Ömrünü vətəninə, xalqına ibadətdə
keçirən alim...
Dürüstlük onun üçün çox
vacibdir. Heç vaxt heç kimi aldatmır və
aldanmağı da sevmir. Məcaranı, dinamikliyi
xoşlayır. Nikbin adamdır. Məntiqli, məzmunlu
mülahizələri ilə son dərəcə cazibədar
görünür. Emosional cəhətdən tərbiyəli,
ahəngdardır və geniş düşünməyi
bacarır. Məhdudiyyətlərin, eləcə də
qaydaların şərti olduğunu yaxşı anlayır.
Bununla bərabər, düşüncələrinə
çox bağlıdır.
Deyir ki, “insanın ən böyük qüdrəti,
möcüzəsi sözlə yaratdıqlarıdır”.
Bəzən onu başa düşmək çətin
olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini
heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq onun
insanlığına, ziyalılığına böyük
hörmətlə yanaşır. Bəzən uşaq
saflığı ilə səmimi, təmkinli, təvazökar
olur. Bir sözlə, əməli, ideyası, əsərləri
ilə fərqlənən, başqalarına örnək olan,
yüksək mənəvi dəyərlərə, əxlaqi
keyfiyyətlərə malik bir ziyalıdır.
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O,
1955-ci il noyabrın 30-da Qəbələ rayonunun
Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə
ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib.
1982-1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və
Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki
həmvətənlər üçün nəşr etdiyi “Vətənin
səsi” adlı qəzetdə müxbir işləyib. 1988-ci
ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni
Əlaqələr Cəmiyyəti –“Vətən” Cəmiyyəti
yaranandan onun orqanı “Odlar yurdu” qəzetində əvvəlcə
müxbir, sonra böyük müxbir, məsul katib, redaktor
müavini vəzifələrində çalışıb.
1992-1993-cü illərdə “Vətən” Cəmiyyəti
Avropa və Amerika ölkələri şöbəsinin
müdiri vəzifəsini icra edib. 1993-cü ildən Azərbaycan
Respublikası Nazirlər Kabinetində çalışır,
humanitar və sosial problemlər şöbəsinin baş məsləhətçisi,
Dövlət qulluğunun baş müşaviridir. 2015-ci ildə
"Dövlət qulluğunda fərqlənməyə görə"
medalı ilə təltif olunub.
1997-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və
yaradıcılığı- mühacirətəqədərki
dövr)” mövzusunda namizədlik, 2006-cı ildə isə
Bakı Dövlət Universitetində “Azərbaycan mühacirət
mətbuatında publisistika (1921-1991-ci illər)” mövzusunda
doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri
doktorudur. O, çoxcildlik “Milli Azərbaycan
Ensiklopediyası”nın məsləhətçilərindən,
2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası”nın həmmüəlliflərindən
biridir...
Yaradıcılığa orta məktəbdən
başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər”
hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin
qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda
çap olunur. “Sözlə yarananlar, sözü
yaşadanlar”, “İlyas Əfəndiyevin publisistikası”, “Azərbaycan
mühacirət mətbuatı” (I hissə), “Azərbaycan
mühacirət mətbuatı” (II hissə), “Deyilən söz
yadigardır”, “Azərbaycan mühacirət mətbuatında
publisistika (1921-1991)”, “İdrak işığında”,
“Bütün türklərin tərcümanı”, “Məktəb:
tariximiz, taleyimiz”, “Qaspıralı Dünyası,
Qaspıralı Dühası” və daha neçə-neçə
dəyərli, sanballı əsərlərin müəllifidir.
Xoşbəxtlikdən, bu əsərlərin bəziləri
xarici oxucuların da diqqətini cəlb edib. Məsələn,
2005-ci ilin dekabrında Abid Tahirliyə Almaniyanın Halle şəhərindəki
məşhur Martin Lüter Universitetindən bildiriş gəlib
ki, onun beş kitabı- “Azərbaycan mühacirəti”,
“Sözlə yarananlar, sözü yaşadanlar”, “Azərbaycan
mühacirət mətbuatı (1-ci və 2-ci hissələr)”,
“Azərbaycan mühacirət mətbuatında publisistika”
universitetin kitabxanasının kataloquna salınıb.
…İnsanlarla münasibətdə sərbəst və
səmimidir. Azadlığını son dərəcə sevir
və bu sevgiyə əbədi sadiq qalacağına inanır.
Ağıllı insanların yanında olmağı çox
xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir.
Baş verən hadisələrə fərqli bir şəkildə
baxmağı ondan öyrənə bilərsiniz və onunla
dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng
qatacaq...
Haqqında yazılan məqalələrin birində
deyilir ki: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi,
sözü ilə ömrünü vətəninə,
xalqına ibadətlə keçirib…”.
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2025.- 4 dekabr(¹45).- S.15.