“Amnistiya aktının qəbulu zərurətə
çevrilib”
Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev
partiyanın mətbuat xidmətinin suallarını
cavablandırıb. Xalqcəbhəsi.az müsahibəni təqdim
edir:
- Qüdrət bəy, artıq il ərzində
neçənci dəfədir ki, ƏHD partiyası amnistiya
aktının qəbul edilməsinin vacibliyi barədə məsələ
qaldırır, bu hansı zərurətdən irəli gəlir?
- Bu il biz ərazi bütövlüyümüzün bərpa
olunmasının 5-ci ildönümünü qeyd edirik. Bu
tarixi qələbənin ildönümü münasibətilə
böyük amnistiya elan olunması xalqımız tərəfindən
məmnuniyyətlə qəbul olunardı. Amnistiya aktı cəmiyyətimizdə
humanizmi və milli birliyimizi gücləndirərdi. Bunu zəruri
edən başqa faktorlar da var. Cəmiyyətimizdə hiss
olunan sərtlik və aqressiya hakimlərə də sirayət
edir. 2024-cü ildə 15885 şəxs məhkum edilibsə, onun
9226-sı barəsində azadlıqdan mərhumetmə ilə əlaqədar
cəza təyin olunub. Hakimlər alternativ cəza növlərinin
tətbiqinə üstünlük vermirlər. Cinayət Məcəllsənin
76-cı Cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmə, 77-ci Cəzanın çəkilməmiş hissəsini
daha yüngül cəza növü ilə əvəz etmə,
78-ci Xəstəliyə görə cəzanı çəkməkdən
azad etmə kimi normaları təcrübədə çox az
hallarda tətbiq olunur. Məhbusların sayına görə
Avropada hər 100 min nəfərə düşən median
göstərici təqribən 105 nəfərdisə, bizdə
bu rəqəm 264-dür. Məsələn, Almaniyada 74,
Norveçdə, Finlandiyada, Niderlandda 54 nəfərdir. Bizdə
cəzaçəkmə müəssisələrində
sıxlıq 102.8 faizdirsə, Almaniyada 80 faizdir. Onu da nəzərə
almalıyıq ki, il ərzində bir məhbusun saxlanması
ölkəmizdə 7500 manata başa gəlir. Bütün
bunlara görə amnistiya aktının qəbulu zərurətə
çevrilib.
- Amnistiya aktı ilin sonuna qədər qəbul oluna
bilərmi?
- Çox az zaman qalıb, amma iqtidar istəsə bu
mümkündür. Köhnə layihələr durur. Onlar
üzərində kiçik bir iş aparmaq kifayətdir.
Ümumiyyətlə, ölkəmizdə əfvetmə və
amnistiya haqqında qanun qəbul olunmalıdır. Həmin
qanunla ABŞ-də olduğu kimi Prezidentə nəinki məhkum
olunmuş şəxsləri, istintaq altında olan, yaxud gələcəkdə
cinayət təqibinə məruz qalma ehtimalı olan şəxsləri
belə əfv etmək hüququ nəzərdə
tutulmalı, əfv olunanların sayına məhdudiyyət
qoyulmalıdır.
- Amnistiya aktı həbs olunmalarında siyasi motivlərin
olduğu iddia olunan şəxslərə də şamil oluna
bilərmi?
- Çox istərdim ki, olsun. Xüsusilə,
qadınlara münasibətdə tətbiq olunsun. Bu birliyimizi
gücləndirər, ölkəmizin beynəlxalq nüfuzunu
artırardı. Azərbaycana qarşı qarayaxma
kampaniyası aparanların arqumentlərini də əllərindən
alardı. Onların çoxu cəzalarının bir hissəsini
çəkib və ümid edirəm əksəriyyəti
azadlığa çıxarlarsa həyatlarını başqa
cür qurarlar. Əgər ağır cinayətlərə
görə məsuliyyət nəzərdə tutan maddələri
amnistiya aktına daxil etmək mümükün deyilsə, o
zaman prezident onları əfv edə bilər.
- Qüdrət bəy, xuliqanlıq və narkotiklərlə
mübarizəyə dair qanunvericilik aktlarına dəyişikliklər
edilməsinin vacibliyini vurğulamısınız. Bir az
geniş izahat verərdinizmi?
- Xuliqanlıq-cinayət əməli yox, insanı cinayətə
təhrik edən daxili inam, motivdir. Ona görə 221-ci maddə
Cinayət Məcəlləsindən
çıxarılmalı, ictimai qaydanı cəmiyyətə
açıq formada hörmətsizlik ifadə edən kobud
formada pozma inzibati xəta kimi qanunvericilikdə nəzərdə
tutlmalı və həmin şəxs barəsində inzibati tənbeh
tədbiri tətbiq olunmalıdır. Əgər xuliqanlıq
motivi ilə ictimai qayda pozulan zaman əmlaka ziyan vurularsa, şəxsiyyət
əleyhinə hər hansı cinayət törədilərsə,
buna görə Cinayət Məcəlləsində xüsusi
normalar var.
Cinayətkarlığa qarşı mübarizədə
cəzanın sərtliyi deyil, onun labüdlüyü daha
böyük çəkindirici gücə malikdir.
Cinayət Məcəlləsinin 61-ci maddəsində
cinayətin alçaq niyyətlərlərə törədilməsi
cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin
maddəyə xuliqanlıq motivi ilə cinayətin törədilməsi
cəzanı ağırlaşdıran hal kimi daxil edilə bilər.
2024-cü ildə 7245 nəfər narkotiklərin
qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunub.
Bu olduqca böyük rəqəmdir. Ona görə Cinayət
Məcəlləsindən 234-cü maddənin 1-ci hissəsi –
“Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri “xeyli miqdarda əldə etmə,
saxlama, hazırlama, emal etmə, daşıma”-
çıxarılmalıdır. Bu maddənin
dispozisiyasına yenidən baxılmalı, yalnız narkotik
maddəni satan, satış məqsədilə daşıyan,
istehsal edən və ya yayan şəxslər cinayət məsuliyyətinə
cəlb olunmalıdır. Narkotik vasitə şəxsi istehlak
üçündürsə buna görə cinayət məsuliyyəti
aradan qaldırılmalıdır. Narkomanlar üstlərində
analitik tərəzi gəzdirməyəcəklər ki, şəxsi
istehlak miqdarında narkotik vasitə alsınlar.
Realist olmaq lazımdır. Narkoman olmaq cinayət deyil,
xəstəlikdir. Onları həbsxanaya doldurmaq yox, müalicə
mərkəzlərinə yerləşdirmək
lazımdır.
Xalq Cəbhəsi .- 2025.- 11 dekabr(¹46).- S.3.