngəzur bölgəsi 2 yerə bölünüb. Nəticədə Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalıb, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilib. Əzəli türk yurdu olan Laçın Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji əhəmiyyətli rayondur: 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı".

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan Məlik Əjdər türbəsinin içərisi dairəvi, bayır tərəfdən isə səkkizbucaqlı formadadır. Türbəyə düzbucaqlı aşırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daşla örtülüb. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur. Araşdırıcılar Cicimli türbəsinin XII-XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.

El arasında Kar günbəz adlanan ikinci Cicimli türbəsi içəridən xaçvarı, bayır tərəfdən isə kvadrat şəkillidir. Bu abidənin XVII əsrdə inşa edildiyi ehtimal olunur.

Həmzə Soltan sarayı Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray genişböyük zala xeyli sayda yardımçı otaqlaradivanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırıblar. Hətta işğalçılar Həmzə Soltan sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi də istifadə edirdilər.

Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-ci ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərib. Bu muzey yüksək bədii-tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi. Muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış plastik sənət nümunələri, süjetli oymalar, atqoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzeydə geniş şəkildə ekspozisiyalar təşkil olunurdu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmışdı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olub. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilmişdi. 1992-ci ilin may ayında Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb. Muzey kompleksi erməni vandalları tərəfindən tamamilə dağıdılaraq yerlə yeksan edilib.

1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış, abidəsi ucaldımışdı. Laçın rayonunun işğalı nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş, talan olunmuşdu.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilərək yandırılıb. Nadir əhəmiyyətə malik 40 min muzey sərvəti və eksponat talan olunub. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min nüsxə kitabnadir incilərdən sayılan əlyazmalar məhv edilib.

Laçın rayonu ərazisindəki memarlıq abidələrinin çoxu Qafqaz Albaniyası dövrünün yadigarları olduğu memarlıq elmləri doktoru D.Axundov və fəlsəfə üzrə fəlsəfə doktoru M.Axundovun tədqiqatlarında vurğulanır. Alimlər "Qafqaz Albaniyasının stellalarında dini simvolika" və "Dünyanın mənzərəsi" adlı məqalədə ("Azərbaycan abidələri" məcmuəsi, N01, 1984) göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında qadın, Ay allahı təsvir olunub. Göstərilən bu stellala bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə daha qədimlərə aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində olub. Belə abidələr, Laçınla qonşuluqda yerləşən Kəlbəcər rayonu ərazisində də mövcud idi. Məlum olduğu kimi, Kəlbəcərin bir hissəsi Alban Xaçın Knyazlığının tərkibində olub. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adlar Xaçınla bağlıdır. Bozlu kəndi ərazisində olan Xaçın daşı və s. Ola bilsin ki, vaxtilə bu yerlərin bir hissəsinin Xaçın knyazlığı ilə əlaqəsi olub. Ancaq buna baxmayaraq Ermənistan bu abidələri həyasızcasına özününküləşdirib, bu istiqamətdə yalan təbliğatını qurub. Ancaq artıq daş qayaya rast gəlib. Ermənilər artıq anlayacaqlar ki, yalanları yeriməyəcək.

Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin hasardakı türbələri, Şeyx Şamillə dostluq etmiş Cəbrayıl bəyin türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının arxitekturalı Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edilib.

Memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Güləbirddəki türbənin taleyi də qaranlıqdır.

 

 

Elçin Qaliboğlu

Xalq Cəbhəsi.- 2021.- 18 mart.- S.13