“Yanvarın 20-si Azərbaycanın
azadlıq uğrunda mübarizəsinin rəmzinə
çevrilib”
Turan Rzayev: “Bundna sonra olkənin
müstəqilliyi ideyası ümummilli amala çevrildi”
“20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, 20 Yanvar XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi: “Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırım və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin davamı idi.
SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycandakı dinc nümayişçilərə qarşı hərbi müdaxilə etməsi əslində heç təəccüblü deyildi. Çünki 20 Yanvar hadisələrinin bənzərini SSRİ 1956-cı ildə Çexoslovakiyada, 1968-ci ildə Macarıstanda və 1979-cu ildə Əfqanıstanda həyata keçirmişdi.
Ümumiyyətlə ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu və bu istiqamətdə siyasi oyanışı Sovet hökumətini ciddi narahat edirdi. Nəticə etibarilə Bakıya qoşun göndərən Sovet hökuməti 1990-cı il 20 yanvar tarixində dinc əhaliyə və etirazçılara qarşı silahlı müdaxilə ilə cavab tədbirləri gördü”.
T.Rzayev əlavə edib ki, Sovet hökuməti Bakıya qoşun yeritsə də, bu Azərbaycan xalqının müstəqillik arzusunu və ya etirazlarını səngitmədi: “Əksinə, SSRİ rəhbərliyinin səriştəsiz siyasətinin ən pik həddi olan 20 Yanvar qırğınları Azərbaycandakı mübarizə ruhunu daha da artırdı və Sovet imperiyasının 70 il ərzində yaratdığı xof büsbütün dağıldı.
20 Yanvar hadisələrinin baş verməsində şübhəsiz ki, Azərbaycanın o vaxtki səriştəsiz rəhbərlərinin də payı var. Baş verən hadisələr baxmayaraq israrla Kremldən gələn tapşırıqları icra edən bu şəxslər də 20 Yanvar hadisələrinin baş verməsində məsuliyyət daşıyır. Xalqla bir olmağa cəsarəti çatmayan sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam edən bu şəxslər hər zaman olduğu kimi, bu dəfə də xalqın səsinə qulağını tıxadı.
20 Yanvar qırğınından danışarkən hadisələr sonrası məsələyə həmin vaxt Moskvada yaşayan mərhum Prezident Heydər Əliyevin verdiyi reaksiyanı qeyd etmək lazıdmır. Məsələ ondadır ki, özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bu fakt ona görə vacibdir ki, 20 Yanvar hadisələri sonrası Qərb və onun “demokratiyası” Bakıda qırğınlar törədilməsinə qərar verən Mixail Qarbaçova Beynəlxalq Nobel Sülh Mükafatı verdi”.
Politoloq əlavə edib ki, ABŞ hökuməti də bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdi: “Avropanın müxtəlif media qrumları da Bakıda baş verən qırğınlara qeyri adekvat yanaşma sərgilədi. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, hərbi qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirmişdi. “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-york Tayms”, “Baltimor San” kimi dünyanın ən tanınan mətbu orqanları, eləcə də bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə laqeyd münasibət özünü göstərirdi. Göründüyü kimi, Qərbin ən ali dəyər saydığı, realda isə oyuncaq kimi oynatdığı “demokratiya” da Bakıda törədilən qırğınları zorakılıqları alqışladı. Əks halda Bakı qırğınlarına qərar verə, rəhbərlik edə Qorbaçovu ən azından demokratiya düşməni elan edərdi.
1990-cı il yanvarın 20-də Bakıda hadisələr baş verərkən Qarabağda da ermənilər aktivləşmişdi. Erməni ideoloqları və onların ilhamvericiləri “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – İrəvanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi”.
Politoloq diqqətə çatdırdı ki, 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi: “42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.
Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu”.
T.Rzayevin fikrincə, 20 Yanvar faciəsi azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu: “Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi”.
Əli
Xalq Cəbhəsi.- 2022.- 20 yanvar.-
S.6.