Qarabağda sahibkarlar üçün yeni biznes imkanları
Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediləcək. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır: "Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığı təşkil etməyi planlaşdırırıq. Sahibkarlar vergi və rüsumlardan azad ediləcək".
Nazir müavininin bu açıqlaması Qarabağın iqtisadiyyatının yenidən qurulmasında iştirak etmək istəyənlər üçün çox yaxşı bir stimuldur və hökumətin regionun dirçəldilməsində iş adamları ilə yaxından əməkdaşlıq edəcəyindən xəbər verir. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.
Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 800-dək müraciət daxil olub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, “2020-ci ilin dekabr ayından etibarən işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır”. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 28 ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 226 layihə də təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.
Türkiyə bundan sonra da Azərbaycandakı layihələrə, xüsusilə də Qarabağda bərpa işlərinə investisiya qoymağa hazırdır. Bu barədə açıqlama verən Türkiyə Prezident Administrasiyası nəzdində İnvestisiyalar idarəsinin rəhbəri Əhməd Burak Dağlıoğlu Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib ki, "biz 2003-cü ildən trans-sərhəd layihələrini dəstəkləyirik. Bu dövrdən başlayaraq investisiyalarımız 3 milyard dolları ötüb, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin payı 50 faizdən çox təşkil edib. Hesab edirik ki, İƏT ölkələrinin potensialı indikindən daha yüksəkdir. Biz bu ölkələr arasında investisiyaları təşviq etməliyik".
Hökumət iqtisadiyyatda sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən aparılmış təhlillər və sahibkarlıq subyektlərindən daxil olan təklif və müraciətlər əsas götürülərək güzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib. Belə ki, sənədlər üzrə tələblər azaldılıb, tələblərə uyğun olaraq təqdim edilməyən müraciətlərin maliyyələşməsinə imtina verilmədən yenidən formalaşdırılması və çatışmazlıqların aradan qaldırılması məqsədilə banka geri qaytarılması mexanizmi yaradılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb.
Sahibkarlıq subyektləri arasında aparılmış sorğularda Fondun kreditləri üzrə müraciət edilərkən tələb olunan sənədlərin sayının çox olduğu bildirilib. Bununla əlaqədar, Fond tərəfindən müvafiq təhlillər aparılıb, tələb olunan sənədlər üzrə məlumatların alternativ mənbələrdən əldə edilməsi imkanları araşdırılaraq sadələşmə planı çərçivəsində ilk tədbir kimi tələb olunan sənəd sayının azaldılması barədə qərar qəbul edilib. Beləliklə, güzəştli kredit əldə etmək istəyən fiziki və hüquqi şəxslər, müvafiq olaraq 10 və ya 12 sənəd təqdim etdikləri halda, dəyişikliklərə əsasən, kredit üzrə müraciət edən sahibkarlıq subyektləri hüquqi və fiziki şəxs olmasından asılı olmayaraq, 6 sənəd təqdim edəcəklər.
Digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqinin aradan qaldırılması ilə bağlıdır. Plana əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına dair hüquqi sənədləri, fiziki və ya hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsi və sahibkarlıq subyektinin təqdim etdiyi investisiya layihəsi üzrə fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin notarial qaydada təsdiq edilməsinə ehtiyac qalmayacaq.
Təhlillər nəticəsində ortaya çıxan digər məsələ, tələblərə uyğun təqdim edilməyən sənədlərə görə maliyyələşməsindən imtina edilmiş müraciətlər üzrə sahibkarlıq subyektləri və kredit təşkilatları tərəfindən müvafiq sənədlərin təkrar yığılmasıdır. Dəyişikliklərə əsasən, təqdim edilən sənədlərə, Fonda daxil olduqdan sonra 2 gün ərzində ekspertlər tərəfindən ilkin baxış keçiriləcək və çatışmazlıq aşkar olunduqda, kredit üzrə müraciətə imtina verilmədən çatışmazlıqların aradan qaldırılması məqsədilə sənədlər müvəkkil kredit təşkilatına geri qaytarılacaq. Çatışmazlıqlar olan sənədlərin baxılmadan kredit təşkilatlarına geri qaytarılması müvəkkil kredit təşkilatları və sahibkarlar üçün maliyyələşmə ilə bağlı vaxt itkisini aradan qaldıran ən vacib sadələşmə şərtlərindən biridir.
Başqa bir məsələ biznes planla bağlıdır. Güzəştli kreditlərə müraciət zamanı sahibkarlar 50 min manatdan çox məbləği əhatə edən layihələri üzrə biznes plan təqdim etməli olurdu ki, bu da sahibkarlar, xüsusən regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri üçün müəyyən çətinliklərə yol açırdı. Yeni dəyişikliklər 200 min manatadək kreditlər üzrə biznes plan tələbinin aradan qaldırılmasını ehtiva edir. Bu dəyişikliyə əsasən, kreditlər üzrə sadələşmiş ekspertiza mexanizmi qurulur, biznes plan əvəzinə, yalnız zəruri məlumatlar alınmaqla maliyyə-kredit təhlili aparılır.
Sonuncu vacib məqam ondan ibarətdir ki, 50 min manatadək kreditlər üzrə ilkin monitorinqin keçirilməsinə ehtiyac olmayacaq. Sahibkarların qeyd olunan məbləğədək müraciətləri üzrə təqdim olunan məlumatları əsasında qiymətləndirmə aparılacaq. Bu, həmçinin layihəyə qısa zamanda baxılmasına şərait yaradacaqdır. Fond tərəfindən qəbul edilən Sadələşmə Planının tətbiqinə bu ilin 1 sentyabr tarixindən başlanılıb. Qeyd olunan sadələşmə güzəştli kreditlər üzrə müraciət edən sahibkarların işini asanlaşdıracaq, zamana və vəsaitə qənaəti, müraciətlərə müvəkkil kredit təşkilatı və Fond tərəfindən operativ formada baxılmasını təmin edəcək.
İşğaldan azad olunan Qarabağda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsində hələlik daha çox dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. Dövlət vəsaitləri daha çox infrastrukurun qurulmasına yönəldilir, sahibkarların vəsaitləri isə yerli istehsalın və biznesin inkişafına cəlb ediləcək. Qarabağa böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat nəzərdə tutulub. 2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub. Bu proses növbəti ildə də davam etdiriləcək. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Qeyd edək ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2021.- 28 oktyabr.- S.12.