Heydər Əliyev və azərbaycançılıq məfkurəsi

 

Samir Baxşiyev: “Heydər Əliyev fenomeninin sirri vətənə, xalqa məhəbbətdə, doğma torpağa sədaqətdədir”

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.

Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı.

YAP Siyəzən rayon təşkilatının sədri Samir BaxşiyevXalq Cəbhəsi”nə deyib ki, dünyanın ən böyük azərbaycanlısı, soydaşlarımızın qürur mənbəyi, mübarizlik simvolu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev azərbaycançılıq fəlsəfəsinin ən böyük banisidir. Çünki Heydər Əliyev fenomeninin sirri vətənə, xalqa məhəbbətdə, doğma torpağa sədaqətdədir. Ulu Öndərin dünya azərbaycanlılarının qürur mənbəyinə, birləşmə və bütövləşmə amilinə çevrilən tarixi xidmətlərinin təməlində onun ucalığı və nəhəngliyi dayanır. Odur ki, soydaşlarımız hər zaman Ulu Öndərin xatirəsini qürurlaehtiramla yad edir: Dahi şəxsiyyətin xalqımıza və dövlətçiliyimizə etdiyi tarixi xidmətləri iki dövrə ayrılır. 1969-cu ildən başlayıb 1982-ci ilə qədər davam edən birinci dövrdə Heydər Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan o zamankı inkişafın yeni mərhələsinə qədəm qoymuşdu. Qısa vaxt ərzində problemlər məngənəsində sıxılan cəmiyyətin özünə inamını bərpa edərək milli ruhu məhv olmaq təhlükəsindən qorudu, dövlət idarəçiliyinə yeni nəfəs, müasirlik gətirdi, xalqın bütün potensialını milli problemlərin həllinə səfərbər etdi. 1969-1982-ci illərdə Ümummilli Liderimiz Azərbaycanda ilk öncə mənəviyyatın yüksəldilməsi, əxlaqi sərvətlərimizin dəyərləri istiqamətində tədbirlər həyata keçirdi. Bununla da mənəviyyat sahibləri-elm, ədəbiyyat və incəsənət adamları cəmiyyətdə üstün mövqeyə malik oldular. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ən mühüm istiqamətlərindən biri onun milli şüurun, özünüdərkin və azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər təşkil edirdi. Belə ki, Heydər Əliyev siyasəti azərbaycançılıq ideologiyası, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşmasına yönəlik dəyərli işləri əhatə etdi. Bu baxımdan Sovet imperiyasının xalqların milli dəyərlərini sıxışdırdığı bir dövrdə əsası Ulu Öndərimiz tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının bu illərdə formalaşması dövlətçiliyimizin və milli özünüdərkin formalaşması baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı”.

O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq, milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə ən böyük xidmətlərindən biri olmuşdur. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Ulu Öndər Heydər Əliyev gələ bilmişdir: “Ümummilli Liderin Azərbaycanın gələcəyini düşünərək, uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmikadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli azadlıq hərəkatının başlanmasında məhz Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş azərbaycançılıq ideologiyasının böyük təsiri oldu. Həmin dövrdə baş verən hadisələr milli özünüdərk prosesini gücləndirmiş və nəticədə Azərbaycan xalqının milli-azadlıq ideyaları yeni mərhələyə qədəm qoymuşdu. Milli azadlıq hərəkatı nəticəsində SSRİ kimi nəhəng imperiya dağılma mərhələsinə daxil oldu və Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etdi. Xalqımızın milli şüurunun oyanmasında və milli ruhun yüksəlişində ən mühüm hadisələrdən biri Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri kimi 1991-ci ilin dekabrında qəbul etdiyi mühüm qərar oldu. Belə ki, Naxçıvan Ali Məclisi tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edildi. Ümummlili Liderin təşəbbüsü ilə qəbul edilmiş bu qərar xalqımızın milli özünüdərk prosesinin formalaşmasına əsaslı təkan verən tarixi hadisə kimi yaddaşlarımıza əbədi həkk edildi”.

S.Baxşiyevin fikrincə, bütün bu mühüm tarixi hadisələrin fonunda təəssüf hissi ilə qeyd etməliyik ki, xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. O illərdə Azərbaycanda hakimiyyət başında olan qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verirdilər. Onlar azərbaycançılığı ümumtürklük ideyası ilə eyniləşdirərək ölkədaxili etnikmilli etimadsızlıq toxumu səpdilər ki, bu da azərbaycançılıq ideyasını müəyyən müddət ciddi iflasa uğratdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə ikinci dəfə qayıdışından sonra müstəqil dövlətçiliyimizin qorunması ilə yanaşı məhv olmaqda olan azərbaycançılıq ideologiyasına da yeni bir həyat verdi. Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Məhz bu ideologiya sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmləndi. Azərbaycan dilinin dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq ideyalarını, milli dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə bütün xarici ölkələrdə yaşayan soydaşlarmızın iştirakı ilə təşkil edilən toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin onlarla keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsini sübut edir: “Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Hazırda Ulu Öndərimiz tərəfindən formalaşan azərbaycançılıq məfkurəsi yeni bir mərhələyə qədəm qoymuşmilli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsidir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri milli birliyimizin, həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının ən yüksək zirvəsi kimi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. İnanırıq ki, Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan daha böyük zirvələr fəth edəcəkdir”.

 

Cavid

Xalq Cəbhəsi.- 2023.- 11 may.- S.9.