İslam tarixinin şəxsiyyətləri:
Əbüləfəzl Abbas
“Möminlərin
içində nümünəvi
o kəsdir ki,
öz
canindan, ailəsindən
və əmlakindan
imtina
etməkdə digər
dindarları qabaqlayır”
Həzrəti
Əli.
Əbülfəzl Abbas ( 4 Şaban 26 – 10 Məhərrəm 61; təqribən 15 may 647 – 10 oktyabr 680) şiələrin 1-ci imamı, Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox öz ögey qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli döyüşçü kimi tanınıb.
Sözsüz ki, mübarək hədisdə göstərilmiş keyfiyyətlərin ən kamil təcəssümünü Əbülfəzl Abbas ağada görürük. Həzrət Abbas (ə) İslam aləminin ən böyük şəxsiyyətlərindən biridir. O, İslam yolunda və xüsusən Kərbala hadisələrində öz fədakarlıq və casurluğu ilə seçilib, əsil cəsarət və şücaət nümunəsinə, möminlərin sevimlisinə çevrilib. Sözsüz ki, belə şəxsiyyəti yetişdirən, boya başa çatdıran valideynləridə İslam aləminin böyük şəxsiyyətlərindən olublar.
Həzrət Fatimənın (s.ə.) faciəli vəfatından xeyli vaxt keçmişdi. Həzrət Əli (ə) uşaqların ehtiyaclarını nəzərə alaraq, yenidən həyat yoldaşı seçməyə qərar alır. Və qardaşı Əqilə müraciət edərək, şücaətli nəsildən olan bir qadın haqqında maraqlanır. Əqil Kilab qəbiləsindən olan Fatimə ilə evlənməyi məsləhət görür. Beləliklə Ümmül-bəni Fatimə Əhli-Beytə (ə) qarşı olan böyük hörmət və məhəbbəti ilə Həzrət Əli (ə) evinə qədəm qoyur. Hətta ilk günlərdə xəstələnmiş İmam Hüseyn (ə) və İmam Həsənə (ə) qulluq edir və “övladlarım sağalmayınca, ailə səadətinə sevinmərəm” - deyib. Ümmül-bəni çox mərd, əqidəli və fədakar xanım idi. Onların 4 övladı dünyaya göz açıb və məhz buna görə o “Ümmül-Bəni” ləqəbini alıb, yəni “bir neçə oğul anası”. Onların övladları İmam Hüseynlə (ə) birgə Kərbalada İslam düşmənlərinə qarşı vuruşaraq şəhid olublar.
İmam Əli (ə) ilə Ümmül-bəninin ilk övladı olan Abbas, hicrətin 26-ci ilində, mübarək Şaban ayının dördüncü günü Mədinə şəhərində dünyaya gəlib. Onun mövludu evlərinə nur, Həzrət Əlinin (ə) qəlbinə sevinc bəxş edib. Rəvayətə görə, Əbülfəzl Abbas dünyaya gələndə, qardaşı İmam Hüseyn (ə) onu əllərinə götürməyincə uşaq gözlərini açmırdı. Maraqlıdır ki, həmin hadisə atası İmam Əli (ə) dünyaya gəldikdə də baş verib. O Həzrət (ə), gözlərini yalnız əziz Peyğəmbərimizin (s) qolları üstündə açıb.
Abbasın üzü Ayın nuruna bənzəyirdi. O, daxili və zahiri gözəlliyinə görə “Qəməri bəni-Haşim” ləqəbini alıb, yəni “Haşım qəbiləsinin Ayı”. Hər kəs onu bu ləqəbə layiq görürdü. Onun gözəlliyi haqqında İslam alimi Şeyx Abdulla Maqamani də bildirib. Beləliklə atası İmam Əli (ə) onun adını Abbas qoyur. Bu adın mənası - “Cəsur şir” deməkdir. Həmçinin o, öz müdrikliyi əsasında “Əbülfəzl” ləqəbini qazanıb, yəni “hikmət sahibi”.
Həzrət çox qısa - 34 il həyat sürüb. Lakin buna baxmayaraq, həqiqətən o, bir fəzilət abidəsi, kəramət və böyüklüyün ən gözəl nümunəsinə çevrilib. Başqa cür ola da bilməzdi. Axı o, ömrünün 14 ilini İmam Əli (ə) kimi bir atanın yanında keçirib, onun tərbiyəsindən faydalanıb. Qalan 10 ilini qardaşı İmam Həsənin (ə) və 10 il İmam Hüseynin (ə) himayəsi altında keçirib. Beləliklə, Həzrət Abbas (ə) 14 il ərzində atasının dərin bilgilərindən və inancından faydalanıb. Və bu böyük şəxsiyyətin imanı və misilsiz elmi uşağın tərbiyəsinə və dünyagörüşünə böyük təsir göstərib. Həzrət Əli (ə) oğlunun mənəvi tərbiyəsilə bərabər, həmçinin fiziki tərbiyəsilə də məşğul olurdu. Məsələn, Abbasa müxtəlif idman növlərini, xüsusən ox atmağı öyrədirdi, hətta əkib-biçmək və qılıncoynatma kimi məşğuliyyətlə bədən təliminə də önəm verirdi. Buna görə də Abbas, zaman-zaman torpağın becərilməsilə məşğul olarkən, insanlara islami dəyərlərdən müxtəlif hekayələr danışardı, və hər zaman atası kimi yoxsullara yardım edərdi. Həzrət Əli (ə) Abbasın elmi dərəcəsi barədə bu cür buyurub: “Həqiqətən, oğlum Abbas, mənim elmimdən, göyərçinin anasından su və yeməkdən faydalandığı kimi, bəhrələnib”.
Həzrət Abbasın (ə) həyatında ən vacib məqamlarından biri də onun qardaşlarına olan bağlılığı idi. Ən çox da İmam Hüseynə (ə). Onun Hüseynə (ə) sadiqliyi, hörməti və sevgisi o qədər dərin idi ki, hər zaman İmamın (ə) xidmətinə yetişməyə hazır idi. Deyilənlərə görə, bir dəfə Həzrət Əli (ə) və Hüseyn (ə) Küfədəki məscidlərin birində olarkən, Hüseyn (ə) susuzluq hiss edib və Qəmbər adlı xidmətçidən su istəyib. Bu zaman Abbas (hələ uşaq ikən) tez Qəmbəri qabaqlayıb, suyun dalınca qaçır. O, elə tələsirdi ki, suyu gətirərkən üst-başı suya batmışdı. Bunu görən atası, göz yaşlarını saxlıya bilmədi. Onun səbəbini soruşanda, Həzrət Əli (ə) 20 il sonra baş verənlər haqqında belə buyurdu: “Abbasın paltarı bu gün qardaşı Hüseynin susuzluğuna yetişmək üçün islanıb, lakin bir gün Hüseynin uşaqlarının susuzluğuna yetişmək üçün bütün bədəni qana batacaq”.
Həzrət Abbas (ə) döyüş meydanında da digərlərdən fərqlənirdi. Onun görünüşü Həzrət Əliyə (ə) o qədər oxşar idi ki, hətta düşmənləri belə təşvişə salırdı. O, böyük sərkərdənin - Həzrət Əlinin (ə) geyimlərini geyinərkən bir çox düşmənlərə qalib gəlib. Ən çox onu atası ilə səhv salan isə Müaviyənin qoşunları idi. Onlar Həzrət Abbasla döyüşərkən onun Əli (ə) olduğunu hesab edirdilər. Lakin bir müddət sonra Həzrət Əlini (ə) döyüş meydanında görərkən təəcüblənirdilər. Həmin vaxt ata oğlunu düşmənlərə bu cür təqdim edərdi: “Budur, Abbas, Haşim qəbiləsinin Qəməri!”.
Süffeyn döyüşü zamanı Müaviyə İslam qoşunlarına qarşı suyun qabağını kəsib. Bunu görən Həzrət Abbas (ə) və qardaşı İmam Hüseyn (ə) qoşunlara rəhbərlik edib, düşmən qoşunlarını məğlub edib, suya yol açırlar. Döyüş başlayan zamanı hündür boy və güclü bədən quruluşuna malik olan düşmənlərdən biri meydana çıxıb təkbətək mübarizə üçün digər qoşundan savaşçı tələb edir. Əli (ə) tərəfindən 3 döyüşçü çıxsa da onların üçü də məğlub olur. Həmin vaxt Abbasın təxminən 12 yaşı var idi və atası onu meydana çağırır. Düşmən bunu zarafat kimi qəbul edib, mübarizədən imtina edir. Lakin bir müddət keçdikdə düşmən artıq Abbasın hücumlarından çətinliklə xilas olurdu. Bu savaşda unikal cəsarət və igidlik nümayiş etdirən Abbas, düşmənə qalib gəlir və öz haqqında əbədi epos yaratmış olur.
Qeyd etdiyimiz kimi, Həzrət Əbülfəzll (ə) hər zaman İmam Hüseynin (ə) xidmətində hazır idi. O, son dəqiqəyədək İmamın (ə) yanında idi. Xüsusən, Kərbəlada öz qəhramanlığı ilə seçilib, nümünəvi obraz yaradıb. Döyüş zamanı İmam Hüseyn (ə) və övladlarının susuz olduğunu görən Abbas, bir çox düşmənləri məğlub edib, özünü Fərat çayına çatdırır. Sahilə çatarkən o, çayın sərin suyunu ovucuna doldurur, lakin birdən susuz körpələri yadına salıb, sudan bir damla belə içmədən, onu çaya tökür. Abbas (ə) tək olmasına baxmayaraq, ata minib suyu çatdırmaq məqsədindən dönmür. Lakin yolda düşmənlərin hücumu onu qollarından məhrum edir. Buna baxmayaraq Abbas (ə) yenə də təslim olmur, lakin oxçuların hücumuna məruz qalır. Oxlardan biri sinəsinə batır və yaralı Abbas (ə) atdan yerə düşür...
Həzrət Abbasın (ə) gözəl xasiyyət və gülərüzlüyü insanları cəlb edirdi. Onun zəngin bilgilərə malik olduğunu bilən insanlar, ondan müxtəlif sahələrdən məsləhət alırdılar. Buna görə o Həzrət, insanlar arasında "Bab-əl-həvaic" kimi tanındı - yəni "ehtiyaclar qapısı". Əbülfəzl Abbas (ə) uzaq qohumu olan Lübabə ilə ailə qurmuş və onların üç övladı dünyaya gəlib – Fəzl, Qasım və Ubeydullah. Abbasın "Üqab" (“Qartal”) adlı bir atı da vardır. Rəvayətə görə, bu at öncə Muhəmməd Peyğəmbərə (s) və İmam Əliyə (ə) xidmət edib və digər atlardan üstünlüyü aşkar idi. Bu atın öncəki ismi “Mürtəciz” idi, bu isə ərəbcə “şimşək, ildrım” mənasını daşıyır.
Həzrət böyük şəxsiyyət olduğundan, onun ləqəbləri də çox idi. Onlardan biri “Qazi” yəni “döyüşdən uğurla qayıdan savaşçı” deməkdir. Həzrət Kərbəlada dünyasını dəyişsədə, o, Qazi kimi tanındı. Çünki lənətlik Yezid qoşunlarına qarşı ilk zərbəni endirərkən onun məqsədi atı geri qaytarmaq idi. Həmin at qardaşı İmam Həsənə (ə) məxsusu idi və Süffeyn döyüşü zamanı lənətlik Şimr tərəfindən zəbt edilmişdi. Beləliklə, Abbas həmin atı geri qaytarıb Hüseynə (ə) təqdim edir. O, hicrətin 61-ci ili, məhərrəm ayın 10-da, cümə günü Fərat çayın sahillərində İslam düşmənləri tərəfindən qətlə yetirilib. Buna görə ona “Əl-Qamah” Qəhrəmanı adı verilib, yəni Fərat çayının Qəhrəmanı. Bu, həmin fəth etdiyi Fərat çayıdır ki, Həzrət (ə) oradan su götürüb, lakin içməmiş və beləliklə ona qalib gəlmişdi.
Həzrət Abbası (ə) Kərbəlada, həmin atdan yıxıldığı yerdə dəfn ediblər. Deyilənlərə görə, o gündən etibarən Fərat çayının suları onun məzarını dövr edir. Həmin yerdə “Əl-Abbas” məscidi tikilib və 1300 ilin ötməsinə baxmayaraq, millionlarla zəvvarlar hər il buraya onu ziyarət etmək üçün toplaşırlar.
İmam Səccad (ə) əmisi Abbas (ə) haqda belə buyurub: “Allah əmim Abbasa rəhmət etsin ki, qardaşı yolunda fədakarlıq etdi, öz canını qurban verdi və iki əli kəsildi. Allah-Taala ona Cəfər Təyyar kimi, kəsilmiş iki əlinin müqabilində iki qanad əta etdi ki, behiştdə mələklərlə pərvaz etsin. Abbasın Allah dərgahında məqamı o qədər böyükdür ki, qiyamət günü bütün şəhidlər onun uca məqamına qibtə edəcəklər...
Malik Balaşov
tarixçi-publisist
Xalq
cəbhəsi.- 2023.- 26 oktyabr, ¹37.- S.15.