Azərbaycan dünyaya
sülh mədəniyyəti təqdim edir
Qloballaşan dünyamızda dini və milli zəmində qarşıdurmaların artdığı bir dönəmdə, Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi özünü göstərir. Bunun nəticəsidir ki, bugün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın çoxlarına örnək olan xarakterik xüsusiyyəti olaraq ortaya qoyulub və bu həqiqəti kimsə inkar edə bilməz. Azərbaycanda kilsə və sinaqoqların, xristian və yəhudi dini tədris müəssisələrinin sərbəst fəaliyyət göstərməsi, onlara dövlət tərəfindən lazımi dəstək verilməsi buna əyani sübutdur.
Yaxın və Orta Şərqdə baş verən müharibələr, toqquşmalar təkcə bölgədaxili ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri də məhv edir. Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bu ölkələrdə demokritiyanın və insan haqlarının vəziyyətindən nəticələr çıxarmağı vacib edir. Dünyanın bütün nöqtələrinə öz mənfi təsirini göstərən belə arzuolunmaz proseslərin fonunda, Azərbaycanda milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətinin təbliği və təşviqinin daha da genişləndirilməsi, bu mühitin qorunub saxlanması istiqamətində davamlı işlərin görülməsi heç şübhəsiz ki, ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Qloballaşan dünyamızda dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunması da, ölkəmizdə bəşəri sülhə xidmət edən bir mühitin mövcudluğundan xəbər verir. Bu da ondan irəli gəlir ki, multikulturalizm və tolerantlığ Azərbaycan xalqının genetik xüsusiyyətləri ilə bağlıdır. Ölkəmizdə yaşayan bütün dinlərə, eləcə də azsaylı xalqlara və etnoslara qarşı münasibəti də onun gen yaddaşından döğan tolerantlığın nəticəsidir və bu inkaredilməz bir həqiqətdir.
Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar inşa edilib. Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.
Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrini, dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirilmişdir. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak ediblər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm - cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudluğudur. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı təsdiq olunan Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə kafedranın müəllimləri orta ümumtəhsil məktəblərində “Azərbaycanda multikulturalizm və tolerantlıq” mövzusunda səyyar mühazirələrdə fəal iştirak edirlər. Qeyd etmək lazımdır ki kafedranın əməkdaşları beynəlxalq konfranslarda da məruzələrində Azərbaycan multikulturalizm siyasətindən geniş auditoriyanı tanış edirlər. Və təbii ki, qısqanclıq nəticəsində erməni nümayəndələri və ermənipərəst qüvvələr tərəfindən suallar və təzyiqlərə məruz qalmağımıza baxmayaraq elmi mənbələrə, tarixi sənədlərə istinad edərək onların sualları layiqincə cavablandırılır. Müasir dövrdə informasiya müharibəsi şəraitində tələbələrimizə tövsiyəmiz bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
Onu da qeyd edək ki, ölkəmizdə yaşayan müxtəlif millətlərin, xalqıların nümayəndələrinə məxsus dini, mədəni abidələr də dövlət səviyyəsində qorunub saxlanılır. Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir.
Müasir dövrümüzdə Heydər Əliyev Fondu, nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələrini verir. Fondun layihələrindən biri olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətili işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirmiş oldu. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Hazırda Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb. Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.
Azərbaycanda bütün dövrlərdə, ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar. Bu gün də belədir. Müasir dünyamızda çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu ən böyük sərvətlərdən biridir.
Cavid
Xalq Cəbhəsi.-
2022.- 20 yanvar.- S.9.