“Sənə də,
Şuşana da qurban olum”
28 ildən sonra boya-başa çatdığım,
atalı-analı günlərimin şahidi- Qubadlıya
doğru yol gedirəm. Bilirəm ki, getdiyim son dayanacaq Horadiz şəhəri(əvvəllər
qəsəbə adlanırdı A.Ş) olacaq. Yenə
də sevinirəm. Sevinirəm ki, 28 il bundan öncə
getdiyim yolları, keçdiyim kəndləri, bu gün
yalnız son dayanacaq Horadiz olan dəmir yollarını görəcəm
və cəmi 100 kilometr məsafədə yerləşən
Qubadlının havasını (mübaliğə olsa belə-
A.Ş.) ciyərlərimə çəkəcəm. Artıq yollar abad və rahatdır. Kəndlər, salınan yeni qəsəbələr,
eləcə də Horadiz şəhəri ğözəlləşib.
Füzulinin ərazisindən hər dəfə
keçib gedəndə və qayıdanda Azərbaycanı
ikiyə bölən tikanlı məftillər, dirəklər
eynilə qalır. Əvvəllər onlara
hər baxdığımda torpaqlarımızı ikiyə
bölənlərə içimdə lənətlər
yağdırar, ancaq nifrətimi gözlərim ələ verərdi.
Bu gün isə lənətimi də, nifrətimi
də dilim söyləyirdi. Və əminəm
ki, gec-tez bu tikanlı məftillər, dirəklər
söküləcək. Necə ki, 27 ildən sonra Ali
Baş Komandan İlham Əliyevin əmrilə
torpaqlarımız Ermənistan silahlı qüvvələri,
eləcə də terrorçulardan azad olundu...
Mən dözə bilərdimmi?
...Yol
yoldaşlarım Rəhimə xanım və həyat
yoldaşı ilə birgə 44 günlük Vətən
Müharibəsində Füzulinin, Zəngilanın, Xocavəndin
azad olunmasında qəhrəmanıq göstərmiş,
Şuşa uğrunda vuruşarkən şəhidlik zirvəsini
qazanmış Vüqar İsmayıl oğlu Zamanovun
böyüyüb, boya-başa çatdığı Horadiz
şəhərindəki evlərinə, anasının ziyarətinə
gedirik. Maşın ana yoldan Zamanovlar ailəsinin
yaşadıqları küçəyə dönəndə
uzaqdan Azərbaycanın və Türkiyənin qürurla ucalan
bayraqları diqqətimi çəkir. Həmin
evdi. Zəndimdə yanılmamışam.
Giriş qapısının düz yanında
bulaq inşa edilib, Vüqarın baralyefi vurulub. Hər tərəfi də gül-çiçəklə
bəzədilib. Həyətə daxil
oluruq. Bizi anası-Lətifə xanım,
bibisi-Yeganə xanım, bacısı Nəzakət xanım və
qardaşı Qənbər qarşılayır. Vüqara Allahdan rəhmət diləyib, evə
keçirik. Otaqların hər birində
Vüqarın şəkilləri var. Şəkillərinə
baxıram və ilk təəssüratım belədir-adına
layiq oğuldu-vüqarlı, əzəmətli, boylu-buxunlu, həm
də igid. ..
...Vüqar
1995-ci il martın 10-da Horadiz şəhərində
dünyaya gəlib. İsmayıl bəy və Lətifə
xanımın ikinci övladlarıdı. 2002-ci
ildə Horadiz şəhər 2 saylı tam orta məktəbin
birinci sinfinə gedib, 2013-cü ildə həmin məktəbi
bitirib. Elə həmin il hərbi xidmətə
çağrılıb. Atanın, ananın
güvənc yeri olan Vüqar hərbi xidməti başa
vurduqdan sonra ailəyə kömək məqsədilə
müxtəlif işlərdə çalışıb.
Lakin torpaqların hələ də işğal
altında olması və əmisi, Birinci Qarabağ Müharibəsinin
şəhidi Afiqin qisasını almaq qərarı onu yenidən
hərbiyə yönləndirir. Və bu
barədə atasına qərarını bildirir. Atası xeyir-dua verir və Vüqar 2016-cı ildə
Azərbaycan Silahlı Qüvvələrinin sıralarına
müddətdən artıq həqiqi hərbi xidmətə qəbul
olunur.
Afiqin
bacısı, Vüqarın bibisi Yeganə xanım yana-yana
bilmir hansı şəhidinin həyatını
danışsın:”Afiq əmim qızıyla ailə qurdu. Cəmi 3 gün bir yerdə yaşadılar. Orduya çağrıldı. 1993-cü
ildə Füzulinin Govçad kəndində şəhid oldu.
Qardaşımın ili çıxandan
sonra atam, anam əmim qızına başa saldılar, xeyir-dua
verdilər ki, qismətin çıxsa ailə qur. Ancaq əmim qızı bu fikri yaxına qoymadı
belə və sözü bu oldu ki, Afiqə xəyanət etməz.
Vüqarın şəhid olması Afiqi bizə
sanki unutdurdu. Sinəmizə elə dağ çəkilib
ki...”
Lətifə xanıma baxıram. Bu anaya təskinlik
verəcək sözlər yoxdu. Sadəcə
Allahdan səbr diləmək qalır. Vüqar
haqqında danışmağını xahiş edirəm:”Vallah
nə deyim. Bütün anaların
oğulları onlara əzizdir. Ancaq
Vüqarım başqa oğul idi. Arxam,
dayağım, güvənc yerim, fəxrlə
öyündüyüm, elin-obanın qüruru olan
oğullardanıydı. Kaş ki...” Ağlayır.
Deyə bilmirəm ağlama. Necə deyim? Özümü onun
yerinə qoyuram bir anlıq. Mən dözə
bilərdimmi?
“...Ermənilər
hücum edəndə evimizdən, eşiyimizdən olduq. O vaxt
qızımın 3 yaşı vardı, Vüqar da körpəydi.
Bəhrəmtəpə deyilən yerdə
yaşayış üçün yararsız olan bir komaya
sığındıq. Bura da o qədər
maşın təkərləri qoymuşdular ki, güclə
yerləşirdik. Bir gün Vüqarı
uşaq arabasına qoydum ki, bacısı baxsın, mən
işimi görüm. Qəfildən araba
qızımın əlindən çıxar Vüqar arabadan
çırpılar yerə. Uşaq
dünən ölmüsən, bu gün ölmüsən, səsi
çıxmadı. Dedik, bəlkə
ölüb. Səsləndim,
qardaşım yaxınlıqdaydı. Özünü
yetirdi, uşağı silkələdi, handan-hana səsi
çıxdı. Hərdən deyirəm
ki, qədəri belə olacaqdısa elə həmin gün
ölərdi. Bəlkə bu qədər
yandırmazdı bizi, atasının ürəyinə dağ
çəkib vaxtsız yanına aparmazdı. Sonra da deyirəm ki, Lətifə özünə gəl,
sənin oğlun bu dünyada cənnətimizi-torpaqlarımızı
bizə qaytarıb, o dünyaya –cənətə gedənlərin
sırasındadır”.
“Xoşbəxtlərin
xoşbəxtiydim, o cür oğlum olduğu
üçün”
“Hər
oğul anasını, atasını çox istəyir, ancaq
Vüqar fərqliydi”, deyən Lətifə xanım Vüqarlı
günlərindən danışır:”Müharibə
başlayana kimi hər gün saat 6-ya 10 dəqiqə işləmiş
zəng vurardı. Hər gün eyni vaxtda.
Qulluq elədiyi yerdə telefon
tutmadığı üçün 1-2 kilometr gedib telefon harda
tutursa ordan danışardı. Səhhətimi
soruşardı:”Şəkərin, təzyiqin qalxmayıb?” Deyirdim narahat olma. Evə də
erkən gəlirdisə kimsə oyanmasın deyə həyət
qapısın döyməzdi, hasardan aşıb girərdi.
Bananı, sinikersi çox sevərdi. Alıb qoyardım, gələn kimi öz əllərimlə
yedizdirərdim. Bir gün zəng vurdu ki,
toya gedirik (müharibəni nəzərdə tuturmuş-
A.Ş.) qaqaşı göndər çoxlu banan, sinikers
alsın. Aldırıb göndərdik.
Bananı yemişdilər, sinikers
maşınında qalmışdı. Maşını
gətirəndə sinikersi yığıb saxladım ki, gələndə
yeyər. Qismət olmadı. Xonça bəzəyib məzarının
üstünə apardım”.
Söhbətin bu yerində otağa 7-8 yaşlarında
oğlan uşağı daxil oldu. Bizə “xoş gəldiniz”
deyib, Lətifə xanımın yanındakı stulda əyləşdi.
Vüqara o qədər bənzəyirdi ki... Ailəli
olsaydı Vüqarın oğludu deyə, zənn edərdim.
Lətifə xanım bir uşağa, bir Vüqarın şəklinə
baxdığımı görüb “nəvəmdi,
qızımın oğludu” dedi və davam elədi:”Vüqar
dostları yolunda canından keçərdi. Müharibə
gedən ərəfədə bir gün gördük gəlir.
Üst-başı yaman gündəydi.
Rahatlanandan sonra bizə dedi ki, yaralı gətiribmiş, deyiblər
get yuyun, rahatlan səhəri günorta gələrsən. Sevdiyi yeməklərdən bişirdim yedi. O
yedikcə baxırdım. Elə bilirdim dünya
mənimdi. Əslində
sağlığında dünya mənimiydi. Xoşbəxtlərin xoşbəxtiydim, o cür
oğlum olduğu üçün. Nəysə,
yerini açdım ki, gecdir yatsın. Yata
bilmədi. Gecə saat 3-də
çıxıb getdi ki, uşaqlar orda odun- alovun altında, mən
burda rahat yata bilmərəm. Elə o gedən
getdi. Mənə də tapşırdı
ki, bax, heç nədən qorxma. Açığı
qorxmurdum. Elə bilirdim Vüqar öndədirsə
arxada bizlərə heç nə olmaz.
Rayonlarımız, kəndlərimiz azad edilən gün
zəng edərdi. “Gözümüz aydın filan yeri
aldıq” deyib, sevinərdi. Deyirdi “qoy
müharibə qurtarsın, səni təzə
aldığım maşınla o yerlərə aparacam. Gör necə cənnət yerlərimiz
varmış”. Bir gün qonşularla yas
yerinə getmişdim. Elə içəri
keçmək istəyəndə gördüm zəng gəldi.
Vüqarıydı. Telefonu açan kimi
dedi:”Məni təbrik elə, Şuşa
uğrunda döyüşə gedirik. Dedim sənə də,
Şuşana da qurban olum”. Sonra xəbərdarlıq elədi:”Telefonum
bağlı olacaq, narahat qalmayın”.
Şuşanın
azad olunmasına 4 gün qalmış...
Təxminən bir həftə sonra, noyabrın 4-də günorta vaxtı telefonuma bilmədiyim nömrədən zəng gəldi. Açmaq istəmədim. Yoldaşımın təkidindən sonra açdım. Elə bircə kəlmə dedilər:”Vüqar deyir məndən nigaran qalmasınlar”. Bu zəng məni dəli elədi, çünki Vüqar heç vaxt nömrəmi başqasına verməzdi. Yoldaşım məni sakitləşdirdi və bildirdi ki, ola bilsin özünün imkanı olmayıb, zəng vurmaq üçün uşaqlardan birinə xahiş edib . Yenə də ürəyim narahat idi. Yerimdə dinclik tapa bilmirdim. Gecə saat 2-də bu dəfə yoldaşımın telefonuna zəng gəldi:” Vüqar yaralanıb xəstəxanaya gətiriblər, gəlin”. Tez geyindik. Yoldaşımın əli-ayağı əsirdi. Belə vəziyyətdə maşın sürə bilməzdi. Ona görə də kirvəmizə zəng vurduq. Bizdən başqa hamı xəstəxanadaymış. Kirvəmiz yol boyu bir kəlmə olsun danışmadı. Xəstəxanaya çatanda, and verdim ki, Vüqar necədi, ona bir şey olub? Kirvəmiz oğlunun canına and içdi ki, “yaralanıb əməlyata alıblar”. Məni məcbur göndərdilər evə ki, burda durmağın adı yoxdu. Evə qayıtdım. Qonum-qonşu eşidən gəlirdi, ancaq məndən Vüqarın ölümün gizlədirdilər. Səhər açıldı yoldaşımla kirvəmiz də gəldi. Çəkilib bir tərəfdə xısın-xısın danışırdılar. Hirsləndim ki, nə danışırsınız, mənə də deyin. Kirvəmiz axırda dedi:”Vüqar şəhid olub”. Yapışdım yaxasından:”And işdin ki, Vüqar yaralanıb. Budur sənin andın?” Beləcə Vüqarlı günlərimin sonu oldu. Şuşanın azad olunmasına 4 gün qalmış Daşaltıda qəhrəmancasına şəhid oldu balam. Görmədi Şuşasının azad olduğunu. ..
...Hamı elə bilirdi ki, oğlumdan sonra yaşaya bilmərəm. Ancaq yaşayıram. Necəsini heç bir ana çəkməsin. Yoldaşımın-İsmayılın ürəyi dözmədi. Ölənə kimi heç bir yerindən şikayəti yoxuydu. Məni qoruyurdu, ancaq özü məndən əvvəl getdi oğlunun yanına. Sağlığında hər gün gedirdik Vüqarın məzarını ziyarət eləməyə. Vüqarla danışırdıq, dərdləşirdik, ağlayırdıq sonra evə qayıdırdıq. Beləcə günümüzü keçirirdik. İndi bəzən tək, bəzən uşaqlarla gedirəm məzarları üstünə”.
Lətifə xanım deyir müharibə qurtarandan sonra Vüqarın toyu olacaqdı:”Evləri öz zövqünə uyğun təmir elətdirdi. Ancaq kimi istədiyini bilmədik. Qıza göndərdiyi səsli mesajı qalır”.
Bibisi Vüqarın sevdiyinə yazdığı səsli mesajı açdı:”Ömrüm, mən gəlmişəm saçımı vurdururam. Sən namazını rahat qıl, gəlib səni görəcəm. Öpürəm”.
Lətifə xanım deyir ki, bu aylar ərzində əlaqədar təşkilatlardan hər kəs gəlib dərdimizə şərik olub:”Martın 10-da Vüqarın ad günündə bu həyətdə kimlər yoxuydu. ..Hər kəs gəlmişdi. Bir ad günü elədilər ki...Ancaq Vüqarsız. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəzən soruşurlar ki, nəyə ehtiyacın var? Deyirəm, ancaq Vüqarıma”.
...Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Vüqar Zamanov “Vətən uğrunda medalı, “Füzulinin azad olunmasına görə medalı, “Zəngilanın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif olunub.
Vüqarın adının əbədiləşdirilməsi üçün oxuduğu Horadiz şəhər 2 saylı tam orta məktəbə və yaşadıqları küçəyə onun adının verilməsi nəzərdə tutulb.
... 18 oktyabr müstəqilliyimizin bərpasının 30 ili tamam oldu. 30-cu ili qürurla, alnı açıq-üzü ağ qeyd etdik. Vətən uğrunda canlarından keçən Vüqar kimi qeyrətli, qəhrəman oğulların sayəsində. Bizə qələbə sevinci yaşadan bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2021.- 21 oktyabr.-
S.4-5.