Azərbaycan elmi: real
vəziyyət nəyi ifadə edir?
Azərbaycanda elm və təhsil sahəsində uzun
illərdən bəri müşahidə olunan əsas problemlərdən
biri “ad var, iş yoxdur” prinsipidir. Yəni bəzi şəxslər
yalnız “alim” titulunu daşıyır, amma illərlə elmi
məqalə çap etmir, real tədqiqat aparmır, beynəlxalq
elmi mühitlə əlaqəsini qurmaqda çətinlik
çəkir və elmin inkişafına heç bir töhfə
vermir. Bu vəziyyət uzun müddət elmi mühitdə səssiz
müzakirə olunub, lakin açıq şəkildə dilə
gətirilmirdi.
Son günlər Təhsil naziri Emin Əmrullayevin alimlərlə
bağlı çıxışı bu məsələyə
diqqəti bir daha çəkib. Nazir bildirib ki, elm adı
daşıyan bəzi şəxslər məhsuldar fəaliyyət
göstərmədən sadəcə titul üzərində
dayanır və bu, həm elmin nüfuzuna zərbə vurur, həm
də gənc tədqiqatçılarda yanlış təsəvvür
yaradır. Sosial şəbəkələrdə geniş
müzakirələrə səbəb olan bu
çıxış, elmin real vəziyyəti ilə
bağlı ictimaiyyətin məlumatlı olmasına, problemlərin
açıq müzakirəsinə yol açıb.
Ekspertlər bildirirlər ki, bu problemin əsas səbəbi
elmi ad və dərəcələrin uzun müddət status
kimi qəbul edilməsidir. Dissertasiya müdafiə edib illərlə
həmin mövzunu yeniləməyən, beynəlxalq jurnallarda
çıxışı olmayan və real elmi təsiri olmayan
şəxslər hələ də alim kimi təqdim olunur. Bu
isə təkcə fərdi məsələ deyil,
bütövlükdə elmin nüfuzuna ciddi təsir göstərir
və gənc tədqiqatçılara yanlış mesaj verir.
Mütəxəssislər həmçinin
vurğulayırlar ki, alim adının qorunması
üçün şəffaf, obyektiv və davamlı qiymətləndirmə
mexanizmləri tətbiq edilməlidir. Yalnız kağız
üzərində titul qazanmaq yox, real elmi fəaliyyət
göstərmək önəmli olmalıdır. Elm uğrunda
fəaliyyət davamlı oxumaq, yazmaq, beynəlxalq elmi
mühitdə iştirak etmək, sual vermək və cavab
axtarmaqla ölçülür. Əgər bunlar yoxdursa, sadəcə
“alim” adı elmin inkişafı baxımından heç bir əhəmiyyət
daşımır.
Beləliklə, bu çıxışlar həm elmin
nüfuzunun qorunması, həm gənc alimlərin
düzgün yetişdirilməsi, həm də sağlam tənqid
və obyektiv qiymətləndirmə mədəniyyətinin
formalaşdırılması baxımından vacib bir addım
kimi qiymətləndirilir.
“Alim olmaq titul deyil, məsuliyyətdir”
Təhsil İşçilərinin Həmrəyliyi
Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli
“Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib
ki, bu məsələ uzun illərdir elmi mühitdə səssiz
şəkildə müzakirə olunur, lakin indiyədək
açıq formada dilə gətirilmirdi. Onun sözlərinə
görə, nazirin səsləndirdiyi fikirlər mövcud
reallığın etirafıdır.
Əmrah Həsənli qeyd edib ki, təəssüf ki,
ölkədə elmdə “ad var, iş yoxdur” problemi kifayət
qədər geniş yayılıb: “Özünü alim kimi təqdim
edən, amma illərlə nə elmi məqaləsi, nə real
tədqiqatı, nə də beynəlxalq elmi mühitlə əlaqəsi
olmayan insanlar var. Bu isə təkcə fərdi məsələ
deyil, bütövlükdə elmin nüfuzuna ciddi zərbədir.
Əsas problem elmi ad və dərəcələrin
uzun müddət status kimi qəbul olunmasıdır.
Bizdə elmi fəaliyyət nəticə üzərində
yox, titul üzərində qurulub. Dissertasiya müdafiə edib
illərlə həmin mövzunu yeniləməyən, beynəlxalq
elmi jurnallarda çıxışı olmayan və real elmi təsiri
hiss edilməyən şəxslər hələ də alim
kimi təqdim olunur. Bu da gənc tədqiqatçılarda
yanlış təsəvvür yaradır.
Bu cür hallar xüsusilə sosial mediada, müxtəlif
tədbirlərdə və televiziya
çıxışlarında daha qabarıq
görünür.Cəmiyyət haqlı olaraq soruşur ki, bu
adam nə kəşf edib, nə yazıb, hansı elmi töhfəni
verib? Bu suallara cavab olmadıqda isə elm özü zərər
görür.
Problemin həlli inzibati qadağalarda deyil, sistemli və
şəffaf yanaşmadadır. Alim adının qorunması
üçün real meyarlar olmalıdır və bu meyarlar
kağız üzərində qalmamalıdır. Elmi dərəcə
alan şəxsin fəaliyyəti davamlı qiymətləndirilməlidir.
Müəyyən müddət ərzində elmi məhsulu və
beynəlxalq elmi dövriyyədə izi olmayan şəxs aktiv
alim statusunu itirməlidir. Bu, cəza yox, elmin mahiyyətinə
uyğun yanaşmadır. Kim alimdir, kim deyil – bunu ən
yaxşı yenə alimlərin özü bilir. Amma illərlə
susmaq və bir-birini formal şəkildə təsdiqləmək
problemi daha da dərinləşdirib. Sağlam elmi tənqid və
obyektiv qiymətləndirmə mədəniyyəti
formalaşmalıdır”.
Əmrah Həsənli gənclərə düzgün
mesaj verilməsinin vacibliyini qeyd edib: “Alim olmaq titul deyil, məsuliyyətdir.
Alim olmaq davamlı oxumaq, yazmaq, beynəlxalq elmi mühitdə
var olmaq, sual vermək və cavab axtarmaqdır. Əgər
bunlar yoxdursa, adın da mənası yoxdur. Alim adını
qorumaq əslində elmin gələcəyini qorumaq deməkdir”.
“Sadəcə titul elmi qorumur”
Təhsil eksperti Elmin Nuri vurğulayıb ki, təhsil
naziri Emin Əmrullayevin alimlərlə bağlı dünənki
konfransda dediyi sözlər sosial şəbəkələrdə
müzakirə obyektinə çevrilib.
O qeyd edib ki, özünü elmə fəda edər dərəcədə
alimlərimizi demirəm, çox məhsuldar işləyən,
beynəlxalq indeksli jurnallarda adı çıxan alimləri də
demirəm. Mən lap yerli elmi müstəvidə belə fəaliyyətini
davam etdirən alimləri də nəzərdə tutmuram.
Burada söhbət elmə aid heç bir şey etməyən,
sadəcə alim adını daşıyan şəxslərdən
gedir. Bu məsələ ilə bağlı cəmiyyət
olaraq yekun fikrə gəlməliyik. Axı nazir bir sözü
deyəndə, o sözün həqiqət çaları 100
faizdirsə, niyə müzakirəyə çevrilir? Nazirlikdə
olan datalar daha dəqiqdir, hansı institutda, hansı elmi mərkəzdə
nə iş görüldüyü datalarla təqdim olunur.
Ekspert bildirib ki, təhsil rəsmisi xüsusilə bu
halda statistikaya əsaslanaraq çıxış edir:
“Özü özünə durub demir ki, 5 il ərzində
heç bir məqaləsi çap olunmayan alim deyil. Ortada belə
bir statistika var. Elmə sevgi və fədakarlıq yalnız
bununla ölçülməməlidir. Elmi sevən adam maliyyə
problemlərinə baxmayaraq, elm uğrunda yazıb-yaratmaq
üçün hər şeyi edir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.15.