Ocaqnejad kimdir və
onun Azərbaycanda nə işi
var?
Kimlərsə kimə beyət etmək, əlini öpmək istəyirlərsə, qoşulsunlar Ocanejada və onunla bərabər Qumda “qum saatı”nın geriyə - feodal dövrünə qayıdan zərrəciklərinə tamaşa etsinlər
İranın Azərbaycanda uzun illərdir ki, həyata keçirdiyi bölücülük siyasəti, ölkənin ictimai-siyasi həyatına nüfuz etmək, müxtəlif adlar altında təzyiq qrupları formaşdırmaq cəhdləri, din və məzhəbçilik üzərindən təşviq olunan təbliğatla dövlətimizin konstitusion quruluşuna qarşı apardığı gizli və məkrli mübarizə kimsəyə sirr deyil. Müstəqilliyimizin ilk illərindən dövlətçiliyimizə və dövlətçiliyimizin keşiyində duran insanlara tuşlanan ideoloji və digər “silahların” üzərində İranın barmaq izləri var və bu gün də görünməkdədir. 30 il ərzində dəfələrlə ölkəmizdə müxtəlif təxribatlar həyata keçirmək istəyən və “quyruqları” İrana gedib çıxan şəxslər, qruplar, cəsus şəbəkələri ifşa olunub, terrora cəhd edənlər zərərsizləşdirilib, yaxud ədalət məhkəməsinin qarşısına çıxarılıblar. Ötən illər ərzində Azərbaycanda ifşa olunan cəsus şəbəkələrinə sahiblik edənlərin ön cərgəsində İran dayanır və bu barədə məlumatları əldə etmək üçün xüsusi bilgiyə malik olmaq da lazım deyil.
Təkcə “İslam partiyası işi” adı altında aparılan məhkəmə istintaqının materialları yetərlidir ki, İranın Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasətin ikrah doğuran, ürək bulandıran tərəflərini görmək mümkün olsun.
Lakin Birinci Qarabağ Müharibəsinin ilk günlərindən İranın Azərbaycan torpaqlarını işğal və viran edən, xalqımıza qarşı soyqırım cinayətləri törədən, bir milyon vətəndaşımızı yurdundan didərgin salan, məscidlərimizdə donuz saxlayan, qəbirlərimizi, ziyarətgahlarımızı, abidələrimizi darmadağın edən Ermənistanın yanında yer alması, rəsmi Tehranın müxtəlif şəbəkələr vasitəsilə ölkəmizdə həyata keçimək istədiyi siyasətin gerçək üzünü tam çılpaqlığı ilə gün işığına çıxarıb və nəticədə İran layiq olduğunu – Azərbaycan xalqının neqativ münasibətini qazanıb.
Bütün bunlarla yanaşı bir məqama diqqət çəkməyi də vacib hesab edirəm:
Ötən illər ərzində Azərbaycan-İran münasibətlərində hər dəfə müəyyən gərginlik, yaxud regionda baş verən proseslərlə bağlı fikir ayrılığı yarananda medianın gündəminə, ölkəmizdəki mövcudluğu beynəlxalq və dövlətlərarası münasibətlər sisteminin heç bir ölçüsünə, standartına uyğun gəlməyən bir ad – “höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad” – çıxıb ortalığa. Gərginliyin, ziddiyyətlərin olmadığı dövrlərdə isə öz ideoloji zəhəri ilə müstəqil, dünyəvi Azərbaycan dövlətinin vətəndaşlarının beynini zəhərləməyə, onları milli təəssübkeşlik hissindən, Vətən və Dövlət sevgisindən uzaqlaşdırmağa, düşüncələrinin “qiblə”sini Tehrana yönəltməyə çalışıb.
Və hər dəfə bu ad pırtlayıb ortaya çıxanda cəmiyyətimizdə haqlı bir sual yaranıb: Ocaqnejad kimdir və onun Azərbaycanda nə işi var? Diplomat deyil, ticarət təmsilçisi, hərbi attaşe, şirkət rəhbəri deyil. İran İslam Respublikasının ali dini rəhbərinin nümayəndəsidir... və belə bir şəxsin ölkəmizdə fəaliyyət göstərməsi Azərbaycanın mövcud konstusion dövlət quruluşunun fəlsəfəsinə ziddir.
Hansı səbəblərdən və hansı əsaslarla İran İslam Respublikasının ölkəmizdə dini təmsilçiliyi olmalıdır? MəgərAzərbaycanın İranda analoji olmasa da, fəaliyyəti baxımından oxşar nümayəndəliyi var? Yoxdur! Ola da bilməz və olmamalıdır da! İranın da həmçinin... Səfirliyi var, bəsdir!
44 günlük müharibə dövründə Ocaqnejadın nəzarəti altında yaradılmış, Qumdan idarə olunan və İrandan maliyyələşən “Hüseynçi”, “Zəhraçı”, “Cəfəri” və digər bu kimi qrupların Azərbaycan xalqının Vətən sevgisindən, şəhidlərə və onların ailə üzvlərinə olan ehtiramından necə sui-istifadə etmək istədiklərinin, şəhidlərin dəfn, yas və anım mərasimlərini İranın ideoloji təbliğat meydanına çevirməyə cəhd göstərdilərinin şahidi olmuşam. Təsəvvür edin, sənin beyət elədiklərin, köləsi, əl buyruqçusu olduqların qatillərin, müharibə canilərin yanında yer ala, uzun illər boyu işğala, zülmə dəstək verə, şəri müdafiə edə, sən isə zülmə, işğala qarşı savaşda canını qurban verənlərin dəfn, yas və anım mərasimlərində onların qəhrəmanlığından özünə pay götürməyə, insanların saf, təmiz, Vətən sevgisi ilə yoğrulmuş hisslərini istismar etməyə çalışasan. Mənə görə, bu bəşər tarixində misli görünməmiş bir riyakarlıqdır.
Qeyd edim ki, 44 gün ərzində Qumdan idarə olunan miskin kölələrin, cəsus şəbəkələrinin sosial şəbəkələrdə apardıqları təbliğat ermənilərin təbliğatını dəfələrlə üstələyirdi. İranın trol şəbəkəsi fasiləsiz olaraq iş başındaydı, hər statusun, hər rəyin altından bir Qum “molla”sının, o cümlədən həmin o Ocaqnejadın muzdlu müdafiəçiləri, manqurtlaşmış kölələri, beyni təbliğatdan kif bağlamış əlaltıları çıxırdı... İranın bir dövlət olaraq etdiklərinin – Ermənistana verdiyi dəstəyin, Azərbaycan Ordusunun müzəffər yürüşünün, qəhrəman əsgər və zabitlərimizin rəşadətinin üzərinə kölgə salmaq cəhdlərinin, rəsmi İrəvanın “muzdlu və terrorçu”larla bağlı təbliğatına, mollalar demişkən, necə dəstəvuz verdiyinin hər kəs şahidi olduğu üçün təkrara yol vermək istəmirəm.
Azərbaycan dövləti din və vicdan azadlığına xüsusi önəm verir. Ölkəmizdə hər il yeni məscidlər inşa olunur, bərpa edilir və təkcə müsəlmanların deyil, digər dinlərin nümayəndələrinin ibadətləri üçün hər cür şərait yaradılır. Bizim başqa ölkədən ixrac olunan ideoloji təbliğata, “məzhəb ehsanı”na ehtiyacımız yoxdur. Ümumiyyətlə, İslam dinində mərkəzləşdirilmiş idarəçilik, yaxud təqlidçilik sistemi yoxdur. Azərbaycanın siyasi mərkəzi Azərbaycanda olduğu kimi dini mərkəzi də Azərbaycandadır. İndi kimlərsə kimə beyət etmək, əlini öpmək istəyirlərsə, qoşulsunlar Ocanejada və onunla bərabər Qumda “qum saatı”nın geriyə - feodal dövrünə qayıdan zərrəciklərinə tamaşa etsinlər.
Azərbaycandakı bütün məscidlər AZƏRBAYCANDAN İDARƏ OLUNMALIDIR! O cümlədən "Hüseyniyyə məscidi" adlı ibadət məkanı... Kimsənin Azərbaycan Respublikasının ərazisində oturub İranın Konstitusiya quruluşumuza və hüquqi dövlət anlayışımıza zidd olan "vilayəti-fəqih" ideologiyasını təbliğ etmək hüququ və səlahiyyəti yoxdur. Azərbaycanda İrandakı teokratiyaya rəğbət bəsləyən kütlənin formalaşdırılması yönündəki həyata keçirilən fəaliyyət heç bir halda məqbul sayıla bilməz . Bu Konstitusiyaya, qanunlarımıza, milli maraqlarımıza zidd fəaliyyətin, həmçinin İranın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin qarşısı ən sərt şəkildə alınmalı, bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Biz öz dəyərlərimizə sahiblənməyi hər kəsdən yaxşı bacarırıq və Azərbaycan xalqının minillərin sınağından keçirərək bu günümüzə daşıdığı mənəvi dəyərlər bütün bəşəriyyət üçün nümunə ola bilər. Çünki bətnində sevgi, iman və inam daşıyır, hər kəsə azad bir şəkildə, cəmiyyətin birgəyaşayış qaydalarını və ictimai harmoniyanı pozmadan öz mənəvi ehtiyaclarını ödəməyə imkan verir.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist, “Xalq cəbhəsi” qəzetinin baş
redaktoru
Xalq Cəbhəsi.- 2021.- 7 oktyabr.-
S.1;3.