Vətən güvəni oğullar

 

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir insan yurduna sadiqlayiq vətəndaş olmağı üçün əlindən gələni əsirgəməməlidir. Biz hamımız Azərbaycan dövlətinin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Mənfur düşmənləri isə qəlbimizdəki Vətən sevgisinin, Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də...

Torpaqlarımızı azad etmək üçün, analarımızın gözündən yaşı silmək üçün, gecələr rahat yatmaq üçün, şəhidlərimizin qanını yerdə qoymamaq üçün ayağa qalxmalıyıq və qalxayacağıq da... Məhz bu amal uğrunda neçə-neçə igid Azərbaycan övladı canından keçərək vətənpərvərliyin ən ali məqamı olan şəhidlik zivəsinə ucalıb. Dadaş da belə oğullarımızdandır.

Dadaşov Dadaş Hüseyn oğlu 21 aprel 1972 çi ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində (keçmiş Puşkin rayonunun Novomixaylovka kəndi) anadan olmuşdur. 1979 -1989 cu illərdə Biləsuvar rayonunun Zəhmətabad kənd orta məktəbində oxumuş, 1990 -1992 çi illərdə keçmiş Sovetlər İttifaqının Volqoqrad vilayətində həqiqi hərbi xidmət keçmişdir. 1992 çi ildə hərbi xidmətini nümunəvi başa vuraraq doğma ocağına qayıdır.

Bu illər yenicə müstəqilliyini qazanan respublikamızın ağır sınaq illəri idi. Məhz həmin dövrdə səriştəsiz rəhbərlərin yarıtmaz idarəçiliyi sayəsində düşmən torpaqlarımızın iyirmi faizə yaxınını zəbt etmiş, soydaşlarımızı tarixi yaşayış məntəqələrimizdən didərgin salmış, qaçqın və məcburi köçkünə çevirmişdi. Hər yerdə qeyrətli Vətən oğullarından ibarət könüllü bartalyonlar yaradılır, düşmənə ağır zərbələr endirilirdi. Bu çətin sınaq vaxtı Dadaş Dadaşov da heç tərəddüd etmədən könüllü olaraq Birinci Qarabağ müharibəsinə qoşulur. Döyüşlərdə iştirakı igid, qorxubilməz biləsuvarlılardan təşkil edilmiş Biləsuvar taborundan başlayır. (Xüsusi qeyd edim ki, Bİləsuvarlılar hən Birinci, həm də İkinci Qarabağ – Vətən müharibəsində xüsusi fərqlənmişlər. Eləcə də Biləsuvar rayonu daha çox şəhid verən rayonlarımızdandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!)

Şəhidimiz, əslən Yardımlı rayonunun Anzov kəndindən olan Dadaş Hüseyn oğlu Dadaşovun da qəhrəmanlıqla döyüşərək şəhadətə yüksəldiyi Birinci Qarabağ müharibəsində xalqımızın Ümummilli lideri, unudul¬maz dahi şəxsiyyət Heydər Əliyevin ali sərkərdəlik məharəti ilə həyata keçirilmiş Horadiz əməliyyatı qəhrəmanlıq tariximizin qızılı hərflərlə yazılmış səhifəsi kimi hələ çox araşdırılacaq və çox öyrəniləcək. Bu il Azərbaycan Ordusunun ən uğurlu döyüşlərindən biri olan Horadiz əməliyyatından 28 il ötür. Bu əməliyyat o zaman güclü havadarları olan erməni işğalçılarına Azərbaycan əsgərinin sərt üzünü göstərmiş, bir neçə ay sonra atəşkəs haqqında Bişkek protokolunun imzalanmasına təsir edən başlıca səbəb olmuşdur. Həmin günlərdə Azərbaycan Ordusunun uğurlu döyüş taktikası nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi, daha 20 yaşayış məntəqəsi, habelə Cəbrayılın Cocuq Mərcanlı kəndi düşmən tapdağından azad olunub. Həmin ərazilərin beş aylıq işğalına son qoyulub. Əməliyyat zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarca döyüş maşını, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Eyni zamanda, ermənilərin Beyləqana hücumunun qarşısı alınıb. Adıgedən döyüşdə Dadaş da şəhidlik zirvəsinə yüksəlir. 1994 ildə Füzuli rayonunun Horadiz qəsəbəsinin düşməndən azad olunması əməliyyatinda iştirak edərək gərgin döyüş şəraitində şəhid olur. Biləsuvar rayonunun Zəhmətabad kənd qəbristanlığında dəfn olunmuşdur. Adı əbədiləşdirilmişdir. Biləsuvar rayonunun Zəhmətabad kənd ümumi orta məktəbi Dadaşov Dadaş Hüseyn oğlunun adını daşıyır. Allah rəhmət eləsin!

Dadaş kimi oğullarımız Vətənin tamlığı, bütövlüyü uğrunda son damla qaınadək mərdliklə vuruşaraq şəhid olaraq qəhrəmanlıqlarla dolu olan uca bir zirvəyə yüksəliblər. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və hamımıza örnək sayılır. Bəli, azadlığımızı canı ilə qazanıb qanı ilə yazanları, Vətən, azadlıq yolunda canından keçənləri yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq üçün hər birimiz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq. Bu işdə mən, sən, o deyil, biz məhfumu hər zaman olmalıdır. Biz özümüz özümüzü, dünənimizi, bu günümüzü bütün dünyaya tanıtmalıyıq. Bu tanıtma işinin içərisində ən müqəddəs vəzifəmiz isə şəhidlərimizi unutmamaq, gələcək nəsillərə onların qəhrəmanlığını çatdırmaqdır.

Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin!

 

Malik Balaşov,tarixçi-publisist

 

Xalq Cəbhəsi.- 2022.- 27 oktyabr.- S.14