Teatr elita üçündür
Deyir ki, “teatr
ali sənət növü olduğu üçün bir növ, elitar sənətdir. Bu sənətin kütlə üçün olması fikri
isə, kommunist ideologiyasının yanlış lozunqu idi.
Yadınızdadırsa,
bir zamanlar deyilirdi ki, səhnə həyatdan bir pillə yuxarıdır. Amma, mən deyirəm ki, sənət xalq
üçün, kütlə üçün deyil.
Doğrudur,
bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlir, zallar boş deyil,
amma məqsədli tamaşaçı
yox dərəcəsindədir.
Yəni tamaşaçıların əksəriyyəti nəyəsə baxmağa gəlsə də, konkret zövqü
və sənət mühakiməsi olanı
azdır. Tamaşaçı
sənətə əyləncə
növü kimi baxırsa,
o, tamaşadan heç
bir ideya, mesaj ala bilməz...”
İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti,
olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur.
Onun ərsəyə
gətirdiyi bütün sənədli televiziya filmlərində,
səhnə
əsərlərində bu keyfiyyətlər açıq-aşkar görünür…
“Hər bir millətin mədəniyyət göstəricisi onun teatra münasibətilə
ölçülür.
Musiqidə
isə bu əsasən simfonik musiqinin dərki kimi qəbul edilir.
Burada bir həssas məsələ də var, “haradan filan qədər pul qazana bilərəm”i düşünən adam üçün “Tik-Tok” daha çox maraqlıdır. “Harda daha
çox əylənə
bilərəm?” deyən insan
üçün gecə
barları,
restoranlar və
s. daha cəlbedicidir. Onun
üçün teatr və
sənət rakursu cəlbedici deyil. Yəni əylənmək, dincəlmək düşüncəsində
olan adama teatr
təfəkkürü, zövqü yaddır. Digər tərəfdən isə, dövrün zaman anlayışı,
vaxta münasibət baxımından bu gün tamaşaçını teatrda saxlaya bilmirik. Məcburiyyətdən tamaşaları qısa zaman çərçivəsinə görə hesablayırıq. Əvvəllər 3 saat, 4 saat nümayiş
etdirilən tamaşalarımız vardı.
İndi məcburiyyətdən 1 saat, 1 saat 30 dəqiqə, uzağı
2 saatla kifayətlənirik. Tamaşaçını iştirakçıya çevirmək cəhdi mənim əsas istəyimdir. Ötən vaxtlarda bir təcrübə etdim: tamaşanın ən gərgin yerində
tamaşaçıdan reaksiyanı
almağı
yoxladıq. Yəni görüm, bu tamaşaçı
səhnəni necə və
nə dərəcədə qavrayır? Reaksiyalar heç
də teatrı
anlayan,
sənəti dərk edən tamaşaçıdan xəbər vermirdi.
Bizdə
emosiyaya təsir var, amma mən şüura təsirdən bəhs edirəm. Ən dəhşətlisi
bax budur. Bu sənətdə çalışanların, böyük mənada, dramaturji bazası yox dərəcəsindədirsə,
müasir teatr üslubları və formaları haqqında təsəvvürü yoxdursa, özünü bu sənət vasitəsilə
köçürə bilmək ifadəsi yoxdursa, demək ki, heç nə yoxdur. Yol da yanlışdır,
mövcudluq da. Mənim fikrimcə,
bu gün Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır. 26 teatr
yox,
10 teatrla qənaətlənmək, ciddi islahatlar aparmaq gərəkdir, bütünlükdə
teatra münasibət dəyişməlidir. İdarəetmədən, inikasa qədər. Çünki indiki teatrlarımız
40-cı, 60-cı illərin teatrı
deyil.
Sürət başqa sürətdir, dövr başqa dövrdür...”- söyləyir.
Gəncədə dünyaya
gəlsə də Sumqayıt şəhərində, elə mənim də yaşadığım 8-ci mikrorayonda böyüyüb böya başa
çatıb. Yaxşı yadımdadır, atası, rəhmətlik Zaur kişinin
"Pobeda” avtomobili də
vardı.
Deyir ki;- “Ailədə atama
ən çox bənzəyən mən idim.
Və atam ən həlledici məqamlarda mənim
“qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir
şey hiss etmirdim. Amma atam “eynən atama bənzəyirsən” deyirdi, səndən əla hakim olar.
Bu peşəni çox sevirdi deyə məni həkim görmək istəyirdi.
Lakin ürəyimin
səsi atamın səsindən daha güclü oldu. Çox sonralar peşəmlə
bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq
verməyimə
görə özümü qınadığım vaxtlar da olub. Amma seçdiyim peşə məni özümü ifadə etməyim
üçün əsas vasitə oldu. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə
seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə
dəysin.
Həmişə
seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub.
Atam isə
bu peşəmlə,
mənim seçimimlə
“Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı.
Birdəfəlik qəbul etdi...”
Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə 1982-ci ildə
Sumqayıtdakı
17 saylı
orta məktəbi başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil
olub və
1988-ci ildə oranı uğurla başa vurub.
Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.
1990-cı ildə
Lənkərandan Bakıya qayıtdıqdan sonra
"Azərbaycanfilm"
kinostudiyasında
"Güzgü"
qısametrajlı
bədii filmini ərsəyə
gətirib.
1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə
götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin
"Yaşa, ey haqq!",
Jan Koktonun
"İnsan səsi",
Marşa Normanın "Gecən xeyirə
qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında
özünün həm rejissoru,
həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb.
2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş
rejissoru vəzifəsinə təyin olunub.
Bir müddət orada işlədikdən sonra bir il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş
rejissoru vəzifəsində
çalışıb. Hazırda Azərbaycan Dövlət Akademik Milli Teatrının bədii rəhbəridir.
“Deyirlər ki, teatrda rejissor və
ya bədii rəhbər kişi peşəsidir. Amma əsla belə
deyil.
Və mən, ümumiyyətlə,
qadın-kişi peşə
fərqinin tam əleyhinəyəm!
Ortada qol-əzələ gücü yox, intellekt və
duyum fərqliliyi söz konusudur.
Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri
öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla,
onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə
güclü olub. Kişilərdən fərqli olaraq,
qadının daha həssas araşdırmaçı
gücü xüsusi qısqanclığa səbəb olur.
Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara?
Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini
cins fərqiylə
qarışdıracaq
deyilik ki...
Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də
cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də deyirəm.”- söyləyir.
2003-cü
ildə
Naxçıvan MR-nın əməkdar incəsənət xadimi,
2013-cü ildə
isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir
ki, ardıcıl olaraq Prezident mükafatı alır.
Deyir ki;- “Mən mövcud, bəlli, işlənmiş formanı
sındırmağa, özümü ifadəyə meylli biriyəm.
Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı işimə
qüsursuz köçürməyə
çalışıram. Nə
necə
görünür, necə qəbul olunur mənə maraqlı deyil.
Yetər ki, sonuca qane olum.”
Hər kəsin bir daxili dünyası var, - deyirlər. Onun dünyasında haqq-ədalət
öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır.
Necə deyərlər,
onu düzə düz, əyriyə əyri söyləməyə
vadar edir. Həm də rejissor və həm də bədii rəhbər kimi mükəmməldir.
Bir sıra tamaşalara,
onlarla filmə quruluş verib. Deyir ki, hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə,
sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni
gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər,
təhriflər silinəcək.
Sadəcə hadisələrin
məğzi qalacaq.
2008-ci ilin əvvəllərində
mətbuata verdiyi açıqlamasında televiziya
fəaliyyətinə son qoyduğunu
bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanım hər gün "sehirli qutuda" səbirsizliklə gözlədiyimiz,
yeri görünən
adamdır. Bayağı
verilişlərin baş
alıb çoxaldığı
zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin
telekanala nüfuz gətirməzmi? Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək.
Onda Mehriban xanım Ələkbərzadəni indikindən
də çox sevəcəklər…
Elman Eldaroğlu
Xalq
Cəbhəsi.- 2023.- 10 avqust.- S.15.