“Azərbaycanda rəssamlıq
sahəsində son zamanlarda hərəkətlənmə
başlayıb
Elşən Karaca: “İstər beynəlxalq, istərsə
də yerli əhəmiyyətli sərgilər artıq daha fərqli
formatda keçirilir”
Müasir İncəsənət Mərkəzində
Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı
ilə təsviri sənət həftəsi çərçivəsində
“ÜstArt” sərgisinin açılışı
keçirilib. Bildirək ki, sərginin ərsəyə gəlməsində
rəssam Bəhram Xəlilov əsas kurator, Elşən Karaca
isə köməkçi kurator olaraq rol oynayıb.
Qeyd edək ki, sərgi aprelin 22-dək davam edəcək.
E.Karaca həmçinin sərgi və Azərbaycanda bu
sahənin ümumi vəziyyəti ilə bağlı
suallarımızı da cavablandırdı.
- Bildirim ki, “ÜstArt” sərgisi
tamaşaçılara incəsənətlə daha
yaxından tanış olmaq məqsədilə təsviri sənət
həftəsi boyunca tanınmış rəssamların
masterklas və ustad dərslərində iştirak etmək
şansı yaradır. Bir həftə boyunca sərgi çərçivəsində
hər gün ayrı rəssamın masterklası olacaq və
masterklasa qoşulanlar özləri də rəsm çəkərək
rəssamlarla birlikdə işləmək şansından
yararlanacaqlar.
Sərgidə heykəltəraşlıq, qrafika və
rəngkarlıq əsərlərindən ibarət 50-dən
çox tanınmış rəssamın sənət əsərləri
nümayiş olunur. Bu sərgini digərlərindən fərqləndirən
cəhətlərindən biri də multidisiplinar tədbir
olaraq planlanmasıdır. Belə ki, rəssamlardan ibarət
qrup sərgidə yalnız rəsm əsərləri ilə
deyil, həm də musiqi nümunələri ilə də
çıxış etdilər. “Ocaq” qrupu ilə tanınan rəssamlar
sərgi zamanı etnik musiqi formatında flaşmob
hazırladılar. Musiqi nömrəsi gözlənilməzliyi
ilə yanaşı, ifa tərzi ilə də
tamaşaçıları təəcübləndirməyi
bacardı. Layihənin çoxşaxəli olması sənətçilərin
bir çox tərəfdən insanlarla yaxınlaşmasında
bilavasitə rol oynayır.
- Elşən bəy, bilmək istərdik ki, Azərbaycanda
rəssamlıq sahəsinə maraq hansı yerdədir?
Müşahidələriniz nə deyir?
- Ümumi olaraq götürsək deyə bilərəm
ki, Azərbaycanda pandemiyadan sonra rəssamlıq sahəsində
əvvəlki illərə nisbətən durğunluq
yaşanırdı. Amma son zamanlarda hərəkətlənmə
başlayıb, dövlət səviyyəsində bu sahəyə
diqqət artmağa başlanıb. Müxtəlif incəsənət
layihələri və sərgilər həyata keçirilir.
İstər beynəlxalq, istərsə də yerli əhəmiyyətli
sərgilər artıq daha fərqli formatda keçirilir.
Əvvəllər eynilik baş verirdi, eynitipli sərgilər
keçirilirdi. İndi daha fərqli və daha müasir sərgilər
keçirilməyə başlanıb. Bu, bəlkə də
insanların eynilikdən sıxılmasının da təzahürü
ola bilər. Həmçinin bu, incəsənətin
inkişafı üçün çox müsbət
haldır.
- Çəkdiyiniz əsərlərinizi
satırsınızmı? Satırsınızsa insanlarda
almağa istək olurmu?
- İşlədiyim əsərləri satıram.
Düşünürəm ki, bu belə də
olmalıdır. Çünki rəsm əsəri işlənib
bitdikdən sonra öz yeni məkanını tapmalıdır
və ora öz işığını yaymalıdır.
İnsanlarda rəsm almağa istək həmişə olub,
sadəcə hər rəssamın öz alıcısı
olur və bu, çox olmur. Çünki incəsənət tələbat
yox, zövq işidir.
-Bir rəsm əsərinin ərsəyə gəlməsi
haqqında danışardınız. Necə yaranır? və
ya bir rəsm əsərinin ərsəyə gəlməsində
ən vacib olan nədir?
- Bir rəsm əsərinin ərsəyə gəlməsi
üçün xüsusi bir ilham pərisinə ehtiyac
duymuram. Mənim üçün həyatda olmaq özü
ilham qaynağıdır. Yaşanılan hər şey
ilhamvericidir. Sadəcə işlədiyim zaman mən səmimi
olmağa çalışıram. Günün tələbinə
uyğun deyil, mənə maraqlı hisslər, duyğular və
ya mövzular üzərində işləməyi seçirəm.
Düşünürəm ki, yaradıcılıq belə
olmalıdır. İşlədiyim hər mövzu üzərində
uzun müddət araşdırma aparmağı sevirəm. Hər
hansı bir mövzunu uzun müddət işləyə bilərəm
Çünki araşdırmalarım zamanı müxtəlif
eskizlər və fikirlər yaranmış olur. Beləliklə,
deyə bilərəm ki, mənim üçün bir rəsmin
ərsəyə gəlməyində ən vacib olan peşəkarlıqdan
əlavə sənətə qarşı səmimiyyətdir.
-Çox gözəl. Sizə işlərinizdə,
yaradıcılığınızda uğurlar diləyirik.
-Çox sağ olun.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 17 aprel(¹14).- S.14.