Lənkəranın
ölümsüzlüyə qovuşan qəhrəman
oğlu
Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şərəfli bir zəfər gətirdi. Belə ki, Azərbaycanın qorxmaz, cəsur övladları 30 il düşmən tapdağında əzilən əzəli yurd yerimiz Qarabağı 44 günə azad edib, böyük tarixi keçmişə malik bir xalqın həsrətinə son qoydular. Lənkəran rayonu, Nüvədi kəndindən olan Vüsal Kamran oğlu Kazımov da bu haqq savaşımızda xüsusi hünər göstərdi və canını Vətəninə fəda etməklə tarix yazdı. Bu gün Vüsal cismən aramızda olmasa da, adı Lənkəran camaatının dilində əsl övlad məhəbbəti ilə çəkilir, ürəklərdə yaşayır.
Ömrünün 30-cu ilində Vətən müharibəsinin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası Kamran müəllim Lənkəran Dövlət Universitetində çalışır. Dosentdir. Daxilən zəngin, nəcib, xeyirxah insan olan, ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Kamran müəllim həmişə çalışır ki, tələbələri yüksək bilik almaqla bərabər, həm də Vətəni, torpağı sevməyi bacarsınlar. Bu kamil insan cənub bölgəsində böyük hörmət sahibidir. Vüsalın anası Gülər xanım isə Lənkəran rayonu, Yuxarı Nüvədi kənd məktəbində müəllimidir. Böyük ürək, həssas qəlb sahibi olan bu gözəl insan peşəsini sevdiyinə və nəcib əməllərinə görə insanların hörmətini qazanıb. Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərini özündə yaşadan ailədə böyüyən, saf insanlardan tərbiyə alan Vüsal yetkinlik yaşına çatanda bütün varlığı ilə Vətəninə, xalqına bağlanır. Həyatda dəyərli, mənalı ömür yaşamaqdan ötrü ən düzgün yolu ali təhsil alıb insanlara fayda verməkdə görür. Bu müqəddəs amalla 2007-ci ildə sənədlərini Lənkəran Dövlət Universitetinə verir, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasını seçir. Təhsil aldığı illərdə Vüsalın savadı, mənəvi saflığı, dünyagörüşü, həyata fərqli baxışı onu həmişə tələbələrin, müəllimlərin maraq dairəsində saxlayır. Məktəbi bitirəndə artıq onun adı da cəmiyyət tərəfindən hörmətlə qarşılanan insanlar sırasında çəkilir.
Vüsal Kazımov 2011-ci ildə ordu sıralarına yola düşür. İki ay Təlim Tədris Mərkəzində kursant olur. Tağım komandiri vəzifəsində Vətənin keşiyində durur. Vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, Vətənə əsl oğul məhəbbəti, millətinə bağlılığı xidmət etdiyi hərbi hissədə onun hörmətini, nüfuzunu artırır. Həmişə mənfur düşmən tapdağında olan Qarabağı düşünən komandir deyir:” Müqəddəs Vətən torpaqları uğrunda döyüşüb, onu işğalçılardan azad etmək bizim birinci borcumuzdur.”
Qəlbi Qarabağı azad görmək eşqi ilə döyünən Vətən nümunəvi xidmətdən sonra doğma Lənkərana qayıdır. Xeyirxah, ülvi məqsədlərə doğru inamla irəliləyən gənci Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə götürürlər. İşinə sevgiylə yanaşır, səmimiyyəti, səmərəli, məhsuldar fəaliyyəti ilə seçilir. Yaşayıb-yaratmaq həvəsi ilə çalışan Vüsal işləməklə bərabər, hə də Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasi üzrə təhsil alır. İşgüzarlığını, insanlara təmənnasiz münasibətini nəzərə alıb onu Lənkəran şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru vəzifəsinə təyin edirlər. Vüsal burada da öz yolunu davam etdirir, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün böyük səy göstərir. Həmişə xəyalı Qarabağ torpaqlarında dolaşır, birinci Qarabağ müharibəsi şəhidlərin xatirəsinə idman yarışları keçirməklə uşaqlara qəhrəmanlıq hissləri aşılayır. Peşəsinə, işinə insan mənəviyyatın sehrli güzgüsü kimi baxan bu, dəyərli gənc müəllimlərin, şagirdləri sevimlisinə çevrilir.
El-obada xeyirxah əməlləri ilə tanınan, Qarabağın yağı tapdağından qurtulması üçün mübarizəyə hazır olan Vüsal Vətən müharibəsi başlanan gündən doğma sinəsini Vətənə sipər edən qəhrəmanların cərgəsinə qoşulur. Baş leytenant Füzulidə, Cəbrayılda, Xocavənddə şiddətli döyüşlər zamanı şücaət göstərərək, yağı düşmənə xeyli itki verir. Azad olunan torpaqları gördükcə qəlbindəki Vətən sevgisi aşıb-daşır. Döyüşlərə qələbəmizə böyük inamla atılır. Mənfur erməni faşistləri ağır məğlubiyyətlərə uğramaqla ad qazanır. Təəssüf ki, Şuşada, müharibə meydanında döyüş zamanı düşmən gülləsi ondan yan keçmir. Vüsal adını Zəfər tariximizə müqəddəs qanı ilə yazır.
Vüsalın halal ailə ocağında Nuray, Aynur adında iki qız uşağı böyüyür. Onlar ata məhəbbət görməsələr də, Vüsal kimi bir igidin övladları olduqları üçün həmişə fəxr edəcəklər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Xalq Cəbhəsi.-
2021.- 8 may.- S.5.