Ağdam sənayesində inkişaf impulsları...

 

Azərbaycanda sənaye parkları yeni iqtisadi model kimi diqqət mərkəzindədir. Hətta regionlarda, xüsusən də işğaldan azad olunmuş ərazilərdə yerli iqtisadiyyatın dirçəldiliməsində mühüm alətlərdən biri hesab olunur. Bu baxımdan Ağdam Sənaye Parkına sahibkarların və hökumətin marağı daha da artır. “AS İstehsal” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 19-a çatıb. Şirkət tərəfindən Sənaye Parkının 5,5 hektar ərazisində investisiya həcmi 5,4 milyon manat olan inşaat materialları istehsalı kompleksi yaradılacaq və 95 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşmış və parka ayrılmış 190 hektar ərazi minalardan təmizlənmiş, elektrik enerjisi və su təchizatı sistemi qurulmuşdur. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılmış, əraziyə asfalt yol çəkilmiş, abadlıq işləri aparılmışdır.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli 1453 nömrəli Fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılmışdır. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmışdır. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir. Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TİR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur. Sənaye Parkının konseptual planı hazırlanmış və sənaye parkı üçün ayrılmış 200 hektar ərazidə mina və partlamamış hərbi sursatlardan təmizləmə işləri tamamlanıb. Sənaye Parkının konseptual planı hazırlanmış və mobilizasiya şəhərciyi üçün konteyner tipli yataqxana, yeməkxana, anbar, ərzaq mağazası, ofis, bərbərxana, aptek və tibb məntəqəsi tam quraşdırılıb. Artıq 5 sahibkara sənaye parkının rezidenti statusu verilib.

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həmçinin, ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə post-konflikt ərazilərdə də sənayenin inkişafı məqsədilə sənaye parkları yaradılır.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında biznes üçün bir sıra mühüm stimullaşdırıcı tədbirlər tətbiq olunur. Bekə li, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər kimi Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar (Gömrük rüsumundan 10 il azad olma müddəti 1 yanvar 2023-cü ildən tətbiq edilir, 30 dekabr 2022-ci ildə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən qüvvəyə minib. Əvvəlki illərdə isə azad olma müddəti 7 il idi). Habelə sənaye parkının infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi, inzibati prosedurların sadələşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili belə stimullaşdırıcı tədbirlərdir.

2023-cü ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata çatdırılacaq. Bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.

Qarabağda sənaye parkalrının yaradılmasında daha bir məqsəd sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Dövlət proqramı çərçivəsində 2025-ci ilədək inzibati idarəetmənin qurulması, hüquq-mühafizə fəaliyyəti, telekommunikasiya şəbəkəsinin yaradılması kimi işlər aparılacaq. Həmçinin, iqtisadiyyatın canlanması üçün dağ-mədən sənayesində istehsalatı və özünüməşğulluq formatında sahibkarlığın təşkili nəzərdə tutulur. Əslində regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar.

Xarici iş adamları da Qarabağda biznes qurmaqda maraqlıdırlar. Bu sahədə qardaş Türkiyədən olan iş adamları daha fəal görünürlər. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attarın rəhbərlik etdiyi Türkiyənin 30-a yaxın iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə gəliblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinə, Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlərə dair Türkiyə iş adamları üçün təqdimat keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə sahibkarlığın inkişafı, biznes imkanları, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes və investisiya qoyuluşu üçün potensial, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edilib ki, belə səfərlər biznes dairələri arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlıqların qurulmasında əhəmiyyətlidir. KOBİA Türkiyə iş adamları ilə yerli KOB-lar arasında əlaqələrin qurulmasına, ortaq layihələrin və işbirliklərinin reallaşdırılmasına dəstək göstərməyə hazırdır. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar səfərin məqsədi, rəhbərlik etdiyi fondun ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün gördüyü işlər barədə məlumat verib. Türkiyə iş adamları, həmçinin “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə göstərilən xidmətlərlə tanış olublar.

 

Mahir Həmzəoğlu

 

Xalq Cəbhəsi.- 2023.- 3 avqust.- S.12.