“İşbazların varlanma hərisliyi ekoloji fəlakətə səbəb olur

 

Elman Cəfərli: “Bakıda pozulan ekoloji tarazlıq hər kəsə təsir edir

 

İndi əsas məqsəd əlimizdə olanı qorumaq olmalıdır. Bir zamanlar bizdən öncəki nəsil bu yaşıllığı salıb, qoruyub, bizə ötürüb. Bizim də məqsədimiz bu sərvəti qoruyub yaşatmaqdır. Bakıxanov qəsəbəsində 20 hektardan artıq şam ağacı meşəsi var. Hərdən təəccüb edirəm ki, bu ərazi işbazların caynağından necə qorunub”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində “Yaşıl DünyaEkoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, digər suallarımızı da cavablandırıb.

-Elman bəy, Azərbaycan Respublikasinin Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Rəhbərlik etdyiniz “Yaşıl DünyaEkolji Maarifləndirmə İctimai Birliyi də qaliblər siyahısındadır. Müsabiqədə qalib gəlmiş layihəniz hansı istiqamətdədir? Hansı işlərin görülməsi planlaşdırılır?

- “Yaşıl DünyaEkolji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasinin Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqəyə “Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə təqdim etmişdi. Layihəmiz qalib elan olunub. Yeri gəlmişkən, təşəbbüsümüzə dəstək verdiyi üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik.

Bilirsiniz ki, son illər planetimizdə baş təbii fəlakətlər, qlobal istiləşmə, sel və daşqınlar, torpaq sürüşmələri ciddi narahatlıq yaradıb. Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqların, canlı aləmin məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür. Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Ekoloji cəhətdən savadlı insan dərk etməlidir ki, təbiət də onun özü kimi canlıdır. Uşağa kiçik yaşlarından təbiətə qayğı ilə yanaşmanı aşılamaqla biz onun şəxsiyyətinin formalaşmasına ciddi təkan vermiş oluruq. Yeni nəsildə vətəndaş şüurunun formalaşdırılmasının əsas istiqamətlərindən biri də məhz ekoloji təhsil və tərbiyə olmalıdır. Bu yolla gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik.

İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır. Bir çox dünya alimləri ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. Ekoloji mədəniyyətin formalaşması pedaqoji prosesdə onunla gündəlik ünsiyyətdə ekoloji şüurun, təbiətə ekoloji həssaslığın inkişafıdır.

 

-Görüləcək işlərdə məqsəd nədir?

 

- Layihənin məqsədi gənc nəsildə ekoloji şüurun formalaşdırılması və ətraf mühitə sevgi hisslərinin aşılanmasına dəstək verməkdən ibarətdir.

Layihə mediadasosial şəbəkələrdə geniş işıqlandırılacaq, qeyd olunan problemlər və onların həlli yolları, bu işdə hər bir vətəndaşın rolu haqda mütəmadi yazılar dərc olunacaq, internet televiziyalarında videomüsahibələr hazırlanacaq. Bu proses layihəyə cəlb olunacaq jurnalistlərin, ekoloqların, pedaqoqların iştirakı ilə aparılacaq. Sosial şəbəkədə xüsusi səhifə və qruplar vasitəsilə bu mövzuların müzakirəsi, belə hallarla bağlı faktların daimi paylaşılması təmin olunacaq ki, bu da layihənin davamlılığını təmin edən əsas vasitələrdən biri olacaq. Uşaq və gənclərdə ekoloji tərbiyəni formalaşmasına dəstək olaraq video-kitab mobil tətbiqi yaradılacaq.

3 aylıq layihə çərçivəsində Bakı, XaşmazŞirvan şəhərlərində yerləşən təhsil müəssisələrində maarifləndirmə məqsədilə ictimai müzakirələr keçirəcəyik. Ekologiya sahəsinin mütəxəssisləri və araşdırmaçıların iştirakı ilə video-müsahibələr təşkil ediləcək. Layihə ilə bağlı bütün materialların KİV-də və sosial şəbəkələrdə yayılması təmin ediləcək.

- Bakıda və ümumiyyətlə ölkədə ətraf mühitin, yaşıllıq sahələrinin qorunmasında QHT-lərin üzərinə hansı vəzifələr düşür?

-Son zamanlar artan ekoloji problemlər bu məsələyə diqqəti artırıb. Artıq ekoloji yönümlü olmayan QHT-lər, ekoloq olmayan ziyalılar da bununla bağlı həyəcan təbili çalırlar. Vətəndaş cəmiyyəti institutları ictimai problemlərin aşkara çıxarılması və həllində mühüm rola malikdirlər. Artıq insanlar dərk edir ki, ətraf mühitin qorunması, çevrənin təmiz saxlanılması hər kəsin marağında olan məsələdir. Hamımız eyni şəhərdə yaşayırıq. Yaşıllıqları məhv edilən Bakıda pozulan ekoloji tarazlıq hər kəsə təsir edir. O üzdən bütün cəmiyyət səfərbər olmalıdır. Bakı artıq ötən əsrin 70-ci illərinin hisli-paslı sənaye şəhəri deyil. Bakı beynəlxalq tədbirlərə, yarışlara, sərgilərə ev sahibliyi edən müasir şəhərdir, müstəqil dövlətin paytaxtıdır. Bəzən televizorda futbol yarışlarını izləyərkən Bakı stadionlarında plastik sellofan torbaların havada uşmasının şahidi oluruq. Hər halda bu, yaxşı bir hal deyil. 30 ildir deyilir, ancaq bizi polietilen torbalardan istifadəni məhdudlaşdıra bilmirik. Ötən əsrin 80-ci illərinin Bakısını fotolarda, videolarda görürük. Necə yaşıl şəhərdir. Cəmi 40 ildən sonra Bakını “beton şəhərə” çevirə bildik. Bakıda olan-qalan çoxillik ağacları da işbazlar kəsib məhv edir. 2019-cu ildə paytaxtın Məhəmməd Hadi küçəsi 92 ünvanda, “kvadrat binalaradlanan yerdə bir gecədə 130 ağac kəsilmişdi. İctimai müqavimətin gücü, medianın və vətəndaş cəmiyyətinin dəstəyi ilə o ağaclığı qorumaq mümkün oldu. Ancaq araya pandemiya, müharibə düşdü, baş qarışdı. Bu günlərdə “Yaşıl Dünya” təşkilatının fəalları ilə ərazidə müşahidə aparırdıq. Gördük ki, həmin ərazinin bir hissəsində artıq yaşayış binası tikilib. QHT-lərin işi problemi aşkara çıxarmaq, onu daim diqqətdə saxlamaqdır. Xəzər sahilinin hasarlardan azad olunması məsələsində də bir ara kütləvi təbliğat getdi, sonra dayandı. Halbuki bu müsbət nəticəyə qədər davam etməlidir. Bu məsələdə ictimai maarifləndirmənin rolu böyükdür. Bu istiqamətdə davam etdirilməlidir. Uşaqlara erkən yaşda təbiətə sevgi aşılanmalıdır ki, böyüyəndə yaşıllıq düşməninə çevrilməsin. Çoxillik ağacları biznes marağına qurban verməyə çalışmasın.

 

-Bakının məhv edilmiş yaşıllıq zonalarını bərpa etmək mümkün olacaqmı?

 

- İndi əsas məqsəd əlimizdə olanı qorumaq olmalıdır. Bir zamanlar bizdən öncəki nəsil bu yaşıllığı salıb, qoruyub, bizə ötürüb. Bizim də məqsədimiz bu sərvəti qoruyub yaşatmaqdır. Bakıxanov qəsəbəsində 20 hektardan artıq şam ağacı meşəsi var. Hərdən təəccüb edirəm ki, bu ərazi işbazların caynağından necə qorunub. Çünki meşənin 4 bir yanında villalar, iaşə obyektləri tikilib. Qəsəbəyə doğru olan hissədə restoran fəaliyyət göstərir. Bir zamanlar bura sıx meşəlik idi. İndi baxımsızlıq üzündən meşəlik keçəlləşmək üzrədir. Ağaclara aqrotexniki qulluq göstərilmir, meşə sahəsi suvarılmır. Başa düşə bilmirəm, lap elə təbii formalaşmış meşəlikdir, bu ağaclara qulluq göstərmək lazım deyil? Meşənin keçəlləşən ərazilərində torpağı yumşaltmaq gübrə vermək və yeni ağaclar əkmək mümkündür. Ağac əkmək təkcə piar üçün olmamalıdır. Son illər dövlət qurumları, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda, ümumən Abşeron yarımadasında çoxlu sayda ağaclar əkilib. Bu, çox yaxşı haldır. Ancaq olanı da qorumaq lazımdır.

Mən əminəm ki, aidiyyatı qurumlar bu meşəliyi bilərəkdən diqqətdən kənarda saxlayıblar. Məqsəd ağaclığı qurutmaq, sonra ərazini hissə-hissə işbazlara satmaqdır. Yaxın günlərdə ekologiya və ətarf mühitin qorunması istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə birgə sözügedən bölgədə monitorinq aparmaq aparmaq və aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq niyyətindəyik. Əslində bu, təkcə QHT-lərin işideyil. Hər kəs yaşadığı ərazidə mövcud olan yaşıllığın qayğısına qalmalıdır. Evimizin içərisini, həyətimizi təmiz saxlayıb ətraf mühitə qarşı duyarsız olmaq düzgün deyil. Bütövlükdə yaşadığımız şəhər evimizdir, onu təmiz saxlamalıyıq. Evimizin içinə qapanıb qalmamalıyıq. İnsan ictimai varlıqdır. Vaxtaşırı yaşadığımız ərazidə iməciliklər təşkil olunmalı, binanın həyəti təmizlənməli, yaşıllıq salınmalı, ağaclara qulluq göstərilməlidir. Mən istirahət günlərində Xətai və Nizami rayonu ərazində velosipedlə gəzintiyə çıxır, Qara Qarayev metrosundan Həzi Aslanov qəsəbəsinə qədər müşahidə aparıram. Hər həyətdə heç olmasa 2-3 könüllü təbiətsevər insan var. Onlara dəstək vermək, ruhlandırmaq lazımdır ki, bu işi davam etdirsinlər. Yeri gəlmişkən həyətlərdə ağacların suvarılması ilə bağlı problemlər var. Bundan öncə yaşadığım N.Tusi 21 ünvanında su kranı vardı. Sonra o xətti kəsdilər. Qonşuların köməyi ilə ərazidə 50-yə yaxın şam, küknar, çinar, akasiya, iydə, ayland, əncir, zeytun ağacları, nargül kolları əkmişdik. İndi susuzluqdan o ağacların çoxu quruyub. Mənə elə gəlir ki, 5-6 binanın həyətində heç olmasa 1 güzəştli tariflərlə bulaq quraşdılmalıdır. Bu, könüllü təbətisevərlərə dəstək olardı. Hazırda yaşadığım N.Tusi 29 ünvanda Yaqub Axundov adlı bir təbiətsevər yaşayır. O, öz vəsaiti hesabına su xətti çəkdirib, sayğac qoydurub. Həyətdə əkdiyi ağaclaragül kollarına qulluq göstərir. Bu cür insanlar Bakıda yüzlərlədir. Dövlət qurumları, bələdiyyələr bu cür təşəbbüskar insanlara dəstək verməlidir. Mənim fikrimcə, Bakını yenidən 40 il öncəki vəziyyətinə qaytara, “yaşıl şəhər” çevirə bilərik.

 

Əli Zülfüqaroğlu

 

Xalq Cəbhəsi.- 2022.- 11 avqust.- S.9.