MEDİA və
medianın 1 ili
Medianın İnkişafı Agentliyinin
(MEDİA) yarandığı gündən 1 il
ötür. Qısa müddətdir və illərdən bəri yığılıb qalmış
problemləri nəinki
1 il, hətta
islahatların nə dərəcədə sürətlə
həyata keçirilməsindən
asılı olmayaraq,
5 il ərzində belə həll etmək mümkün deyil. Çünki sektorun iştirakçılarının
sayı kifayət qədər çoxdur və belə olduğu təqdirdə, yalnız yuxarıdan aşağı islahatlar aparmaqla arzuolunan nəticələrə nail olmaq
inandırıcı görünmür.
Bu xüsusda bir
məqama da diqqət çəkməyi
vacib hesab edirəm. Bunu etiraf kimi də
qəbul etmək olar: Media sektorundakı
real problemlərin əhəmiyyətli
olmasa da, çox mühüm və bəlkə də həlledici hissəsinin ayrı-ayrı
media subyektlərinin rəhbərlərinin
təqdimatında ön
sırada dayanan nəsnələrlə yaxından-uzağa
heç bir əlaqəsi yoxdur. Media subyektlərinin bir hissəsi problemlərə və onların həllinə yanaşmada bir çox hallarda tərəf kimi çıxış edir.
Hər kəs öz maraqlarından çıxış
etməyə, onun və rəhbərlik etdiyi subyektin problemlərinin hamıdan çox olduğunu diqqətə çatdırmağa
və son nəticədə
“yorğanı” öz
üzərinə çəkməyə
çalışır. Gerçək problemlərin fundamental önəm kəsb edən hissəsi isə, zənnimcə bütün bu korporativ təqdimatlardan kənarda, gözlə görünməyən, yaxud
məqsədyönlü şəkildə
gizlədilən detallardadır.
Ötən 1 il ərzində gəldiyim qənaət də bundan ibarətdir, hətta ilk baxışda öz ziyanım(ız)a olsa
da belə...
MEDİA-nın 1 illik
fəaliyyətində təqdir
etdiyim ən önəmli cəhət,
təsisatın sektordakı
problemlərin həllinə
mane olan amillərə
real mənzərəni tam çılpaqlığı
ilə ortaya qoyan baxış bucağından yanaşmasıdır. Mənə
görə, MEDİA-nın
1 illik qazancı, arxasında bir çox hallarda korporativ maraqların dayandığı yanaşma
və təqdimatları
bir kənara qoyaraq, ümumi mənzərəyə bir
az kənardan
və öz baxış bucağından
yanaşmasıdır. Və
bu, çox böyük qazancdır!
Bu yazıda hər
kəsə bəlli olan ayrıntılara diqqət çəkmək,
nələrisə böyütmək,
yaxud kiçiltmək
niyyətində deyiləm. Hər şey
görünə biləcək
qədər yaxınlıqda
və aydınlıqdadır.
Medianın müasir çağırışlara uyğun
hüquqi bazasının
yaradılması, jurnalistlərin
və sektorda çalışan digər
peşə sahiblərinin
peşəkar vərdişlərinin
artırılması, beynəlxalq
və real təcrübə
mübadiləsi, gəlir
və xərclərin
optimallaşdırılması, güzəştlərin tətbiqi
və digər istiqamətdə həyata
keçirilən və
keçirilməsi nəzərdə
tutulan tədbirlər
də həmçinin...
Nəticələr ölçülə
biləndir və hansısa təbliğat maşının “istehsal etdiyi” söz yığını deyil...
...Zənnimcə ötən
il ərzində
görülən işlərin
real nəticələri bu
ilin ikinci yarısından etibarən
daha aydın şəkildə nəzərə
çarpacaq. Həm də tədricən... Addım-addım, hissə-hissə,
yaxud ola
bilsin ki, daha kiçik ölçüdə... Amma görünəcək.
Buna zərrə qədər də şübhə etmirəm.
...Ötən 1 il
ərzində MEDİA ilə
həm də bir-birimizi anlamağa çalışdıq. Və
buna nail
olduğumuzu düşünürəm.
İndi ədalət hissini heç bir zaman kəsiyində və şəraitdə itirməyən həmkarlarımın
ön yarğı “qalxan”larını bir kənara atıb öz işləri ilə məşğul olduqlarını görəndə,
sevinirəm. Qənaətimə
görə, təkcə
MEDİA-nın yox, həm də medianın ötən il, ola bilsin ki, bir
az daha artıq
zaman ərzində əldə etdiyi ən böyük qazanc, hər kəsin öz işi ilə məşğul olmağa
başlamasıdır. Gözlər yollardan yığılıb
və redaksiyaların
divarlarının sərhədlərinə
çəkilib. Hər kəs
anlayıb ki, möcüzə bu divarlar arasında baş verməlidir. Dəyişikliklərin, islahatların yolu
redaksiyalardan keçir.
MEDİA isə bu prosesin iştirakçılarından,
yəni bizdən biridir. Vəssalam.
İndi
bütün fərqli
çalarları və
xüsusiyyətləriylə bərabər medianın bir üzü və bir yolu
var. Bu yol da BİZ-dən keçir – mediadan və MEDİA-dan...
Elçin Mirzəbəyli
Əməkdar jurnalist,
“Xalq cəbhəsi” qəzetinin
baş redaktoru
Xalq Cəbhəsi.- 2022.- 13 yanvar.- S.4.