Qazilərə, müharibə əlillərinə qayğı həmişə diqqət mərkəzindədir

 

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi onların qayğı ilə əhatə olunduğunu göstərir

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar həyata keçirilir. Bunlardan biriBirinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərardır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçularadaxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə verildiyi diqqət və qayğının növbəti təzahürüdür.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu məqsədlə 2022-ci ilin dövlət büdcəsində təxminən 100 milyon manat vəsait ayrılıb. Müharibə əlillərinə dövlət qayğısı ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimovun sözlərinə görə, sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır: "Bu qəbildən olan ardıcıl işlər göstərir ki, vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Vətənimizin, torpaqlarımızın bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərimizin sağlamlıq vəziyyətləri, reabilitasiyası da daim diqqətdə saxlanılan məsələlərdəndir. Prezident İlham Əliyev davamlı olaraq şəhid ailələri və qazilərlə şəxsən görüşlər təşkil edir, onların problemi ilə yaxından maraqlanır. Vətən müharibəsi dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada müalicə alan qazilərimizə baş çəkib, onlara həm də mənəvi dəstəklərini ifadə ediblər".

Müasir İnkişaf Birliyinin sədri, Yeni Media Qrupun rəhbəri Mübariz Göyüşlü isə qeyd edib ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Azərbaycan dövlətinin, prezident İlham Əliyevin Qazilərə olan diqqətinin göstəricisidir: “44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə, bir sıra şəxslərdə belə bir düşüncə yaranmışdı ki, dövlət bütün diqqəti II Qarabağ müharibəsi iştirakçılarına yönəldib. Amma bu yanlış fikir idi. Birdəfəlik ödəmələrin verilməsi göstərdi ki, Azərbaycan dövləti I Qarabağ müharibəsinin iştirakçılarını da unutmayıb, onlara da qayğı göstərilir. Bundan əvvəl də I Qarabağ müharibəsi əlillələrinə bir sıra sosial ödənişlər, dəstək proqramları həyata keçirilmişdi. Bu ödənişlərin verilməsi ilə bağlı qəbul edilmiş qərarı da həmin prosesin davamı saymaq olar. Nəzərə alsaq ki, I Qarabağ müharibəsi bir neçə il çəkmişdi, onun daha çox iştirakçısı olmuşdur o zaman bu proqramın böyük bir sayda insan qrupunu əhatə edəcəyini, cəmiyyətdə sosial təminat baxımından ciddi nəticələr verəcəyini söyləyə bilərik. I Qarabağ müharibəsinin iştirakçıları bu dəstəyi, yardımı tam olaraq qazanıblar. Öz canları ilə, qanları ilə, çəkdikləri əziyyətlərlə bu yardımı haqq ediblər. Onlar dövlətimizin ağır dövrünə düşdülər. Xaos, iqtisadi çətinlik, ictimai-siyasi gərinlik dövründə, ordunun hələ yeni-yeni qurulmağa başladığı zamanda könüllü şəkildə vuruşmağa gedənlər, o cümlədən orduda qulluq edənlər böyük qəhrəmanlıqlar göstərdilər. Onların əməyini unutmaq, haqqını yemək olmaz. Dövlətimiz də onların haqqını verir. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Dövlət onları da unutmayıb. Onların pulu da varislərinə veriləcək. Bu o deməkdir ki, heç kim unudulmur, heç kim yaddan çıxmır. I və II Qarabağ müharibəsinin iştirakçılarına, əlillərinə, şəhidlərinin ailələrinə daim qayğı göstərmək lazımdır. Dövlət də, millət də hər zaman onlara xüsusi münasibət göstərməli, dəstək verməlidir. Bizim onlar qarşısında borcumuz bir ömürlükdür. Bundan sonra nə qədər çalışsaq da onların borcundan çıxa bilmərik. Dövlətin, onun başçısının atdığı bu addım digərlərinə, xüsusən də məmurlara nümunə olmalıdır. Şəhid haqqı, Qazi haqqı müqəddəsdir. Məmurlar bunu anlamalıdırlar. Biz bütövlükdə cəmiyyət olaraq bu şəxslərə Şəhid, Qazi adına layiq münasibət göstərməliyik”.

Ekspert Əkrəm Bəydəmirli isə bildirib ki, bu gün dünyada, o cümlədən Azərbaycanda iqtisadi sferada baş verən proseslər, müxtəlif sahələrdə ərzaq və qeyri ərzaq mallarının qiymətlərinin artması insanların həyat tərzinə təsirsiz ötüşmür: “Məhz belə məqamda I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanması çox əhəmiyyətli addımdır. Çünki bəziləri düşünürdü həmin kateqoriyadan olan insanlar unudulub. Əslində Azərbaycan dövlətinin hədəfində insanların, xüsusilə müharibədən əziyyət çəkən şəxslərin rifahının yüksəldilməsi dayanır. Bu müsbət tendensiya əsas xətt olaraq davam etməkdədir. I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi həmin insanların sosial-iqtisadi problemlərinin həllinə təkan olmaqla bərabər, həm də bu proses insanlara mənəvi dəstəkdir. Müharibədən əziyyət çəkən insanlar düşünürlər ki, onlar heç zaman yaddan çıxmırlar, dövlətin, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunurlar. Düşünürəm bu proses, müsbət tendensiya davam edəcək. Qayğıya ehtiyacı olan bütün kateqiriyadan olan insanların problemlərinin həlli istiqamətində zəruri addımlar atılacaq. Yetər bu sahə ilə bağlı məmurlar öz üzərlərinə düşən vəzifəni zamanında dürüst yerinə yetirsinlər”.

Onu da qeyd edək ki, hərbi yönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə təşəkkür məktubu göndəriblər.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları geniş miqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənməklə, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilməsi, 7450 nəfər müharibə əlilinə minik avtomobili verilməsi, ümumilikdə 330 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması və digər tədbirlər onlara göstərilən qayğının bir nümunəsidir.

Həmçinin Vətən müharibəsi zamanı sağlamlığını itirən hər bir əsgər və zabitimizin müalicəsi, onların reabilitasiyası, onların yenidən cəmiyyətə inteqrasiyası üçün aparılan mühüm və ardıcıl işlər Sizin müharibə iştirakçılarına qayğıkeş, həssas münasibətinizdən irəli gəlir.

Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin artırılması üçün ötən dövrdə mühüm addımlar atılıb, xüsusilə son illərdə bu istiqamətdə ciddi artımlar tətbiq edilib. Müharibə veteranlarının Prezidentin aylıq təqaüdləri ilə əhatə olunmaları təmin olunmaqla, onlar və şəhid ailələri ilə bağlı aktiv məşğulluq proqramları da genişlənib.

Sizin şəhid ailələrinə xüsusi qayğınız nəticəsində hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edildibu da şəhid ailələrinə daha bir dəstək oldu.

Bu gün isə Sizin Fərmanınızla növbəti mühüm sosial dəstək proqramına – I Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, ümumilikdə 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulardaxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı.

Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat. Həmin qərar minlərlə müharibə əlili olan vətəndaşlarmıza, onların ailələrinə böyük dəstəkdir.

Bu qərar həm də onu göstərir ki, istər I Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak edən hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.

Möhtərəm Ali Baş Komandan!

Sizə şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətə görə hərbi yönümlü qeyri-hökumət təşkilatları adından təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq! Bildiririk ki, bizlər Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq".

Məktubu “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ictimai birliyinin sədri Rey Kərimoğlu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri Füzuli Rzaquliyev, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin sədri Emin Həsənli ünvanlayıb.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2022.- 4 avqust.- S.10.