Konstitusiyamızda insan hüquq və azadlıqları
üçün əsas təminatlar mövcuddur
“Azərbaycanda çoxpartiyalılıq əsasında
demokratik yolla parlament seçilib, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun aliliyi
prinsipləri bərqərar olub”
10 dekabr - Ümumdünya İnsan Hüquqları
Günüdür. Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi
tərəfindən İnsan Hüquqları üzrə
Ümumi Bəyannamənin qəbulundan sonra hər il
bütün dünyada qeyd olunur.
Bəyannamə ilə qorunan ədalət, ləyaqət,
bərabərlik, iştirak tələbləri dünyanın
hər yerində insanları səfərbər edir. İnsan
hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən
biridir və təşkilat təsis olunduğu gündən bu
missiyanı davam etdirir.
Beynəlxalq birlik hər il dekabrın 10-da İnsan
Hüquqları Gününü qeyd edir. BMT Baş Məclisi
1948-ci ilin həmin günü İnsan Hüquqları
haqqında Ümumi Bəyannamə qəbul edib.
İnsan Hüquqları Günü ilk dəfə
1950-ci ildə - BMT Baş Məclisi bütün dövlətlərə
və əlaqədar təşkilatlara müraciət edərək,
onları hər il dekabrın bu gününü İnsan
Hüquqları Günü müəyyən etməyə
çağıran 423(V) nömrəli qətnaməni qəbul
etdikdən sonra qeyd olunmağa başlanıb.
Bəyannamə siyasi, mülki, sosial, mədəni və
iqtisadi hüquqların geniş siyahısını
özündə ehtiva etsə də, riayət edilməsi məcburi
olmasa da, insan hüquqları sahəsində vahid beynəlxalq
standart formalaşdıran 60-dan çox vasitənin tətbiqinə
imkan yaradıb.
Bəyannamədə təsbit olunmuş əsas insan
hüquqlarının BMT-nin üzvü olan bütün
ölkələr tərəfindən tanınması onun təsir
gücünün artmasına kömək edir, həyatımızda
insan hüquqlarının əhəmiyyətini qabardır.
BMT-nin insan hüquqları sahəsində əsas vəzifəli
şəxsi olan insan hüquqları üzrə ali komissar və
onun Administrasiyası İnsan Hüquqları Gününü
hər il qeyd etmək üçün səylərin əlaqələndirilməsində
əhəmiyyətli rol oynayır.
Hüquqşünas Alim Hüseynli qəzetimizə
açıqlamasında qeyd edib ki, müasir dövrdə insan
hüquq və azadlıqları sahəsində baş verən
köklü dəyişikliklər həm milli, həm də
beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir.
Hər hansı dövlətin hüquq sistemini hamılıqla
qəbul edilmiş beynəlxalq hüquq normalarından,
dövlətlərarası müqavilələrdən kənar
təsəvvür etmək mümkün deyil. Azərbaycan
dövlət müstəqilliyi əldə etdikdən bu
günə kimi bütün sahələr üzrə
böyük inkişaf və tərəqqi yolu keçib.
Etiraf edilməlidir ki, bu inkişaf tendensiyası beynəlxalq
miqyasda rəğbğtlə qarşılanıb. Ötən
müddət ərzində qüdrətli ölkəyə
çevrilən, dünyada öz ədalətli mövqeyini
müdafiə etməyi bacaran, daha dəqiq hüquqi dövlət
quran Azərbaycan hər bir vətəndaşının
hüquqlarının qorunmasının təminatçısına
çevrilib.
Azərbaycan dövləti insan hüquqlarının
qorunması, müdafiə olunması sahəsində
müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər
görür. Konstitusiyamızda da irqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən,
siyasi və sosial mənsubiyyətindən və sair hallardan
asılı olmayaraq, hər bir insanın hüquq və
azadlıqlarının müdafiəsi qanunvericilik, icra və
məhkəmə orqanları qarşısında ümdə
vəzifə kimi qoyulub. Hüquqa və ədalətə
söykənən, vətəndaş cəmiyyətinin və
bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən
qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi
davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması
üçün hər cür şərait yaradılıb.
Azərbaycanda çoxpartiyalılıq əsasında
demokratik yolla parlament seçilib, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun aliliyi
prinsipləri bərqərar olub. Ölkədə həyata
keçirilən köklü iqtisadi, sosial və hüquqi
islahatların təməlində insana qayğı və insan
ləyaqətinə hörmət dayanır: "Şəxsi,
vətəndaş hüquqları hansı dövlətə mənsub
olmasından asılı olmayaraq, insanın təbii
hüquqlarıdır. Bu hüquqların əhəmiyyəti
ondadır ki, insan azadlıqlarını, insanın şəxsi
həyatında özünütəyinetmə və
özünüreallaşdırma seçimini gerçəkləşdirir.
Hüquqi dövlət və şəxsiyyət arasında
qarşılıqlı məsuliyyət prinsipi hökm
sürür: “Ölkəmizdə insan hüquq və
azadlıqlarının yüksək səviyyədə təminatına
yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi
bu sahədə uğurlu nəticələrin əldə
olunmasına imkan yaradır. Demokratik quruluşa təminat vermək,
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq, qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq, ədalətli sosial və
iqtisadi siyasət sayəsində hər bir vətəndaşın
layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri
dəyərlərə əsaslanaraq bütün dünya
xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində
yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali
məqsədlərdir. Azərbaycan Konstitusiyasının maddələrinin
üçdəiki hissəsinin insan hüquq və
azadlıqları ilə bağlı olması onun beynəlxalq
səviyyədə mükəmməl ali qanun kimi qəbulunu
şərtləndirib.
Dövlətin və ya təşkilatın hüquqi əsasını
və idarə olunma qaydalarını müəyyən edən
fundamental prinsiplər toplusu olan ilk milli Konstitusiyamızda vətəndaşların
hüquq və azadlıqları ayrıca fəsildə əksini
tapıb. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya
dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını
təsbit edir”.
O, qeyd edib ki, Konstitusiya insan hüquq və
azadlıqlarının qorunmasının əsasını təşkil
edən, "Əsas insan və vətəndaş
hüquqları və azadlıqları" adlı
üçüncü fəsli hüquqların geniş dairəsini
əhatə edən 48 maddəni özündə əks
etdirir. Xatırladaq ki, Azərbaycan Respublikasının
Konstitusiyasında insan hüquq və azadlıqları
üçün əsas təminatlar mövcuddur. Konkret olaraq
hüquqların bərabərliyi, irqi, etnik, dini, dil, cins və
digər əsaslara görə ayrı-seçkiliyin
qadağan olunması ali qanunda özünü ifadə edir.
İnsan haqlarının əsas məğzi ondan ibarətdir
ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və
bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz
hüquqları və azadlıqları vardır. Bu hüquq və
azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər
qarşısında məsuliyyətini və vəzifələrini
əhatə edir. Vətəndaşın hüquqları şəxsin
müəyyən dövlətə məxsusluğu ilə
bağlıdır. Onlar dövlət tərəfindən
müdafiə olunur.
Paralel olaraq İnsan hüquq və azadlıqlarının
qorunması istiqamətində bir çox qanunlar, o cümlədən
“Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst
toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar
haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında”, “Dini etiqad
azadlığı haqqında”, “İnformasiya əldə etmək
haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin
təminatları haqqında”, “Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında” və
digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud
beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə
Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar,
xüsusən Avropa Şurasının Venesiya Komissiyası,
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq
etmişdir: “Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən hüquqi islahatlar əsasında da məhz
insan və vətəndaş hüquq və
azadlıqlarının təmini məsələsi dayanır.
Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq
sistemində əsaslı islahatlar aparılmış, bu
mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi,
ədliyyə orqanlarının inkişafı, ədalət
mühakiməsində qanunçuluğun
artırılması, müstəqil məhkəmə hakimiyyətinin
möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər
görülmüşdür”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 11 dekabr(¹46).- S.9.