Minilliklərdən boylanan tarix

 

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı,

Nəsildən-nəsilə bir yadigardır!

 

(Səməd Vurğun)

 

Tarixi Azərbaycan torpaqlarının mərkəzində qərarlaşan Yardımlı tarixi abidələrlə zəngindir. Burda hər addımbaşı tamaşaçısını, araşdırıcısını özüylə bərabər tarixin minilliklər qatına apara biləcək maddi-mədəniyyət nümunələri vardır. Yetmiş illik Sovetlər dönəmində rayon ərazisi üç tərəfdən tikanlı sərhəd məftilləri ilə əhatə olunduğundan burda tarixilik özünü necə varsa qoruyub saxlayıb. Təkcə maddi mədəniyyətimiz deyil, eləcə mənəvi mədəniyyətimiz tam halda, aşınmaya məruz qalmadan qorunub dövrümüzədək gəlib çatmışdır. Müasir dövrə qədər dilimizdə elə sözlər var idi ki, (uruğ-turuğ, nışırıq, yegən s. kimi) “Qutadqu-bilik”də (Yusif Balasaqunlu XI əsr), “Divani Luğat-it-Türk”də (Mahmud Kaşğari XI əsr) öz əzəl məna dəyərini qoruyub saxlayıb. Bu gün danışıq quruluşumuz, dil semantikamız daha çox Naxçıvan Ərdəbil dialektinə uyğun gəlir. Özüm dəfələrlə müşahidə etmişəm ki, danışığımızı Naxçıvan dialektinə aid ediblər. Eləcə bu gün əksər dilçilər Yardımlı dialekt şivəmizin Ərdəbil dialektinin tam eyni olduğunu vurğulayırlar.

Tarixi abidələrlə yanaşı rayon ərazisində təbiət (təbii) abidələri də kifayət qədərdir. İlk baxışda görənləri heyrətə sala biləcək o qədər belə abidələr var ki rayonda. Rayon ərazisində daha çox rast gəlinən qədim tarixə malik çinarların tarixi hələki doğru, dürüst araşdırılmayıb. Bu çinarları bəzisi sərhəd zolağı, bəziləri isə karvan yolu ilə əlaqələndirir. Hər halda bu çinarların olduğu yerlər bir qayda olaraq şirin su mənbələrinə yaxın olmasıyla, eləcə də çinarın yerləşditi ərazi qədim qəbristanlıq və yurd yeri olmasıyla diqqəti cəlb edir. Maraqlı cəhət ondan ibarətdir ki, adətən adi çinarları budaqdan çoxaltmaq mümkün olduğu halda bu çinarlar budaqdan artmır.

Belə çinarlardan biri də (rayon ərazisində belə çinarlar onlarladır) rayonun Ökü kəndindəki Şərq çinarıdır. Tədqiqatçılar Ökü çinarının 1250 ilə yaxın yaşının olduğunu vurğulayırlar. Yaşından göründüyü kimi Ökü kəndindəki Şərq çinarı əsrlərin yadigarıdır. Gövdəsi (10 metrə yaxın) yoğun olan bu ağacın koğuşuna 20-30 adam rahat yerləşir. Çinarin gövdəsi dəfələrlə bir neçə yerdən ildırım vurması nəticəsində parçalanmışdır. Buna baxmayaraq çinar hələ də yaşıldır. Çinar maili təpənin üstündə dəniz səviyyəsindən 1070 metr yüksəklikdə yerləşir və ətrafında ağaclar yoxdur. Abidə Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi idarəsinin əməkdaşları tərəfindən qorunur. Çinarın ətrafında tez-tez rayona gələn turistləri - qonaqları görmək olar. Xan çinarının yerləşdiyi ərazidəki Ökü kəndi Yardımlının qədim tarixə malik kəndlərindəndir.Abidə turizm əhəmiyyətlidir.

Hazırda rayon ərazisində yüzdən artıq tarixi abidə mövcuddur. Onlardan 51-i ölkə əhəmiyyətli, qalanı isə yerli əhəımiyyətli abidələrdir. Nəzərə alsaq ki, Yardımlı rayonunda minlərlə tarixi abidə var və onların şox az qismi həm aşkar olub, həm də qeydiyyata alınıb. Azərbaycan tarixi üçün dəyərli olan bu abidələrin itib-batmamasına görə vaxtında, vandalistlərin əlinə düşməmiş tədqiq olunması vacibdir. Ümumiyyətlə, rayon ərazisində bu istiqamətdə planlı şəkildə ciddi işlərin görülməsinə və irimiqyaslı tədqiqatların aparılmasına ehtiyac vardır.

 

Malik Balaşov, tarixçi-publisist

 

Xalq Cəbhəsi.- 2022.- 6 yanvar.- S.14.