Dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərə bağlılığı mühüm əhəmiyyət kəsb edir

 

Fuad Hüseynzadə: Bu istiqamətdə hələ çox işlər görülməlidir

 

Bu gün dünya azərbaycanlılarının əsl milli özünüdərki və müstəqil dövlətçilik tarixini bilməsi və milli-mənəvi dəyərlərə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din, azərbaycançılıq ideologiyası, mədəniyyət, adət-ənənələr, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən biridir. Lakin reallıq göstərir ki, xaricdəki soydaşlarımızın imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onların fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Bu fikirləri Xalq Cəbhəsinə müsahibəsində Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. F.Hüseynzadə diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli-mənəvi dəyərlərimzi istənilən səviyyədə praktikada tətbiq etmir.

 

F.Hüseynzadə əlavə edib ki, hətta mövcud vəziyyət gələcək nəsillərin milli-mənəvi dəyərlərimizdən xəbərsiz olacağını deməyə əsas verir: Azərbaycanda, xüsusən də xarici ölkələrdə apardığımız araşdırmalar zamanı gənclərin milli-mənəvi dəyərlərimiz haqda məlumatsız olmasını müşahidə etmişik. Maraqladır ki, bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin əksəriyyəti Azərbaycan dilində danışa bilmir. Psixoloji olaraq azərbaycanca düşünə bilməyən belə gənclərin mənəvi olaraq Azərbaycanla bağlılığı olmur. Belə olduqda həmin gənclərin Azərbaycan mədəniyyətinə, dəyərlərinə və adət-ənənələrinə marağı olmur. Bu, eyni zamanda II nəsil diasporun itirilməsi təhlükəsindən xəbər verir. Ayrıca, xaricdəki soydaşlarımız arasında ixtilafların yaranması, şəxsi ambisiyaların önə çıxması, koordinasiyanın istənilən səviyyədə aparılmaması həmrəylik və birliyin yaranmasına mənfi təsir edir. Hətta bəzi ölkələrdə bir sıra soydaşlar yad ideologiyaların təsiri altına düşərək neqativ fəaliyyət göstərirlər. Bütün bunlar da dünya azərbaycanlılarının, eləcə də Azərbaycan dövlətinin imicinin aşağı düşməsinə səbəb ola bilər. Bu kimi neqativ halların qarşısının alınması üçün xaricdəki soydaşlarımız, həmçinin Azərbaycandakı gənclər arasında milli-mənəvi dəyərlərimizin, vətənpərvərliyin təbliği gücləndirilməlidir.

 

Milli maraqların müdafiəsi

 

Onun fikrincə, milli-mənəvi dəyərlərimizin təbliğitəbliğ olunması ilə müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi, milli maraqların müdafiəsi yolunda faydalı aparılmadır: Milli həmrəyliyin gücləndirilməsi baxımından çox əhəmiyyətli olan milli-mənəvi dəyərlərimiz dünya azərbaycanlılarının birliyi üçün mənəvi təməldir. milli-mənəvi dəyərlərimizin təbliğ olunması ilə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq, onları ictimai, ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək olar. Nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xaricdəki soydaşlarımza cağırış edib. Ölkə başçısı 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında xaricdə yaşayan soydaşlarımız haqqında danışarkən deyib: Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar: Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Prezident xüsusi olaraq ana dilinin əsas amil olduğunuana dilinin bütün Azərbaycan vətəndaşlarını birləşdirdiyini vurğulayıb. Göründüyü kimi, bu fəaliyyət istiqaməti dövlətin də marağındadır və hər zaman aktualdır.

 

Milli düşüncəsinin inkişafı

 

F.Hüseynzadə diqqətə çatdırıb ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərimizə əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var: Çünki müxtəlif zamanlarda milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqımızın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərib. Bu gün də xaricdə yetişən nəsil, məhz bu prosesin içərisində özünü dərk edərək, mövqeyini müəyyənləşdirməlidir.

 

Dünya azərbaycanlılarının milliideoloji birliyi üçün onlara milli-mənəvi dəyərlərin aşılanması, eyni zamanda soydaşlarımızın milli-mənəvi dəyərlərin təbliği işi təşviq edilməlidir. Dünya azərbaycanlılarının xalqımıza xas olan mənəvi normalara və əxlaqi keyfiyyətlərə sədaqət, milli mənşəyini, tarixi Vətənini unutmamaq, Azərbaycan xalqının milli maraqlarının müdafiəsi işi çox önəmlidir. Xaricdəki soydaşlarımız da milli-mənəvi dəyərlərimizi müdafiə etməyi, qoruyub saxlamağı və onları təbliğ etməyi bacarmalıdır. Bunun üçün də mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliğ olunması zərurətdir.

 

Dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərimizlə bağlı maarifləndirilməsinə KİV-lər vasitəsilə çalışmalıyıq.

 

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi üçün soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizi təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə nail olmalıyıq.

 

Bundan başqa gənclərin realvirtual dünyada milli-mənəvi dəyərlərimizin təbliğində aktiv iştirakına yardımçı olmaq və xaricdəki azərbaycanlı uşaqların milli düşüncəsinin inkişafı üçün ana dilinə sevgisini artırmalıyıq.

 

F.Hüseynzadə əlavə edib ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulmasını təşkil etmək, həmçinin Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyələrini xarici mediada təbliğatını aparmaqdır: Birliyin əsas məqsədi diaspor fəaliyyətinə jurnalist dəstəyinin artırılması və xaricdə yaşayan soydaşlarımız arasında milli-mənəvi dəyərlərin, o cümlədən vətənpərvərliyin təbliğinə kömək etməkdir. Ətrafında dövlət və dövlətçiliyimizi təbliğ edən vətənpərvər jurnalistlər toplanan təşkilat bir çox fəaliyyətlərini diaspor qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

 

Təşkilatımız bu müddətdə 30 ölkənin 50-dan çox nüfuzlu mediasında Azərbaycan həqiqətləri, milli-mənəvi dəyərlərlə bağlı məqalələr dərc etdirib. Xüsusən Vətən müharibəsi dövründə bu fəaliyyət daha aktiv şəkildə icra edilib.

 

Əli

 

Xalq Cəbhəsi.- 2022.- 19 may.- S.9.