Çağdaş Azərbaycan
yazıçılarının “Qızıl onluğunda” onun
da adı var...
Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da,
günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini
oxuyur. Və bu əsər onu özünə valeh edir.
Çox düşünüb daşınandan sonra qərara gəlir
ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə
çatmır. Anlayır ki, mütaliəsi zəifdir,
çox əsər oxumalıdır, dünya
yazarlarını dərindən mütaliə etməlidir...
Haqqında söhbət açmaq istədiyim
yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan
rayonunun Aşağı Noxudlu kəndində anadan olub.
1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində
orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə
Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində
oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət
İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan
Respublikasının Maliyyə Nazirliyində iqtisadçı
vəzifəsində çalışıb. 1997-ci ildə isə
Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin
"Büdcədənkənar fondlar" şöbəsinin
müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi
ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi
bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq"
şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham
Əziz'' imzası ilə ədəbi fəaliyyətə
başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik
yazıları ilə çıxış edir. Bir neçə
kitabın müəllifidir...
Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində
mühüm vəzifə tuturdum, istefa verib şəxsi
biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi,
kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin
isə məlumdur ki, sərt qayda-qanunları var, sovet
dövrünə öyrəşmiş insanlar
üçün yeni qaydalara uyğunlaşmaq çətindir.
Bəziləri hələ də düşünür ki,
şair və yazıçıları dövlət
dolandırmalıdır. Sovet hökuməti yazı-pozu
adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat
aparatının ruporu kimi istifadə edirdi və təbii ki,
onların dolanışığı üçün də
ciddi addımlar atırdı, diqqət göstərirdi.
Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir,
rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən
razıyam, hekayələrim oxunur, ədəbi aləmdə
müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat
aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev,
Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif
Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların
çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində
yer tutmaq asan məsələ deyil, çünki orda çox
sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər
yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni
də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir,
45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul
edibsə, deməli, istənilən istedad qəbul oluna bilər.
Yetər ki, ortada gözəl mətn olsun...”
Çox sadə adamdır. Heç vaxt yekaxanalıq
edib özünü təkəbbürlü göstərmir.
Mülayim rəftarı ilə seçilir. Hansı
sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi
xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən
irəli gəlir…
“Hesab edirəm ki, dövlət quruculuğunun əsas
elementlərindən biri sayılan milli burjuaziya
formalaşmalıdır. Gəlin açıq danışaq,
bu gün Azərbaycanda necədir? Biznes mühitində
ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak
edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə
olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da
oturuşmuş ölkələr kimi siyasi adamlar biznes
mühitindən çəkiləcək, həmin yeri milli
burjuaziya nümayəndələri, orta təbəqəni təmsil
edən iş adamları tutacaq. Düşüncə sahiblərinin
pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah
etməyə çalışım, bütün Qafqazda ən
böyük ticarət mərkəzi sayılan “Binə” ticarət
mərkəzində elə bir dövr olub ki, adını
düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini
bilməyən adamlar Çindən, İrandan mal gətirərək
yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə
satılırdı. Amma indi bazarı öyrənmədən,
marketinq işlərini bilmədən, gömrük, vergi ilə
bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana
bilməzsən...”- söyləyir.
AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub.
Oradakı simaları Azərbaycan ədəbiyyatının
lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir.
Düşünür ki, bu gün dövlət ədəbiyyat
siyasətini bu təşkilat üzərindən aparır. Və
nəvaxsa bu sahədə də islahatlar olacağına
inanır...
Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri
poetikdir, şeirə də oxşayır. Mətn üzərində
bütün tənqidləri qəbul edə bilirəm, təki
münasibətlər şəxsi müstəviyə
keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən
o qədər yazıçı adı çəkə bilərəm
ki... Amma düşünürəm, yazıçını
peşəkar tənqidçi təhlil etməlidir.
Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı.
Yazıçı haqqında onun həmkarı yox, peşəkar
ədəbi tənqidçi irad bildirsə daha yaxşı
olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar
heç bir maddi gəlir güdmədən ədəbi prosesi
yaxından izləyir, fikir bildirir, gənclərin
yaradıcılığını təhlil edirlər. Mən
öz mətnlərimə, Azərbaycan dilinə, hər bir
cümləyə qarşı çox həssas və tələbkaram.
Təsəvvür edək ki, ev tikirik və biz hökmən
daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi
deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək
söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan
vacib materiallardır...”
Hekayələrinin bəzilərinin qəhrəmanları
Rusiyada yaşayan soydaşlarımızdır. Bir müddət
Rusiyada yaşadığı üçün,
görünür oradakı soydaşlarımızın
üzləşdikləri problemləri yaxından izləmək
imkanı olub. Və orada yaşayan azərbaycanlıların
taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan,
vətənə gəlib ev tikən, qardaşına toy edən,
bacısını gəlin köçürənlər
göz qabağındadır. Lakin orda səfil həyatı
yaşayan, ömrü məhv olan, faciələr içində
çırpınan soydaşlarımız da var.
Dolanışıq üçün, çörək qazanmaq
ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi
yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata
doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.
Həmişəki kimi hazırda da növbəti roman
üzərində işləyir, başa çatdırası
bir neçə hekayəsi də var. Düşünür ki,
hər gün neçə saat yazmaqla, planlı şəkildə
işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa
həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən
sonra roman yazmağı da yaradıcılığın
növbəti mərhələsi hesab etmir. Onun fikrincə,
hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının
gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə
qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara
Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə
inanıram...”
Bəli, çağdaş Azərbaycan nəsrinin
sıralarında bu gün çox sıxlıqdır.
Yazıçı İlham Əziz bu sıxlıqda
özü kimi görünən ən yaxşılardan biridir.
Daha doğrusu, çağdaş Azərbaycan
yazıçılarının “Qızıl onluğunda” onun
da adı var. O ki qaldı “Nobel mükafatı”na inşəallah
nəsibi olar...
Aprelin 16-sı İlham Əzizin növbəti ad
günüdür, 53 yaşı tamam olur. Onu bu münasibətlə
təbrik edir, möhkəm can sağlığı,
yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(¹14).- S.15