Mərkəzi Bank uçot dərəcəsini
azaltdı
Mərkəzi Bankın İdarə Heyətinin qərarı
ilə dekabrın 10-da faiz dəhlizinin bütün parametrləri
0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi
6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin
yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib. Bu
qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.
Faiz dəhlizi ilə bağlı qərar qəbul
olunarkən faktiki və proqnozlaşdırılan
inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması,
qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət,
daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının
real sektora ötürücülüyünün xüsusiyyətləri
əsas götürülüb.
Mərkəzi Bankda hesab edirlər ki, hazırda illik
inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət
edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında
12 aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət
artımı qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə 8.2%, ödənişli
xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları
üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya
5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc
amillərindən təsirlənir.
Cari ildə valyuta bazarında təklif tələbi
üstələdiyi üçün burada ümumilikdə vəziyyət
stabildir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə
şöbələri tərəfindən nağd xarici
valyutanın alışı satışını 393 mln.
ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin
əmanətlərinin dollarlaşma səviyyəsinin son 12
ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə
ilə bağlı gözləntilərin nikbin olduğunu
göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi
Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ
dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan
xarici sektor göstəriciləri əlverişli olaraq
qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar
balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in
5.4%-i məbləğində profisit formalaşıb.
CƏB-in profisiti əsasən xarici ticarət və təkrar
gəlirlər balanslarının profisitindən irəli gəlib.
Təkrar gəlirlər balansının əsas komponenti olan
pul baratları üzrə xalis daxilolmaların dinamikası
ötən ilə nəzərən müsbətdir. Mərkəzi
Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar
hesabının profisitli olacağı ilə bağlı
proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında
gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə
alınmaqla tətbiq edilir. Maliyyə Nazirliyinin depozit hərraclarının
davam etməsi bank sistemində likvidliyə artırıcı
təsir göstərməkdə davam edir. Ötən iclasdan
bəri təminatsız pul bazarında faizlər Mərkəzi
Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə
yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi
oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə
isə 6.94% olub. Mərkəzi Bank əsasən 1 həftəlik
açıq bazar əməliyyatları ilə pul siyasətindən
kənar amillərin AZIR-ə təsirini
minimallaşdırıb. Ötən iclasdan bəri gəlirlilik
əyrisində və Mərkəzi Bankın notları üzrə
gəlirlilikdə azalmalar baş verib. Ötən iclasdan sonra
depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik
müşahidə olunmayıb.
Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və
2026-cı ildə illik inflyasiyanın hədəf daxilində
olacağı proqnozu dəyişməz qalır. Son meyillərin
təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində
dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri
balansında baş verən dəyişikliklərin təhlili
artırıcı risklərin nisbətən səngidiyini
göstərir. Bununla belə, geosiyasi gərginliklər və
qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və
maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri
hələ də yüksək səviyyədə saxlayır.
Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya
ötürülməsi ilə bağlıdır. Bu risk ticarət
tərəfdaşlarında inflyasiya prosesləri və nominal
effektiv məzənnənin dinamikasından asılı
olacaqdır. Daxili risk faktorları isə əsasən təklif
– xərc amilləri hesabına formalaşmaqdadır.
2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri
və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi
məcmu tələbin izafi artımı riskini azaldır.
Faiz dəhlizinin parametrləri ilə bağlı
növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti,
habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri
əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra
da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı
bütün vasitələrdən istifadə edəcəkdir.
Mərkəzi Bankın uçot dərəcəsini
0.25 faiz azaldaraq 6.75% müəyyənləşdirməsi
banklarda kredit faizlərini aşağı düşməsinə
nəzəri olaraq zəmin yaradır. Hər halda ən
azında kreditlərin bahalaşma ehtimalını azaldır.
Hərçənd ki, kommersiya banklarının hazırki
kredit faizləri istehsal sahibkarlığı üçün
əlverişli deyil, indiki 18-30%-lik illik kreditlərlə
istehsala investisiya yatırmaq, gəlir və mənfəət əldə
etmək, üstəlik bank kreditlərini də qaytarmaq
ağlabatan deyil. Ona görə də təsadüfi deyil ki,
bank kreditləri istehlaka, kommersiya sahələrinə yönəlir.
Son məlumatlara görə, ölkədə ümumi kredit
qoyuluşlarının həcmi 29,4 milyard manatdır. Ancaq əmanətlərin
həcmi 16 milyard manatdır.Bu isə deməkdir ki, kredit portfelinin
yarıya qədəri digər maliyyə resurslarının
hesabına formalaşır. Əhalidən illik 8-10%-lə əmanət
qəbul edən bank kreditləri 13-15%-lə deyil, 20%-dən
yuxarı təklif edir. Azərbaycanda milli valyutada yeni
verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi
18%-dir. Son illər bu faiz nəinki azalmayıb, hətta
artım müşahidə olunub. Mərkəzi Bankın
uşot dərəcəsini 6.75%-ə endirməsi nəticəsində
ümid etmək olar ki, ölkə üzrə kreditlər
üzrə orta illik faiz dərəcəsi 1-2% azalsın.
Hər halda ölkədə ktredit faizlərinin
artması fonunda ona təsir göstərə biləcək əsas
amillərdən biri kimi Mərkəzi Bank uçot dərəcəsini
azaltdı. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
dayanıqlığının və inkişafının təmin
edilməsi üçün onların aşağı faizli,
daha ucuz maliyyə resurslarına çıxışı
mühüm əhəmiyyət kəsb edir. Bunlarla
yanaşı, sahibkarların kreditlərə, investisiya
qoyuluşları üçün daha çox vəsaitə
ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru
böyük istehsal və ixrac imkanlarına malikdir. Bu
potensialdan səmərəli istifadə edilməlidir. Bunun
üçün yerli istehsalın və ixracın
stimullaşdırılması vacibdir. Bu baxımdan sahibkarlara əlverişli
maliyyə-kredit resursları lazımdır.
İnvestisiya qoyuluşunda daxili yatırımlar
üstünlük təşkil edir, əsas sərmayəçi
dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə
yatırımlarının artırılmasına ehtiyac
olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin
cəlb edilməsi, bu prosesin stimullaşdırılması
mühüm əhəmiyyət kəsb edir. Xüsusən də
işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının
yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə
ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində
məqsəd həm də sahibkarları və onların sərmayələrini
regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində
pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət
göstərməyə həvəsli görünürlər.
Hətta artıq onların əlində konkret layihələr
də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) işğaldan azad
edilmiş ərazilərdə biznesin təşkili
üçün sahibkarlardan yüzlərlə müraciət
daxil olub.
Aydın məsələdir ki, davamlı iqtisadi
artıma nail olmaq üçün investisiya qoyuluşları
mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək
paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə
bərpa və yenidənqurma işlərinə böyük həcmdə
dövlət investisiyalarının yatırılması ilə
əlaqədardır. İndiyədək işğaldan azad
olunmuş ərazilərin bərpası və yenidən
qurulmasına 21 milyard manat vəsait xərclənib. Əsas
infrastruktur qurulduqdan sonra özəl səramayələr və
biznes üçün imkanlar artacaq. Dövlətin
yaratdığı əlverişli biznes mühiti, bir sıra
vergi güzəştləri, eləcə də infrastrukturun bərpası
istiqamətində görülən işlər özəl
sektoru da bu ərazilərdə iş görməyə
sövq edəcək.
Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, sahibkarlığın
inkişafına dəstək göstərilməsi dövlətin
iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir.
Dövlət müxtəlif iqtisadi yollarla
sahibkarlığın inkişafını təşviq edir.
Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi
artımın əsası kimi baxılır. “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən,
“iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə
söykənməli, dövlət və özəl əməkdaşlığı
gücləndirilməlidir. Yenilikçiliyə malik özəl
sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun
maliyyələşməsində özəl sektorun payı
artırılmalıdır”.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 11 dekabr(¹46).- S.12.