Biz burdayıq!

 

 

Milli qürurumuzun və mədəniyyətimizin paytaxtından reportaj

 

...Şuşaya gedirik. Yol boyu hər kəs özünə qapılıb, arabir sükutu Vahid Əzizin, Səyyad Aranın, İntiqam Qasımzadənin, Mövlud Süleymanlının, Vaqif Əlixanlının, ... “səsli xatirələri” pozur. Bizim mikroavtobusda, deyəsən hamıdan gənc mənəm və Şuşalı, Qarabağlı xatirələrim heç bir yazıya sığacaq qədər də deyil. Mən indi-indi xatirə “toplayıram”.

 

...Mənim bir çox həmyaşıdlarım kimi, Şuşaya, bütövlükdə Qarabağa olan sevgimi bu cənnət məkanın torpağı-daşı, dərəsi-dağı, çiçəyi-böcəyi ilə bölüşmək imkanım olmayıb. Ağlımız kəsəndən Qarabağ və İstiqalal mücadiləsinin dolanbaclarından keçmişik, hər il işğal günlərinin, məğlubiyyətin qürursuzluğundan doğan əzabla qol-boyun olmuşuq... İndi bütün bunları xatirələrimdə daşımaq istəməsəm də, geridə buraxdığımız zaman kəsiyinin unudulmamasının vacibliyini də yaxşı başa düşürəm. Nəinki Qarabağımızın işğal altında olduğu zaman kəsiyini, bütövlükdə torpaqlarımıza ermənilərlə birlikdə gələn vəhşiliyin, qaniçənliyin, amansızlığın, vandallığın, xəyanətin, riyakarlığın, şərəfsizliyin... bir anını belə unutmaq olmaz. Heç vaxt və heç bir şərt daxilində, əsla... Olmaz! Olmaz! Olmaz!

 

Min il bundan sonra da dünyaya göz açan hər bir azərbaycanlı bir zamanlar qucaq açdığımız bu vəhşi tayfanın başımıza gətirdiyi bəlaları yaddan çıxarmamalı, daim tətikdə olmalıdır!

 

... Şuşaya doğru irələyirik - adına qurbam olduğum Zəfər yolu ilə... Allahım, sənə şükürlər olsun! Yaşadığım qarışıq hissləri indi ifadə etməyə çətinlik çəkirəm. Bəlkə də zaman keçdikcə alt qatlarına vara bilmədiyim, yaxud varmağa cəsarət etmədiyim hissləri yenidən süzgəcdən keçirib sözə çevirəcəyəm, amma indi təəssüratlarımın ağırlığı altında əyilən yaddaşımı zorlamaq istəmirəm.

 

“Vasifə de, səni bizim evə aparsın”

 

…Şuşaya çatar-çatmaz Şamil Süleymanlının telefon zəngi gəlir:

 

- Elçin, qurban sənə, Vasifə de, səni bizim evə aparsın...

 

“Bizim evə...” Bilirsiniz nə böyüklükdə və dərinlikdə sevgi var bu sözlərin içində? Batmaq olar. Şuşanın, Qarabağın, Azərbaycanın, Şuşalı, Qarabağlı, Azərbaycanlı olmağın da fərqi bundadır. Sevdiyin, doğma, məlhəm bildiyin adamı evinə dəvət etmək, hətta bu evin yalnız daşı-divarı qalsa da belə...

 

…Şamil müəllimin evinə gedəcəyəm. Bir ovuc torpaq götürüb ovcumda sıxacağam. Daşına, divarına sığal çəkəcəyəm...

 

Arzularım burada keçirəcəyim günlərə, saatlara sığacaq qədər kiçik deyil. 30 ilə yaxın bir zaman kəsiyində, gənc yaşlarımdan böyütmüşəm onları. Övladlarımla yaşıddı Şuşalı, Qarabağlı arzularım.

 

Hər addımda heyrətə gəlirəm – həm qısa müddət ərzində erməni vəhşiliyinin izlərinin silinməsi, torpağın, daşın, təbiətin “yaraları”nın sağalması istiqamətində görülən işlərə, həm də Şuşada olduğuma...

 

...İlahi, mən Şuşadayam? Söhbət qarşılaşdığım gözəlliklərdən, təkrarsız mənzərələrdən getmir. Şuşa dağdan, daşdan, çəməndən, bulaqdan, dərədən... daha çox ruhumuzun kəhər atlar kimi şahə qalxdığı, qürurumuzun dirçəldiyi yerdir. Şuşa milli qürurumuzun paytaxtıdır.

 

* * *

 

...Gecəni yuxusuz keçirmişəm. Çox güman ki, yol yoldaşlarımın hamısı mənim kimidir. Amma heç kimin üzündən yorğunluq oxunmur. Şuşada olmağın xoşbəxtliyi yuxusuzluğa da, yol yorğunluğuna da qalib gəlib.

 

...”Xarıbülbül” hotelinə varar-varmaz Sabir Rüstəmxanlının təşəbbüsü ilə, Nəriman Həsənzadə, Fazil Mustafa, Aqil Abbas və Rəfael Hüseynov ilə birlikdə Cıdır düzünə yola düşürük.

 

Cıdır düzünə ayaq basanda addımım havadaca donur. İrəlidəki sıldırım qayaları görər-görməz Şuşanın düşməndən geri alınmasında misli görünməmiş şücaət göstərən, ölümləriylə istidbada meydan oxuyan igidlərimizi və Tofiq Fikrətin “İstiqlal” şeirinin məşhur beytini xatırlayıram:

 

“Keçdiyin yerləri torpaq deyərək keçmə, tanı

 

Düşün altındakı minlərcə kəfənsiz yatanı...”

 

...İşğaldan azad edilmiş torpaqlarımıza basdığımız hər addımda, şəhidlərimizi, bu torpaqlar uğrunda sağlamlığından keçən, özünü oda-alova atan igidlərimizi xatırlamalıyıq.

 

...Və Cıdır düzündə şəhid ruhlarından halallıq istəyirəm. Şuşada olmağı məndən daha çox haq edən insanlardan da həmçinin... Haqqınızı halal edin.

 

...Şuşada vaxtın tamamilə fərqli bir ölçüsü var. Bəzən ildırım sürətilə, bəzən yavaşıldılmış kinokadrlarda olduğu kimi keçir, bəzən isə, sadəcə donur. İndi bunun izahını verə bilmirəm. Təsəvvür edin, addım atırsan və yerindəcə donursan. Gözün uzaqlara dikilib qalır. Sanki fərqli bir zaman ölçüsünə düşmüsən. Və hansısa mistik bir qüvvə donmuş baxışlarını əlçatmaz zirvələrdən, sıldırım qayalıqlardan keçirib qürurla dalğalanan Azərbaycan bayrağına doğru aparır. Baxışlarım yenidən donur və sinəmə sıxılmış hisslərimi yağış damlaları kimi Şuşanın müqəddəs havasına boşaldıram:

 

Ey üç rəngli bayrağım,

 

Dilimdəki son nida.

 

Ucaldığın yerlərin

 

Tozuna canım fəda!

 

30 avqust... Sübhün şəfəqləri doğma nəfəs üçün darıxan ağacların yarpaqları arasından süzülərək ən əziz, ən doğma qonaq kimi pəncərəmdən içəri düşür. Gün ərzində yaşadıqlarım yuxumu ərşə çəkib. Bir neçə saatdan sonra başlayacaq Vaqif Poeziya Günlərinin həyacanını yaşayıram.

 

...Molla Pənah Vaqifin məqbərəsinə doğru yol alırıq.

 

Qısa bir zaman kəsiyində az qala yenidən inşa edilən məqbərənin əzəmətinə, gözəlliyinə heyran qalmamaq mümkün deyil. Səbirsizliklə uzun illərdən bəri səbrlə, təmkinlə Qarabağın azadlığı, İlahi Ədalətin bərqərar olması üçün mücadilə aparan, bu məqsədlə düşüncəsində saldığı Zəfərə aparan YOLun XƏRİTƏSİni addım-addım həyata keçirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yolunu gözləyirik. Birdən-birə hər tərəf canlanır, Qalib Sərkərdənin və onun fikir, əqidə, həyat yoldaşının addım səsləri alqış səslərinə qarışaraq uzaq zirvələrə doğru sıçrayır, “Biz burdayıq” deyir. Nəinki buralar, hətta səsimizin yetdiyi, düşüncəmizdəki Vətənin sərhədlərinin keçdiyi nə varsa - BİZƏ MƏXSUSDUR!

 

Prezident danışır. Məqbərənin önündə 40 il öncə durduğu yeri nişan verir. Atasının Şuşanı, Qarabağı Azərbaycandan qoparmaq istəyənlərə bu torpaqların azərbaycanlılara məxsus olduğunu hayqıran addımlarından söz açır. Molla Pənah Vaqifin təkcə Azərbaycan şairi deyil, eyni zamanda dövlət xadimi, dövlətçiliyimizin bir parçası olan Qarabağ xanlığında yüksək dövlət vəzifəsi tutan bir şəxs olduğunu xatırladır və uzun illərdən bəri yaddaşlarda kök salan “Nə üçün məhz Vaqif” sualının cavabını verir. Vaqifin məqbərəsi Qarabağda mədəni-ədəbi varlığımızın ifadəsindən daha çox, bu torpaqların tarix boyu azərbaycanlılara məxsus olduğunu vurğulamaq üçün ucaldılıb. Bu 40 il öncə bu gününüzü görə bilən dühanın bizə və dünyaya verdiyi çox önəmli bir mesajdır.

 

Qarabağın, o cümlədən Şuşanın azad olunmasında, həmçinin düşmən tapdağından xilas edilmiş ərazilərimizdə həyata keçirlən quruculuq işlərində, baş tutan açılış mərasimlərinin hər birində insanı heyrətə salan və həyacanlandıran qəribə bir simvolizm var. Sanki tarix təkrarlanır və işğal dövründəki ədalətsizliyin izlərini silərək 30 il öncə qopmuş bağları yenidən bərpa edir.

 

Qeyd edim ki, bu məqam Prezident İlham Əliyevin nitqində daha detallı bir şəkildə öz əksini tapdı və yuxarıda haqqında söz açdığım rəmzlərlə bağlı göz önündə geniş bir mənzərə açdı.

 

Sitat: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.

 

“Yeriyən” ədalət

 

Prezidentin çıxışı, şübhəsiz ki, mesajlarla zəngin idi. Amma dövlət başçısının ədalətin bərqərar edilməsi ilə bağlı fikirlərinin təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də mühüm əhəmiyyət kəsb etdiyi qənaətindəyəm.

 

Sitat: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

 

Fransa inqilabının məşhur simalarından, həmçinin İnsan və vətəndaş haqları Bəyannaməsinin müəlliflərindən biri olan Qabriel Mirabo təxminən 230 il öncə ədalətin topal olduğunu, yavaş-yavaş yeridiyini, bununla yanaşı, gedəcəyi yerə gec-tez çatdığını demişdi, amma nədənsə öz ölkəsinin timsalında ədalətə doğru aparan yolda xalqın fədakarlığından danışmağı unutmuşdu... Eynilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu və bizim üçün artıq bitmiş sayılan mərhələdə ədalət prinsiplərini unutduğu kimi...

 

...Öndə Prezident İlham Əliyev olmaqla, biz səbrimizlə, qətiyyətimizlə, fədakarlığımızla, iti zəkamızla, strateji düşüncəmizlə ədalətə yeriməyi və yürüməyi “öyrətdik”.

 

...Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri, şübhəsiz ki, mədəniyyətimiz, ədəbiyyatımızın paytaxtına qayıdışının davamıdır. Şuşa dirçəlir, Qarabağın adındakı “qara” sözü rəng anlayışından qoparılaraq öz ilkin etimalogiyasına – böyüklüyünə qaytarılır. Qarabağ böyük bağa çevrilir. Gözümüzün önündə tarix yaşanır – hər anı tarixə çevrilən TARİX!

 

Sonu olmayan YOL

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın çıxışı hər kəsi kövrəltdi. Təbii ki, məni də...

 

Sitat: “Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!”

 

Bəli, bu yolun əvvəli var, amma sonu yoxdur. Azərbaycan Prezidentinin tarixi torpaqlarımıza qayıdışla bağlı nişan verdiyi hədəflər də, bu yolun sonunun olmadığını və olmayacağını göstərir.

 

Səsin rəngi

 

...Vaqif Poeziya Günlərində edilən bütün çıxışlar və səslənən bütün şeirlərlə bağlı təəssüratlarımı ifadə etmək üçün, yəqin ki, bir neçə gün fasiləsiz olaraq yazmaq lazımdır. Təəssüf ki, buna imkan yoxdur. Həm də təəssüratlarımın dərinliyinə varmaq üçün zamana ehtiyac olduğunu düşünürəm.

 

Səslənən şeirlərin hər birinin ayrı-ayrılıqda öz oxucusunun olduğuna şübhə etmirəm. Vaqif Poeziya Günlərində diqqətimi çəkən ən mühüm məqamlardan biri də ədəbiyyatımızdakı nəsillərarası sərhədlərin götürülməsi, əvəzində möhkəm mənəvi təməllər üzərindən körpülərin salınmasıdır. Gənclərə özlərini ifadə etmək üçün daha geniş imkan tanınmasını isə, alqışlayıram. Çünki estafeti, yolu onlar davam etdirməlidirlər. Yolun davam etdirilməsi üçün isə YOLA ayaq basmağa imkan yaratmaq lazımdır!

 

...Vaqif Poeziya Günlərinin ikinci günündə Günəşin sərt şüaları altında uzun müddət dayana bilmədiyimdən məqbərinin, təxminən yüz metrliyindəki kölgəliyə çəkildim. Amma Xəyal Rzanın səsinin rəngi məni yenidən geri qayıtmağa vadar etdi. Nigar Həsənzadənin mükəmməl ifası da həmçinin...

 

Düşünürəm ki, zaman keçdikcə poeziya günlərində səslənən şeirlərin əksəriyyəti ədəbiyyatımızda öz layiqli yerini tutacaq və böyük Zəfərimizin poetik rəmzlərinə çeriləcək.

 

P.S.Şuşa səfərimiz isə başa çatır. Zəfər yolu ilə Bakıya qayıdırıq – Şuşanın, Qarabağın ruhunun ayrılmaz bir parçası kimi...

 

Müqəddəs arzumun gerçəkləşməsinə imkan yaratdığına və mükəmməl təşkilatçılığa görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm! Var olun!

 

Elçin Mirzəbəyli

 

Xalq Cəbhəsi.- 2021.- 2 sentyabr.- S.3-4.