1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı imperatorluğunun münasibətləri
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperatorluğu ilə sıx dostluq və qardaşlıq münasibətləri olmuşdur. Tarixçi Həsənbala Sadıqov hesab edir ki, Osmanlı dövləti ilə Qafqazda yaşayan türklər və müsəlmanlar arasında yaxınlıq köklərinin çox qədimlərə dayanan tarixi, mədəni, dini və soy bağları var. O, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” adlı əsərində qeyd edir ki, Anadolunun və Qafqazın coğrafi quruluşu da iki qardaş xalq arasında dostluq münasibətlərinin qurulmasına şərait yaradırdı: “1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasındakı münasibətləri öyrənərkən tariximizin qan yaddaşı hər addımda hiss edilir. Osmanlı türkünü Azərbaycan türkündən ayıran sərhədlər heç vaxt onların qəlbindən keçməyib. Bu sərhədlər heç vaxt onları həqiqi mənada ayırmayıb. Müxtəlif dövrlərdə Azərbaycan və Osmanlı türklərinin hökmdarları bir-birlərinə qılınc qaldıraraq, bu mənəvi birliyə, qan yaddaşı birliyinə sahib olan xalqı üz-üzə gətirdikləri zaman belə, onlar arasındakı qardaşlıq bağlarını qoparmaq mümkün olmayıb. Bu kimi müharibələrin nəticəsindən asılı olmayaraq xalqlar “öz qılıncımı öz başıma endirdim” zərbi-məsələni yaratmışlar.
Azərbaycan və Osmanlı (Türkiyə) türkləri tarixən bu məntiqə arxalanaraq yaşayıb, münasibətlərini davam etdiriblər, “Paylaşılan sevinc iki sevincdir, bölüşülən faciə yarım faciədir” məntiqi ilə hərəkət ediblər. Tarix Azərbaycan türklərini XIX əsrin 20-ci illərinin sonunda Rusiya və İran dövlətlərinin bölüşdürmə siyasəti sahəsinə çevirdi. Osmanlı türkləri bu hadisəni əngəlləmək üçün canlarını fəda etsələr də, tarixin qanlı hökmünün qarşısını ala bilmədilər. Ancaq bu tarixi proseslərdə Azərbaycan türkləri ilə Anadolu türkləri arasında qan yaddaşına əsaslanan tarixi bağlar daha da inkişaf etdi və onlar müxtəlif vaxtlarda imkan daxilində bir-birinin köməyinə çata bildilər”.
Əli bəy Hüseynzadə Qafqaz və Anadolu türklərinin qarşılıqlı köməyinin nəticələrini belə şərh edir: “Əgər bu gün Anadolu Azərbaycanın azadlığı naminə qan tökürsə, sabah Azərbaycan Anadolunu yoxsulluqdan xilas edə bilər. Azərbaycanı xilas etməklə Anadolu həm də özünü xilas etmiş olur”.
Azərbaycan Rusiya və İran arasında bölüşdürüldükdən sonra hər iki dövlətin - Azərbaycan türkləri ilə Osmanlı türkləri arasındakı qan yaddaşı bağlarını qoparmağa, unutdurmağa çalışmışdılar. Onların bu fəaliyyəti təsirsiz qalmamışdı: “Ancaq tarixi həqiqət bundan ibarətdir ki, ekiz qardaşlar kimi Azərbaycan türkləri ilə Anadolu türkləri bir-birinin faciəsini görməsələr belə, hiss edə bilmişdilər. Əllərində olan imkanlarla biri-birinin köməyinə gəlmişdilər. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında qarşılıqlı kömək qarşısıalınmaz bir hərəkata çevrilmişdi. Rus idarəsində olmalarına baxmayaraq, Azərbaycan türkləri və Rusiyadakı müsəlmanlar rus işğalında olan Osmanlı türklərinə kömək göstərilməsini qanun daxilində həll edə bilmişdilər. “Qızıl xaç” kimi “Qızıl Aypara” xidmətini də Rusiya müsəlmanları öz təşəbbüsləri ilə təşkil etmişdilər.
Araşdirmaçının fikrincə, 1918-ci ildə Osmanlı dövlətinin Azərbaycan Demokratik Respublikasına köməyi məsələsi konsepsual olaraq düzgün qoyulmamış məsələlərdən biridir. Bu məsələnin birtərəfliliyi ondan ibarətdir ki, hər yerdə yalnız Osmanlı dövlətinin köməyi göstərilir, Azərbaycan (azərbaycanlılar) tərəfi isə passiv bir obyekt olaraq qeyd olunur. Lakin bu məsələnin konsepsual həll edilməsi lazımdır. 1918-ci ilə qədər Osmanlı dövləti bir imperatorluq, Azərbaycan isə Rusiya və İran arasında parçalanmış vəziyyətdəydi. Bununla əlaqədar olaraq, 1918-ci ilin mayına qədər azərbaycanlılar Rusiya və İran vətəndaşı idilər. Bununla belə də, Birinci dünya müharibəsi illərində azərbaycanlılar hər imkanda Osmanlı dövlətinə qardaşlıq münasibətlərini göstərmişdilər. Çox əlamətdar olan budur ki, artıq türk tarixçiləri də məsələni birtərəfli tədqiq etməyərək, onu konsepsual olaraq, ikitərəfli tədqiq etməyə başlamışlar: “Türkiyədə son illərdə aparılan tədqiqatlarda Rusiyada və İranda olan azərbaycanlıların Osmanlı dövlətinə “Qardaş köməyi” tədqiq edilib. Bu kitabda Birinci dünya müharibəsi illərində rus işğalına məruz qalmış Türkiyə torpaqlarındakı vəziyyətə Azərbaycan türklərinin münasibətləri aydınlaşdırılır. Rus işğalı altında yaşayan türklərə, müsəlmanlara Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti çox böyük köməklik göstərib. Bu cəmiyyətin göstərmiş olduğu köməkliyin coğrafiyası çox geniş olub. Azərbaycan və Türkiyə ictimaiyyətinin azərbaycanlıların xeyriyyə cəmiyyətlərinin fəaliyyəti haqqında məlumatı son vaxtlara qədər çox az olub.
İstər çar Rusiyası, istərsə də Sovet dövləti Azərbaycan türkləri ilə Osmanlı türkləri arasında olan tarixi bağları kəsməyə, eyni qardaş xalqları bir-birinə fərqli şəkildə təqdim etməyə çalışırdı: “Rusiya hökumətinin Qafqaz müsəlmanlarına münasibətinə təsir edən ən mühüm xarici amil bölgənin Osmanlı dövləti ilə həmsərhəd olması idi. Bunlardan başqa, bölgə xalqı rus istilasına qarşı olduqlarından onların orduya alınması münasib sayılmamışdır. Bu şübhəsiz ki, rus istilası dövründə əlində silah istilaçılara qarşı mübarizə aparmış xalqın, xüsusən yeni nəslin mübarizə imkanlarını məhdudlaşdırmış, onları hərbi sahədə kütləşdirmişdi. Xalqın köhnə silahlardan istifadə vərdişləri aradan qaldırılmış, yeni silahlardan isə istifadə olunmasını nəinki bilmirdilər, çox halda bu haqda heç məlumatları belə yox idi”.
Bu dövrdə Azərbaycan, tatar, başqırt və Krım türklərindən 200 min nəfər əsgərliyə göndərilmişdi. 1914-1917-ci illər arasında 200 nəfər azərbaycanlı türk zabiti rus ordusunda xidmət etmişdi. Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski kimi generallar rus qoşununda xidmət edirdilər.
Rus işğalı altında olan bölgələrdə xalqın mübarizliyinin artırılmasında Bakı, Tiflis və Krımdan gətirilən qəzet və jurnalların böyük təsiri olmuşdu. Onları oxuyan xalq çox mətləblərdən xəbərdar olurdu. Artıq xalq rusların passivləşdirmə siyasətini, hər cür təhqirləri və haqsızlığı müəyyən edə bilirdi. Bu zaman Rusiyada müsəlman mətbuatının ən çox əhəmiyyət verdiyi məsələ ermənilərin gündən-günə silahlanmaları idi. Belə ki, təşkilatlanmaqda olan ermənilərə uduzmamaq üçün mətbuatda birlik hissi aşılanmağa çalışılır və gözüaçıqlıq göstərmək tələb edilirdi. Bunlardan başqa, gizli cəmiyyətlər qurmaq üçün təşəbbüslər göstərilirdi. Bu dövrdə Azərbaycana gedə bilən qarslı türklər burada azərbaycanlı millətçilərlə görüşərək onlarla əlaqə yarada bilmişdilər: “Azərbaycanlıların ermənilərə qarşı təşkilatlanmalarında “Difai” təşkilatı mühüm rol oynamışdı. “Difai” təşkilatı fəaliyyətini yalnız Azərbaycan sərhədləri daxilində məhdudlaşdırmamışdı. Azərbaycanlı millətçilərin köməyi ilə onun 1906-cı ildə Qarsda şöbəsi açılmışdı. Qarsın ziyalı və qabaqcıllarından, bölgədə qala bilənlərdən təşkil olunan “Difai” şöbəsinin əsas məqsədi erməni komitəçilərinə qarşı mübarizə aparmaq idi. Bundan başqa, “Difai”nin Qars şöbəsinin vəzifəsi xalqı bu mübarizəyə hazırlayıb ermənilərin verə biləcəkləri zərərlərdən qorunmaq üçün hökumət yanında türklərin hüququnu müdafiə etmək idi.
“Difai”nin Qarsda şöbəsinin təşkil olunmasında İbrahim Cahangiroğlu, Həsən bəy qardaşları, Səttar bəy, Hacı Ağa, Orenburqdan olan vəkil Tevhiddin Mamiloğlu, Fəxrəddin bəy kimi millətsevən insanların böyük xidməti olmuşdur. “Difai” təşkilatının Qars şöbəsi fəaliyyətini yalnız vilayətlə məhdudlaşdırmırdı. Onlar Ərzurumun Pasinlər qəzasında təşkil olunan və türk könüllülərindən ibarət “Canbezar” təşkilatı ilə də əlaqə yaratmış və birlikdə çalışırdılar”.
XIX əsrin axırlarından başlayaraq Azərbaycan ziyalıları imkan əldə etdikcə Osmanlı dövlətinə köç etməyə başlamışdılar. Bunlar arasında Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Yusifbəyov, Məmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlər var idi. Həmin proses sonrakı dövrlərdə də davam etmişdi. Araşdırmada vurğulanır, 28 may 1918-ci ildə Qarakilsə yaxınlığında erməni ordusu qəti olaraq məğlub edildi. Türklərin bu yürüşünün vacibliyi onunla bağlı idi ki, ermənilər əllərində və ya nəzarətlərində olan yerlərdə müsəlmanları qırmaqda, onları yerlərindən zorla çıxarmaqda davam edirdilər. Bu şəkildə davam edərdilərsə, ermənilər Qafqazı, o cümlədən azərbaycanlıların yaşadıqları bölgələri müsəlman qəbiristanlığına çevirə bilərdilər: “Bunun qarşısı alınmalı idi, alındı da. Ənvər Paşa Osmanlı ordusunun Azərbaycana yürüşünün hazırlandığı günlərdə imkan olduqca şərqə doğru daha çox irəliləməyi uyğun görürdü. Ona görə ki, bununla uğurlar qazanmış türk ordusuna gələcəkdə köməklik göstərilməsi asan olacaqdı. Ənvər Paşaya görə, İrəvan, Gəncə, Tiflis və Qarsa gedən strateji yolların mərkəzində olan Qarakilsənin azad edilməsi işləri asanlaşdırardı”. Bilindiyi kimi, bu, artıq Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığının elan olunduğu şanlı dönəmdir.
Azərbaycana türk ordusunun köməyinin marşrutlarına gəlincə, araşdırmaçının fikrincə, hərbi strateji baxımdan Qarakilsə əməliyyatını türk ordusunun Gəncə istiqamətində hərəkətinin başlanması mənasında da qəbul etmək mümkündür. Bu əməliyyatın tamamlanması ilə Türk Ordu komandanlığı əvvəldən müəyyən etdiyi istiqamətlərdə faktiki olaraq Azərbaycana köməyə gəlməyə başlayacaqdı. Bununla əlaqədar olaraq, Qarakilsə əməliyyatı başlamazdan əvvəl Osmanlı dövlətinin 3-cü ordusunun qərargahında Qafqaz əməliyyatının planı hazırlanmışdı. Bu planda müxtəlif amillər nəzərə alınmışdı. Almaniya ilə münasibətlə əlaqədar olaraq türk ordusunun Batum - Tiflis - Gəncə - Bakı istiqamətində hərəkətinə güvənilmirdi. Burada Almaniyanın və onlara arxalanan gürcülərin müqavimətinə rast gəlmək ehtimalı çox güclü idi. Ancaq hərbi həqiqət bundan ibarət idi ki, nə Almaniyanın, nə də Gürcüstanın Osmanlı ordularının qarşısını kəsmək imkanları yox idi. Ancaq türk ordusunun Bakının azad edilməsi uğrunda mübarizəsinin onların günahı üzündən gecikdiyini mənbələr qəbul edirlər. Bu isə nə qədər azərbaycanlıların bolşeviklər və erməni qruplaşmaları tərəfindən qətl edilməsinə imkan yaratmışdı…
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2021.- 23 yanvar. -
S.13.