“Azərbaycan”  qəzetinin səhifələrində 

 

 96-cı yazı

 

Urmiya canilərinin barəsində səhra məhkəməsinin hökmü

Azərbaycan millətinin adına

 

1.Ali səhra məhkəməsi 17.04.1946-cı il tarixindən 22.04. 1946-cı il tarixinə qədər general Mahmud Pənahiyanın rəyasəti altında aşağıda qeyd olunan hakimlərin üzviyyəti ilə:

1) Cənab Müvəkili (Ədliyyənin ali rütbə üzvlərindən)

2) Podpolkovnik Şəfai

3) Podpolkovnik Hatəmi

4) Mayor Gazi

və Azərbaycanın Baş prokuroru cənab Firidun İbrahiminin iştirakı və mayor İshaqi və Mümtaz Mehrab cənablarının katibliyi ilə “Firdovsi” məktəbinin salonında açıq surətdə təşkil olundu.

2.Müttəhimlər ibarətdirlər:

1) Qərargahın polkovniki Əhməd Zəngənə. Urmiyanın sabiq ostandarı (valisi – red.) və Urmiya hərbi hissəsinin komandiri, 42 yaşında, savadlı, ailəli, övladlı, müsəlman və İran təbəəsi;

2) Jandarma polkovniki Əli Əkbər Nurbəxş. Urmiyada olan jandarma polkunun komandiri, 40 yaşında, savadlı, evli, övladlı, müsəlman və İran təbəəsi;

3) Mayor Qasım Baharvənd. Urmiya briqadasının qərargah rəisi, 30 yaşında, savadlı, evli, övladlı, müsəlman və İran təbəəsi. Öz müdafiə vəkilləri cənab Hüda və cənab Pişva ilə məhkəmədə hazır imişlər.

3.İttiham mövzusu: Müttəhimlər öz rəsmi məqamlarından sui-istifadə edərək aciz, qoca, xırda yaşlı, silahsız əhalini vəhşi bir tərzdə pulemyot və süngi ilə öldürüb, paralayıb və tank zəncirləri altında məzlum Urmiya xalqını əzib və qırmışlar.

4.Məhkəmənin rəyi: mühakimənin axırıncı iclası 22.04.1946-cı il tarixində saat 13:30-da təşkil olunmuş, müttəhimlərin son müdafiələrini eşitdikdən sonra saat 13:57-də mühakimənin sona çatması məhkəmə rəisi tərəfindən elan edilmiş və bilafasilə hakimlər məşvərətlə məşğul olmuşlar. Saat 15:15-də məhkəmənin rəyi çıxmış, aşağıdakı şəkildə və qaydada elam olunmuşdur.

Məhkəmənin rəyi: Qazilərin birgə rəyi ilə aşağıda qeyd olunan səbəblər üzərində müttəhimləri müqəssir tanıdılar:

1) 500 nəfərin faciəli şəkildə 12-18 dekabr 1945-ci il tarixləri arasında Urmiya şəhəri və ətrafında öldürülməsinin həqiqi olması bir faciənin isbatı üçün məhkəməyə böyük və kafi bir dəlildir;

2) Polkovnik Zəngənə və Nurbəxş göstərilən dəlillərə görə bu faciənin səbəbkarları kimi tanınırlar:

a) Məhkəməyə sabitdir ki, Tehran hökuməti 21 Azərdə (12 dekabr 1945-ci ildə - red.) bütün Azərbaycanda olan hərbi hissələrə müqavimət göstərməmək və silahı yerə qoymaq əmri verib. Buna şahid Təbriz, Ərdəbil, Marağa, Miyandoab hərbi hissələrinin bu tarixdə təslim olmalarıdır.

b) Polkovnik Zəngənə, polkovnik Nurbəxş və mayor Baharvəndin 21 Azərdə Tehrandan və Təbrizdən müqavimət göstərməmək əmrinin verilməsi və onun icra olunmamasının tələfata səbəb olması barədə əməliyyat və məxfi sənədləri aradan aparmaları 2-ci bir dəlildir;

c) Polkovnik Zəngənənin və polkovnik Nurbəxşin məhkəmədə hadisənin baş verməsi barədə səmimi etirafları faciənin baş verməsini sübut edir;

d) Qətllərin baş verməsi jandarmanın briqada komandiri və ya polk komandirinin jandarmalara və əsgərlərə verdiyi əmrlə icra olunub;

e) İcraçıların və müdafiə vəkillərinin onların təslimindən sonra bir hadisənin törənməməsi barədə etirafları 12-18 dekabr 1945-ci il tarixləri arasında baş vermiş faciələri isbat edir.

Urmiyada əsgərlərin və jandarmaların əli ilə törədilən faciələr barədə şahidlərin açıq etiraflarına, yuxarıda qeyd olunan dəlillərə, cinayət işindəki sənədlərə görə qərargah polkovniki, ostandar, briqada komandiri Əhməd Zəngənə Urmiyədə baş vermiş faciənin birinci səbəbkarı, sifarişçisi və xalqın düşməni tanınır və onun günahı məntiqdir. Ordu Prosessual Qanununun 341-ci maddəsinə görə ölüm cəzası onun üçün haqqlı və layiqli bir cəza olaraq məhkəmə tərəfindən təyin edilib. Amma səhra məhkəsininin hakim heyəti xalqımızın nəcabət, rəhmdillilik və ruh yüksəkliyinə dayanaraq Ümumi cəza qanununun 44-cü maddəsindən istifadə edib cəzasını yüngülləşdirməklə onu 10 il həbsə məhkum edir. Qoy bütün dünyaya sübut olsun ki, Azərbaycan xalqı hətta öz düşmənlərinə də iranlı olmaq naminə güzəştə gedir. Qoy İran mürtəceləri bilsinlər ki, Azərbaycan xalqı qan tökməyə nifrət edir, dünyada qardaş qanı tökməkdən rəzil və alçaq bir iş bilmir. Qoy bu mürtəcelər bilsinlər ki, Azərbaycan Milli Hökuməti və Milli Məclisi qan tökməyə qarşı nifrətlə baxır.

Polkovnik Əli Əkbər Nurbəxş Ordu Prosessual Qanununun 341-ci maddəsi və Ümumi cəza qanununun 44-cü maddəsi nəzərə alınmaqla təqsirli bilinib 10 il həbs cəzasına məhkum olunub. Mayor Bahadurvəndin ittihamı cəbhə növündən asılı olaraq günaha şərik olmaq kimi qiymətləndirilməklə Ümumi cəza qanununun 44 və 45-ci maddələri nəzərə alınmaqla 6 ay həbsə məhkum olunub.

Həbsin müddəti müttəhimlərin həbs olunduqları 19.12.1945-ci il tarixindən hesab olunmalıdır.

Səhra məhkəməsinin sədri, general Pənahiyan.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.1946

 

***

 

Məmləkət xəbərləri…

 

Miyanduabdakı yeni xəstəxana

 

Xüsusi müxbirimizdən: Dünən axşam təsadüfən Milli hökumətimizin tərəfindən Miyandoabda yeni təsis olunmuş xəstəxanaya yolum düşdü. Sevimli Baş nazirimiz tərəfindən verilən göstərişin üstündən hələ 10 gün keçmədiyi halda 30 yataqlı (yəni çarpayılı) xəstəxana təmiz və səliqəli bir vəziyyətdə düzəlib və eyni zamanda xəstə qəbul etməyə başlamışdır. Yataqların 13-də xəstə yatırılmış, 17-i hələ boş idi. Doktoru, dərmanı, yeməyi, rahatlığı hər cəhətdən təkmil idi. Doktorun icazəsi ilə bir-bir otaqları gəzməyə başladım. Bu cür əhəmiyyətli bir müəssisənin çox sürət və təmizliklə mədəni ölkələrdə olduğu tərzdə quruluşu məni heyrətə saldı. Çünki 4 aylıq fəaliyyət həyatına malik olan cavan Milli hökumətimiz hər bir sahədə həqiqətən möcüzə göstərməkdədir. Bundan əvvəlki xain, tənbəl hökumət zamanında 4 ay, 4 il müddətində deyil, hətta 40 illik məşrutə (konstitusiyalı dövlət quruluşu – red.) dövründə belə təsis etmədiyi və yaxud edə bilmədiyi bu kimi mədəni və səhiyyə müəssələrini milli dövlətimizin bir neçə günün içində, belə bir ağır şəraitdə, daha da böyük işlər ilə məşğul olduğu halda yoxdan vücuda gətirməsi möcüzə deyildir də bəs nədir? Xülasə, orada yeni yatırılmış xəstələrə necə baxıldığını bilmək üçün yaxından məlumat almaq istədim. Xəstələr rahat və böyük ümid ilə təmiz və isti yataqlarda yatırılmışdılar. Ağır xəstələrin birisindən onun yeməyindən, istirahətindən razı olub olmadığını soruşduğum zaman çox böyük razılıq göstərdikdən sonra onun yanından ayrılmaq istədikdə dodaqlarının tərpəşdiyini hiss etdim. Nə istədiyini soruşdum. Həzin-həzin yavaş səslə Azərbaycan xalqını səadət yoluna hidayət edən yeni cavan hökumətimizə dua etməsini görürdüm. O deyirdi ki, həqiqət yeni dövlətimizin pənahı olsun.

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 181, 24.04.194

 

***

Xalqımız milli dövlətini son damla qanı qalana qədər hifz edəcəkdir

 

Tarixlər boyu zülm zənciri altında inləyən xalqımıza bugünkü azadlığı və ölkəmizin günü-gündən çiçəklənməsini verən yalnız Azərbaycan Demokrat Firqəsidir.

Firqəmiz ağır və dəhşətli günlərdə belə xalqımzın düşmənləri ilə mübarizə etməkdən çəkinməmişdir. İndiki şəraitdə yalnız firqə üzvləri deyil, eyni zamanda fəhlələr və kəndlilər, ümumiyyətlə xalqımız uşaqdan böyüyə qədər hərbi təlimi öyrənməlidirlər. Çünki bizim azadlıq hərəkatımıza qarşı bayquş kimi səslənən mürtəcelər hələ səslərini kəsməmişlər. Onlar belə xəyal edirdilər ki, bizim xalqımızın öz müqəddəratını idarə etmək bacarığı yoxdur. Artıq tarix bunu bütün dünyaya göstərdi ki, xalqımız öz evini idarə etməyə və qorumağa, cavan milli dövlətini saxlamağa qadirdir.

Lakin biz bu yadigar müvəffəqiyyətlər ilə kifayətlənməməliyik. Çünki biz indi ağır bir gün keçiririk. Xalqımızın qanı bahasına aldığımız azadlığımızı göz bəbəyi kimi qorumalıyıq. Biz müharibə etmək istəmirik, lakin hər kim olursa-olsun, bizim torpaqlarımıza əl uzadarsa, öz torpaqlarında məhv ediləcəkdir. Bunu da qeyd etmək lazımdır ki, fədailərimiz tərəfindən Zəncan və Miyana ilə Marağa arasında olan mürtəce qüvvələrin darmadağın edilməsi, xalqımızın qurduğu milli dövlətinə bəslədiyi maraq bütün dünyaya bir daha sübut etdi ki, o, öz qurduğu dövləti saxlamağa qadirdir. Xüsusilə biz bilməyilik ki, “...Biz hələ də mübarizə meydanındayıq. Lakin biz istəmirik ki, qan tökülsün. Çünki bir nəfəri öldürmək asandır, yaratmaq çətin...” (Azərbaycan xalqının sevimli rəhbəri cənab Pişəvərinin kəndlilər konfransında söylədiyi nitqdən).

Qulam Musazadə

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946

 

***

Məhəmməd Əzmi: "Azadlığımızı müdafiə etmək milli həyatımızı müdafiə etməkdir"

 

Bu gün bizim bu müqəddəs vətənimizdə azadlıq bayrağı əsir. Bu gün şanlı ölkəmizdə istismar fənaya məhkum olduğundan irtica aradan gedib onların yıxıntıları və xarabaları üzərində milli hakimiyyətimizin sağlam binası qoyulubdur. Azərbaycanın azadlıq aşiqi olan xalqı keçən dövrün xüsusiyyətlərindən olan əxlaq pozğunluğu, zülm etmək, qan içmək, oğurluq və hər cür insaniyyəti təhqir edən əməllər kimi acı xatirələri nəzərdən keçirəndə bu günün qədrini bilir və öz vətəndaşlarının qanı bahasına alınan azadlığı əziz tutur. O, bu gün iftixar, şan və şərəflə yaşamağı sevir. Çünki o indi həyatın həqiqi mənasını dərk edib və səadətə nail olubdur. O əsarət zəncirləri altında keçirilən yaşayışı həyat hesab etmək olmaz.

Əsarətdə keçirilən dirilik bir həyat demək deyildir. Heç kimsə əsir üçün bu günədək həyat haqqına nail olmayıbdir. Buna görə də daha əsir düşüb təhqir olunmamağı və bundan sonra zillət və həqarət görməməyi Azərbaycan xalqı qərara almışdır. Bu, millətimizin və xalqımızın son qərarı və sarsılmaz iradəsidir. Bir daha o tarixi bədnam hadisəlrin təkrarına imkan verməmək üçün öz milli vəzifəmizi layiqincə yerinə yetirib malımız, canımız və son qətrə qanımızla azadlığımızı müdafiə etməliyik. Azadlığımızı müdafiə etmək dünənimizi, bu günümüzü və gələcəyimizi müdafiə etmək deməkdir.

Azadlıq olmayan yerdə əsarət, zülm, işgəncə, qanunsuzluq, haqsızlıq və ədalətsizlik hökmrandır. Azərbaycanlı bu gün onun üçün həqiqətdə “ölümdən sonra dirilik” olan bu azadlığı, bu yeni həyatı və onun şanlı gələcəkdə olacaq fərdi və milli səadəti bu ali həyatdan asılıdır, bütün varlığı və imanı ilə ona bağlıdır. Buna görə o, bu gün bütün varlığı ilə öz milli hakimiyyətinin möhkəmlənməsinə çalışır və indiyə qədər əldə etdiyi müvəffəqiyyətləri qorumaq uğrunda hər növ mübarizəni bir müqəddəs vəzifə bilib özünü tam hazır etmişdir.

Azərbaycanın igid və qəhrəman xalqına eşq olsun!

 

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946

 

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

 

Xalq Cəbhəsi.- 2021.- 25 may.- S.14.