Mənzil qiymətləri kəskin yüksəldi: səbəb
nədir?
Son illər Azərbaycanda tikinti sektorunda müşahidə
olunan genişlənmə, artan material xərcləri və
icazələrin məhdudlaşdırılması
daşınmaz əmlak bazarında ciddi bahalaşma yaradıb.
Ekspertlərin sözlərinə görə, həm yeni
tikililərdə, həm də köhnə mənzillərdə
qiymət artımı alıcıların imkanlarını
xeyli daraldıb və bazarda durğunluq
formalaşdırıb. Hazırkı şərait həm mənzil
alıcılarını, həm də tikinti şirkətlərini
çətin vəziyyətə salır və yaxın illər
üçün qiymət dinamikasına dair proqnozları daha
da aktuallaşdırır.
Əmlak bazarında bahalaşma pik həddə
Əmlak eksperti Elnur Azadov vurğulayıb ki, 2021-ci ildən
başlayaraq ölkədə kütləvi inşaat proseslərinin
genişlənməsi inşaat materiallarının, xüsusilə
də armatur və digər strateji məhsulların qiymətində
ciddi artıma səbəb olub: "Bu bahalaşma tikinti
şirkətlərinin maya dəyərinə birbaşa təsir
göstərdiyi üçün son illərdə mənzil
qiymətlərində kəskin yüksəliş qeydə
alınır”.
Ekspert qeyd edib ki, son 5–6 il ərzində dövlət
qurumları tərəfindən tikinti icazələrinin məhdud
verilməsi bazarda rəqabəti azaldıb, bu da nəticə
etibarilə təklif çatışmazlığı
yaradıb: “İcazələrin azalması tikinti həcmini
aşağı saldı. Təklifin azalması isə qiymət
artımını qaçılmaz etdi. Hazırda bazarda
müşahidə olunan bahalaşmanın əsas səbəbi
məhz rəqabətin zəifləməsi və təklif
qıtlığıdır. Daşınmaz əmlak
bazarında son 5 il ərzində təxminən 65–70 faiz qiymət
artımı qeydə alınıb və bu proses hələ də
davam edir.
Proqnoz göstərir ki, 2026-cı ildə də vəziyyət
dəyişməyəcək. Tikinti şirkətlərinə
kütləvi icazələr verilmədiyi, yeni layihələr
geniş şəkildə başlamadığı müddətdə
təklif tələbi üstələməyəcək və
qiymət artımı davam edəcək”.
Elnur Azadov əlavə edib ki, ipoteka və digər
kredit mexanizmləri bazarda müəyyən aktivlik yaratsa da,
ümumi qiymət tendensiyasına ciddi təsir göstərmir:
“Hətta şəhərin bəzi ərazilərində
aparılan kütləvi söküntü işləri də
bazara müəyyən təsir edir. Lakin əsas problem təklif
qıtlığı olaraq qalır. Təklif artmadıqca qiymət
artımı da davam edəcək”.
Bahalaşma alıcıları bazardan
uzaqlaşdırır
Əmlak eksperti Elnur Fərzəliyev söyləyib ki,
son illər ölkənin böyük şəhərlərində,
xüsusilə də paytaxt Bakıdakı daşınmaz əmlak
bazarında qiymətlərin ciddi bahalaşması
müşahidə olunur: “Uzun müddətdir davam edən qiymət
artımları bazarı kifayət qədər çətin
vəziyyətə salıb. Lakin son 4 ayda əmlak bazarında
nəzərəçarpacaq durğunluq yaranıb və bu
durğunluq qiymətlərdə müəyyən enmələrə
səbəb olmağa başlayıb”.
Ekspert qeyd edib ki, bazardakı durğunluğun əsas
səbəbi mənzillərin kəskin
bahalaşmasıdır: “Artıq əhalinin böyük bir
hissəsi hazırkı bazar qiymətlərinə uyğun
olaraq mənzil ala bilmir. Köhnə tikili binalarda, xüsusilə
"xruşşovka" tipli bir otaqlı mənzillərin
Bakının mərkəzi və mərkəzə yaxın ərazilərdə
qiyməti 90–120 min manat arasında dəyişir. Bu mənzillər
hazırda bazarda ən ucuz bir otaqlı variantlar hesab olunur. Yeni
tikililərdə isə qiymətlər daha yüksəkdir və
otaq sayı artdıqca qiymətlər də kəskin şəkildə
yüksəlir. Hazırda alıcıların marağı
daha çox paytaxtın ətraf ərazilərinə —
Abşeron, Masazır, Xırdalan və digər bölgələrə
yönəlib. Bu zonalarda həyət evlərinin qiymətləri
daha münasib olduğundan bir çox vətəndaş mərkəzdə
mənzil almaq əvəzinə həmin ərazilərə
üz tutur. Əmlak bazarında durğunluq uzun müddət
davam edərsə, qiymətlər orta hesabla 20 faizədək
enə bilər. Ən çox satılan mənzillər isə
kredit və ipoteka yolu ilə əldə edilənlərdir.
Lakin yüksək qiymətlər ipoteka alan şəxslər
üçün ciddi problemlər yaradıb. Bahalaşma ilkin
ödənişlərin yüksəlməsinə, aylıq
ödənişlərin isə insanların ödəmə
qabiliyyətini aşmasına səbəb olur”.
Elnur Fərzəliyev hesab edir ki, bazarda qiymətlərin
sabitləşməsi mənzil almaq istəyənlərin vəziyyətinə
müsbət təsir göstərə bilər: “Dövlətin
tətbiq etdiyi güzəştli mənzil layihələri
bazarda balans yaradan vacib amildir. Bu layihələrin davamlı və
geniş miqyasda həyata keçirilməsi əmlak
bazarında qiymətlərin stabilləşməsinə, hətta
enməsinə gətirib çıxara bilər.
Çünki dövlət proqramları çərçivəsində
təklif olunan mənzillər bazar qiymətlərindən
xeyli ucuzdur və bu, ümumi bazar tendensiyasına təsirsiz
ötüşmür.”
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 11 dekabr(¹46).- S.14.