Moskvada Bakı Musiqi
Akademiyasının 100 illiyinə həsr olunmuş
konsert keçirilib
P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.
BMA-nın rektoru,
SSRİ Xalq artisti Fərhad Bədəlbəyli
tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və
təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə
minnətdarlığını bildirib. Gecəyə Rusiya Xalq artisti Emmanuil Vitorqan aparıcılıq
edib.
“Bu gün səhnəyə
Bülbül, Adıgözəlzadə
kimi soyadları daşıyan musiqiçilər
çıxacaq. Bütün bu soyadlar Qarabağla,
Şuşa ilə bağlıdır.
Bu gün biz sizə
Azərbaycanın musiqi
mədəniyyətini təqdim
edəcəyik. Azərbaycan mədəniyyətinin
tarixi minilliklərlə
ölçülür, lakin
peşəkar klassik məktəb 100 ildə böyük yol keçib”, - deyən F. Bədəlbəyli xatırladıb
ki, Üzeyir Hacıbəyli Sankt-Peterburq
Konservatoriyasında təhsil
alıb, dahi rus bəstəkarı
Dmitri Şestakoviç Qara
Qarayevin müəllimi
və ustadı olub. F.Bədəlbəyli Azərbaycan klassik
musiqisinin inkişafında
rus bəstəkarlarının
və pedaqoqlarının
rolundan da danışıb. BMA-nın rektorunun sözlərinə görə,
Akademiyanın 100 illik
yubileyinin Moskva Konservatoriyasında qeyd olunması həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar
hadisədir.
P.İ.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasının rektoru
Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik
edərək deyib: “Mən həmkarlarımı,
dostum Fərhad Bədəlbəylini təbrik
etmək istəyirəm.
100 yuvarlaq rəqəmi
çox şeydən
xəbər verir.
Bu, peşəkar ustalıq və inkişaf üçün
artıq fundamental təməl
deməkdir”. Moskva Dövlət
Konservatoriyasının rektoru
vurğulayıb ki,
BMA-nın yubileyinin Moskva Konservatoriyasının
Böyük zalında
qeyd olunması iki ölkənin musiqi dünyası arasında çoxdankı
və yaxşı ənənənin davamıdır.
“Bizim əlaqələrimiz
gələcək nəsillər
tərəfindən mütləq
davam etdirilməlidir”,
- deyə A.Sokolov əlavə edib.
Konsertdə BMA-nın tanınmış məzunları da iştirak ediblər. Akademiyanın
rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın
Xalq artistləri Yalçın Adıgözəlzadə,
Murad Adıgözəlzadə,
Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə,
Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr
laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi
Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.
Konsert proqramına Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Gecəni dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası açıb, konsert proqramı dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının finalı ilə başa çatıb.
Azərbaycan musiqi mədəniyyətinin və təhsilinin inkişafında əvəzsiz rol oynayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası şərəfli və əlamətdar tarixi yol keçib. O, dahi Üzeyir Hacıbəylinin səyləri sayəsində 1920-ci il avqustun 26-da yaradılıb və yüksək ixtisaslı kadrlar üçün ustalıq məktəbinə çevrilib. İlkin mərhələdə Üzeyir Hacıbəylinin Moskva, Leninqrad və Rusiyanın digər şəhərlərinin konservatoriyalarından dəvət etdiyi rus musiqi mədəniyyətinin görkəmli xadimləri Azərbaycanda milli kadrların yetişdirilməsinə, ifaçılıq məktəbinin inkişafına mühüm töhfələr veriblər. M.Brennerin, G.Şaroyevin, V.Kozlovun, L.Rostropoviçin, S.Bretanitskinin, İ.Turiçin, V.Anşeleviçin, N.Speranskinin və bir çox digər mədəniyyət xadimlərinin adları böyük minnətdarlıq hissi ilə çəkilir, onların sayəsində Bakı keçmiş Sovet İttifaqında musiqi mərkəzi statusu qazanıb.
BMA Azərbaycanın aparıcı ali musiqi təhsili müəssisəsidir.
Akademiyanın 3 fakültəsi və 18 şöbəsi, magistratura, aspirantura və
doktoranturası mövcuddur. Akademiyanın
nəzdində Bülbül adına Musiqi Məktəbi, musiqi
məktəb-studiya və Ş.Məmmədova adına Opera Studiyası, eləcə də 2 elmi laboratoriya fəaliyyət
göstərir.
Xalq Cəbhəsi.- 2021.- 28 oktyabr.-
S.14.